Milli mətbuatının
dövlətçilik ənənələri
Ümummilli lider Heydər Əliyevin mətbuata
müstəsna diqqət və qayğısı, dövlətin
uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə
demokratik KİV-in inkişafında yeni bir mərhələ
oldu. Ulu öndərin mətbuat üzərində
əvvəlcə hərbi senzuranı, sonra
bütövlükdə senzuranı ləğv etməsi
müharibə şəraitində yaşayan və quruculuq
yollarında yenicə addımlayan gənc bir ölkə
üçün riskli addım olsa da, dünyaya inteqrasiya və
demokratik dəyərlərə qovuşmağın önəmli
yolu idi.
Dövlət
başçısının qərarları ilə mərhələ-mərhələ
KİV-in fəaliyyəti üçün əlverişli
şərait yaradılması, qəzet-jurnalların
borclarının silinməsi, maddi-texniki bazanın yeniləşdirilməsi
və digər önəmli tədbirlər medianın
inkişafına təkan verdi. Bütün bunlar bazar
iqtisadiyyatı dövründə mətbuatın
inkişafına əlverişli şərait yaratmış
oldu. Jurnalistlər bu gün də ulu öndər Heydər
Əliyevin KİV-ə misilsiz himayədarlığını
qədirbilənliklə yad etməkdədirlər.
Bu günlərdə xalqımız tarixi ənənə
və dövlətçilik mövqeyinin qorunmasında önəmli
xidmətlər göstərmiş milli mətbuatımızın
145-ci ildönümünü təntənə ilə qeyd etməyə
hazırlaşır. Azərbaycan Prezidenti
İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam mətbuatın xalqımızın
milli oyanış tarixindəki mötəbər yerini və mətbuat
bayramının ölkənin ən önəmli hadisələrindən
biri olduğunu yenidən təsdiqlədi. Nəinki
ölkəmizin, eləcə də dünyanın ağır
pandemiya dövrünü yaşadığı günlərdə
mediamızın həyatındakı çox önəmli
hadisə unudulmadı, əksinə, Prezident sərəncamı
bu dəyəri bir daha artırmış oldu.
Belə bir əlamətdar hadisə
ərəfəsində xalqımızın dövlətçilik
və türkçülük ənənələrinin
qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın
apardığı əsryarımlıq mübarizənin daha
bir taleyüklü dönəmi ilə bağlı unudulmaz məqamları
oxucularımızla bölüşmək istərdik.
Milli mətbuatın müstəqillik uğrunda
mübarizəsi
XX əsrin sonuncu onilliyində
dövlət müstəqilliyinin qazanılması ərəfəsində
milli mücadilənin güclənməsi Azərbaycan mətbuatında
daha çox Türkiyə ilə əlaqəli
yazıların artımı ilə də müşayiət
olunmaqda idi. Ölkə mətbuatı üçün
Türkiyə mövzusu bir nömrəli məsələ
kimi diqqəti cəlb etməkdə idi: “Müstəqilliyimizin
tarixi boyu olduğu kimi, hazırda da türkdilli ölkələrin
kütləvi informasiya vasitələrinin, xüsusilə mətbuatının
apardığı araşdırmalar adət-ənənələrimiz
və müştərək tariximiz haqqında bilgilərimizin
genişləndirilməsində və türk dünyası
daxilində inteqrasiya yollarının axtarılıb
tapılmasında mühüm rol oynayır”.
Bu dövrdə mətbuat yeni
mövzular ortaya qoysa da, hələ də bütün nəşrlər
dövlətə bağlı idi, yəni nəşr olunan qəzet
və jurnallar, mütləq mənada, hansısa bir dövlət
təşkilatının nəşri kimi təqdim olunurdu.
