Böyük qazax
mütəfəkkiri Abay və Azərbaycan
Azərbaycan Milli
Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
Abay Kunanbayev - qazax ədəbiyyatının
görkəmli klassikidir.
Abay - Qazax
xalqının milli-mənəvi dəyərlərinin
böyük tərənnümçüsüdür.
Qazaxıstanın
müstəqillik və milli birlik idealları Abay Kunanbayevin
yaradıcılığında qüvvətli şəkildə
səsləndirilmişdir.
Abay Kunanbayev - Qazax
xalqının böyük şairi və böyük mütəfəkkiridir.
Abay Kunanbayev - Qazax
yazılı ədəbiyatının banilərindən
biridir.
XIX əsrin ikinci
yarısı və XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Abay Kunanbayev (1845-1904) keşməkeşli
və şərəfli bir həyat və sənət yolu
keçmişdir. Əsl adı İbrahim olan Abay
Qazaxıstanın Semey vilayətində Tobıkdı
aulundakı tayfa başçısı Kunanbay adlı sərt
xarakterə malik bir feodalın ailəsində dünyaya gəlmişdir.
Səmimi və yumşaq rəftarına görə anası
onu qazaxça təvazökar mehriban demək olan Abay adı
ilə çağırmışdır. Sonra o, cavan
yaşlarından etibarən yazdığı şeirləri
Abay təxəllüsü ilə təqdim etmişdir.
Abay Kunanbayevin
dünyagörüşünün formalaşmasında
Semipalatinskdə keçən təhsil illəri xüsusi əhəmiyyətə
malik olmuşdur. Atasının tövsiyəsi ilə o, 1857-ci
ildə Semipalatinskdə mədrəsə təhsili almağa
başlamışdır. Əhməd Rza mədrəsəsində
Abay ərəb və fars dillərini öyrənmiş, Şərq
ədəbiyyatı klassiklərinin əsərləri ilə əsaslı
şəkildə tanış olmuşdur. Mədrəsə təhsilini
axıra çatdırmadan Semipalatinskdəki rus məktəbinə
gedən İbrahim-Abay Kunanbayev oğlu həm də
Rusiyanın zəngin ədəbiyyatı və mədəniyyətini
öyrənmək imkanı qazanmışdır. Təxminən
1862-ci ildə beş illik təhsilini yarımçıq qoyub
doğma aula qayıtmışdır. Atasının onu tayfa
başçısı kimi formalaşdırmaq, dövlət
orqanlarında vəzifə sahibi etmək istəyi baş
tutmamış, 1873-cü ildə ondan ayrılaraq, həyatını
anası İlcan xanım və nənəsi Zərə xatun
ilə birlikdə davam etdirmişdir. Abay Kunanbayev xalq ruhunu ifadə
edən şeirlər yazsa da, varlı hakim təbəqələrdə
bədii yaradıcılıqla, musiqi ilə məşğul
olmaq aşağılanmaq hesab edildiyi üçün qırx
yaşına qədər həmin şeirlərin müəllifi
olduğunu gizli saxlamağa məcbur olmuşdur.
Həyatda və əsərlərində
ictimai ədalətsizliklərə qarşı
çıxmış Abay Kunanbayev xalqın nicat yolunu maarifətlənməkdə,
milli-mənəvi özünüdərkdə
axtarmışdır. Buna görə də hakim təbəqələr
tərəfindən təqib olunmuş, hətta ona
qarşı sui-qəsd təşkil edilmişdir. Sui-qəsddən
xilas olmaq mümkün olsa da, ümumiyyətlə, təzyiqlərdən
yaxa qurtara bilməmişdir. Hakim təbəqələr onu cəmiyyətdən
təcrid etmək, təkləmək, xalqın gözündən
salmaq üçün müxtəlif təxribatlara əl
atmaqdan çəkinməmişlər. Buna baxmayaraq, Abay
Kunanbayev akın poeziyası, yəni xalq şeiri ruhunda
şeirlər yazmaqla ölkəsini və doğma
xalqını cəmiyyətdə gedən prosesləri dərk
etməyə və irəli aparmağa xidmət edən əsərləri
ilə tanınmış və rəğbət
qazanmışdır. Həyatı böyük çətinliklərlə
keçən Abay Kunanbayev 1904-cü ildə
dünyasını dəyişmişdir.
