Bir nəğməlik əbədiyyət
Yəqin hər bir azərbaycanlıdan milli kinomuzu
soruşsaq, ən tez xatırlananlar və ən çox sevilənlər
sırasında "Ögey ana" filmi ön cərgədə
olacaq. Rejissor Həbib İsmayılovun 1958-ci ildə
çəkdiyi film elə ilk nümayişindən
tamaşaçıların marağını, sevgisini qazanır.
Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxır. 1959-cu ildə Kiyevdəki Ümumittifaq Kino
Festivalında film Üçüncü mükafat alır.
Həbib
İsmayılov, Anna Yanın ssenarisi əsasında çəkilən
filmdə yeni ailə münasibətlərindən, tərbiyə
məsələlərindən, ögey ananın (Nəcibə
Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək
istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev)
kövrək qəlbini məhəbbətlə,
xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət
açılır. Filmdəki hadisələr Azərbaycanın
İsmayıllı rayonunun Buynuz kəndində cərəyan
edir.
"Ögey ana" filmi həm də kadr arxası bir
sıra maraqlı faktları ilə özəldir. Məsələn,
film ölməz aktrisa, bir-birindən maraqlı və nadir
rolların ifaçısı Nəsibə Zeynalovanın
kinoda ilk işidir. Filmdə bir epizodda Cəmilə
ilə İsmayıl çayı keçərkən ikisi də
suya düşürlər. Bu səhnə oktyabr
ayında çəkildiyindən və beş
dublda təkrar olunduğundan hər iki aktyor soyuqlayıb
qızdırmışdı. Cəmilənin
otağına yarasa girməsi səhnəsinin çəkilişlərində
həm oyuncaq, həm də həqiqi yarasadan istifadə
etmişdilər. Cəmilə rolunun
ifaçısı, balaca aktrisa Sevinc Axundova əslində,
yarasadan qorxmasa da, Cəmilənin qorxu səhnəsini
böyük ustalıqla canlandırıb.
İsmayıl rolunda Ceyhun Mirzəyevi bəzi səhnələrdə
dublyor əvəz edib. Belə ki, aktyor təhlükəli
epizodlarda yer almayıb. Rejissorun orta məktəbləri
gəzərək Ceyhuna bənzədiyi üçün
seçdiyi, İsmayıllı rayonunun Qalacıq kəndində
yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub.
Filmin
kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının
davamı olan "Fəryad" filmində istifadə olunub.
Unudulmaz səsin
sirli sahibi...
Ən
azı "Ögey ana" filminin özü qədər məşhur
olan bir mahnı var. Filmdə İsmayılın oxuduğu həmin
mahnı bu günə kimi az qala hər kəsin
dilinin əzbəridir. Bu, hamımızın sevərək
dinlədiyi "Kəndimiz" mahnısıdır.
Yurdum,
yuvam, ay əziz kəndimiz,
Azad, abad, a gözəl kəndimiz.
Gözəl
olur səndə yay, qış, bahar...
Yaşıl
meşəli, ömrüm nəşəli,
Sevirəm
səni, gözəl kəndimiz...
Səmimiliyi,
yadda qalan sözləri, şux bəstəsi ilə Azərbaycan
musiqi sənətində də özünün layiqli yerini
tutan bu mahnını kiçikdən böyüyə kim bilmir ki?! Zeynal Cabbarzadənin
sözlərinə Tofiq Quliyevin bəstələdiyi
mahnının bizim gördüyümüz
ifaçısı İsmayıl, yəni Ceyhun Mirzəyevdir.
Bəs o səsin əsl sahibini
tanıyırıqmı?
"Kəndimiz" mahnısının filmdəki
ifaçısıyla bağlı hər zaman çox
söz-söhbətlər olub. Kimisi bunu ölməz sənətkarlar
Şövkət Ələkbərovanın, Nərminə Məmmədovanın
oxuduğunu, kimisi isə səsin elə Ceyhun Mirzəyevə
aid olduğunu idda edirdi. Həqiqət isə başqadır...
"Ögey ana" filmindəki məşhur "Kəndimiz"
mahnısının əsl ifaçısı Məsumə
Atamova olub. Düzü, bu mahnını Şövkət Ələkbərovanın
oxuduğu haqdakı iddiaları eşidəndə də bu səsin
bir xanıma aid olduğuna inanmamışdım. Əminəm ki, mənim kimi çoxları buna
inanmırdı. Amma sən demə, həqiqətən
də səs bir qızcığaca aid imiş.
"Ögey ana" filmi və "Kəndimiz"
mahnısı bütün ömrü boyu oxumaq, müğənni
olmaq arzusu ilə yaşayan bir qızcığazın ilk və
son işi idi.