O, başqa məsələ idi ki, bu nəşrlərdə
yeni əhvali-ruhiyyənin, milli
çağırışların özünə yer
tapması həm dövrün tələbi, həm də vətənpərvərlik
mövqeyindən fakt idi. Deyək ki, 300 minə
qədər tirajla nəşr edilən “Gənclik” – “Molodost”
(baş redaktor Məmməd İsmayıl) respublika komsomolunun
jurnalı olsa da, ətrafında yeni dövrün havası ilə
yüklənmiş, milli ruhun öndə dayandığı
müəllifləri toplamaqla, həm də cəmiyyətin
aparıcı gücü olan böyük bir gənclik
ordusunu birləşdirməkdə idi. Yaxud “Vətən” cəmiyyətinin
nəşri olan “Odlar yurdu” qəzeti (redaktor Ramiz Əskər)
dünya azərbaycanlılarının birliyinə dair ciddi
çağırışlar səsləndirməkdə idi.
Belə meyllər təkcə cəmiyyətə yox,
partiya-sovet mətbuatının dəst-xəttinə və
mövzu seçiminə də təsir göstərməkdə
idi.
Bu baxımdan, ölkənin
baş mətbu orqanı “Kommunist” qəzetinin müstəqillik
ərəfəsində nəşr olunan saylarında
Türkiyə ilə bağlı məqalələrin
araşdırılmasında ilkin qənaətimiz bu oldu ki,
müstəqillik ərəfəsində ölkənin bu
avanqard nəşrində Türkiyə mövzusu
aktuallıq baxımından diqqəti cəlb etdiyi kimi, həm
də xarici ölkə həyatından dərc edilən məqalələr
sırasında kəmiyyət etibarı ilə ən çox
diqqət çəkənidir. Az bir zaman kəsiyində
bu mövzuda dərc edilən yazıların sayı kifayət
qədər çoxdur: iki ildə (1990 və 1991-ci illər)
345 yazı. Mövzu və janr rəngarəngliyi ilə
seçilən bu yazılar təkcə statistikası ilə
yox, həm də müəlliflərin hiss və duyğularının
türk dünyasına doğmalığı ilə maraq
doğurur. Hətta, bu mövzuda təqdim olunan rəsmi xəbərlərdə
belə bunları sezməmək mümkün deyil.
Türkiyə ilə yenicə
qurulmaqda olan əlaqələr haqqında olan məqalələri,
ola bilsin ki, mövzusuna və yaxud janr xüsusiyyətlərinə
görə ayrı-ayrılıqda təhlil və təqdim
etmək də olardı. Əslində, məsələyə
daha çox siyasi anlamda dəyər verilmiş, hətta
rəsmi səfərlər daha çox danışılan və
tədqiq edilən mövzulardan olmuşdur. Amma
mövzunun “Kommunist”, sonralarsa, bu qəzetin bazasında fəaliyyətini
davam etdirən “Xalq qəzeti”ndə təqdimatına diqqət
edəndə bu yazıları həm də siyasi, iqtisadi və
mədəni əlaqələr baxımından dəyərləndirmək
və şərti olaraq 3 qrupa ayırmaq mümkündür:
– Birinci rəsmi materiallardır. Dövlətlərarası
münasibətlər, ölkə rəhbərlərinin və
digər rəsmilərin görüşləri bu qrupa aiddir.
– İkinci iqtisadi əlaqələrin
qurulması haqqında olan materiallardır. Burada müxtəlif
siyasi zümrədən olan alim və tədqiqatçıların
yazıları yer tutur.
– Üçüncü qəzet əməkdaşlarının
təqdim etdiyi müxtəlif janrlı məqalələrdir.
Qardaş Türkiyənin
adının keçdiyi və mətbuatda dərc edilən bu
yazılar, janrından, üslubundan, mövzusundan asılı
olmayaraq, uzun illər ayrı düşmüş
xalqlarımızın milli mədəni
bağlılıqlarını ortaya qoyan nümunələrdir.
Bu bölgü həm də ona görə məqsədəuyğun
hesab edilə bilər ki, burada təkcə ayrı-ayrı fərdlərin
yox, yaşından və zümrəsindən asılı
olmayaraq bütün xalqın, eləcə də müstəqillik
əldə etməyə hazırlaşan (əslində, o
vaxtlar buna inananlar çox az idi) Azərbaycan
dövlətinin, amma daha çox xalqlarımızın doğma
münasibətlərinin ifadəsi və tərənnümü
hiss olunmaqdadır.