Gənc yaşlarından bədii
yaradıcılığa başlayan Abay Kunanbayevin 1855-ci ildə,
on yaşında ikən yazdığı «Dəvə qovan»
adlı ilk şeiri onun böyük istedadından xəbər
verirdi. Əlyazmaları əsasında müəyyən
edilmişdir ki, o, 1886-cı ildə yazdığı «Yay»
adlı şeirində birinci dəfə olaraq «Abay» təxəllüsünü
işlətmişdir. Sonralar bütün ömrü boyu bu təxəllüslə
yazıb-yaradan şair Abay kimi tanınıb məşhurlaşmışdır.
Qazax ədəbiyyatının
əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malikdir. O,
çoxsaylı lirik və satirik şeirlərin bir sıra
lirik-epik poemaların, maarifçi-realist şeirlərin müəllifidir.
Dünyagörüşü etibarilə maarifçi olan Abay
Kunanbayevin bütün əsərləri həyatdakı
ictimai ədalətsizliklərin tənqid edilməsinə,
nadanlıq və cəhalətin aradan qaldırılmasına,
elm və maarifin təbliğinə həsr olunmuşdur.
Abay Kunanbayev ilk növbədə şair
kimi şöhrət qazanmışdır. Qazax ədəbiyyatında
XVIII əsrdən başlanmış xalq akın poeziyası ənənələrinin
genişlənməsi və yazılı poeziyada xəlqiliyin
qüvvətlənməsinə təsir göstərməsi
proseslərinin dalğasında ədəbiyyata qədəm
qoymuş Abay Kunanbayev
öz ölkəsində yeni ruhlu şeirin əsas
yaradıcılarından biri kimi ədəbiyyat meydanına gəlmişdir.
Azərbaycan ədəbiyyatında olduğu kimi, XIX əsr
Qazax ədəbiyyatında, o cümlədən, Abayın əsərlərində
də maarifçiliklə xəlqilik üzvü surətdə
bir-birini tamamlamış və qüvvətləndirmişdir.
Abay Kunanbayevin qazax xalqı arasında «Qara söz» kimi
tanınan dərin məzmunlu kitabı mənsub olduğu
xalqı ağ günə çıxarmaq uğrunda
mübarizəyə ruhlandıran mühüm
maarifçi-didaktik çağırışlardan ibarətdir.
Abayın bir mütəfəkkir şair kimi ən
böyük dərdi ondan ibarət idi ki,
yaşadığı mühitdə «qeyrətli az, nadan
çoxdur, ...xalq dərdinə qalan yoxdur», «bir
yığın vəzifəlilər xalqa min cür zülm eləyir»,
«o kəs ki, yuxarı şikayət verir, baxır ətrafına
qəmli, mükəddər», «kim haqlı, kim yayır
zülmü-zilləti?», «düşmənlər
kinlidir, dostlar dönükdür» və sair:
Bilinmir bu dünyada
Yalan harda, düz
harda?
Nədi zülmət,
nədi nur?
Güclü
güclünü udur.
... Yazıq xalq
parçalanıb,
Ümidlər
haçalanıb.
... Xalq talanıb,
soyulub,
Top ağzına
qoyulub.
... Nəymiş mənim
yanmağım,
Xalqı belə
anmağım.
İnam, inad, bu səbir?
Xalq yerində
dayanıb,
Xalq
ayılıb-oyanıb
Bir hərəkət
işləmir.
Göründüyü
kimi, Abayın şeirlərində öz əksini
tapmış ictimai mətləblər XIX əsr Azərbaycan ədəbiyyatında
Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və
Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və
maarifçi problemlərlə oxşardır. Bu şeirlərdə
didaktikadan maarifçi realizmə doğru ciddi bir yolun ibrətamiz
dərsləri ifadə olunmuşdur. Abayın xalqa xitabları
inkişaf edərək, çağırış və
müraciət fonunda milli-mənəvi özünüdərkin
zəruriliyini əks etdirən tənqidə çevrilir.
Qazax
tayfalarının parçalanması haqqındakı
şair-vətəndaş narahatlığı Abayın əsərlərində
aparıcı xətlərdən birini təşkil edir. Bu məqamda
Abay xalqının dərdlərini dərindən başa
düşən, birləşmək üçün ona
çarə axtaran və yol göstərən mütəfəkkir
şair kimi çıxış edir. Dünyanın
bütün maarifçi yazıçıları, o cümlədən,
Azərbaycan maarifçiləri kimi geriliyin və
haqsızlığın bütün təzahürlərini dərindən
görən Abay da nicat yolunu xalqa ağıllı yol göstərənlərin
olmasında görmüşdür:
Ey mənim
qazaxlarım, məzlum zavalı xalqım!
