Kamal Abdullanın hekayələrini oxuyur və xatırlayıram...

 

 

 

Mifoloji ənənə arxaik deyil,  çağdaş günümüzə qədər insanı müşayiət edir. Çünki insan həmişə gözəgörünməz, amma əbədi olan, şüuraltı hiss edilən nəsnələrə toxunmaq, əslinə varmaq istəyir.

 

Mifoloji təcrübə həm də ona görə xüsusilə dəyərlidir ki, bizdən əvvəl yaşayanlara reallığı qavramaqda kömək edib və bizdən sonra gələnlər də yaddaşın hansısa anında bu təcrübədən faydalanacaq.

 

Ustad yazıçı Kamal Abdullanın yaradıcılığı Mif və Mənaya yeni baxış sistemi ərsəyə gətirir. Bu əsərləri oxuduqca yaddaşımızı bərpa edir və xatırlayırıq...

 

Kamal Abdullanın böyük həcmli əsərlərilə yanaşı, hekayələri də dərin məzmunu ilə diqqəti çəkir. Sanki mifoloji yaddaşın labirintinə düşürük, hadisələrin mistik çaları, orijinal bədii priyomlar, dərin ruhi aləm, insan taleyinin fəlsəfi müstəvidən yozumu reallığa yeni tərəfdən baxmağa vadar edir.

 

Qeyri-adi hadisələr, izaholunmaz olaylar, reallıq və irreallığın vəhdəti, başqa dünyaların işarələri olan simvollar...

 

Müəllif "Korneliusun ölümü" hekayəsində paralel dünyaları bir araya gətirir. Dünyanın bir ucunda Kornelius, digər ucunda Hacı Mir Həsən ağa... Şellinqin dediyi kimi, "Yalnız bir-birinə mütləq şəkildə və tamamilə zidd olanlar nəhayətsiz şəkildə vəhdətdə ola bilər".

 

Dünya bütöv bir orqanizmdir. Bu, müxtəlif qütblərin eynilik kökündə birləşməsidir. Onları bir araya gətirən eyniyyət köküdür.

 

Korneliusla Hacı Mir Həsən aga Səyyah eyniyyətdə birləşdikləri üçün bütöv olan aləmin içində bir araya gəlirlər. Onlar bir kökdən çıxmış haçalardır.

 

Kamal Abdullanın hekayələrini oxuduqca, bədii fikrin zamana üstün gələn mahiyyətini dərk edirəm.  Vaxta yaddaşda qalmaq hüququ verən, nəhayətsiz zaman zolağında ölümsüzlüyə qovuşan hiss və düşüncələr...  İnsan məsumiyyəti, pişik məsumiyyəti, qarın məsumiyyəti, uçmağın, yaşamağın məsumiyyəti...

 

"Bu adamın yadına düşür ki, onun əsl adı Kornelius deyil, onun əsl adı Hacı Mir Həsən ağa Səyyahdır. Bu,onra gerisi asandır. Yadına düşür ki, o, sərgərdan kimi dünya ölkələrinin birindən o birinə gedir, öz ölkəsinə dönməyin yolunu axtarır, axtarır, tapa bilmir. Bütün bunlar vaqeə-vaqeə onun işığını itirməyə başlamış gözləri önündən keçir".

 

Onları birləşdirən həm də bəşəriyyət üçün edə biləcəklərinə olan inamdır. Bir də hamıdan gizli saxladıqları məsumiyyət...

 

Digər hekayənin qəhrəmanı ("Üçrəngli pişik balası") nə Korneliusdur, nə də Hacı Mir Həsən ağa. O da insanlıq üçün nələrsə edə bilərdi, bəlkə də edib də. Amma insanlar onun içindəki məsumiyyəti duya bilməyib. Ona görə o, qəzəb doludur. İnsanların yekəxanalığı, eqosu onu bezdirib. Və dəhşət hissilə fərqinə varır ki, insanlarla bərabər, heyvanlara da nifrət eləyir. Hətta ağacda yazıq-yazıq miyoldayan pişik balasına da ikrah hissi duyur.

 

Ancaq insanlara sevgisizlik hiss edən adamın ürəyi bir məqamda bu zavallı pişik üçün sızlayır. Onu ağacdan düşürmək fikrinə düşür. Üstəlik, pişik üçrənglidir, bu isə inanca görə, xoşbəxtlik gətirir.

