Sadəcə, Şahin Musaoğlu
Bəzən mənə elə gəlir ki, onu bizim eradan
əvvəl tanımışam. Hə, bizim eradan əvvəl
Misir piramidaları ətrafında var gəl edən görmüşəm, Kolizeydə
bir yerdə qladiator döyüşlərinə
baxmışıq, nə
bilim vikinqlərin gəmilərində, drakkarlarda
Xəzərdən Şimal
dənizinə qədər
üzmüşük...
Sonradan...
Sonradan, heç,
dərin bir yuxuya getmişik. Və bir gün, hə,
1963-cü ilin bu ayının bu günündə Masallının
Qızılağac kəndində
o, yuxudan ayılıb,
üstündən 7 il
keçmiş Bakının
Biləcəri qəsəbəsində
mən.
Və üstündən illər
keçəcək, bir
şair dostumuz bizi tanış edəcək, “xatırladınmı”,
“yadındamı”, “o vaxt
bilirdinmi” deyə, min illərin arxasına qayıdacağıq. Və məlum
olacaq ki, o, indi həkimdir. Mən də elə bu həkimin yanına, min illərin dostuna məlhəm istəməyə gəlmişəm.
***
Bir dəfə jurnalistlərin
birinin “Sizi necə təqdim edəcəyimi bilmirəm
- şair, bəstəkar,
yoxsa həkim?” sualına belə cavab vermişdi: “Heç özüm də bilmirəm”.
Hə, belə
cavab vermişdi Şahin Musaoğlu. Hamının
həkim-şair-bəstəkar kimi tanıdığı
adam.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Şahini uzun illərdir tanıyıram” deyir:
- Onun fəaliyyətinə bələdəm. Həkim kimi
onun peşəkarlığını
görmüşəm, şahidi
olmuşam. Həssas bir
insandır. Onun şair
və bəstəkar kimi fəaliyyəti bütün ölkəyə
yaxşı tanışdır.
Şahinin məşhur
“İgid əsgər möhkəm dayan”, ”Cənab leytenant”
şeirləri 90-cı illərdə,
müharibənin gur vaxtında, gənclərin
vətənpərvərlik ruhunda böyüməsində
böyük rol oynayıb.
“Müharibə olmasaydı,
bəlkə də mən yaradıcılığa
gəlməzdim. Biz müharibə
uşaqları olduq”.
Şahinin nə vaxtsa
verdiyi müsahibələrindəndir
bu sözlər.
Bunu isə başqa bir müharibə adamı, Rey Kərimoğlu
danışır onun
haqqında:
- O, xalqımızın
dəyərli oğludur!
Şair və bəstəkar kimi hərbi vətənpərvərlik
sahəsində əvəzsiz
işlər görüb!
Qarabağ müharibəsinin
birinci mərhələsində
əsgər və zabitlərimizin sevə-sevə
dinlədiyi “İgid əsgər, möhkəm
dayan”, “Cənab leytenant”, “Vətən
əmanəti” və digər gözəl mahnılarının həm
musiqisinin, həm də sözlərinin müəllifidir! Bu mahnılar
ordumuzun şəxsi heyətini hər an döyüşə səsləyir! Gənclər arasında hərbi
vətənpərvərlik tərbiyəsinin yüksəlməsində
misilsiz rol oynayıb, bu gün də oynayır. Şahinin yaradıcılığı bütövlükdə vətənə,
dövlətə sevgiyə
həsr olunub. Bu
gözəl gündə
öz adımdan, Qarabağ qaziləri adından dəyərli qardaşımıza uzun ömür, can sağlığı
və yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
Rəşad Məcid danışır
ki, iki il əvvəl Şahinin 55 yaşı qeyd olunanda onun
çox müxtəlif
sahələrdən olan
insanlarla dostluq etdiyini gördüm. Həmin yubileydə Şahin haqqında danışanlar
müxtəlif sahənin
adamları, çox böyük hörmətə
sahib insanlar idilər.
- Şahin mənim
üçün sanballı
Azərbaycan ziyalısı,
müdrik, həssas bir insandır. Peşəkar həkimdir. Onun 55 illik yubileyinin
təəssüratları hələ
də mənim yadımdadır. Dostuma arzu
edirəm ki, öz şeirlərində
arzuladığı, torpaqlarımızın
işğaldan azad olması həyata keçsin. Və biz onun mahnılarını
Şuşada, Cıdır
düzündə dinləyək.
***
Belə
deyib müdriklər: Həkimliyi öyrənmək,
əslində, insanlığı
öyrənməkdir. Əsl həkim
üçün təbabət
yalnız sənət
deyil, bütünlüklə
onun həyatıdır.
Şahin belə həyat yaşayıb, yaşayır
və yaşayacaq.
***
Həkimlik qəhrəmanlıqdır, hünər
deməkdir. Bu peşə
adamdan fədakarlıq,
pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin
fikri aydın, qəlbi təmiz olmalıdır.
Belə adamdı Şahin.
***
Həkim təkcə təbabəti
bilirsə, deməli, o,
təbabəti bilmir. Məhz Şahin
kimi. Adamla saatlarla oturub
söhbət edəsən,
yorulmarsan. Ədəbiyyatdan, musiqidən, siyasətdən.
Sanki qarşında sıradan bir həkim yox, universal bir zəka sahibi
oturub.
***
... Müsahibələrinin birində deyir
ki, bəzən öz mahnılarıma qulaq asmıram. Amma musiqini çox sevirəm. Evdə də, işdə
də, yolda da demək olar ki, musiqi ilə
nəfəs alıram,
öz mahnılarımla.
“Mənim üçün
bəlkə də,
ilk olduğuna görə
daha çox “İgid əsgər, möhkəm dayan”
mahnısına qulaq asıram.
Musiqi insanı dəyişə
bilir deyəndə də bu mahnını nəzərdə
tuturam. Minlərlə Azərbaycan gəncini
cəbhəyə yollayan
mahnını. Gəncliyi Qarabağ
müharibəsi illərinə
təsadüf etmiş
insanların hamısı
bu mahnıdan heç olmasa bircə bəndi xatırlayıb zümzümə
edir. Çünki bu, o illərin
mahnısıdır - vətən
oğlunun səngərdə
sinəsini sipər edib, tarix yaratdığı
illərin unudulmayan nəğməsidir. Hərbi himndir.
Müstəqillik tariximizdə barıt
qoxuyan, qələbəyə
səsləyən mahnıların
bünövrə daşıdır.
Mənəvi qidadır, bir
çağırışdır, səfərbərlikdir.
Sadəcə belədir. O, o isə sadəcə Şahin Musaoğludur!..
Səbuhi SƏDƏF
525-ci qəzet.- 2020.- 11 iyul.- S.20.