Cod
bığınla örtülüb ağzın xeyli
zamandır.
Sol üzündə
piylə yağ, yazıq məlallı xalqım.
Nə zamandan bəridir
sağ yanağımda qandır.
Həqiqət
hardadır bəs, nə üçün gülməyirsən
Onu tapa bilməyir,
dərk edə bilməyirsən.
Lovğa,
cılız, bir də ki, alçaq tör-töküntülər
Ey xalqım, səni
salmış lap eybəcər bir hala.
Düzəlməyinə
yoxdur ümidim zərrə qədər,
Bir halda ki bu sayaq
biganəsən iqbala.
İradən,
dözümün yox, sənə neyləyib həyat
Özündən
bir gün belə azca razı olmağı.
Olsa yol göstərənin,
bilirəm sən ki, varsan.
Onu da bir
ağılsız nifrətlə damğalarsan.
Abayın
poemalarında da çətin və məşəqqətli həyatın
ağır səhnələri göz önünə gətirilmiş,
xalqın əzabdan xilas olmasının zəruriliyi fikri irəli
sürülmüşdür. «İsgəndər», «Maqsud» və
«Əzim haqqında nağıl» poemaları XIX əsrdə
qazax ədəbiyyatında meydana çıxmış mənzum
hekayətçiliyin poemaya doğru inkişafını əks
etdirən yeni tipli bədii əsərlərdir. Şeirlərində
cəhaləti və ədalətsizliyi poetik cəhətdən
ümumiləşdirilmiş şəkildə mənalandıran
Abay poemalarında həmin motivləri canlı və ibrətamiz
həyat hadisələri vasitəsi ilə təsvir
etmişdir. Bu poemalar qazax ədəbiyyatını didaktik
maarifçilik səviyyəsindən maarifçi-realist ədəbiyyat
mərtəbəsinə qaldırmağın bariz nümunələridir.
Bu, XIX əsrdə türk xalqları ədəbiyyatının,
o cümlədən, qazax ədəbi fikrinin gəlib
çatdığı mühüm bir mərhələ idi.
Abay Kunanbayevin
yaradıcılığında ən uca zirvə «Əqliyyə»
romanı ilə fəth olunmuşdur. «Əqliyyə»
romanında məşhur hind ədəbi abidəsi «Kəlilə
və Dimnə» müdrikliyi ilə Mirzə Fətəli
Axundzadənin «Kəmalüddövlə məktubları» fəlsəfi
traktatındakı tənqidi pafos vəhdətdə ifadə
olunmuşdur. «Əqliyyə» romanı Abayın əxlaq nəzəriyyəçiliyindən
maarifçi realizmə doğru təkamül proseslərini
bütün reallığı ilə əks etdirir. Bu,
ümumi nəsihətçilikdən uzaq olub, cəmiyyətdə
baş verən hadisələrdən, ictimai münasibətlərdən
çıxarılan ümumiləşdirilmiş nəticələri
meydana qoyan, çıxış yollarını diqqətə
çatdıran mükəmməl sənət nümunəsidir.
Bu mənada XIX əsr qazax nəsrinin şah əsəri olan
«Əqliyyə» romanı dünya maarifçi-realist ədəbiyyatının
mühüm və əhəmiyyətli örnəklərindən
biri sayılmağa layiqdir. «Əqliyyə» romanından
nümunə kimi göstərdiyimiz aşağıdakı
parça Abay Kunanbayevin maarifçi görüşlərinin
özünəməxsusluğunu nümayiş etdirir.
«Yer üzündə
iki milyarddan artıq adam yaşayır, qazaxlar isə cəmisi
iki milyona yaxındır. Qazaxlar özünəməxsus tərzdə
var-dövlətə, sənət və biliyə yiyələnməyə
can atır, özünəməxsus tərzdə dostluq və
düşmənçilik edirlər. Lovğalıq və
güc haqqında onların öz təsəvvürləri
var.
