Müəllim ucalığı, alim mötəbərliyi
Hər
dəfə görkəmli alim, Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
çoxcəhətli fəaliyyətini xarakterizə etmək
istəyəndə, istər-istəməz diqqətimizi iki sahə
cəlb edir - müəllimlik və alimlik.
Bir-birini
tamamlayan bu iki sahə əslində, onun geniş fəaliyyətini
heç də tam əhatə etmir. Timuçin müəllim
həm də ictimai xadim, məsuliyyətli rəhbər
işçi, səmərəli təşkilatçı, qədirşünas
şəxsiyyət, təəssübkeş ziyalı,
başlıcası isə, geniş qəlbli, həssas, duyumlu
insan kimi tanınır. Lakin bütün bunlarla yanaşı,
o, diqqətləri daha çox müəllim və alim kimi cəlb
edib. Əslində, yuxarıda sadalanan bütün keyfiyyətlər
onun məhz müəllim ucalığından, alim mötəbərliyindən
irəli gəlir.
Biz
Timuçin Əfəndiyevi öncə bir müəllim kimi
tanımışıq. Söz vaxtına çəkər:
1982-ci ilin elə bu vaxtları idi. İsti iyul günəşi
aləmi yandırıb yaxırdı. Lakin bu, bizim - orta məktəbi
bitirib o zamankı İncəsənət İnstitutuna sənəd
verən gənclərin gözünə
görünmürdü. Hamımız qarşıdakı
imtahanlar barədə düşünürdük.
İmtahanlarda iştirak etmək üçünsə öncə
söhbətdən keçmək lazım idi. Söhbət
abituriyentin ümumi səviyyəsini, imtahana nə dərəcədə
hazır olduğunu üzə çıxarırdı.
Növbə bizə çatdı. Sənədlərimiz olan
qovluqları götürüb içəri girəndə
qarşımızda gülər üzlü, qıvraq hərəkətli,
iti baxışlı, ilk görünüşdə müəllimə
oxşamayan cavan bir adam gördük. Onun gülümsər
siması bizi cürətləndirdi. Qovluqları verdik.
Müxtəsər söhbətdən sonra qovluqların
üstünə nəsə yazdı, bizə uzadaraq eyni
gülümsər tərzdə "gedə bilərsiniz"
- dedi. Bu, Timuçin müəllim idi. Bizim
tanışlığımız belə başladı. O zaman
Timuçin müəllim bizim dekanımız idi. Tez-tez bizimlə
görüşər, nəyə ehtiyacımız olduğunu
soruşar, tövsiyələr verərdi.
Azərbaycanda
sənətşünaslıq təhsilinin inkişafında
Timuçin müəllimin böyük xidmətləri var.
1987-ci ildə Timuçin müəllim rektor təyin edildi. O,
böyük həvəslə İnstitutda quruculuq, genişləndirmə
işlərinə başladı, ixtisasların sayı
artdı. Dediyimiz kimi, sənətşünaslığa
xüsusi diqqət yetirilirdi. Həmin ixtisasa qəbulun sayı
xeyli artırıldı. Bu, asan məsələ deyildi.
Timuçin müəllimin inandırıcı sözləri,
əsaslandırılmış fikirləri, tutarlı dəlilləri
bu işdə böyük rol oynadı. Elə o zamandan etibarən
sənətşünaslığın kadr bazası genişləndi,
elmə yeni qüvvələr cəlb olunmağa
başladı. Əlbəttə, hər şey təhsildən
başlanır. Timuçin müəllim ciddi olaraq bu məsələnin
üstünə düşməsəydi, bugünkü kadr
ehtiyatına da malik olmaq mümkün olmazdı. Biz bunu
Timuçin Əfəndiyevin Azərbaycan sənətşünaslığının
inkişafındakı mühüm xidməti kimi dəyərləndiririk.
Zənnimizcə,
Timuçin müəllimin böyük xidmətlərindən
biri də Azərbaycanda kulturologiya təhsilinin
yaradılması və inkişaf etdirilməsi ilə
bağlıdır. 1991-ci ildə İncəsənət
İnstitutu Universitetə çevrildi və vaxtı
ötmüş Mədəni-Maarif fakültəsi bazasında
dövrün tələblərinə cavab verən Kulturologiya
ixtisası yaradıldı, bu sahədə ilk kadrlar
hazırlandı. Bir vaxtlar çoxlarının inamsız
baxdığı bu ixtisas hazırda Ali Attestasiya
Komissiyasının ixtisas reyestrində qərarlaşıb.
Timuçin
müəllim sənətşünaslıq təhsilinin
bazasını genişləndirmiş və kulturologiya təhsilinin
bazasını yaratmışdır. Bununla da, o, hər iki sahənin
inkişafı üçün ilkin şərt olan ixtisas təhsilinin
əsasını qoymuşdur. Bütün bunlar Timuçin Əfəndiyevin
bir müəllim kimi, daha dəqiq ifadə etsək, təhsil
sahəsində islahatçı rektor kimi böyük xidmətidir.
