Müəllim ucalığı, alim
mötəbərliyi
Hər
dəfə görkəmli alim, Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
çoxcəhətli fəaliyyətini xarakterizə etmək
istəyəndə, istər-istəməz diqqətimizi iki sahə
cəlb edir - müəllimlik və alimlik.
Bir-birini
tamamlayan bu iki sahə əslində, onun geniş fəaliyyətini
heç də tam əhatə etmir. Timuçin müəllim
həm də ictimai xadim, məsuliyyətli rəhbər
işçi, səmərəli təşkilatçı, qədirşünas
şəxsiyyət, təəssübkeş ziyalı,
başlıcası isə, geniş qəlbli, həssas, duyumlu
insan kimi tanınır. Lakin bütün bunlarla yanaşı,
o, diqqətləri daha çox müəllim və alim kimi cəlb
edib. Əslində, yuxarıda sadalanan bütün keyfiyyətlər
onun məhz müəllim ucalığından, alim mötəbərliyindən
irəli gəlir.
Biz
Timuçin Əfəndiyevi öncə bir müəllim kimi
tanımışıq. Söz vaxtına çəkər:
1982-ci ilin elə bu vaxtları idi. İsti iyul günəşi
aləmi yandırıb yaxırdı. Lakin bu, bizim - orta məktəbi
bitirib o zamankı İncəsənət İnstitutuna sənəd
verən gənclərin gözünə
görünmürdü. Hamımız qarşıdakı
imtahanlar barədə düşünürdük.
İmtahanlarda iştirak etmək üçünsə öncə
söhbətdən keçmək lazım idi. Söhbət
abituriyentin ümumi səviyyəsini, imtahana nə dərəcədə
hazır olduğunu üzə çıxarırdı.
Növbə bizə çatdı. Sənədlərimiz olan
qovluqları götürüb içəri girəndə
qarşımızda gülər üzlü, qıvraq hərəkətli,
iti baxışlı, ilk görünüşdə müəllimə
oxşamayan cavan bir adam gördük. Onun gülümsər
siması bizi cürətləndirdi. Qovluqları verdik.
Müxtəsər söhbətdən sonra qovluqların
üstünə nəsə yazdı, bizə uzadaraq eyni
gülümsər tərzdə "gedə bilərsiniz"
- dedi. Bu, Timuçin müəllim idi. Bizim
tanışlığımız belə başladı. O zaman
Timuçin müəllim bizim dekanımız idi. Tez-tez bizimlə
görüşər, nəyə ehtiyacımız olduğunu
soruşar, tövsiyələr verərdi.
Azərbaycanda
sənətşünaslıq təhsilinin inkişafında
Timuçin müəllimin böyük xidmətləri var.
1987-ci ildə Timuçin müəllim rektor təyin edildi. O,
böyük həvəslə İnstitutda quruculuq, genişləndirmə
işlərinə başladı, ixtisasların sayı
artdı. Dediyimiz kimi, sənətşünaslığa
xüsusi diqqət yetirilirdi. Həmin ixtisasa qəbulun sayı
xeyli artırıldı. Bu, asan məsələ deyildi.
Timuçin müəllimin inandırıcı sözləri,
əsaslandırılmış fikirləri, tutarlı dəlilləri
bu işdə böyük rol oynadı. Elə o zamandan etibarən
sənətşünaslığın kadr bazası genişləndi,
elmə yeni qüvvələr cəlb olunmağa
başladı. Əlbəttə, hər şey təhsildən
başlanır. Timuçin müəllim ciddi olaraq bu məsələnin
üstünə düşməsəydi, bugünkü kadr
ehtiyatına da malik olmaq mümkün olmazdı. Biz bunu
Timuçin Əfəndiyevin Azərbaycan sənətşünaslığının
inkişafındakı mühüm xidməti kimi dəyərləndiririk.
Zənnimizcə,
Timuçin müəllimin böyük xidmətlərindən
biri də Azərbaycanda kulturologiya təhsilinin
yaradılması və inkişaf etdirilməsi ilə
bağlıdır. 1991-ci ildə İncəsənət
İnstitutu Universitetə çevrildi və vaxtı
ötmüş Mədəni-Maarif fakültəsi bazasında
dövrün tələblərinə cavab verən Kulturologiya
ixtisası yaradıldı, bu sahədə ilk kadrlar
hazırlandı. Bir vaxtlar çoxlarının inamsız
baxdığı bu ixtisas hazırda Ali Attestasiya
Komissiyasının ixtisas reyestrində qərarlaşıb.
Timuçin
müəllim sənətşünaslıq təhsilinin
bazasını genişləndirmiş və kulturologiya təhsilinin
bazasını yaratmışdır. Bununla da, o, hər iki sahənin
inkişafı üçün ilkin şərt olan ixtisas təhsilinin
əsasını qoymuşdur. Bütün bunlar Timuçin Əfəndiyevin
bir müəllim kimi, daha dəqiq ifadə etsək, təhsil
sahəsində islahatçı rektor kimi böyük xidmətidir.