Qazaxlar hər
şeydə başqa xalqlardan seçilirlər: bir-birini
gözdən qoymur, gecə-gündüz bir-biri ilə
düşmənçilik edir, özləri özlərini
talayırlar.
Amma dünyada əhalisi
üç milyondan artıq olan şəhərlər var. Yeri
başdan-başa üç dəfə dolanmış adamlar
da az deyil.
Nə
üçün başqa xalqların həyatı bizi
maraqlandırmır?
Doğrudanmı
biz ömür boyu bir-birimizə düşmən kəsilməliyik?
Bütün dünyanın gözündə gülünc
olmalıyıq? Yəni elə bir zaman gələcək ki,
qazaxlar oğurluq, yalan, qeybət və düşmənçiliyin
daşını birdəfəlik atacaq, sürülərinin
sayını halal yolla artırmağı öyrənəcək,
başqa xalqların incəsənətini və sənətlərini
mənimsəyəcək, biliklərə yiyələnəcəklər?»
Deməli,
doğrudan da, Abay Kunanbayevin «Qara söz»
adlandırdığı «Əqliyyə» romanı
böyük və müdrik söz kimi qazax xalqını
ağ günə çıxarmağın ibrətamiz dərsləri
və çağırışlarıdır. Bunlar bir daha
sübut edir ki, Abay qazax maarifçilik hərəkatının
ən böyük ideoloqu olmuşdur. O, cəmiyyətin
inkişafını sosial ədalətin təmin
olunmasında, ağılda və elmə yiyələnməkdə
axtarmışdır. Əsərlərindəki
didaktik-maarifçi ideyalar böyük mütəfəkkirin əsas
qayəsini və məramını ifadə edən
baxışların təcəssümüdür.
Bütün bunlara
görə, Abay Kunanbayev indiyədək ədəbiyyatşünaslıq
əsərlərində qeyd edildiyi kimi, heç də tənqidi
realizmin yox, qazax ədəbiyyatındakı maarifçi
realizmin görkəmli nümayəndəsi və əsas
yaradıcılarından biridir.
Abay Kunanbayevin həyatı
və yaradıcılığını Azərbaycanla
bağlayan məqamlar da vardır. Belə ki, Abayın ədəbi
dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin
və Məhəmməd Füzulinin əsərlərinin
mühüm rolu olmuşdur. Heç şübhəsiz, Abay
XIX əsrin yetmiş-səksəninci illərində Orta
Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin
dram əsərləri və fəlsəfi
baxışlarını əks etdirən «Kəmalüddövlə
məktubları» fəlsəfi traktatı ilə də
tanış olmamış deyildi. Azərbaycan ədəbiyyatında
olduğu kimi, Qazax ədəbiyyatında da tənqidi realizm
maarifçi realizmdən, yəni Abay Kunanbayevdən sonrakı
inkişaf mərhələsidir.
Tərcümeyi-halından
görünür ki, Abayın
dünyagörüşünün formalaşmasında Qərb
mədəniyyəti və Şərq ədəbiyyatı ilə
yanaşı, zəngin ənənələrə malik rus ədəbiyyatının
da böyük rolu olmuşdur. «Əqliyyə» romanından
görünür ki, Abay tarix baxımından və coğrafi
ərazi etibarilə Qazaxıstana yaxın olan Rusiya ilə əlaqələri,
rus dili və mədəniyyətini öyrənməyi öz
dövrü üçün faydalı hesab etmişdir. digər
xalqların maarifçiləri kimi, Abay da rus dili və
maarifçiliyinə yiyələnməyi o zamankı Şərq
feodal geriliyindən inkişafa doğru mühüm addım
kimi dəyərləndirmişdir: «Rus dilini öyrənmək,
rus məktəblərində oxumaq, rus elminə yiyələnmək
bu xalqın ən yaxşı keyfiyyətlərini mənimsəməyə
və onun nöqsanlarından uzaq olmağa imkan yaradır. Rus
dilini bilmək - gözüaçıq dünyanı görməkdir.
...Rus elmi və mədəniyyəti dünyanı dərk etməyin
açarıdır. Onlara yiyələnməklə
xalqımızın həyatını xeyli yüngülləşdirmək
olar».
Çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan Abay
Kunanbayevin fəaliyyətində tərcüməçilik də
özünəməxsus yer tutur. O, rus ədəbiyyatı
klassiklərinin əsərlərini qazax dilinə tərcümə
etməklə həm öz xalqını Aleksandr Puşkin və
Mixail Lermantov kimi böyük sənətkarların əsərləri
ilə tanış etmək istəmiş, həm də
onların əsərlərindəki ibrətamiz, tərbiyəvi,
maarifçi fikirləri cəmiyyətin diqqət mərkəzinə
çəkmişdir. Abayın rus ədəbiyyatından tərcümə
üçün müraciət etdiyi bədii nümunələr
maarifçi-didaktik fikirlərin və vətənpərvərlik
duyğularının geniş üstünlük təşkil
etdiyi əsərlərdir. Abay Aleksandr Puşkinin «Yevgeni Onegin»
poemasını çox sevmiş, bu əsərin bir çox
hissələrini əzbər söyləməklə qazax
xalqı arasında yaymışdır. O, «Yevgeni Onegin»
poemasındakı Tatyananın məktublarından seçilmiş
parçalardan mahnı mətni tərtib etmiş və onun əsasında
musiqi əsəri bəstələnmişdir.
Ümumiyyətlə,
Abayın musiqiyə, mahnı yaradıcılığına
xüsusi diqqət yetirməsi də maarifçilik fəaliyyəti
ilə üzvü surətdə əlaqədə olmuşdur.
Abay musiqi və nəğmənin böyük təsir
gücündən maarifçi məqsədlərini xalqa
çatdırmaq üçün bacarıqla istifadə
etmişdir. O, məşhur qazax akın Cambul Cabayevlə
dostluq edərək onun oxuduğu mahnıları dinləmiş
və yüksək qiymətləndirmişdir. Abayın
şeirlərində musiqi və nəğmənin insan həyatındakı
əvəzsiz rolu düzgün şərh olunmuşdur:
Dünyaya
qapılar açar nəğmələr,
Həyata nəşələr
saçar nəğmələr,
Sənin
qanadların olar, sanarsan,
Səninlə səmaya
uçar nəğmələr.
... Nəğmakar vicdanı səsləsin
gərək,
İnsanda bir
ümid bəsləsin gərək.
Onların
eşqiylə coşsun cavanlar,
Qəlbləri
sabaha səsləsin gərək.
Abayın bəstələdiyi
mahnılar el-akın nəğmələri kimi səslənir
və xalq tərəfindən rəğbətlə
qarşılanır. Onun mahnıları bu gün də milli-mənəvi
özünüdərk baxımından mühüm əhəmiyyətə
malikdir. Abay Kunanbayevin sözlərinə bəstələnmiş
mahnılar da doğma xalqını yeni sabahlara səsləyir.
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Qazax ədəbiyyatının
görkəmli klassiki Abay Kunanbayevin anadan olmasının 125 və
150 illik yubileylərində iştirak və
çıxış etmişdir. Görkəmli dövlət
xadimi Heydər Əliyev Abayın
yaradıcılığına aşağıdakı kimi
yüksək qiymət vermişdir: «Abay, onun
yaradıcılığı... qazax xalqının fəxri,
qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə
görkəmli övladı, alimi, maarifçisi var və o,
öz xalqının xoşbəxtliyinə və
firavanlığına aparan düzgün yol göstərmişdir.
Bununla yanaşı, o bütün bəşəriyyətə,
eyni zamanda, Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda
Abayın yaradıcılığının əhəmiyyətini
yüksək qiymətləndiririk».
Abay Kunanbayevin əsərləri
Azərbaycan dilinə tərcümə edilmiş və bir
neçə dəfə kitab halında nəşr
olunmuşdur. Qazax ədəbiyyatının görkəmli
klassikinin əsərlərini Azərbaycanın ən
yaxşı şair və yazıçıları dilimizə
çevirmişdir. Azərbaycanın xalq şairləri
Süleyman Rüstəm və Məmməd Rahim,
tanınmış şairlərimizdən Məmməd Araz,
Mirvarid Dilbazi, Arif Zeynallı, Əliağa
Kürçaylı, Adil Babayev, Əhməd Cəmil, Fikrət
Sadıq, Eyvaz Borçalı və başqalarının tərcüməsində
Abay Kunanbayevin şeirləri Azərbaycan dilində orijinala
çox yaxın bir səviyyədə səslənir.
