Yunus Oğuzun romanları: tariximizin bədii
salnaməsi
Yunus Oğuz siyasətçi, jurnalist, tarixçi,
türkoloq-alim olmaqla yanaşı, müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının
sayılıb-seçilən tarixi roman ustalarından biri kimi
imzası yetərincə tanınan və oxunan müəlliflərdəndir.
O,
"Qadın ulduzu" (1996) povestinin, "Nadir şah"
(2008),"Təhmasib şah" (2009), "Əmir Teymur-zirvəyə
doğru" (2011), "Əmir Teymur-dünyanın hakimi"
(2012), "Şah arvadı və cadugər" (2013),
"Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz"
(2017), "Ovçu" (2018), "Səfəvi Şeyxi"
(2019) romanlarının, "Attila", "Nadir şah",
"Altun dəftər" pyeslərinin müəllifidir.
"Nadir
şah" romanında, sələflərindən fərqli
olaraq, Yunus Oğuz Nadir şahı böyük strateq və sərkərdə
kimi təsvir edir, onun Səfəvi xanədanına son qoyaraq
özünü şah elan etməsini, hakimiyyətə gəlməsini
millətin və vətənin birləşdirilməsi
uğrunda atılmış önəmli tarixi addım kimi
vurğulayır. Zəifləyərək öz
missiyasını yerinə yetirə bilməyən Səfəvi
dövlətinin yadlar əlində oyuncağa çevrilməsi
qorxusunu anlayan Nadir şah bu hərəkəti ilə Azərbaycanın
bütövlüyünü, milli varlığını da məhv
olmaqdan qurtarmağa cəhd edir.
Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhəti
- tarixi həqiqətə sadiqlik bu romanda da özünü
göstərir. Nadir şahın amalı
böyükdür, o, güclü sərkərdə və
strateqdir. Lakin siyasi arenada uğurla
çıxış edə bilmir, daxili vəziyyəti
düzgün qiymətləndirməyi bacarmır və nəticədə
hiyləgər saray mühiti, ixtilafları onun məhvinə səbəb
olur. Qeyd etməliyik ki, Yunus Oğuz Nadir
şahın obrazını yaradarkən tarixi dövrün,
mühitin incəliklərinə də xüsusi diqqət
yetirib, milli-etnoqrafik məqamlarla zəngin bir roman yaratmağa
nail olub.
"Təhmasib
şah" romanı Şah İsmayıl Xətainin can
üstə olması xəbərinin Təbriz əhli
arasında yayılması və əhalinin bu xəbərdən
sarsılaraq sarayın önünə öz sədaqətlərini
göstərmək üçün toplaşması səhnəsi
ilə başlayır. Yazıçı xalqın kədərini
təbiətin də sanki bu ölümə üsyanı etməsi
ilə paralelləşdirərək oxucuda güclü
assosiasiya yaratmağa nail olur. Əsərdə
Şah İsmayıl Xətainin obrazı yalnız ilk səhifələrdə
oxucu qarşısına çıxsa da, obrazın
ekspressivliyi sayəsində oxucu roman boyunca Şah Təhmasibin
hər hərəkətində onun nəfəsini, əsasını
qoyduğu yolun önəmini, Azərbaycanın tam birləşdirilməsi
arzusunun təcəssümünü görür. Romanda Şah Təhmasib atası İsmayıl kimi
kiçik yaşlarından taxta oturmalı olur. Lakin elə
ilk səhifələrdən onda liderlik keyfiyyətləri hiss
olunur, gələcəyin şahının cizgiləri oxucunun
gözləri önündə formalaşaraq
dolğunlaşır. Romanda Səfəviyyə
təriqətinin dərvişləri daim Şah Təhmasibi
qoruyur və onun missiyasının yerinə yetirilməsində
mühüm rol oynayırlar. Əsərdə dərvişlik
ordeni ilə bağlı dini-mistik məqamlara da yer verilir,
yazıçı Səfəvilərin Savalan
dağındakı mağarası, göy qaşlı
üzük və Göy tanrıya inamla bağlı hissələrlə
oxucuda dərvişliyin əslində qədim türk birliyi
olması, türklərin varlığının və vətənlərinin
qorunub saxlanması üçün uzaq tarixlərdən bəri
mövcud olması qənaətini yaradır.
Yunus Oğuzun "Atabəy Eldəniz" romanı
şəxsiyyətin tarixdəki roluna həsr edilib. Atabəy Eldəniz
obrazında qılınc və qələm birləşir.
Əks düşərgə ilə mübarizə
sadəcə qılınc deyil, həm də zəka, elm və
diplomatiya savaşıdır. Mömünə
Xatunla Eldənizin ittifaqı bu səbəbdən
xaşxaşiləri narahat edir, dəfələrlə bu iki
ağıllı insanı ayırmağa, öldürməyə
cəhd edirlər. Tarixi şəxsiyyəti
digərlərindən fərqləndirən əsas cəhət
məqsədə çatmaq inadı və seçim cəsarətidir.