Nə ona qədər müğənni idi, nə
də ondan sonra müğənni oldu.
Qadağalar
qurbanı...
Məsumə Atamova ilə bağlı həqiqət illərlə
mətbuatdan, tamaşaçıdan gizli qalıb. Kimsə
"Kəndimiz" mahnısı ilə bağlı o sirri
bilməyib. Son illərdə mətbuata
aydın olan bu həqiqətlə birgə həm media
nümayəndələri, həm də
tamaşaçılar Məsumə Atamovanı tanıdılar.
O, həyatı, bu mahnını ifa etməsi və sonrakı
fəaliyyəti haqqında illərdən sonra ilk dəfə
danışdı.
Məsumə Atamova Bakıda anadan olub. Uşaqlıqdan
musiqiyə, sənətə xüsusi sevgisi ilə
seçilib. Ta kiçik yaşlarından qonşu
uşaqlarını yığıb mahnılar oxuyar, onlar
üçün kukla tamaşaları, kiçik səhnəciklər
göstərərmiş. Onun özünəməxsus
səsi də çoxlarının diqqətini özünə
cəlb edib. Amma bu arzusu elə arzu, həvəs
olaraq qalıb. Sərt xasiyyətli
atası ona heç vaxt musiqi ilə məşğul
olmağa imkan verməzdi. Vermir də.
Çünki o dövrdə qız
uşağının oxumağı ayıb
sayılırdı. Zərif cinsin nümayəndələrinə
qarşı daha çox basqı və qadağalar vardı.
Məsumə Atamovanın istedadı da o
qadağaların növbəti qurbanlarından biri idi.
"Kəndimiz"də
başlayıb,
"Kəndimiz"lə
bitən yol...
Amma görünür, istedadı həmişəlik gizləmək
olmurmuş. Məsumə Atamovanın da musiqi sevgisi ömründə
bircə dəfə onun önündə yaşıl
işıq yandırır. Belə ki, o,
yeddinci sinifdə oxuyarkən məktəbdəki rus dili müəllimi
uşağın istedadını və həvəsini
görüb atasından onu o vaxtkı "Pionerlər
evi"nə yazdırmaq üçün xahiş edir. Atasının razılığından sonra
"Pionerlər evi"nə yazılan Məsumə orda məşhur
musiqiçi, bəstəkar Əfsər Cavanşirovdan dərs
alır.
Məsumə
xanım həmin günləri mətbuata müsahibəsində
belə xatırlayırdı: "Hər şeylə maraqlanan,
hər bir şeyi bilmək istəyən bir uşaq idim. Həmkarlarımdan bu xüsusiyyətimə görə
seçilirdim. Filmin bəstəkarı
Tofiq Quliyev Əfsər müəllimə zəng edib, film
üçün uşaq səsi istəyib. Əfsər müəllim məni Tofiq Quliyevin
studiyasına göndərdi. Studiyada mənə
qulaq asan Tofiq Quliyev səsimə vuruldu. Həmin o
mahnını mən böyük estrada
orkestri ilə, mikrofonsuz oxudum. Hamı kənardan
dayanıb, təəccüblə mənə baxırdı.
"Kəndimiz" mahnısı uşaq
üçün çox çətin mahnı idi. Orada elə boğazlar var idi ki, oxumaqda çətinlik
çəkirdim. Amma nəticədə
gözəl bir mahnı alındı".
Məsumə xanım filmin baş rol ifaçısı
Ceyhunu da əvvəldən tanıyırmış, iki
uşağın çox yaxşı ünsiyyəti olub. Ceyhun məktəbdə
ondan bir neçə sinif aşağıda oxuyub. Hətta balaca qızcığaz Ceyhuna yaxşı mənada
qibtəylə də baxarmış ki, o, kinoya çəkilir.
Oğlan isə ona deyərmiş ki, mən
kinoya çəkilirəm, sən də oxuyursan. Ceyhun onun səsini də çox bəyənərmiş,
hər onu görəndə səsini tərifləyərmiş.
Çünki özünün mükəmməl
aktyorluq qabiliyyətinə baxmayaraq, səsi olmayıb.
İllər sonra onlar qarşılaşanda da Ceyhun onu sənətə
gətirmək istəyib: "Uzun illər sonra mən
"Beşmərtəbə"də Ceyhunla
rastlaşdım. O, məni filmlərində həm aktrisa, həm
də müğənni kimi görmək istədiyini bildirdi.
O zaman da qayınanalı-qayınatalı evdə idim. Qorxurdum ki, birdən razılıq verərəm,
onlar etiraz edərlər".