Lakin biz Timuçin müəllimin həm də alimlik fəaliyyətindən
danışmaq istərdik. O, sənətşünaslıq sahəsində
gözəl mütəxəssis, dəyərli alimdir.
Timuçin Əfəndiyev sənətşünaslıq və
kulturologiyanın müxtəlif problemlərinə həsr
edilmiş çoxsaylı əsərlərin, kitab və
monoqrafiyaların müəllifidir. Sənətşünaslığın
müxtəlif sahələri üzrə elmi-tədqiqat
işləri aparması, xüsusən işlədiyi ali məktəb
üçün proqramlar, metodiki vasitələr və dərsliklər
hazırlaması onun sənətşünaslıq elmindəki
universal mövqeyinin əsasını qoyub. Tale elə gətirib
ki, Timuçin müəllim üçün sənətşünaslığın
bütün sahələri yaxın, məhrəm olub.
Çünki o, daima teatr, kino, təsviri sənət tarixi və
nəzəriyyəsi, muzey işi və digər sahələr
üzrə mütəxəssis hazırlığında aktiv
iştirak edib, gənclərin yetişməsində əlindən
gələni əsirgəməyib. Timuçin müəllimin
elmi-pedaqoji irsinə bələd olan şəxslər kimi deyə
bilərik ki, onun sənətşünaslıq fəaliyyətinin
erkən mərhələsi daha çox teatr sənəti ilə
bağlı olub. Timuçin Əfəndiyevin hələ gənc
ikən qələmə aldığı əsərlər tədris
istiqamətli olmaqla yanaşı, həm də respublikada
teatrşünaslığın əhəmiyyətli dərəcədə
inkişaf etməsinə təkan verdi. Onun nəşr etdirdiyi
"Rus dramaturgiyası və Azərbaycan teatrı" (1979),
"XVIII əsr rus teatrı" (1984), "Hüseyn Cavidin
ideyalar aləmi" (1985), "Ukrayna və Belarus
teatrı" (1986), "Cəfər Cabbarlı və romantik
dramları", "Romantik dramaturgiyada tarixilik və bədiilik"
(hər ikisi 1999) və başqa kitablar həm elm, həm də
təhsil üçün qiymətli töhfələr oldu.
Bəlli
olduğu kimi, sənət təmayüllü ali məktəblərdə
həm bədii (rəssam, aktyor, rejissor, musiqiçi və
s.), həm də elmi-tədqiqat istiqamətli (sənətşünas,
teatrşünas, musiqişünas və s.) ixtisaslar üzrə
kadr hazırlığı aparılır. Professor Timuçin
Əfəndiyevin nəşr etdirdiyi kitabların məzmunu elə
qurulub ki, onlar hər iki profil üçün eyni dərəcədə
maraq doğurur.
Timuçin
müəllim uzun illər boyu milli dramaturgiyamızda metod
problemini araşdırıb. Həmin mövzu alimin diqqət
yetirdiyi əsas elmi mövzulardan olub. Bu mövzuda Timuçin
müəllimin onlarla məqaləsi işıq üzü
görüb. Bu axtarışlar onun 2002-ci ildə nəşr
etdirdiyi "Azərbaycan dramaturgiyasında metodlar" adlı
fundamental monoqrafiyasında yekunlaşdırıldı.
Timuçin
Əfəndiyevin "Mədəniyyətdə tarixilik və
müasirlik" (2002) monoqrafiyasını da xüsusi qeyd etmək
istərdik. Çünki alimin universal elmi fəaliyyəti bu
kitabda özünü daha aydın əks etdirir. Bu irihəcmli
nəşrdə teatr, kino, balet sənəti, musiqi,
memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər
tariximiz ardıcıllıqla öz əksini tapır. Bunu da
vurğulamaq istərdik ki, Timuçin müəllimin incəsənətin
müxtəlif sahələrinin əks olunduğu bir neçə
əsəri vardır. Onlardan biri - "Azərbaycan mədəniyyəti
və incəsənəti" kitabı 2003-cü ildə
İran İslam Respublikasında nəşr edilmişdir.
Son illərdə
tədqiqatçı alim kimi Timuçin müəllimin fəaliyyətində
xoreoqrafiya sənətinin tədqiqi üstündür.