 

Bəlkə də üçrəngli pişik onun son ümididi. Və o, ağaca pişiyi xilas etmək üçün deyil, sonuncu ümidini qurtarmaq üçün dırmaşır. Amma pişik balası dala çəkilir; xoşbəxtliyə yetmək o qədər də asan deyil... Bunu ağacdan yıxılan adam son nəfəsdə anlayır.

 

Cəmiyyətdən təcrid olmaq insanın süqutudur. Anatol Fransın "Silvestr Bonnarın cinayəti" əsərində professor da özünü təcrid edib, amma o, özünü günahlandırır, onun fikrincə, onun mənəvi qəribliyinin günahkarı özüdür, bəlkə də insan toz basmış arxivlərdə əlləşib-vuruşmaq üçün deyil, eləcə dondurma yemək, qayğısızca mahnı oxumaq, ulduzlara baxmaq üçün yaradılıb.

 

Kamal Abdullanın hekayələrində magik elementlərdən biri də kölgədir. Dünya ədəbiyyatında kölgənin maraqlı obrazlarından biri Hans Xristian Andersenin hekayəsində işlənib; kölgənin eqosu o qədər yüksəlir ki, sahibinin üzərində ağalıq etmək fikrinə düşür.

 

Kamal Abdulla dünya ədəbiyyatında yaşarı olacaq bir obraz yaradıb; bu hekayənin qəhrəmanı bir sənətkardır, o, bir gün kölgəsinin ondan ayrıldığını görür. Kölgəsiz qalan sənətkarı bir cadugər bu sirdən hali edib deyir ki, kölgəndən ayrılan yerdə cadugərə çevrilmisən. Artıq insanlara xidmət edəcəksən.

 

Amma sənətkar öz ömrünü yaşamaq istəyir, o zaman cadugər həmin dəhşətli həqiqəti ona açıb söyləyir:

 

- Əgər sən cadugərliyini gizləmək fikrinə düşsən, kölgən yenidən səninlə birləşmək istəyəcək, bu isə sənə həyatın bahasına başa gələcək. Sən bacardığın qədər kölgəndən qaçmalısan.

 

Burda psixoloji aspektlər var. İnsanın kölgəsi -  onun qaranlıq tərəfləridir və o, nə qədər öz səhvlərini görməzdən gəlirsə, bir o qədər kölgənin təqibinə məruz qalır.

 

Psixologiyada belə bir nəzəriyyə var ki,  insan onun müsbət obrazına uyğun gəlməyən cəhətlərinə zamanla daha az fikir verir və beləcə kölgəsi də vaxt keçdikcə daha da böyüyür. Amma bəzən kölgə insanın həyatına müdaxilə edir. Məsələn, insan öz daxilində ikiləşmə hiss edir, gah yaxşı adam olur, gah da pis adama çevrilir. Əslində isə insan öz kölgəsilə döyüşür.

 

"Kölgə" hekayəsində qəhrəman onu təqib edən kölgəsindən qaçır,  çünki heç də hər kəs öz qaranlıq tərəflərilə üzləşmək cəsarətinə sahib deyil.

 

"Edam vaxtını dəyişmək olmaz" hekayəsindəki adam da ona bəraət verəcək yaxşı tərəflərini itirib, hətta o, özü də bu itkinin fərqindədir və ona görə özünü təmizə çıxarmaq fikrində deyil.

 

O, özü də özünü qatil olduğuna inandıra bilib. Halbuki bu vaxt ərzində hakimlər, öldürülən qadının başı üzərində gördükləri bu adamı qatil olduğuna inandıra bilməyiblər.

 

Edam vaxtına iki gün qalır. Edam olunmağa məhkum olunmuş qəhrəmanla birgə oxucu da xatırlayır.

 

Edam hökmü qayıqda baş verən hadisə ilə bağlı verilib; qadın qayıqda qətlə yetirilib. Amma "qətl" çox-çox əvvəldən olub; qayığa qədərki vaxtda baş verib. Qayıqdakı hadisə onların taleyinin qısa məcmusudur. Və qayıqda da hər şey son nöqtəyə varır.

 

Əslində, o, sevdiyi qadını bətnindəki uşaqdan vaz keçməyə məcbur etməklə onu çox-çox əvvəldən öldürüb. Həm də təkcə onu deyil, üçünü də.

 

Qadını, uşağı və özünü də...

 

"Cəlladın" tanımadığı bir adamı öz cəlladı kimi görməyi, onu müşahidəsi eləməsi də maraqlı nüansdır. Ona elə gəlir ki, bu adam edamdan qabaq onu izləyir, incələyir,  bəlkə də onun həqiqətən günahkar olub-olmadığını qətiləşdirmək istəyir və onun bu qərarından edamın nə qədər ağır keçib-keçməyəcəyi asılıdır.