Abayın «Əqliyyə» romanındakı hadisələr və
ideyalar Azərbaycan maarifçi realizminin görkəmli
nümayəndələri olan Marağalı Zeynallabdinin və
Mirzə Əbdürrəhim Talıbovun əsərlərindəki
motivlərlə oxşardır. Bu, mahiyyət etibarilə xalqlarımızın
arasındakı tale ortaqlığının, doğmalıq
və həmrəyliyinin bariz ifadəsidir.
Abay Kunanbayevin
haqqında yazılmış ən yaxşı bədii əsər
olan Muxtar Auezovun «Abay» romanı ilk dəfə 1954-cü ildə
Əliabbas Abbasovun tərcüməsində Bakıda Azərbaycan
dilində nəşr edilmiş və rəğbətlə
qarşılanmışdır. Yeri gəlmişkən, qeyd edək
ki, Muxtar Auezov 1942-1947-ci illərdə Əvvəlcə «Abay»
adı ilə roman kimi yazıb nəşr etdirdiyi bu əsər
üzərində yenidən işləyərək daha da
genişləndirmiş və 1952-ci ilə onu «Abay yolu»
epopeyası şəklində oxuculara təqdim etdirmişdir.
Muxtar Auezovun «Abay yolu» qazax xalqının milli oyanış və
dirçəlişinin mükəmməl epopeyasıdır. Təsadüfi
deyildir ki, dünya şöhrətli qırğız
yazıçısı Çingiz Aytmatov «Abay yolu»
epopeyasını «türk xalqlarının, ortaq estetik və
sosial ensiklopediyası» adlandırmışdır. Qazax
xalqının taleyində oynadığı mühüm rola,
dərin ictimai məzmununa və yüksək sənətkarlıq
xüsusiyyətlərinə görə Muxtar Auezovun «Abay yolu»
epopeyasını görkəmli rus yazıçısı
Mixail Şoloxovun «Sakit Don» trilogiyası ilə müqayisə
etmək olar. Obrazlı şəkildə belə demək olar
ki, Muxtar Auezovun «Abay yolu» epopeyası qazax ədəbiyyatının
«Sakit Don»udur. Mixail Şoloxovun «Sakit Don» trilogiyası Nobel
mükafatına, Muxtar Auezovun «Abay yolu» epopeyası isə Lenin
mükafatına layiq görülmüşdür.
Azərbaycanda Abay
Kunanbayevin həyatı və yaradıcılığına
dair əhəmiyyətli tədqiqat əsərləri
yazılmışdır. Xalq yazıçısı Mirzə
İbrahimovun «Xalqın böyük ədibi» məqaləsi
(1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan
mütəfəkkir yazıçı baxışının
ifadəsidir. Xalq yazıçısı Anar “Ağaclar quruyur
qocalar kimi» adlı məqaləsində (2020) Abayın mükəmməl
elmi-ədəbi portretini yaratmışdır.
Abayın 175 illiyi
münasibətilə Anarın yazdığı məqalədə
«nadanlıqla, cəhalətlə, anlaşılmazlıqla,
...müstəmləkəçi siyasətlə
qarşı-qarşıya gələn» böyük qazax
şairinin apardığı mübarizənin mahiyyəti dərindən
açıqlanmışdır. Eyni zamanda, Abayın
yaradıcılığında Azərbaycan klassik ədəbiyyatı
motivləri və müasiri olmuş azərbaycanlı şair
və yazıçıların yaradıcılıq
idealları ilə səsləşən şeirləri təhlil
edən Anar doğru olaraq belə qənaətə gəlmişdir
ki: «Azərbaycan türkləriylə qazaxların dərdləri,
bəlaları da dilləri və taleləri kimi yaxın idi.
Odur ki, bu xalqların şairləri də eyni oda
yanırdılar». Həqiqətən, Abayın qazax
xalqının oyanışı və dirçəlişi
uğrunda apardığı mübarizə Azərbaycan ədəbiyyatında
Mirzə Fətəli Axundzadə ilə başlanan və
mollanəsrəddinçilərə qədər davam edən
maarifçi-demokratik hərəkatı təmsil edən
görkəmli şair və yazıçıların
baxışları və fəaliyyəti ilə səsləşir,
“eyni oda yanmağın” fəlsəfəsi ilə
doğmalıq təşkil edirdi.
