Hüseyn Cavidin Ev Muzeyi: AMEA nəzdində
fəaliyyətin 25 ili
Ulu
öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində
Azərbaycanda ilk dəfə rəhbərliyə gəldiyi
dövrdən, digər klassiklər kimi, Hüseyn Cavidin
yaradıcılığına da dərin maraq göstərir,
öz çıxışlarında onun da adını Azərbaycan
ədəbiyyatı tarixində xüsusilə böyük
xidmət göstərmiş sənətkarların
sırasında fəxrlə çəkirdi. Səksəninci
illərin əvvəllərindən isə Ümummilli
liderimiz hər zaman Hüseyn Cavid irsinə müntəzəm
diqqət göstərib, kommunist rejimi tərəfindən
repressiya edilmiş şairə layiqli qiymətin verilməsi
işinə nəzarəti gücləndirib. O illərdə
şairin nəşinin vətənə gətirilməsi, əsərlərinin
yenidən nəşri, səhnəyə qoyulması,
adının əbədiləşdirilməsi sahəsində
dahi rəhbərin xidmətləri danılmazdır.
Ulu
öndərin təşəbbüsü ilə Azərbaycan
KP MK-nın 21 iyul 1981-ci ildə "Hüseyn Cavidin anadan
olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda
Bakı və Naxçıvan şəhərlərində
Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması,
Bakı şəhərinin Kommunist (indiki İstiqlaliyyət)
küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci
ilədək yaşamış olduğu 8 saylı evin
fasadının təzələnməsi və ona
yazıçının xatirə lövhəsinin vurulması
göstərilirdi. Bu qərar əsasında Mədəniyyət
Nazirliyinin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə
Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15
dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində
Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə
tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il
16 aprel tarixli əmrinə əsasən, adı çəkilən
binanın 5 otağı Hüseyn Cavidin Ev Muzeyi
üçün ayrılıb.
Heydər
Əliyevin və şairin yeganə yadigarı Turan Cavidin
müştərək işlərindən biri, bəlkə də,
ən möhtəşəmi elə Hüseyn Cavidin Ev Muzeyinin yaradılması oldu. Turan
xanımın illər boyu üzərində zəhmət
çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə
gətirdiyi muzey Cavid irsinin böyük himayəçisi olan
Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi
və bir rəhbər kimi qayğısı nəticəsində
yaradılaraq cavidsevərlərin ixtiyarına verildi. Muzeyin hər eksponatında, hər bir guşəsində
Turan Cavidin ailəsinə məhəbbəti, Cavid ocağının
qorunu qorumağa yönəlmiş övladlıq qeyrəti
duyulur. Bu muzey kamil bir sistem olub, Turan Cavidin
muzeyşünaslıq fəaliyyətinin mükəmməl
örnəyi, forma və məzmun vəhdətinin klassik
nümunəsidir.
1993-cü
ildə xalqın təkidli tələbi ilə ikinci dəfə
ali hakimiyyətə qayıdan Heydər
Əliyev həmin ilin sentyabr ayında Azərbaycan Milli Elmlər
Akademiyasının ziyalıları ilə tarixi
görüşündə Hüseyn Cavidin şəxsiyyəti
və yaradıcılığı ilə bağlı
görüləsi işlərdən danışaraq
demişdi: "İndi Hüseyn Cavidin əsərləri xalqa
hava-su kimi lazımdır. Təkcə ədəbi
baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan
lazımdır. Lakin bu əsərlər
lazımi səviyyədə nəşr olunmuşdurmu?"
Bu sözlər Hüseyn Cavidin irsinin tədqiq və təbliği
ilə bağlı Azərbaycan elminə ünvanlanmış
bir çağırış idi.
10 iyun 1995-ci ildə Azərbaycan Respublikasının
Prezidenti, Ümummilli lider Heydər Əliyevin yanında tarixi
müşavirə keçirildi. Həmin müşavirədə
Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin,
Bakıda ev muzeyinin yaradılması ilə
əlaqədar məsələlər 14 illik fasilədən
sonra yenidən müzakirə olundu və dərhal öz həllini
tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul
1995-ci il 160 saylı qərarı ilə
Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, onun Azərbaycan
Elmlər Akademiyasının tabeliyinə verilməklə ədibin
yaşadığı binanın: Kommunist küçəsi, 8
(hazırda İstiqlaliyyət küçəsi, 26) 2-ci mərtəbəsində
giriş də daxil olmaqla, 3-cü mərtəbəsində
yerləşməsi və Hüseyn Cavidin Ev Muzeyi
adlandırılması məsələsi həllini tapdı. Cavid ocağının yeganə yadigarı Turan Cavid
muzeyin tərtibatını həyata keçirdi, bir çox
eksponatları muzeyə hədiyyə etdi. Məhz
onun sayəsində muzey Hüseyn Cavidin və Cavidlər ailəsinin
ruhlarının əbədi qərar tutduğu evə
çevrildi.
