“Lo” romanı yaxın tariximizin aydın bədii güzgüsüdür

 

 

YAZIÇI ƏJDƏR OLA AÇIQ MƏKTUB

 

 

 “Lo” romanı yaxın tariximizin aydın bədii güzgüsüdür <b style="color:red"></b>

Hörmətli Əjdər müəllim, salam!

 

Sizinlə şəxsi tanışlığım olmasa da - yaradıcılığınızla çoxdan tanışam. Bu yaxınlarda çap olunmuş "Lo" adlı böyük həcmli romanınızı, demək olar ki, birnəfəsə oxudum.

 

Bu məktubun yazılmasına səbəb, romanın məndə oyatdığı təəssüratdır. Azərbaycan ədəbiyyatında bir çox tarixi romanlarla tanışlığım var. M.S.Ordubadinin "Qılınc və qələm", F.Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Ə.Cəfərzadənin "Bakı-1501", Ə.Nicatın "Qızılbaşlar", İ.Hüseynovun "Məhşər", Ə.Məmmədxanlının "Babək" və digər əsərlər tarixi mövzuda yazılmış və oxucuların sevə-sevə oxuduqları kitablardır.

 

Sizin "Lo" adlı romanınız da ("Qanun", Bakı, 2019) tarixi romandır. "Lo"nun işıq üzü görməsi ədəbiyyatımızda tarixən romançılıq janrına yeni bir üslub və nəfəs gətirməsi ilə özündən əvvəl yazılmış tarixi romanlardan tamamilə fərqlənir. Çəkinmədən bu üslubu Əjdər Ol üslubu adlandırmaq olar.

 

Yuxarıda adlarını çəkdiyimiz tarixi romanlar ­ daha çox yazıçı təxəyyülünün məhsuludur. Yazıçı müdafiə etdiyi obrazı oxucuya sevdirmək məqsədi ilə döyüş səhnələri, məhəbbət macəraları uyduraraq qarşıya qoyduğu məqsədə nail olmaq istəyir. Daha doğrusu, yazıçı sevdiyi obrazı oxucu gözündə ideallaşdırmağa çalışır. Bəlkə də yazıçının sevdiyi həmin müsbət obraz, ola bilsin, real həyatda yazıçının oxucuya təqdim etdiyi səviyyədə müsbət keyfiyyətlərə sahib olmayıbdı.

 

Uzun illər tarixi romanlarda davam edən bu ənənəyə "Lo" özünün real hadisə və faktlara söykənməsi ilə yeni bir məzmun gətirdi. Sizin romanın diqqətçəkən özəlliyi hadisə və obrazların tərəfsiz işıqlandırılmasıdır. Yəni müəllif hadisələri artırıb-əksiltmədən, sığalsız, obrazları isə şişirtmədən, kiçiltmədən, nəyisə malalamadan, bəzək-düzəksiz, olduğu kimi qələmə almasıdır.

 

"Lo" romanın özündən əvvəlki tarixi romanlardan fərqlənən əsas xüsusiyyətlərindən biri də müəllifin hadisələrin iştirakçısı kimi obrazların çoxunu yaxından tanıması və bir çoxları ilə ünsiyyətdə olması əsərin canlı alınmasının səbəbidir.

 

Romandakı hadisələri şərti olaraq ailə-məişət, məhəbbət, avtobioqrafik, ictimai-siyasi və vətənpərvərlik mövzuları ətrafında qruplaşdırmaq olar.

 

Əsərin əsas mövzusunu müstəqillik, vətənpərvərlik uğrunda gedən mübarizə və hadisələrlə bağlı doğulan ictimai-siyasi gərginlik təşkil edir. İctimai-siyasi məsələlərin izlənməsi zamanı oxucunun yorğunluğunu vaxtında hiss edən müəllif onun "dişini dəyişmək" məqsədi ilə məharətli manevrlərlə hadisədən hadisəyə keçid etməyi bacarır. Özü də necə? Keçid zamanı arada heç bir şərti işarə qoymadan.

 

Asfalt yolla gedən oxucu birdən-birə torpaq yola düşdüyünü hiss etmir. Hadisələr arasında bu cür əlaqə yaradılması ilə oxucuda böyük həcmli bir romanın oxumasına maraq oyatmaq istedadlı qələm sahibinə müyəssər olan işdir. Özü də kitab oxumağa marağın azaldığı  bir zamanda.

 

Əsərdə hadisələr baş qəhrəmanın dilindən söylənilir. Bu, oxucuda marağı daha da artırır.

 

1988-1993-cü illərdə ölkədə baş verən ictimai-siyasi hadisələrin ardıcıl   reallıqla təsvir edilməsi, özü də xırda məsələlərdən tutmuş böyük hadisələrə kimi heç bir şeyin nəzərdən yayınmaması heyrət doğurur. Əsərin maraqlı cəhətlərindən biri, xalq arasında gəzən bəzi söz-söhbətlərin də romanda öz əksini tapması, "sözün yanlışı olar, yalanı olmaz" atalar sözünün doğruluğunun yenidən təsdiqidir.