Lakin biz Timuçin müəllimin həm də alimlik fəaliyyətindən
danışmaq istərdik. O, sənətşünaslıq sahəsində
gözəl mütəxəssis, dəyərli alimdir.
Timuçin Əfəndiyev sənətşünaslıq və
kulturologiyanın müxtəlif problemlərinə həsr
edilmiş çoxsaylı əsərlərin, kitab və
monoqrafiyaların müəllifidir. Sənətşünaslığın
müxtəlif sahələri üzrə elmi-tədqiqat
işləri aparması, xüsusən işlədiyi ali məktəb
üçün proqramlar, metodiki vasitələr və dərsliklər
hazırlaması onun sənətşünaslıq elmindəki
universal mövqeyinin əsasını qoyub. Tale elə gətirib
ki, Timuçin müəllim üçün sənətşünaslığın
bütün sahələri yaxın, məhrəm olub.
Çünki o, daima teatr, kino, təsviri sənət tarixi və
nəzəriyyəsi, muzey işi və digər sahələr
üzrə mütəxəssis hazırlığında aktiv
iştirak edib, gənclərin yetişməsində əlindən
gələni əsirgəməyib. Timuçin müəllimin
elmi-pedaqoji irsinə bələd olan şəxslər kimi deyə
bilərik ki, onun sənətşünaslıq fəaliyyətinin
erkən mərhələsi daha çox teatr sənəti ilə
bağlı olub. Timuçin Əfəndiyevin hələ gənc
ikən qələmə aldığı əsərlər tədris
istiqamətli olmaqla yanaşı, həm də respublikada
teatrşünaslığın əhəmiyyətli dərəcədə
inkişaf etməsinə təkan verdi. Onun nəşr etdirdiyi
"Rus dramaturgiyası və Azərbaycan teatrı" (1979),
"XVIII əsr rus teatrı" (1984), "Hüseyn Cavidin
ideyalar aləmi" (1985), "Ukrayna və Belarus
teatrı" (1986), "Cəfər Cabbarlı və romantik
dramları", "Romantik dramaturgiyada tarixilik və bədiilik"
(hər ikisi 1999) və başqa kitablar həm elm, həm də
təhsil üçün qiymətli töhfələr oldu.
Bəlli
olduğu kimi, sənət təmayüllü ali məktəblərdə
həm bədii (rəssam, aktyor, rejissor, musiqiçi və
s.), həm də elmi-tədqiqat istiqamətli (sənətşünas,
teatrşünas, musiqişünas və s.) ixtisaslar üzrə
kadr hazırlığı aparılır. Professor Timuçin
Əfəndiyevin nəşr etdirdiyi kitabların məzmunu elə
qurulub ki, onlar hər iki profil üçün eyni dərəcədə
maraq doğurur.
Timuçin müəllim uzun
illər boyu milli dramaturgiyamızda metod problemini araşdırıb. Həmin
mövzu alimin diqqət yetirdiyi əsas elmi mövzulardan olub. Bu mövzuda Timuçin müəllimin onlarla məqaləsi işıq
üzü görüb.
Bu axtarışlar onun
2002-ci ildə nəşr
etdirdiyi "Azərbaycan
dramaturgiyasında metodlar"
adlı fundamental monoqrafiyasında
yekunlaşdırıldı.
Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik
və müasirlik"
(2002) monoqrafiyasını da xüsusi qeyd etmək istərdik. Çünki alimin
universal elmi fəaliyyəti
bu kitabda özünü daha aydın əks etdirir. Bu irihəcmli nəşrdə teatr, kino, balet sənəti,
musiqi, memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər
tariximiz ardıcıllıqla
öz əksini
tapır. Bunu da vurğulamaq
istərdik ki, Timuçin müəllimin
incəsənətin müxtəlif
sahələrinin əks
olunduğu bir neçə əsəri vardır. Onlardan biri - "Azərbaycan mədəniyyəti və
incəsənəti" kitabı
2003-cü ildə İran İslam Respublikasında nəşr
edilmişdir.
Son illərdə tədqiqatçı
alim kimi Timuçin müəllimin
fəaliyyətində xoreoqrafiya
sənətinin tədqiqi
üstündür. Timuçin
müəllim respublikamızda
nisbətən yeni yaradılmış Bakı
Xoreoqrafiya Akademiyasına
rəhbərlik edir.
Biz burada haşiyə
çıxaraq sənətşünaslıqda,
kulturologiyada olduğu
kimi, xoreoqrafiya təhsilinin inkişafında
da Timuçin müəllimin
xidmətlərini xüsusi
vurğulamaq istərdik.
