Yazı masası səngər
olan jurnalist
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Rəşid Faxralının yaradıcılığına çoxdan bələdəm, "Ədalət" qəzetində məhkəmə oçerklərini ("Nənə, nəvə və bir qətlin tarixçəsi", "Qətlin qiyməti yüz min" və s.), "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetində publisistik məqalələrini oxumuşdum. Onda müharibə publisistikası yox idi.
Bu, Rəşidin publisistikası ilə başladı, desək, səhv etmərəm. Bu məqalələr təzə-təzə yaranan müharibə publisistikasıydı və bu, az sonra daha doğmalıqla etiraf ediləcəkdi. Mən bu məqalələri Zəngilanda ərazi özünümüdafiə taborunun əsgər və zabitləri ilə birlikdə mövqelərdə, səngərlərdə oxuyurdum. Komandir olaraq Rəşidin Vətənlə bağlı, torpaqla bağlı çox dəyərli fikirlərini onların düşüncələrinə hopdurmaq üçün oxuyurdum.
Rəşid Müdafiə Nazirliyinin Sənədli Filmlər tele-studiyasında xidmət edəndə Seyidağa Mövsümlüylə, Şəmistan Əlizamanlıyla, Etibar Şirinlə, İlqar Behbudovla dəfələrlə Zəngilanda ezamiyyətdə oldu. Günlərini səngərlərdə əsgərlərin əhatəsində keçirdi Şüküratazda torpağa dirsəklənib düşmən tərəfə baxan əsgərlə söhbəti Seyidağanı da, Etibarı da, Sahibi də, Ceyhunu da, yaxınlığımızdakı əsgərləri də həm kövrəltdi, həm də qürurlandırdı. Torpaqdan, şəhidlikdən, şəhidlərdən, qələbədən danışırdılar. Səhərisi gün Mahrıslıda düşmən həmləsinin qarşısının alınmasında Rəşid də, Seyidağa da, Etibar da, İlqar da iştirak etmişdi. Döyüşdən sonra komandir "Sizin orda olmağınız əsgərlərin döyüş əzmini, qələbə ruhunu yüksəltdiyindən döyüşdə 20 düşmən öldürülüb", - dedi. Qərargah rəisi az sonra "Jurnalistlərin təvazökarlığına heyrətləndik. Komandirin təşəkkürünü o qədər adiliklə dinlədilər ki, elə bil o kəlmələr onların ünvanına deyilmirdi. Bir onu dedilər ki, əsgərləriniz igiddi, qorxmazdı, mərddi. Mehdi kimi, Baloğlan kimi əsgərlərlə qürurlanmağa haqqımız var. Bizim də, sizin də..." - dedi...
O söhbət də, o döyüşdən hazırlanmış süjet də AzTV-də yayımlandı, "Azərbaycan Ordusu" qəzetində məqalə olaraq dərc edildi. Rəşid Faxralı hər gərəkli söhbəti jurnalist olaraq məfkurəvi bir mətləbin söz tarixinə çevirirdi...
Rəşid Faxralı Zəngilan mühasirəyə düşəndə Seyidağa Mövsümlü ilə İran İslam Respublikası üzərindən Zəngilana gəlmişdi. Komandirin icazəsi ilə müdafiə döyüşlərində onlar da iştirak edirdilər. Zəngilanın son döyüşündə - Koroğlu daşı ərazisində gedən ağır döyüşlərdə Rəşidin göz yaşları ürəyinə axırdı. Zəngilanın son günündə Araza yön tutanların arxasınca qəhərin yedəyində gedənlərdən biri də Rəşid idi. Zəngilanın son döyüşlərindən, işğalından hazırlanan veriliş də, "Azərbaycan Ordusu" qəzetində dərc edilən "Arazı mən də keçdim ürəyimdə dərd yükü" məqaləsi də müharibəmizin tarixidir. Bu tarixi Rəşid səngərlərdə yazıb. Arazın ləpədöyənində dəfn edilənləri də əzizi bilirdi Rəşid. Həmin gün Arazın ləpədöyənində dünyaya gələn körpələri də - o məqalələri də bu qənaətlərin etirafı kimi oxunur. Rəşidi Zəngilan taborunun, sonradan alayının zabitləri, əksər əsgərləri yaxşı tanıyırdı, onun şirin, Vətən, torpaq ünvanlı söhbətlərini maraqla dinləyirdi. Alayın komandiri də, zabitləri də - Sahib də, Yavər də, Xəqani də, Sərvər də, Surxay da, Mahir də, Habil də, ... onun səngərdə yazdığı "Ağlar günə qalıbsan, ağla, Rəşid Faxralı" misralarını, bütövlükdə şeiri çarəsizliklə pıçıldayırdı. Həmin günlərdə bu şeir əksər zəngi-anlının əzbərindəydi. Şüküratazda baş leytenant Ceyhun Məmmədyarov demişdi ki, Rəşidə də, Seyidağaya da, Etibara da zəngilanlı deyə bilərik. Razılıqla gülümsünmüşdük.