Timuçin müəllim respublikamızda nisbətən yeni
yaradılmış Bakı Xoreoqrafiya Akademiyasına rəhbərlik
edir. Biz burada haşiyə çıxaraq sənətşünaslıqda,
kulturologiyada olduğu kimi, xoreoqrafiya təhsilinin
inkişafında da Timuçin müəllimin xidmətlərini
xüsusi vurğulamaq istərdik. Respublikamızda xoreoqrafiya təhsili
ötən əsrin 20-ci illərində təşəkkül
tapsa da, on illər boyu həmin sahə üzrə ali təhsil
bazası olmayıb. Timuçin müəllimin gərgin zəhməti
sayəsində Azərbaycanda ilk dəfə xoreoqrafiya sənəti
üzrə ali təhsil bazası Mədəniyyət və
İncəsənət Universitetində yaradıldı. Bununla
da istedadlı gənclər Xoreoqrafiya məktəbində orta
ixtisas təhsilini başa vurduqdan sonra Mədəniyyət və
İncəsənət Universitetində öz sənətləri
üzrə ali təhsil almaq imkanı əldə etdilər.
Bu, böyük nailiyyət idi. Bakı Xoreoqrafiya
Akademiyasının yaradılmasında bu təcrübədən
istifadə olundu.
Timuçin
müəllim qısa zaman ərzində həm də milli
xoreoqrafiya təhsilimizin tarixini yazıb ərsəyə gətirdi.
Bu vaxta qədər belə bir tarix yazılmamışdı.
2019-cu ildə işıq üzü görən "Bakı
Xoreoqrafiya Akademiyası: ənənədən başlanan
yol" kitabı bu sahədə ilk və yeganə irihəcmli
elmi-tədqiqat əsəridir. Zənnimizcə, bu kitab
Timuçin müəllimin Azərbaycan sənətşünaslığına
verdiyi dəyərli töhfələrdən biridir.
Professor
Timuçin Əfəndiyevin yeni işıq üzü
görmüş kitablarından danışarkən onun
"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri"
(2020) monoqrafiyasını qeyd etməmək olmaz. Kitabın
elmi redaktoru millət vəkili, AMEA-nın birinci vitse-prezidenti,
akademik İsa Həbibbəylidir. Hesab edirik ki, bu əsər təməl
müddəaları hələ "Hüseyn Cavidin ideyalar aləmi"
kitabında qaldırılan, sonralar "Romantik dramaturgiyada
tarixilik və bədiilik", "Azərbaycan
dramaturgiyasında metodlar" monoqrafiyalarında daha geniş
fikir süzgəcindən keçirilərək ümumiləşdirilən
nəzəri problemlərin elmi paradiqmalarla zənginləşdirilmiş
müasir metodoloji ifadə formasıdır.
Timuçin
müəllimin zəngin elmi irsindən və bu irsin maddi təcəssüm
forması olan kitablarından çox danışmaq olar. Lakin
biz bunlardan birinə xüsusi diqqət yetirmək istərdik və
həmin kitabı Timuçin müəllimin bəlkə də
ən dəyərli əsəri adlandırardıq. Söhbət
onun "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"
(2011) adlı fundamental elmi əsərindən gedir.
Timuçin müəllim əslində, bu kitab üzərində
uzun illər çalışmış, bildiyi, şahidi
olduğu çoxsaylı hadisələri, faktları tədqiqata
cəlb etmiş, gözəl, səlis dilə, aydın məntiq
və mühakiməyə malik orijinal əsər yaratmağa
müvəffəq olmuşdur. Ulu öndərin mənəvi dəyərlərimizə,
ədəbiyyat və incəsənətimizə olan
qayğı və diqqəti tədqiqatın ana xəttini, əsas
leytmotivini təşkil edir. Tədqiqatçı öz iş
təcrübəsinə uyğun olaraq kitabı ədəbiyyat,
teatr, kino, təsviri sənət, musiqi kimi bölmələrə
ayırmış, incəsənətin hər bir sahəsinin
inkişafı naminə Ümummilli lider Heydər Əliyevin
gördüyü böyük quruculuq işlərindən,
onun elm və sənət adamlarına olan tükənməz
qayğısından böyük məhəbbət və
qürur hissi ilə söz açmışdır.
Biz təcrübəli
pedaqoq, istedadlı alim, nəcib ziyalı olan Timuçin
müəllim haqqında fikirlərimizi mərhum akademik Azad
Mirzəcanzadənin hələ neçə il öncə
söylədiyi, lakin hər gün özünü doğruldan
sözləri ilə tamamlamaq istərdik: "Timuçin
İlyas oğlu Əfəndiyev haqqında bunu deyə bilərəm:
o, çox iş görmüşdür, lakin bundan daha
artığını edəcəkdir". Bu günlərdə
yaradıcı ziyalı ömrünün zirvə
çağlarında yaşayan, hər zaman olduğu kimi
nikbin duyğularla, gənclik atəşi ilə ömür
sürən, qurub-yaratmaq əzmi ilə çalışan əziz
Timuçin müəllimə can sağlığı,
yaradıcı həyatında yeni uğurlar
arzulayırıq.
Ərtegin SALAMZADƏ
AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor
Xəzər ZEYNALOV
AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2020.- 16 iyul.- S.11