Əslində, mətbuatın
yaratdığı bu mənəvi körpü gələcək
əlaqələrin qurulmasında təməl kimi də qəbul
edilə bilər. Ola bilsin ki, hansısa bir məsələdə
o dövrkü hakimiyyətin mövqeyində xalqın fikirləri
ilə müəyyən ayrılıqlar olsun və sonralar
göründü ki, bu, var idi. Amma Türkiyə ilə belə
bir fakt diqqətdə olmasa da, olanlar da elə ciddi və
prinsipial mövqe nümayişi olmadığından heç
vaxt gündəmə təsir etməmiş və ciddiliyi ilə
də gündəmdə olmamışdır.
Azərbaycanın SSRİ-nin tərkibində
olduğu illərdə Türkiyə rəsmilərinin–
dövlət və hökumət adamlarının Moskvaya rəsmi
səfərləri çərçivəsində, Azərbaycana
səfərlər də planlaşdırılmış və
bu səfərlər uğurla baş tutmuşdur. Ötən
əsrin 60-cı illərindən başlayan bu səfərlərdə
Bakı ziyarətləri də önəmli yer tutmaqla, təkcə
ümumittifaq deyil, eləcə də respublika mətbuatının
işıqlandırdığı mövzulardan olmuşdur. Düzdür, respublika mətbuatı və onun
baş qəzeti olan “Kommunist” bu məsələləri
müəyyən qadağa və hədlər çərçivəsində
işıqlandırsa da, hər halda, rəsmi xarakterli bu təqdimatların
özündə belə dostluq, qardaşlıq münasibətlərindən
doğan mənəvi bağlılıqları asanca
görmək olur.
Azərbaycanın müstəqilliyi ərəfəsində
isə bu münasibətlərdə daha ciddi
yaxınlaşmalara və əlaqələrin genişlənməsinə
şahidlik edirik. Türkiyənin Moskvadakı
fövqəladə və səlahiyyətli səfiri
V.Vuralın 16 yanvar 1991-ci ildə, ardınca Türkiyə
Prezidenti Turqut Özalın 13 mart 1991-ci ildə Moskva, sonra da
Bakı səfərləri və Bakıda Türkiyə
konsulluğunun fəaliyyətə başlaması, baş
konsulun Azərbaycanın dövlət
başçısı tərəfindən qəbulu Azərbaycan–
Türkiyə münasibətlərində yeni mərhələnin
başlandığının müjdələri idi.
Göründüyü kimi, artıq bu məsələ
dövlətlərarası münasibətlərdə də
özünü göstərir və siyasi dairələrin
gündəmini müəyyən edirdi.
Artıq zaman yeni hökmlərini diktə etməkdə,
bu sırada isə sovetlər birliyinin yaxınlaşan
süqutu görünməkdə idi. Bu, Türkiyənin
Balkanlarda, Qara dəniz–Xəzər dənizi–Mərkəzi
Asiya regionunda geostrateji rolunu gücləndirməkdə idi. Bir sıra siyasətçilər yeni münasibətlərdə
Türkiyənin rolunu Qara dəniz regionunu sabitləşdirməkdə,
oradan Aralıq dənizinə çıxışa nəzarət
etməkdə, Rusiyanın Qafqazda rolunu tarazlaşdırmaqda və
NATO-nun Cənub qanadına xidmət etməkdə
görürdü. Təbii ki, mətbuatın bu məsələlərə
davamlı diqqət ayırması da gündəmin önəmli
mövzularından idi.
Çox sonralar eks-prezident Ayaz Mütəllibov
Türkiyəyə ilk səfərini xatırlayaraq deyirdi: “Bəxtiyar
da ( Xalq şairi Bəxtiyar Vahabzadə nəzərdə
tutulur) məni müşayiət edən böyük nümayəndə
heyətinin tərkibində idi. Bizim heyətin hərarətlə
qarşılanmasından təsirlənən şair dedi:
“Kaş, biz öz müstəqil dövlətimizi təmsil edəydik”.
Cavab verdim ki, darıxma, gün gələr, bunu da görərik!
O vaxt mən Nazirlər Kabinetinin sədri idim”.
