Bioqrafiyam ən böyük sərvətimdir” - Natiq Məmmədli

 

 

Müsahibimiz jurnalist, yazıçı Natiq Məmmədlidir. Onunla yaradıcılığı, müasir ədəbiyyatla bağlı düşüncələri, bu yaxınlarda qalib gəldiyi koronavirusla bağlı yazı müsabiqəsi, eləcə də yenicə çap olunmuş “Qəhrəmanım sənsən” kitabı və bu kimi digər mövzular haqqında geniş söhbət etdik:

 

- Natiq müəllim, bu karantin günlərini necə keçirirsiniz, əsasən nəylə məşğulsunuz?

 

- Jurnalist kimi iş rejimimdə hər hansı dəyişiklik olmayıb, adi ritmlə davam edirik. Bədii yaradıcılığa daha geniş diqqət ayırmaq üçün isə bir növ fürsət yarandı. Bunun nəticəsi olaraq pandemiyayla bağlı Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkil etdiyi hekayə müsabiqəsinə yeni əsərlə qatıldım və çox sevindiricidir ki, hekayəm 1-ci yerə layiq görüldü. Pandemiyadan öncə hekayələr toplusu çap etdirmək planım vardı. Kitab fevral ayından hazır idi, amma məndən asılı olmayan səbəblərə görə yubandı və nəhayət, bu həftə “Qəhrəmanım sənsən” adı ilə işıq üzü gördü. 2018-ci ildən roman üzərində işləyirdim. Əslində, çox arzulayırdım, elə bir vaxtım, təminatım olsun ki, ancaq yaradıcılıqla məşğul olum. Pandemiya zamanında vaxt baxımından fürsət yarandı ki, romana daha çox vaxt ayıra bildim, əsər üzərində işimi daha da intensivləşdirdim və nəinki romanı, redaktəsini də bitirdim. Yəqin bu il jurnal versiyasını hazırlayıb “Azərbaycan” jurnalına təqdim edəcəyəm.

 

- Dediniz ki, çox arzulamısınız yaradıcılıq üçün vaxt və imkan qazanmağı. Sizin həyatınızda belə bir işsizlik dönəmi “Kaspi” qəzetindən çıxandan sonra da yaranmışdımı?

 

- Bəli, məni “Kaspi”dən azad edəndən sonra həyatımda təxminən yarım illik boşluq yarandı ki, o boşluq daha çox psixoloji gərginliklə, məyusluqla müşahidə olundu. Amma buna baxmayaraq, həmin vaxtda da bir neçə hekayə, pyes yazdım, məyusluğumu yenə də yaradıcılıqla sığortalaya bildim. Doğrudur, çətin zaman idi, amma onda belə yazı yazmaq motivasiyam əldən getmədi, qələmimi yerə qoymadım. Sağ olsun dünyanın pis adamları ki, bəzən yaradıcılığa diqqət yetirmək üçün özləri də bilmədən şərait yaradırlar.

 

- Bu haqda söz düşmüşkən, onda işdən çıxarılmağınızın səbəbi nə idi?

 

- Mən baş redaktor kimi hər zaman üzərimə düşən işi vicdanla yerinə yetirmişəm. Süni nəfəs aparatına qoşulmuş xəstəni müalicə etmək, onu ayağa qaldırmaq, əlindən tutub yeritmək həkim üçün nə qədər çətindirsə və hər həkimə müəssər olmayan uğurdursa, mən təxminən həmin uğurları “Kaspi” qəzetində əldə etmiş baş redaktor olmuşam. Mənim əməyimi görmək üçün sadəcə qəzetin oxucusu olmaq, qəzet işini bilmək kifayətdir. Bunu bilənlər də, görənlər də az deyil. Onlar etiraf etməsələr də, mən işimin səviyyəsini də, effektini də yaxşı bilirəm.

 

Bu, 5 il əvvəl yaşadığım anlardır. Hər dəfə danışarkən o anları bir növ yenidən yaşayıram. Təzədən həmin fraqmentləri yaşamaq istəmirəm və bunu kimsəyə də arzu etmirəm. Mən yazıçıyam, roman, hekayə yazıram, kiminsə yerinə iddialı deyiləm, kiminsə yerini tutmuram, öz sözlərimi yazıb, öz kitabımı buraxıram. Qəzetdə də kiminsə qəzetini əlindən alıb çap eləmirəm ki. Azərbaycan mətbuatının tarixini çox gözəl bilirəm və bizdən əvvəlki dahi qəzetçilərimizin ənənələrini yaşatmağa çalışıram. Çalışmışam ki, əməyim fərqli, görünən olsun, qəzet qəzet kimi çıxsın, konyuktura maraqlarına xidmət edən döyüş vərəqi olmasın. Qəzetdə ədəbiyyata, gənclərə müraciət olmalıdır, mədəniyyətə, teatra yer ayrılmalıdır ki, hər növdən oxucu özünü orda tapa bilsin. Auditoriya məsələsi mənim üçün hər zaman prioritet olub. Hər zaman ağıllı, düz sözü təbliğ etmişəm, heç zaman maarifçiliyə əlavə gəlir mənbəyi kimi yanaşmamışam, qrant layihələri həyata keçirib boşboğazlıqla məşğul olmamışam, gurultulu sözlər danışmamışam. Son kitabımda da oxuculara müraciət edirəm ki, mən səssiz qəhrəmanların yazıçısıyam. O insanlar ki, maarifçilikdən gurultulu sözlər danışmırlar, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Cəmiyyətimiz elədir ki, insanlar təlqin etməyi xoşlayırlar. Mənsə harda işləməyimdən asılı olmayaraq, çalışmışam ki, məsləhət verməyim, nümunə olum, nümunəvi qəzet ortaya qoyum. Təəssüf, arzularım yarımçıq qırıldı.