Bu gün
də Hüseyn Cavidin Ev Muzeyi onun qurucusu Turan Cavidin məqsəd,
məram və arzularını uca tutur, rəhbərlik
üçün başlıca istiqamət götürür,
müəssisənin çiçəklənməsi,
müasir informasiya əsri ilə ayaqlaşması, təkcə
respublikamızda deyil, uzaq-uzaq ölkələrdə də
Cavid irsinin tanıtdırılması və təbliği işini genişləndirmək
yolunda yorulmadan fəaliyyət göstərir. Turan
xanımın arzuları əməkdaşların əməlləri
ilə çiçəklənir, o, gündən-günə
inkişaf edən muzeyin əbədi rəhbəri kimi xatirələrdə
yaşayır.
H.Cavidin Ev Muzeyi 245 kvadratmetr sahəni əhatə edir və
onun 130 kvadratmetrində ekspozisiya yerləşir. Muzeyin tərtibatı
elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən
başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər
mühitinə düşüb, Cavidlər dünyasına
qatılır. Ekspozisiyada 1000-ə yaxın
eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində
məhz H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus
məişət və geyim əşyaları, Hüseyn
Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri,
şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin
tamaşalarından proqram, afişa və fotolar,
Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi
musiqi əsərlərinin notları, vallar, müxtəlif sənədlər,
məktublar vardır. Hüseyn Cavidin yazı
masası, Mişkinaz xanıma məxsus tikiş
maşını, radioqəbuledici, yemək masası və bir
çox eksponatlar ekspozisiyada əsas yer tutur. Onların sırasında bu müəssisənin ilk
direktoru, muzeyin binagüzarı Turan Cavidin fəaliyyəti ilə
bağlı materiallar da qayğıkeşliklə qorunur və
nümayiş etdirilir.
Hazırda muzeyin əsas fondunda 13265 eksponat mühafizə
olunur. Bunların sayı yeni materiallar hesabına daima
artır. Muzeyin fondunda H.Cavidə məxsus
əlyazmaları, əsərləri, tədqiqat əsərləri,
tarixi sənədlər, fonoteka, videoteka, multimedia, xatirə əşyaları,
Ə.Cavidin və T.Cavidin şəxsi arxivləri kimi bölmələr
yaradılıb. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş
zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi
zədələndiyinə görə muzey bir müddət
ekspozisiyasını aça bilmədi. Muzeyin
ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu
mümkün oldu.
23 oktyabr 2002-ci ildə Prezident Heydər Əliyev
"Hüseyn Cavidin 120 illik yubileyi haqqında" Sərəncam
imzaladı.
24 oktyabr 2002-ci ildə, Hüseyn Cavidin 120 illik yubileyi
günündə Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyev Hüseyn Cavidin Ev Muzeyinin
açılış lentini kəsərək, ekspozisiya ilə
tanış oldu, muzeyin rəy kitabına ürək sözlərini
yazdı və gələcək fəaliyyətinə xeyir-dua
verdi. Beləliklə, 24 oktyabr 2002-ci il
tarixdən Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası
qapılarını geniş tamaşaçı
auditoriyasının üzünə açdı.
Heydər
Əliyev kimi onun ən layiqli ardıcılı - Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
dövlətimizə rəhbərlik etdiyi bu 17 ildə
Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin
daim hörmət və ehtiramla yad edilməsi, Cavid
yaradıcılığının təbliğinin ən
yüksək səviyyədə aparılması naminə bir
çox işlər görüb, rəsmi sənədlər
imzalayıb. AMEA H.Cavidin Ev Muzeyi də son
illərdə öz fəaliyyətini məhz cənab
Prezidentin bu cür diqqət və qayğısından,
imzaladığı rəsmi sənədlərdən
çıxış edərək qurub və bir çox
mühüm nailiyyətlər əldə edib.
Hazırda
Hüseyn Cavidin Ev Muzeyi tam hüquqla tərkibinə
daxil olduğu Azərbaycan Milli Elmlər Akademiyasının
elmi idarələrindən biridir. Muzeydə Elmi Şura və
6 elmi tədqiqat şöbəsi
("Cavidşünaslıq", "Elmi-kütləvi
işlər şöbəsi", "Elmi fondlar şöbəsi",
"Elmi və bədii tərtibat şöbəsi",
"Elmi ekspozisiya şöbəsi", "Elmi informasiya və
kitabxana şöbəsi") fəaliyyət göstərir.