Nəinki sonradan, heç həmin filmdə belə
aktrisa kimi çəkilmək şansını dəyərləndirə
bilməyib Məsumə xanım. Onu həmin vaxt
"Ögey ana" filmindəki uşaq obrazlarından birinə
çəkilmək üçün dəvət də ediblər.
Ancaq ailəsinin etirazlarını bildiyindən
qəbul etməyib.
Ömür
boyu peşmanlıq
"Kəndimiz" mahnısı ilə Məsumə
Atamovanın ifaçılıq karyerası başlamadan bitir. Sonradan ailə
həyatı qurur, iki qızı, yeddi ildən sonra isə bir
oğlu dünyaya gəlir.
Beləliklə, Məsumə xanım
ömrünü ailəsinə, övladlarına həsr edir,
başı onları böyütməyə
qarışır, müğənnilik, musiqi yaddan
çıxır. Amma atasından fərqli
olaraq, həyat yoldaşı onu sənətdən qoparmaq
fikrində olmur. Dəfələrlə ona
əgər istəyirsə, oxuya biləcəyini deyir. Amma Məsumə xanım evdə özü
üçün oxumaqla yetinir.
Bir
müsahibəsində bu qərarından çox da peşman
olmadığını deyir: "Xeyr, xanəndə
olmağıma peşman deyiləm. O da bir həvəs idi. Müğənnilər bir-birlərinin yolunu
bağlayırlar. Allah bilir ki, müğənni
olsaydım, nə qədər düşmənim olardı.
Müğənnilər var ki, 100 mahnı oxuyur,
heç biri yadda qalmır, amma mən bir mahnı ilə tarixə
düşmüşəm. Mənim gözəl
ailəm var. Allah onları mənə çox görməsin.
Amma bəzən də fikirləşirəm ki,
cavan olsaydım, heç bir qadağaya baxmayıb, sənətin
dalınca gedərdim. Həftədə 3 dəfə
"Ögey ana" filmini efirdə göstərirlər.
"Kəndimiz" mahnısını
eşidib kövrəlirəm, yaşımı belə
unuduram, hərdən bir zümzümə ilə
özümü sakitləşdirirəm. Mən
öləndən sonra da bu mahnı yaşayacaq".
Burda peşman olmadığını desə də,
başqa bir müsahibəsində çox peşman
olduğunu, sonralar dəfələrlə "kaş ki,
oxuyaydım, kaş ki, bu sənəti davam etdirəydim"
dediyini etiraf edir. Amma nə yazıq ki, o, özü də
başa düşürdü sonrakı
peşmanlığın fayda vermədiyini.
"Ögey
ana" filminin ilk dəfə nümayiş olunandakı
sevincini də xatırlayırdı Məsumə xanım:
"Özüm özümə inanmırdım ki, mən
studiyada olmuşam, mahnı ifa etmişəm və o mahnı
filmdə səslənir".
Son
akkordlar...
Dediyimiz kimi, Məsumə xanım ekranlara gəlmədən,
ekrandan birdəfəlik uzaq düşmüşdü. Üç
övlad, səkkiz nəvə sahibi olan xanım oğlunun ailəsi
ilə yaşayırdı. Bir neçə il öncəyə qədər onun haqqında
heç bir məlumat yox idi. Sonradan isə onun
varlığı üzə çıxarıldı,
telekanallar onunla müsahibə edib ictimaiyyətə tanıtdılar.
Belə demək mümkündürsə, onun
"efir həyatı" təxminən 60 ildən sonra
başladı. Amma nə yazıq ki,
çox qısa çəkdi. Çünki Məşhur
"Ögey ana" filmindəki "Kəndimiz"
mahnısının ifaçısı Məsumə Atamova
iyulun 7-də uzun sürən ağır xəstəlikdən
dünyasını dəyişdi, qəlbində
yaşatdığı bir ömürlük musiqi həsrəti
və peşmanlıqlarını da özüylə birgə
aparıb köçünü sürdü bu dünyadan.
Yuxarıdakı sözlərində, əslində,
çox haqlı idi mərhum xanım. İnsanlar var ki, illərlə
bir sənətdə külüng döyərlər, amma
özlərindən sonra bir nişanə, onları
xatırladacaq bir iz qalmaz. Məsumə Atamova isə
"Kəndimiz" mahnısındakı ifası ilə əbədi
olaraq həm Azərbaycan milli kinosunun, həm də musiqi sənətinin
tarixində yaşayacaq. "Ögey ana" filmi və "Kəndimiz"
mahnısı durduqca, onun əsl ifaçısı da
xatırlanacaq və rəhmətlə yad ediləcək!
Şahanə
MÜŞFİQ
525- ci qəzet.- 2020.-
14 iyul.- S.11.