 

- Həmin dövrdə kimlər dəstək verdi, yanınızda oldu?

 

- Çox gözəl sual verdiniz. Bu, ağrılı bir məsələdir. Xalq arasında “yaman günün dostu” ifadəsi var. Həmin günlərdə əlimdən tutan elə insanlar oldu ki, açığı, heç vaxt gözləməzdim. Düzdür, həmişə təqdir etmişəm, xoş niyyətlə yanaşmışam onlara, amma onların ürəyinin bu qədər geniş olduğunu və ürəklərində söz adamına, fikir adamına bu qədər məhəbbət olduğunu bilmirdim. Bunu yaşadım. Onda 37 yaşım vardı. Tək olsam, mübarizəm daha kəskin olar. Amma mən ailə başçısıyam, atayam, övladlarımın qarşısında məsuliyyət daşıyıram. Xüsusən, nəzərə almaq lazımdır ki, 1995-ci ildən “Yeni Azərbaycan” qəzetində əmək fəaliyyətinə başlayan, 1996-cı ildən öz əqidəsi hesab etdiyi Yeni Azərbaycan Partiyasına üzv olan insan üçün vətənində təklənmək nə qədər ağırdır. Kənardan “bəlkə sən də solaxay fikirlər söyləyəsən?!” - deyənlər olurdu, amma mən 25 illik bioqrafiyamdan heç vaxt imtina etmərəm. Bu bioqrafiya əldə etdiyim ən böyük sərvətimdir. Öz prinsiplərimdən niyə çəkinməliyəm ki? Mən də yolumdan imtina etmədim. Çox təəssüf ki, mənəvi zənginliklə maddi tələbatları ödəmək bizdə mümkün deyil. Həmin vaxt Rəşad Məcidin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi məni Prezident təqaüdünə layiq gördü. Bir il təqaüd aldım və bu, mənə çox kömək oldu. Fürsətdən istifadə edib, göstərdikləri dəstəyə görə Birliyə, Anar müəllimə dərin təşəkkürümü bildirirəm. Həmin vaxt romanım çap olunmuşdu və o roman Mədəniyyət Nazirliyinin “Qəzəl kəlmə” mükafatına layiq görüldü. Sağ olsun ədalətli, yaradıcı insanın vaxtında yanında olmağı bacaran insanlar.

 

- Qayıdaq pandemiya ilə bağlı hekayə müsabiqəsinə... Müsabiqə və onun nəticələri cəmiyyətdə heç də birmənalı qarşılanmadı, narazılar da oldu. Bu məsələlərə münasibətiniz necədir?

 

- Azərbaycanda hansı müsabiqə haqqında birmənalı fikir olur ki? Heç biri haqqında! Biz riyaziyyatçı deyilik tənlik həll edək, cavab ortada olsun, marafon yarışçısı deyilik, hamı görsün ki, rəqibdən əvvəl mən qaçdım, ortada mübahisə olmasın. Ədəbiyyatın qəlizliyi və gözəlliyi ondandır ki, nə riyaziyyatdır, nə marafon. Burda subyektiv mülahizələr var. Hərənin fikri özünə gözəl görünür. Özümü kənara qoyuram, digər qaliblərin də hamısı yazıçıdırlar, ciddi söz adamlarıdır. Ciddi sözə vicdanla qiymət verdikləri üçün müsabiqənin münsiflərinə təşəkkür edirəm. Mənim “Taclı mələklər” hekayəmin niyə birinci yerə çıxdığıyla maraqlananlar varsa, yeni “Qəhrəmanım sənsən” kitabıma daxil etmişəm, alıb oxusunlar. Öz yazısına əmin adam kimi deyirəm, heç vaxt oxucumu məyus eləmərəm. Azərbaycanda problem odur ki, yazıya müəllifə görə qiymət verir, müəllifin paqonunun parıltısına görə kitabını oxuyurlar. Bu, ədəbiyyatı zəlil edir.

 

- Hekayəni öncədən yazmışdız, yoxsa müsabiqə üçün yazdınız? Bu mövzulu əsərləriniz davam edə bilərmi?