Amma Azərbaycana, eləcə də
SSRİ tərkibində olan digər türk respublikalarına
milli münasibətlərin və onların gələcək
müqəddəratlarının təyinində dəstəyin
gözləniləndən aşağı səviyyədə
olması da diqqəti cəlb edirdi. Bu, əslində,
ölkədəki millətçilərin önəmli
mövqeyi olsa da, Turqut Özal Türkiyəsi daha çox
iqtisadi, ticari və mədəni əlaqələrin
qurulmasına, dövlətlərarası münasibətlərin
bu yöndə inkişaf etdirilməsinə
çalışırdı. Burada, təbii ki, NATO
üzvü olan bir dövlətin başqa istiqamətdə
siyasət aparmasını gözləmək də
reallıqlara sığası fakt deyildi. Amma maraqlıdır
ki, istər Türkiyədəki bəzi millətçi
qüvvələr, istərsə də bu qüvvələrin
dəstəyinə arxalanan və ondan ruhlanan xalq kütlələri
bu dəstəyi ummaqda idi.
Təbii ki, burada milli-tarixi
bağlılığın və qardaşlıq
çağırışlarının rolu danılmaz
olduğu kimi, təsiri də qaçılmaz idi. Hətta, Azərbaycana vaxtilə – XX əsrin əvvəllərində
edilən hərbi kömək, Nuru paşanın rəhbərliyi
ilə Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyası
80-ci illərin sonunda və 90-cı illərdə
uşaqdan-böyüyədək, az qala, hər kəsin
danışdığı və qardaş Türkiyədən
umduğu böyük köməyin bir nömrəli
mövzusu idi. Amma xalqdan uzun illər gizlədilən və ya
işğal tarixi kimi anladılan bu tarixin kökündə nələrin
dayandığını bəzi siyasətçi və
tarixçilərdən başqa dərindən bilən yox
idi.
Sovet təbliğat sistemi Azərbaycan–Türkiyə
münasibətlərinin bütün tərəflərini
“ustalıqla” təhrif etmiş, bu sahədə bütün
imkanlardan bəhrələnmişlər. Hətta
erməni-bolşevik basqıları önündə
qırğınlara məruz qalıb, az qala bir millət kimi
varlığını itirmək təhlükəsi ilə
üzləşəndə Azərbaycan türklərinin
çağırışı ilə köməyə gələn
Osmanlı Ordusu və Azərbaycan könüllülərinin
yaratdığı İslam Ordusu işğalçı
və təcavüzkar kimi dəyərləndirilmiş, bu
iftiralara etiraz edənlər isə repressiya qurbanları
olmuşlar.
Milli dirçəlişin yenidən
baş qaldırdığı bir vaxtda Azərbaycan
Respublikası 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini elan etmişdi. İlk dəfə, məhz,
Türkiyə tərəfindən tanınan bu müstəqillik
Azərbaycanın müasir beynəlxalq münasibətlər
sisteminə inteqrasiya olunmuş, beynəlxalq imic
qazanmış və suverenliyini qorumağa qadir bir dövlət
olduğunu dünyaya göstərə bilmişdi. Müstəqilliyinin
ilk günlərindən Azərbaycanın xarici siyasət xəttində
Türkiyə və türkdilli ölkələrlə əməkdaşlığın
qurulması xüsusi diqqətdə olmuş, bu tendensiya bu
gün də uğurla davam etdirilməkdədir.
Müstəqilliyin ilk illəri istər Azərbaycan
tərəfdə hakimiyyətdə olanların mövqeyi
baxımından, istərsə amilləri ilə diqqəti cəlb
edir. Təbii ki, burada iki dövlətin müəyyən tələblərə
“riayət etməsi” bəzi ziddiyyətləri ortaya qoysa da,
ümumilikdə, xalqların qardaşlığına təsir
edəcək dərəcədə güclü ola bilməmişdir.