Şəmsəddin Eldənizin obrazında bu cəhət
parlaq şəkildə öz təcəssümünü
tapmışdır. Əsərdəki
Baş Dədə obrazı vasitəsilə müdrik qoca
arxetipi ön plana çəkilir. Zamanın
özünü əks etdirən bu arxetipik obraz vasitəsilə
tarix süzgəcdən keçirilir, keçmiş vərəqlənir.
Zamandan və məkandan kənar qavranılan
Baş Dədə obrazı milli ruhun və genetik
yaddaşın təcəssümüdür. Bu səbəbdən əsərin sonunda onun ölümü
yox, qeybə çəkilməsinin göstərilməsi
simvolik çalar kəsb edir. "Atabəy
Eldəniz" romanında azərbaycançılıq,
türkçülük motivləri çox
güclüdür.
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı
yazıçının yaradıcılığında fərqli
bir etapın başlanğıcı kimi diqqəti cəlb edir. Belə ki,
Yunus Oğuzun indiyədək qələmə
aldığı romanların baş qəhrəmanı ya sərkərdə,
ya da hökmdar kimi oxucu qarşısına
çıxırdı. "Şeyx Səfəvi"
romanında isə biz ideoloq obrazı ilə
qarşılaşırıq. Fikrimizcə,
bu, təsadüfi deyil. Ən böyük
tarixi qələbələrin, möhtəşəm
imperiyaların əsasında həmişə parlaq bir ideya
dayanıb. Bu romanın timsalında biz
ideyanın, sözün qüdrəti ilə böyük bir səltənətin
bünövrəsinin qoyulmasının şahidi oluruq. Məqsəd
isə parçalanmış vətəni birləşdirməkdir:
"Mərkəzləşmiş hakimiyyət olmasa, tayfalar
arasında toqquşmalar bizi məhv edəcək". Romanda mifik mistik elementlərdən, numerologiyadan,
peyğəmbər yuxusu - öncəgörməsindən -
presmologiyadan istifadə romanın bədii effektini artırmaqla
yanaşı, yazıçı məramının
reallaşmasında mühüm rol oynayır. Bir ideoloq kimi oxucunu heyran edən Şeyx Cüneydin
sırf insani duyğuları da cox incəliklə verilib.
Romanda diqqət cəlb edən obrazlardan biri
Baş Dədə obrazıdır. Düzdür,
bu romanda Baş Dədə oxucu ilə birbaşa
görüşmür. Ondan bir müqəddəs
şəxs, mediator kimi bəhs edilir.
Yunus Oğuzun "Ovçu" əsəri
çağdaş ədəbiyyatımızda 2016-cı ilin
aprel döyüşlərinə həsr edilmiş ilk
romandır. Tarixi romanlar müəllifi kimi tanınan Yunus
Oğuz bu dəfə tarixi keçmişə deyil, müasiri
olduğumuz tarixi hadisələrə diqqət yetirərək
çağdaş qəhrəmanlıq dastanını qələmə
alıb. 2016-cı ilin aprel döyüşləri
xalqımızın, dövlətimizin gücünü,
qüdrətini, ali baş komandanın
torpaqlarımızı düşməndən təmizləmək
əzmini bütün dünyaya nümayiş etdirdi. Romanın məhz belə yaxın və şanlı
tarixi hadisəyə həsr edilməsi onun ideoloji təsirini və
önəmini artırır. Yunus Oğuzun
"Ovçu" romanında tarix və müasirliyin vəhdətindən
bəhs edərkən ilk diqqəti cəlb edən cəhət
müəllifin tariximizin həlledici məqamlarına
toxunmasıdır. Yazıçı Alp Arslan, Nadir
şah dövründəki Azərbaycanı çağdaş
tariximizlə yanaşı qoyaraq hər üç
bölümü xalqın və hökmdarın qələbəsi
ilə tamamlayır. Bildiyimiz kimi,
"ovçu" Muradın ləqəbi, kod adıdır.
Lakin əsərdə başqa əlahiddə
ovçu obrazı da var. Sözün əsl mənasında
ovçu olan bu şəxs qaçmış dovşanın
arxasınca getmir. Onun artıq boz qurdun
şikarı olduğunu qəbul edir. Bu səhnə
əslində, tarixin, zamanın özünün türkə,
onun möhtəşəmliyinə, qüdrətinə olan
münasibətinin, heyranlığının simvoludur. Türk boz qurd kimi irəli atıldıqda, öz
haqqını tələb etdikdə Zaman-Zərvan da onun
yolundan çəkilir, Əhrimənin məğlubiyyətini,
Hörmüzün qələbəsini alqışlayır.