 

O, qatil olduğuna inanıb və ona görə yenidən qatil axtarmaq fikri yoxdur. Əvvəl-əvvəl oxucu onun hisslərini təmizə çəkmək üçün paralel olaraq qatili axtarır.

 

Edam vaxtı yaxınlaşdıqca, sanki oxucu tələm-tələsik qərarını verir, o anlayır ki, vaxt ona özünü təmizə çıxarmaq üçün yox, düşünmək üçün verilib. Bu vaxt ərzində o, xatırlayır.

 

Qəhrəmanın son anda son xahişini xatırlaması da təsadüfi deyil.

 

Yazıçının bütün yaradıcılığına xas olan orijinal mistik fəlsəfi yanaşma  uçmaq motivində də özünü aydın göstərir.

 

"Uçuş" hekayəsində, nə sirri-xudadırsa, kəndin adamları quş kimi qanad açıb uça bilir. Uçmağın sirrini onlara bir dərviş öyrədib.

 

Amma hekayədə bir məqam da var: uçmaq insaniləşəndə sirrini, sehrini, məsumiyyətini itirir. Çünki əvvəllər insanlar uçanda saflaşırdılarsa, buna vərdiş etdikcə, öz insani çıxarlarını uçmağın məsumiyyətinə yükləyirlər. Məsələn, əvvəllər təmiz amallar uğrunda uçan insanlar, sonradan qonşunun həyətində nə baş verdiyindən hali olmaq üçün kəndin üzərində qanad çalırlar.

 

"Biz uçsaq, dünya dağılmazmı" sualı da elə dünyanın nizamının pozulmasına işarədir.

 

Mifoloji mistik ənənələr vasitəsilə insanın reallıqla qarşılıqlı təsir mexanizmi "Mənə uçmağı öyrət" hekayəsində də dərinliklə işlənib.

 

Mifoloji inanclar hələ beşikdən bizi müşayiət edir. Məsələn, uşağın bələyinə iynə-sancaq taxarlar ki, cin yaxın gəlməsin.

 

Cinin qarğışına tuş gəlməmək üçün gecə küçə-bacaya qaynar su tökməzlər.

 

Hətta insanda cini özünə təslim etmək inamı da oyanıb; guya cini tutub yaxasına tez iynə, sancaq keçirtsən, heç yerə gedə bilməyib sənə qulluq edər.

 

"Mənə uçmağı öyrət" hekayəsində sanki magik bir möcüzə sayəsində qədim mətnlər yenidən üzə çıxır.  Cinlə bağlı olaylar vaqe olur, onlar yenə nənələrin rəvayətlərindədir,  bu rəvayətlərdən real dünyaya keçid var, elə bir keçid ki, real həyatda natamam qalan nəsnələr burda bütövlüyə qovuşur.

 

Folklor mətnlərindən bəllidir ki, cin və insanlar paralel dünyalarda yaşayır. Deməli, bir növ ədalətsizlikdir, necə olur ki, cinlər insanların ərazisində peyda ola bilir, insanlara isə cinlərin dünyasına getmək bir növ yasaqdır.

 

"Mənə uçmağı öyrət" hekayəsinin qəhrəmanı Mifin "qadağa ərazisi"ndən kənara çıxır. Amma Mif yenə öz sərhədlərini qoyur: başqa məkana adlayan qəhrəman hər şeyi unudur. "Uçuş" hekayəsindəki mistik vaqeədə də eynilə o cür olur, kənddə baş verən sirli məqamlar yalnız kənd əhli arasında qalır, kənara çıxan insan yaddaşını itirir.

 

Qəhrəmanın yaddaşı itən yerdə oxucu yaddaş fraqmentlərini bərpa edir və xatırlayır...

 

Adi baxışın çoxrənglilik və müxtəliflik gördüyü yerdə mistik təcrübə vahidlik görür. Mistik təcrübə şüurun xüsusi şəklidi.

 

Kamal Abdullanın fəlsəfi düşüncəsinin nəhayətsizliyi, çoxqatlılığı sözün yeni rənglərini, magik tərəflərini, dilin yeni qatlarını üzə çıxarır, yeni yaradıcı ideyalara rəvac verir,  təsəvvürümüzdə bədiyyatın təkrarsız təsvirlərini yaradır...

 

Kamal Abdullanın hekayələrini oxuyur və sanki xatırlayıram....

 

Günel NATİQ

 

525-ci qəzet.- 2020.- 15 iyul.- S.16.