 

Romanda diqqətçəkən və yaddaqalan obraz Qaradır. Kriminal mühitdə böyüyən Qara Çernobıl qəzasında xəsarət alandan sonra müstəqillik uğrunda mübarizədə böyük bir həyat yolu keçir. Sevgilisi Lalə ilə birgə çaxnaşmalarda bir vətənpərvər kimi yetişir, vətən torpaqlarının işğaldan azad olunması üçün düşmənlə döyüşə yollanır. Döyüş zamanı bir neçə dəfə yaralanır. Mübarizələr qoynunda bərkiyən Lalə də Qara kimi ölümdən qorxmur. Əqidə, məslək yoldaşı və həyatı qədər sevdiyi bir insanın gözlərində həyat işığının getdikcə öləzidiyini müşahidə edən Lalənin məğrurluğu sanki ölümə meydan oxuyur. Lalə yazıqlaşa bilməz və buna haqqı da yoxdur.

 

Roman gənclik üçün nümunəvi bir obraz olan Qaranın Qazaxıstanda yatdığı hərbi hospitaldan qardaşına göndərdiyi "Gəl görüşək" teleqramı ilə başlayır və 528 səhifəlik şərəfli bir yol keçməsi ilə tamamlanır. Bu yolda əsas aparıcı rol (qəhrəman) Zamandır və Zamana məxsusdur. Romandakı hadisələr 5 illik zaman kəsiyində cərəyan edir. Müəllif isə, Zamanın Katibi kimi olanları və baş verənləri doğruluğu - canlılığı ilə əks etdirir.

 

Romanda müəllif Moskva tərəfindən Azərbaycan dövlətinə müxtəlif vaxtlarda təyin edilmiş rəhbərlik və idarəetmə strukturunu hərtərəfli təhlil süzgəcindən keçirir və öz münasibətini bildirir. Müstəqillik dövründə hakimiyyətə gələn Elçibəyin və onun silahdaşlarının tutduqları vəzifələrdə təcrübəsizliklərini xüsusilə diqqətə çatdırır. AXC üzvü və meydan hərəkatının bir-iki dəfə iştirakçısı olmalarından istifadə etməyi bacaran bir çox “fərasətli”, savadsız və təcrübəsiz adamlar rəhbər vəzifələrə gəldilər. Bu cür hadisə və məsələləri çoxları kimi mən də görmüşəm.

 

Ölkədə xaotik bir vəziyyət yarandı. Daxili qarışıqlıqdan istifadə edən  erməni işğalçıları torpaqlarımızı işğal etdilər və öz sərhədlərini getdikcə genişləndirməyə başladılar.

 

Bu qarışıq dövrün hadisələrini yazıçı təsirli bir dillə oxucuya söyləyir.

 

Biz əvvəldə demişdik ki, müəllif əsərindəki obrazların heç birinə üzgörənlik etmir. Ədəbi, tarixi, siyasi və xalq hərəkatının fəal iştirakçılarının hamısına eyni gözlə baxır. Onların hərtərəfli yaddaqalan obrazlarını dolğun yaratmaq üçün real həqiqəti qələmindən keçirir. Əsərdə Prezident kimi Elçibəyin idarəetmədə təcrübəsizliyini, ürəyiyumşaqlığını göstərməklə bərabər, onun təmiz, dünya malında gözü olmayan bir dövlət başçısı kimi yüksək keyfiyyətini də diqqətdən kənarda qoymur: "Prezident Elçibəyin sadə, dünya malına gözünün ucu ilə də baxmayan adam olduğuna hamı inanırdı... Bəli, Prezidentimiz dərviş həyatı yaşayırdı, bahalı kostyumun birini soyunub, o birini geymirdi, şık qalstuqlar taxmırdı, qara gün üçün pul yığıb döşəyinin altını doldurmurdu. Ancaq Elçibəyin bu keyfiyyətləri, insanlığı prezidentlik üçün bəs eləmirdi. O, zahid deyildi, dövlət başçısı idi. Ondan vəzifəsinin layiqincə, ciddi şəkildə icrası tələb olunurdu".

 

Müəllifin gəldiyi nəticə o dövrü yaşayan adamların həmin zamanda düşündüklərinin fikir məcmusudur. Heydər Əliyev haqqında da obyektiv mövqedən çıxış edən yazıçı, bu böyük şəxsiyyətin xilaskar missiyasını necə məharətlə yerinə yetirdiyini obyektiv təsvir edir.

 

İndi qayıdaq “Lo” taleyi yaşamış yazıçının məhəbbət macəralarına. Az da olsa, bu macəralar haqqında öz mülahizələrimizi bildirək.