Əsərdə gördüyümüz, tarixin müxtəlif
həlledici məqamlarında mühüm rol oynayan Murad
obrazının timsalında yazıçı Azərbaycan nəsrində
az işlənən reinkarnasiya metodunu
uğurla tətbiq edib. Ruhun yenidən başqa tarixi zaman və
məkanda doğulması - reinkarnasiya yolu ilə Yunus Oğuz
oxucunu Muradın ruhunun sələfləri ilə tanış edir və bu qəhrəmanın
ruhi gücünün mənbəyini aşkarlayır. Müasirimiz Murad tarixin səhifələrində iz
salmış özündən öncəki Muradların hələlik
ən sonuncusu və ən mükəmməl
variantıdır. İşıq zərrələrin
toplusu olduğu kimi, kəşfiyyatçı,
döyüşçü, "ovçu" Murad da
özündən öncəki qəhrəmanların
bütün spesifik və güclü tərəflərini
özündə cəmləyərək ədalət
savaşının kəsərli silahına, bayrağına
çevrilmişdir. Reinkarnasiya zamanı
ruh yalnız fərqli zamanda deyil, fərqli məkanda da
doğulma şansına malikdir. Lakin Yunus
Oğuzun qəhrəmanı Muradın ruhu tarix boyu həmişə
eyni məkanda - öz torpağında zühur edir. Çünki onun bu məkanda missiyası başa
çatmamışdır. Nə qədər
ki vətən torpağına göz dikən yadellilər var
xalqın qəhrəmanlarının ruhu rahatlıq tapmayacaq,
yeni Muradların cismində geri qayıdaraq öz yurdunun
keşiyində duracaq.
Yunus
Oğuzun iki hissədən ibarət "Əmir Teymur"
romanında əksər bədii əsərlərdə
"işğalçı hökmdar" obrazında təsvir
olunan Əmir Teymur ümumtürk xaqanı kimi təqdim edilir.
Romanın proloqunun sonundakı incə bir
nüans - Əmir Teymurun qulağına gələn qurd səsi
ilə reallıqda eşitdiyi azan səsinin paralelləşdirilməsi
də onun türk-islam dünyasının böyük fatehi
olduğuna işarədir. Əmir Teymur islam
dininə mənsub olmaqla yanaşı, öz türk
kökünü də yaddan çıxarmır. Hökmdar dini inanclardan həm də ordunu qələbəyə
ruhlandırmaq, öz fateh obrazına əsgərlərdə
şüuraltı, psixoloji inam yaratmaq üçün məharətlə
istifadə edir. Yunus Oğuzun
yaratdığı Əmir Teymur obrazının əsas cizgilərindən
biri hökmdarın şəyird məqamında təsviridir.
Romanda biz yalnız hökmdar Teymurla deyil, həm də Seyid Bərkənin
istedadlı şəyirdi Teymurla tanış
oluruq. Məhz bu nüansla müəllif ustada
hörmətin önəmini göstərir, ustadının nəsihətlərini
hər şeydən üstün tutan Əmir Teymurun hakimiyyətinin,
qələbələrinin əsasında məhz elmin, biliyin
dayandığını, qılıncla qələmin vəhdətinin
qələbənin təminatçısı olduğunu
vurğulayır. Yunus Oğuzun
yaratdığı Əmir Teymur obrazı yalnız hökmdar
kimi deyil, insan kimi də oxucuda özünə qarşı rəğbət
hissi oyadır. Əsərdə Əmir
Teymurun ədalət prinsiplərinə sadiqliyi və qanunun
aliliyinə xalqda inam yaratmaq üçün atdığı
addımlar onun hakimiyyətinin əsasını,
gücünün mənbəyini təşkil edir. Səmərqənd bazarının
darğasının edamı zamanı bu, özünü
aşkar şəkildə göstərir. Oxucu
eyni ədaləti Teymurun oğlu Miranşaha münasibətində
də görür. Miranşahın Azərbaycanda
törətdiyi əməllərdən, əhalinin zülmə
məruz qalmasından xəbər tutan Əmir Teymur oğlunu
cəzalandırmaq üçün Azərbaycana gəlir.
Hökmdar deyilənlər sübuta yetirildikdən sonra
Miranşahı - doğma oğlunu edam etmək
qərarına gəlir. Ata ürəyi
ağrıyır, ancaq hökmdar qəlbi ədalətsizliyi qəbul
edə bilmir. Onu bu sərt qərardan
yalnız Miranşahın ağlının yerində
olmaması ilə bağlı həkim rəyi döndərir.
Yunus Oğuz
romançılığının xarakterik xüsusiyyətlərindən
biri yazıçının tarixi həqiqətə, tarixi
faktlara sadiq qalmaqla yanaşı, ilk öncə oxucunu diqqətdə
saxlamasıdır. Belə ki, Yunus Oğuz
tarixi romanda ilk növbədə ideya faktorunu əsas
götürür. Əsas məqsəd
tarixi və tarixi hadisənin oxucuya çatdırmalı
olduğu ideyanı düzgün ifadə etməkdir. Yazıçı tarixin mesajını müasir
oxucuya aydın çatdırmaq üçün əsəri
tarixi interyerin, leksikanın ekzotikası ilə yükləmir.
Y.Oğuz romançılığının əsas
uğuru müəllifin qəhrəmanlarını olduqca
canlı, koloritli yaratması ilə bağlıdır və
onun romanları oxuculara, xüsusilə gənc nəslə
tarixi hadisələri bədii güzgüdə göstərməklə
milli türk genefondunun, mənəvi dəyərlərin
qorunub saxlanmasına xidmət edir.
Elnarə QARAGÖZOVA
525- ci qəzet.- 15
iyul.-2020.- S.20.