XX əsr ərzində
aparılmış elmi-tədqiqatlar, çap olunmuş məqalə
və kitablar əsasında Azərbaycan
Abayşünaslığını
formalaşdırmışdır. Tanınmış Azərbaycan
alimlərindən filologiya elmləri
doktorları, professorlar Pənah Xəlilov, Məmməd
Əliyev, Elman Quliyev, Nizami Tağısoy, Füruzə
Ağayeva, Yaşar Qasımbəyli, Salidə Şərifova,
Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə
doktorları Qulamhüseyn Əliyev, Arif Əmrahoğlu, Turan
Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva,
Ağahüseyn Şükürov, Mehman Həsənli, Pərvanə
Məmmədova və başqalarının tədqiqatlarında
Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif
mövqelərdən təhlil edilib dəyərləndirilmiş,
Azərbaycan ədəbiyyatı ilə müqayisələr
aparılmışdır.
Azərbaycan
xalqı dövlət müstəqilliyi dövründə Abay
Kunanbayevin həyat və yaradıcılığı ilə
filologiya elmləri doktoru Firuzə Ağayevanın 2010-cu ildə
Bakıda çap edilmiş «Abay: şəxsiyyəti və ədəbi
irsi» monoqrafiyası vasitəsilə daha əsaslı şəkildə
tanış olmaq imkanı qazanmışdır. Monoqrafiyada
Abayın həyatı, mühiti, şəxsiyyəti və zəngin
yaradıcılığı dərindən və sistemli surətdə
tədqiq edilərək yüksək qiymətləndirilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Turan Teymurovun
«Muxtar Auezovun «Abay» romanında sənətkarlıq məsələləri»
monoqrafiyası isə qazax ədəbiyyatının
böyük klassiki Abay Kunanbayevin mənsub olduğu xalqın
mütəfəkkir daha bir şəxsiyyətinin gözü
ilə təqdim olunmasına uğurla xidmət edir. Tədqiqatçı
Turan Teymurovun sözləri ilə desək, «Romanda (M.Auezovun «Abay» romanında - İ.H.) Abayla xalq
bir-biri ilə qarşılıqlı əlaqədədir,
amma bütövlükdə Abay xalqın simvoludur, onun
ideallarının carçısıdır. ...Muxtar Auezov bir tərəfdən
Abayın, digər tərəfdən isə xalqın
ümumiləşdirilmiş obrazını
yaratmışdır, nəticədə əsərinə
abayçılıq - yəni şüurlu ömrünü
xalqa xidmətə həsr etmək anlayışını gətirmişdir».
Cavan Azərbaycan
alimi Turan Teymurovun elmi əsərinin Qazaxıstanın
paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq
Türk Akademiyası tərəfindən kitab halında nəşr
edilməsi Azərbaycan və qazax xalqlarının
böyük şair və mütəfəkkir Abayın mənalı həyatına və
ədəbi irsinə ortaq qardaşlıq münasibətinin əyani
təcəssümüdür.
Azərbaycan Milli
Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun «Müqayisəli ədəbiyyatşünaslıq»
jurnalının 2020-ci ildə çap olunmuş bir sayı
xüsusi buraxılış kimi bütünlüklə
Abayın anadan olmasının 175 illiyinə həsr olunmuşdur.
Abay Kunanbayevev Azərbaycan
ədəbiyyatşünaslığında «qazax ədəbiyyatının
dan ulduzu» (Pənah Xəlilov) və “bədii söz nəhəngi”
(Xəlil Rza) kimi yüksək qiymətləndirilmişdir.
Ölkəmizdə çap olunmuş kitablar və məqalələr
Azərbaycan elminin və ədəbi-ictimai fikrinin dünya Abayşünaslığına
əhəmiyyətli töhfələridir.
Böyük qazax
mütəfəkkiri və şairi Abayın əsərləri
dünyanı ədalətə, insanlığa, bərabərliyə,
dostluğa, həmrəyliyə çağırır.
Abayın yolu - milli-mənəvi birlik və müstəqillik
uğrunda mübarizə aparan xalqların ortaq tale
yollarının bədii ifadəsidir. Bütün bunlara
görə Abay Kunanbayevin yaradıcılığı ortaq
taleyə malik olan Azərbaycan üçün, müstəqillik
dövrü və daha böyük gələcək
üçün də aktual və müasirdir.
Həbibbəyli
İsa
525-ci qəzet.- 2020.- 11 iyul.- S.14.