 

Fərəh əsərin əvvəlində surətlər qalereyasına daxil olur və sona qədər müəyyən səhnələrdə az görünməsinə baxmayaraq, oxucu yaddaşında qalan bir obrazdır. Ata-anasının məsləhəti ilə "evlənmək" istəyən əsərin baş qəhrəmanı Fərəhin görüşünə gedir. Söhbət zamanı qız çəkinmədən deyir:

 

- "Sizə ürək qızdırıram. Sizin kimi adam mənim üçün lap tapıntıdır.

 

... Candərdi dilim tərpənir:

 

- Buyurun!

 

 - Mənim sevdiyim var!

 

Diksinirəm, ikinci dəfədir, bu sözləri mənə deyirlər. Nərmində uduzmuşam, indi ki təcrübəm var".

 

Gözlənilməz cavabla qarşılaşan oğlan qızın xahişinə görə susmaqla məsələni uzadır, o vaxta qədər ki, Fərəh sevdiyi oğlanla qoşulub qaçır.

 

Taleyi gətirməyən Fərəhin həyat yoldaşı ölür və sonralar xəstəxanada əsərin qəhrəmanı onunla qarşılaşır, yaralı qadına qan verir. Onların dostluq münasibəti əsərin sonuna qədər davam edir.

 

Tibb bacısı kimi cəbhə xəttində hospitala göndərilən Fərəh orada yaralı bir zabitlə tanış olur və evlənməyi qərarlaşdırır. Fərəh birinci dəfə ailə quranda valideyn xeyir-duası olmadığı üçün bəxtinin qara gəldiyinə inanırdı. Lakin zabit müharibədə həlak olur və Fərəhin yenidən ailə qurmaq arzusu gözündə qalır.

 

Romanda maraqlı surətlərdən biri Babayardır. Ziddiyyətli verilən Babayar sevilərək yadda qalan insandır.

 

Yazıçı Babayarın həyat yolu ilə oxucunu belə tanış edir.

 

"Çox-çox sonralar bir dəfə yaşı yetmişi keçmiş Babayardan soruşdum.

 

- Babayar, -  aramızda böyük yaş fərqinə baxmayaraq, onu adı ilə çağırırdım - türmədə nə qədər yatmış olarsan?

 

Dərhal cavab verdi:

 

- Qardaşoğlu, bu vaxta qədər mənə məhkəmələrdə on bir dəfə hökm oxunub. Üst-üstə qırx bir il, üç ay, on beş gün iş almışam. Hətta onun iyirmi il, doqquz ay, altı gününü içəridə yatmışam. SSRİ-nin Sibirdən belə on altı türməsində can qoymuşam. Oğurluq, xuliqanlıq maddələrindən başqa maddələrim olmayıb. Heç vaxt haqsızlığa dözməmişəm. İki dəfə amnistiyaya düşmüşəm. Məcburi əməyə göndərildiyim vaxtlar da olub.

 

... Anamın ölümü, dövlət müstəqilliyimizin bəyan edilməsi xəbərlərini türmədə eşitmişəm. Müstəqillik çox vacib şeydir. Öz ölkənin türməsində yatmağa nə var ki. Əlin yetməsə də, səsin hər yerə çatır".

 

Bu tanışlıqdan görünür ki, Babayar ömrünün 21 ilini həbsxanada keçirsə də, onun içərisində bir işıq var. O işıq haqqı tapdalananların haqqını bərpaetmək üçündür. Səmədağa günahsız yerə Qönçəni öldürəndə Babayar hüquq mühafizə işçilərinə deyir:

 

- "Bu qədər adamın içində deyirəm, qatilə güllələnmə kəsilməsə, onu türmədə ya özüm öldürəcəyəm, ya da öldürtdürəcəyəm".

 

Babayar oğurluq etsə də, qazandığı pullardan imkansızlara, xəstələrə əl tutur. Müharibədə qorxmadan kəşfiyyata gedir. 4 nəfər erməni əsgərini azərbaycanlı əsir qızla birgə gətirir.

 

Hörmətli Əjdər müəllim!

 

Əsərin dilinin sadəliyi - rəvan və axıcı olmasını xüsusi qeyd etmək istəyirəm. Xalq ifadələrinin yerli-yerində işlənməsi əsərin dilinə bir şirinlik gətirir.

 

Napoleon dövrünün tarixi Hüqonun "Səfillər" əsərində aydın əks olunduğu kimi, Azərbaycanın gərgin, təlatümlü keçid dövrünün (1988-1993) tarixi də "Lo" romanında elə əks olunub.

 

Gələcəkdə "Lo"ya ədəbiyyat araşdırıcılarıyla yanaşı, tarixçilərin də müraciət edəcəklərinə əminəm. Çünki romanda o dövrün hadisələri incəliyinə qədər işıqlandırılıb, usta bir yazıçının tutduğu aydın bədii güzgüdə doğru-dürüst əks olunub.

 

Fazil SƏNAN Yazıçı-publisist

 

525-ci qəzet.- 2020.- 11 iyul.- S.19.