Sonralar Rəşid Faxralının ssenarisi əsasında çəkilən "Həsrət" sənədli filmində Rəşidin timsalında Azərbaycan jurnalistikasının, Zəngilanın timsalında işğal olunmuş ərazilərimizə ad olan qəhərin üzünü gördük. Qan rəngli qəhəriydi. Zəngilan işğaldan azad edilənəcən ovunmayacaq qəhər olduğuna kimsənin şübhəsi ola bilməzdi, ola bilmədi...
Rəşid Faxralının səngərdə yazdığı bir şeir də əzbərimizdədi:
Səngərlərdə oğul gördüm
Özümə yazığım gəldi...
Zabitlərimiz postlarda əsgərlərə deyirdilər ki, Rəşid Faxralı bu şeiri sizi görəndən sonra yazıb. Şair sizə inanır, güvənir, şair inanırsa, güvənirsə, ictimaiyyət inanır, güvənir. Bu şeir, bu şeirə görə deyilənlər əsgərlərin döyüş əzmini də yüksəldirdi, qələbə ruhunu da. Yəni Rəşid Faxralının istər jurnalist kimi, istərsə də şair kimi yaradıcılığı bilavasitə Vətənlə bağlı olub, müharibəylə, qələbəylə bağlı olub. İndi də belədir...
"Vətən əsgərin ürəyindən başlayır" deyir, "Dövlət bayrağıdı torpağın, Vətən!" deyən Rəşid Faxralının "Dağlar çağırır məni", "3 000 metr yüksəklikdən reportaj", "Cıdır düzünün çiçəklərinin də təravətini özünə qaytaracağıq", "Səngərləri sərhədlərə köçürəcəyik" kimi məqalələri, reportajları müharibənin söz tarixidir, yüksək bədii dəyərə malik publisistikadır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin neçə-neçə tələbəsi professor Cahangir Məmmədlinin təklifi ilə Rəşid Faxralının 1993-cü ildə nəşr olunmuş "Müharibə nə vaxt qurtaracaq?" kitabından diplom işi yazıb. Mənə belə gəlir ki, onu tədqiqatçılar da, tarixçilər də, ümumən müharibə tariximizlə maraqlananlar da dəyərləndirəcəklər...
"Hərbi Bilik" jurnalının da, Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kino-studiyasının da yaradılmasında, fəaliyyətə başlamasında, fəaliyyətində jurnalist Rəşid Faxralının əməyini unutmaq günahdır. Ən azı tarix qarşısında günahdır...
Sözü həmişə urvatlı tutan Rəşid Faxralı sözü urvatlı tutanların ruh qardaşıdı. "Faxralıda Xosuroğlu Hümbət elin xeyir-şərinə yaramayana say artıran deyərdi. Sözün şəhd-şəkərini duymayanlar, sözün işığını görə bilməyənlər, sözü sabahlara körpü bilənlər deyil, sözün odunun-közünün hərarətini bürkü bilənlərdi say artıranlar. Söz dünyasının say artıranları göy üzünə yayılan buludu kirpiyiylə siləmməz, yağan yağışı ovucuna yığammaz, yağışdan sonra göyqurşağını necə var, eləcə görəmməz, göyümüzün qurşağının ləçəklərini duyğusuna, duyumuna hörəmməz...