Şöbələrdə H.Cavid və ümumiyyətlə,
cavidlər irsinə aid materialların tədqiqi, ekspozisiya və
səyyar sərgilərin hazırlanması və təkmilləşdirilməsi,
H.Cavid və Cavidlər irsinin təbliği, sərgilərin
nümayişi və tədbirlərin təşkili, müəllif
və ailəyə aid materialların toplanması, qeydiyyata
salınması, elmi təsvirinin verilməsi və mühafizəsi,
dahi şairin irsinə aid kitabların toplanması,
saxlanması və oxuculara xidmət, materialların
qorunması və təqdimi, ekspozisiyanın və səyyar sərgilərin
bədii tərtibatı, Hüseyn Cavidin Ev Muzeyinin
veb-saytının dizayn tərtibat işləri icra
olunmaqdadır.
Muzeydə Cavidlər ailəsinin də yaradıcılığı
tədqiq olunmaqla yanaşı, təbliğ edilir. Ərtoğrol Cavidin musiqi əsərlərindən
ibarət CD və DVD disklər, "Azərbaycan qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrol Cavid" adlı 10 cilddən
ibarət çoxcildliyi, (2011), "Turan Cavid. Ömür
salnaməsi" (2014) kitabları bu qəbildəndir.
Ədibin
ev muzeyində hər il respublika və beynəlxalq
əhəmiyyətli tədbirlər, konfrans və simpoziumlar
keçirilir. Bu konfransların materialları dərc
edilərək elmi ictimaiyyətə
çatdırılır.
Muzey digər elm və mədəniyyət ocaqları ilə
də müştərək tədbirlər həyata
keçirir.
Onların sırasında 2017-ci ildə AMEA Hüseyn Cavidin Ev
Muzeyinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə birlikdə təşkil etdiyi Hüseyn
Cavidin anadan olmasının 135 illiyi münasibətilə
"Hüseyn Cavid və müasir gənclik" adlı beynəlxalq,
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin Abdulla
Şaiqin Ev Muzeyi ilə birgə təşkil etdiyi "Azərbaycan
romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti"
mövzusunda respublika elmi konfransını göstərmək
olar.
Muzey Hüseyn Cavid irsini təqdiq edən alimlərin
də əsərlərini latın qrafikalı Azərbaycan əlifbası
ilə nəşrə hazırlayaraq çap etdirib. Belə əsərlərə
Timuçin Əfəndiyevin "Hüseyn Cavid: ideal həqiqət
axtarışı" (2013), akademik Məmməd Cəfərin
"Hüseyn Cavid" (2019) monoqrafiyaları nümunə ola
bilər.
Biz də öz növbəmizdə ədibin həyat
və yaradıcılığını, ölməz ədəbi
irsini araşdıraraq, tədqiqatlar şəklində elmi
ictimaiyyətin diqqətinə çatdırmışıq. Müəllifi olduğumuz "Azərbaycan ədəbi
fikri və Hüseyn Cavid" I kitab (2010), "Heydər
Əliyev və Hüseyn Cavid" (2013), "Azərbaycan ədəbi
fikri və Hüseyn Cavid" II kitab (2017) monoqrafiyaları dahi
şair və dramaturqun şəxsiyyətinə,
yaradıcılığına münasibətin bir salnaməsidir.
Bu monoqrafik araşdırmalar sübut edir ki,
cavidşünaslıq artıq ədəbiyyatşünaslığımızın
mühüm bir qoluna çevrilib.
Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart
2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan
və türk xalqlarının ədəbiyyatı və incəsənətinin
tarixi inkişaf dinamikası və multikultural proseslərin
perspektivləri" elmi tədqiqat proqramı çərçivəsində
Hüseyn Cavidin Ev Muzeyi tərəfindən 30 cilddə nəşri
nəzərdə tutulmuş "Cavidşünaslıq"
araşdırmalar toplusu da bunun bariz nümunəsidir. Qeyd etməliyik
ki, artıq çoxcildliyin 20 cildi nəfis şəkildə nəşr
olunub, 21-25-ci cildləri də son altı ayda nəşrə
hazırlanıb. Hazırda "Cavidşünaslıq"
toplusuna daxil edilmiş materiallar 1912-ci ildən 2016-cı ilədək
olan mövcud sənəd resursunu əhatə edən möhtəşəm
tədqiqat mənbəyidir.
Hüseyn Cavidin Ev Muzeyi ədibin
Naxçıvanda yerləşən Ev Muzeyi ilə mütəmadi
yaradıcılıq əlaqələri saxlayır, ona
lazımi metodiki yardım göstərir.
Bu gün AMEA-nın nəzdində
fəaliyyətə başlamasının 25-ci
ildönümünü qeyd edən muzey Cavidlər irsinin tədqiqi,
öyrənilməsi, qorunması və təbliği istiqamətində
ölkənin ixtisaslaşmış mühüm elmi mərkəzlərindən
biridir.
Gülbəniz
BABAXANLI
525-ci qəzet.- 2020.-
15 iyul.- S.17.