Şübhəsiz ki, cəmiyyətin
ictimai-siyasi həyatında baş verən qabarma və çəkilmələr
milli mətbuatımızın diqqətində olmaqla,
onların dövriliyinə, məzmun və ideya qayəsinə
də təsirsiz ötüşməmişdir. “Kommunist” qəzetinin
tarixinə nəzər salanda da bütün bunları
aydın görürük. Amma uzun illər Azərbaycan
KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər
Sovetinin orqanı kimi nəşr edilmiş “Kommunist” qəzeti
xalqımızın həm böyük uğurlarla, həm də
hədsiz çətinliklər və faciələrlə
müşayiət edilən həyat yolunun güzgüsü
olmuşdur. Keçən əsrin 20–30-cu
illərinin gərgin ictimai-siyasi mühiti, SSRİ
xalqlarının tarixinə repressiya və heç bir
haqqı olmayan qırğınların tarixi kimi – 37 rəqəmi
ilə daxil olmuş dövrün haqsızlıqları,
Böyük Vətən müharibəsi və faşizm
üzərində Qələbə, bərpa və
quruculuq illəri, 70-ci illərdə iqtisadiyyat və mədəniyyət
sahəsindəki uğurlar, respublikamızın tərəqqisi
ilə bağlı hadisələr, sonrakı ziddiyyətli
zaman kəsiyində baş verənlər qəzetin səhifələrində
geniş əks olunmuşdur.
Daha önəmli bir məsələ ulu öndər
Heydər Əliyevin mətbuata, eləcə də
keçmiş “Kommunist”, indiki “Xalq qəzeti”nə verdiyi dəyərlə
əlaqədardır. Qəzetin ilk nömrəsinin çapdan
çıxmasının 75 illiyi ilə əlaqədar
Prezident Heydər Əliyevin “Xalq qəzeti” redaksiyasının
kollektivinə ünvanladığı məktubda deyilirdi:
“Xalq qəzeti” mənalı yaradıcılıq yolu
keçmiş, özünəməxsus üslub və sənətkarlıq
xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun
müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet
bütün sovet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur”.
Azərbaycanın ikinci dəfə
müstəqilliyinə qovuşduğu ərəfədə,
xüsusən də keçən əsrin 90-cı illərində
respublika mətbuatında Türkiyə mövzusu gündəlikdə
duran önəmli mövzulardan olmuşdur. Ən önəmlisi odur ki, bu
materiallar artıq redaksiyaya Moskvadan gəlmirdi. Bu fakt
özü də qəzet materiallarını rəsmi çərçivədən
çıxarmış, jurnalist sənətkarlığı
baxımından da zəngin bir spektr yaratmışdır.
Əgər vaxtilə qəzet səhifələrində
Türkiyə haqqında olan məqalə və təqdimatlar
ancaq rəsmi materiallar idisə, artıq bu ənənə qırılmışdı.
Bundan sonra qəzet səhifələrində
müəllif yazılarının, zarisovka, reportaj, müsahibə
kimi jurnalistika janrlarının yer aldığının da
şahidi oluruq. Türkiyə haqqında dərc
edilən rəsmi xəbərlərdə belə tarixlərdən
qaynaqlanan dostluq, qardaşlıq ənənələrinin təqdimatının,
demək olar ki, bütün yazılarda yer alması idi. Bu yazılarda milli ruh, tarixi köklərə
bağlılıq özünü daha bariz şəkildə
göstərirdi.
Sovet zamanında respublikanın baş mətbuat
orqanı olan “Kommunist” qəzetində müstəqillik ərəfəsində
(1990-1991) Türkiyə və Türk dünyası haqqında
onlarca material dərc edilmiş, ictimaiyyətin türk
dünyasına olan sevgisi açıq mövzuya
çevrilmişdi. Xatırlatmaq yerinə düşər ki,
1990-cı ilin iyul-dekabr saylarında bu mövzuda 30-dan çox
rəsmi, qeyri-rəsmi xəbər və müxtəlif
janrlı yazı dərc edilmişdir. Aradan
keçən illər bu əlaqələri daha da zəruri
etmiş və bu gün də ölkə mətbuatına Azərbaycan–Türkiyə
mövzusu aktuallığı ilə seçilən və
diqqət mərkəzində olan bir nömrəli mövzu
kimi ən önəmli yeri tutmaqdadır.
Namiq ƏHMƏDOV
525-ci qəzet
.- 2020.- 15 iyul.- S.21.