Sözü nazbalınc bilənlər də var, ürəyini, duyumunu sözə nazbalınc eləyənlər də. Sözə bac verənlər də var, sözdən bac alanlar da. Sözdən güc alanlar da var, sözün gücünü alanlar da. Sözün tozunu silənlər də var, sözü tozda boğanlar da. Sözü nərdivan eləyənlər də var, sözə nərdivan olanlar da..." Rəşid Faxralı belə düşünür. Sözü sözdən seçənlərin onunla həmfikir olacağına (olduğuna) zərrəcə şübhəm yoxdu.
"Ədalət" qəzetinin məsul katibiydi. Çoxsaylı oxucusu olan bu qəzet tərtibat baxımından o vaxtlar nəşr olunan bütün qəzetlərdən seçilirdi və bu gün də aparıcı qəzetlərdən biri olaraq milli mətbuatımızın ənənələrini layiqincə davam etdirir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin orqanı kimi nəşrə başlayan "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetinin məsul katibi vəzifəsinə dəvət ediləndə tərəddüd etməmişdi. "Sinəmizə döyürük ki, vətənpərvərik. Müharibə gedir. Döyüşməyə sağlamlığın, yaşın imkan vermirsə, get sözünlə döyüş. Sözümlə döyüşməyə gəlmişəm...." - Rəşid Mətbuat xidmətinin rəisinə də, qəzetin baş redaktoruna da belə deyib. Və qəzetin ikinci sayından sonra Bədirxan Başkeçidli, Söhbət Səfərli, Samir Musayevlə döyüş bölgəsinə - Füzuliyə, Cəbrayıla ezamiyyətə gedib. Azərbaycan mətbuatında ilk dəfə bir ezamiyyətdən A-2 formatında bütöv nömrə onda hazırlanıb. Jurnalistika tarixi ilə maraqlananlar qəzetin bu sayını yüksək dəyərləndirirlər. Rəşidin "Müharibənin bir gecəsi"ni də...
Rəşid Faxralı leytenant Rəşid Hüseynov kimi hərbi xidmətə başladı, hərbçi jurna-list oldu. Tam məsuliyyəti ilə deyə bilərəm ki, bundan hərbi jurnalistikamız qazandı - .yüzlərlə yüksək bədii dəyərə malik məqalə, reportaj, publisitik düşüncələr, esselər, 5 sənədli flm (Nizami Abbasın, İlqar Məmmədovun rejissorluğu ilə), onlarla veriliş...
Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin anlaşılmaz əmriylə qəzetin fəaliyyətinin dayandırılması Azərbaycan mətbuatına xəyanət idi. Yeganə təsəlli əməkdaşların bir qrupunun Goranboya ezam edilməsi oldu. Onda Rəşid Faxralı əqidə dostu Knyaz Aslanla birlikdə Bərdə mətbəəsində qəzetin A-3 formatında 14 səyyar sayını nəşr etdirdi. Bu, Azərbaycan jurnalistikasında yeganə hal kimi tarixləşdi, yəqin ki, nə vaxtsa tədqiqatçıların da diqqətini çəkəcək. ...
Rəşid Faxralı neçə-neçə media mükafatı laureatıdır...
Rəşid Faxralı 36 kitab müəllifidir...
Rəşid Faxralı istefada olan mayordur...
Əməkdar jurnalist Rəşid Faxralı müharibənin tarixini yazır. Rəşid Faxralı kimi yazır. Ön xətdə, səngərlərdə yazır. Əsgərlərdən, əsgərlərin döyüş əzmindən, qələbə ruhundan yazır, əsgərlərə xitabən yazır:
Qəhrəmanlıq sorağın
Düşüb hər kəndə, əsgər!
Dayandığın səngəri
köçür sərhəddə, əsgər!..
Bu kəlmələr həm də məmləkətin istəyidi...
"Səngər yazı masamdı" - Rəşid Faxralının kəlamıdı...
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2020.- 16
iyul.- S.14.