Respublikamızda xoreoqrafiya
təhsili ötən
əsrin 20-ci illərində
təşəkkül tapsa
da, on illər boyu həmin sahə üzrə ali təhsil bazası olmayıb. Timuçin müəllimin gərgin zəhməti sayəsində
Azərbaycanda ilk dəfə
xoreoqrafiya sənəti
üzrə ali təhsil bazası Mədəniyyət və
İncəsənət Universitetində
yaradıldı. Bununla
da istedadlı gənclər
Xoreoqrafiya məktəbində
orta ixtisas təhsilini başa vurduqdan sonra Mədəniyyət və
İncəsənət Universitetində
öz sənətləri
üzrə ali təhsil almaq imkanı əldə etdilər. Bu, böyük
nailiyyət idi. Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasında
bu təcrübədən
istifadə olundu.
Timuçin müəllim qısa
zaman ərzində həm
də milli xoreoqrafiya təhsilimizin tarixini yazıb ərsəyə gətirdi.
Bu vaxta qədər belə bir tarix
yazılmamışdı. 2019-cu ildə işıq üzü görən
"Bakı Xoreoqrafiya
Akademiyası: ənənədən
başlanan yol" kitabı bu sahədə ilk və yeganə irihəcmli elmi-tədqiqat əsəridir.
Zənnimizcə, bu kitab Timuçin müəllimin Azərbaycan
sənətşünaslığına verdiyi dəyərli töhfələrdən biridir.
Professor Timuçin Əfəndiyevin
yeni işıq üzü görmüş
kitablarından danışarkən
onun "Romantizm: təşəkkülü, problemləri,
şəxsiyyətləri" (2020) monoqrafiyasını qeyd etməmək olmaz. Kitabın elmi redaktoru millət vəkili, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Hesab edirik ki, bu əsər
təməl müddəaları
hələ "Hüseyn
Cavidin ideyalar aləmi" kitabında qaldırılan, sonralar
"Romantik dramaturgiyada
tarixilik və bədiilik", "Azərbaycan
dramaturgiyasında metodlar"
monoqrafiyalarında daha
geniş fikir süzgəcindən keçirilərək
ümumiləşdirilən nəzəri problemlərin
elmi paradiqmalarla zənginləşdirilmiş müasir
metodoloji ifadə formasıdır.
Timuçin müəllimin zəngin
elmi irsindən və bu irsin
maddi təcəssüm
forması olan kitablarından çox danışmaq olar. Lakin biz bunlardan birinə xüsusi diqqət yetirmək istərdik və həmin kitabı Timuçin müəllimin
bəlkə də ən dəyərli əsəri adlandırardıq.
Söhbət onun
"Heydər Əliyev
və milli-mənəvi
dəyərlərimiz" (2011) adlı fundamental elmi əsərindən gedir. Timuçin müəllim əslində, bu kitab üzərində uzun illər çalışmış, bildiyi,
şahidi olduğu çoxsaylı hadisələri,
faktları tədqiqata
cəlb etmiş, gözəl, səlis dilə, aydın məntiq və mühakiməyə malik orijinal əsər yaratmağa müvəffəq
olmuşdur. Ulu öndərin
mənəvi dəyərlərimizə,
ədəbiyyat və
incəsənətimizə olan qayğı və diqqəti tədqiqatın ana xəttini, əsas leytmotivini təşkil edir. Tədqiqatçı
öz iş təcrübəsinə uyğun
olaraq kitabı ədəbiyyat, teatr, kino, təsviri sənət, musiqi kimi bölmələrə
ayırmış, incəsənətin
hər bir sahəsinin inkişafı
naminə Ümummilli lider Heydər Əliyevin gördüyü
böyük quruculuq işlərindən, onun
elm və sənət
adamlarına olan tükənməz qayğısından
böyük məhəbbət
və qürur hissi ilə söz açmışdır.
Biz təcrübəli pedaqoq,
istedadlı alim, nəcib ziyalı olan Timuçin müəllim haqqında fikirlərimizi mərhum akademik Azad Mirzəcanzadənin
hələ neçə
il öncə söylədiyi, lakin hər gün özünü doğruldan
sözləri ilə tamamlamaq istərdik: "Timuçin İlyas oğlu Əfəndiyev haqqında bunu deyə bilərəm: o, çox iş görmüşdür, lakin
bundan daha artığını edəcəkdir".
Bu günlərdə yaradıcı
ziyalı ömrünün
zirvə çağlarında
yaşayan, hər
zaman olduğu kimi nikbin duyğularla, gənclik atəşi ilə ömür sürən, qurub-yaratmaq əzmi ilə çalışan əziz
Timuçin müəllimə
can sağlığı, yaradıcı
həyatında yeni uğurlar arzulayırıq.
Ərtegin SALAMZADƏ
AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor
Xəzər ZEYNALOV
AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2020.- 16 iyul.- S.11