 

- Məhz müsabiqə üçün yazılıb. Bu üslubda 4 il əvvəl yazılmış başqa bir hekayəm var: “Bizə ürək göndərin”. Orda xərçəng xəstəliyinə tutulmuş uşağın həyatı əks olunmuşdu. O da yeni kitabımda var. Müsabiqə üçün yazmaq çətin məsələdir. Mövzu sərbəst olsa, yenə yazmaq olar, amma konkret mövzu çətindir. Burda da mövzu konkret idi. Sadəcə bu konkret mövzu mənə tanış idi. Bizim nə qədər ömrümüz var, ömrümüzdən nə qədər pandemiya keçəcək ki? Bu boyda tragediyanı yaşayırıq. Düşündüm, bu, elə ədəbiyyatın ən böyük mövzularından biridir və yazılmalıdır.

 

- Tarix üzrə fəlsəfə doktorusunuz. Bəs niyə bədii yaradıcılıqda tarixi əsərlərə yer vermirsiniz?

 

- Xüsusən, Azərbaycan müstəqillik əldə edəndən sonra tarixi mövzuların o qədər şitini çıxartdılar ki, nəinki o mövzulara müraciət etmək, o barədə nəsə oxumaq məndə allergiya yaradır. Bəzi tarixi şəxsiyyətlər haqqında 2-3 roman, teatrda tamaşalar və sair var. Ədəbiyyat tarixə müraciət edəndə onun məqsədi olmalıdır. Yazılan tarix subyektiv tarixdir. Ədəbiyyata nəsə lazım olanda müraciət edə bilər. Mən buna ehtiyac duymamışam. Bircə “Körpüdə ümid” romanımda tarixi səhnə var. O da romanın məzmunundan irəli gələn məsələ idi. Şərq-Qərb qarşıdurmasını vermək üçün tarixdə olmuş bir faktı bədii süzgəcimdən keçirib əsərə əlavə etdim. Tarixi mövzuda əsər desək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiylə bağlı “Əmanət” pyesi yazdım. Düzdür, heç bir teatr səhnəyə qoymadı, amma “Azərbaycan” jurnalında çap olundu. Cümhuriyyət mənimçün doğma mövzudur və düşünürəm ki, tarixçi, ədəbiyyatçı olmağından asılı olmayaraq, hər kəs o dövrü öyrənməli və sevməlidir. Mənimçün tarixi proses daha maraqlıdır.

 

- Ən müasir ədəbiyyatı izləyirsiniz?

 

- Çağdaş dövrümüzdə nə kitablar çıxırsa, bacardığım qədər çalışıram, oxuyum. Söhbət tək milli ədəbiyyatdan getmir, ümumən deyirəm. Hazırda masamın üstündə Günel Mövludun “Düşərgə” romanı var. Baxdım, Feysbukda əsər haqda müxtəlif fikirlər var, oxumağa qərar verdim. “Azərbaycan”, “Ulduz” və “Literaturniy Azərbaycan” jurnalının hər nömrəsini alıram, işdə abunəyik. Bir neçə dəfə “Ulduz” jurnalında ekspert olmuşam, əsərlər haqqında fikirlərimi bildirmişəm. Sosial şəbəkələri izləyirəm, amma burda yaranan ədəbiyyata səviyyəli ədəbiyyat kimi deyil, fikir bazası kimi yanaşıram. Kəramət Böyükçöl səyyar şəkildə çayxanada kitabını satırdı. Yazıçı kimi həmkarıma dəstək olmaq üçün mən də aldım. İstəmirəm bizim yazıçılar çayxanada kitab satsınlar. Kitab mağazalarda, təqdimat günlərində satılar. Yazıçı oxucunun ayağına kitabının müzakirəsi üçün getməlidir, satmaq üçün yox.

 

Əlim çatdığı qədər oxuyuram. Elə yazıçılar var ki, çox oxumuşam, qabında nə olduğunu bilirəm, yeni əsərlərini oxumağa vaxt sərf eləmirəm (gülür). Bu yaxında Anar müəllimin “Yaşamaq haqqı” əsərini oxudum, haqqında yazı da yazdım. Mən ona “Azərbaycan dastanı” deyərəm. Bu əsər məndə Azərbaycan haqqında təəssürat yaratdı. Məsləhət görərdim ki, hamı oxusun. Heyİf, tirajı çox azdır. O, uşaqların, Azərbaycanı öyrənmək istəyənlərin əlinin çatdığı kitab olmalıdır. Əkrəm Əylislinin hekayəsi çıxdı qarşıma, onu da, haqqında yazılanları da oxudum. Gördüm, biz hələ də bir-birimizi bağışlaya bilmirik. Rasim Qaracanın o hekayə haqqındakı tənqidi məqaləsi ondan daha qüvvətli, daha enerjili idi. Amma ağsaqqal yazıçının cavan adama verdiyi təhqir tonundakı cavabı anlamadım. Adətən, cavanlar kəmhövsələ olur. Bu dəfə fərqli oldu. İndiki dövrümüzdə informasiya sel kimi axır. Bilirəm ki, onların 99 faizi gərəksizdir. Çalışıram onların içərisindən axtaram, seçəm, öz zövqümə və düşüncəmə uyğun ədəbiyyat nümunələrini oxuyam.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 11 iyul.- S.17.