Klassik ədəbiyyatşünaslığımızın korifeyi

 

 

 

Klassik ədəbiyyatımızın bilicilərini bircə-bircə dənləyib aparan məşum 1937-ci ilə cəmi iki il qalırdı... "Şairlər diyarı" (Səməd Vurğun) qədim Qazax torpağında əsmər buğdayı bir körpə dünyaya göz açdı. Adını "Xəlil" qoydular; elə bil, Dədəm Qorqudun ruhu gəlib: "Adını mən verdim, yaşını Tanrım versin!" deyərək alnından öpdü, xeyir-duasını verdi...

 

O uğurlu gündən düz 85 il keçir. 85 ildən sonra Azərbaycan Respublikasının Əməkdar elm xadimi, "Şöhrət" ordenli kavaleri, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı, əvəzedilməz nizamişünas kimi tanıyacağımız həmin körpə - Xəlil Yusifli idi.

 

1977-ci ildə mən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına sənəd verəndə Xəlil Yusifli artıq 42 yaşlı tanınmış alim idi və Gəncə Dövlət Universitetində çalışırdı. Ən maraqlısı odur ki, mənim 24, Xəlil müəllimin 42 yaşı var idi və rəqəmlərin pifaqorsayağı bu simmetriyası gələcək münasibətlərdən də mistik bir şəkildə xəbər verməmiş deyildi...

 

Ancaq tezliklə öyrəndim ki, 7-8 il öncə o, Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aspirantı və elmi əməkdaşı olmuş, 1969-cu ildə isə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin baş müəllimi seçilmişdi.

 

Əlbəttə, o zaman akademiya əməkdaşı ilə ali məktəb müəllimi arasında zəmin-asiman fərq var idi və Xəlil Yusiflinin də akademiyanı ali məktəbə "dəyişməsi" təbii idi. Ancaq ali məktəb müəllimliyini özünə sipər edib elmi fəaliyyəti ikinci dərəcəyə salan bəzi həmkarlarından fərqli olaraq, Xəlil Yusifli ali məktəbdə də akademiya fəaliyyət tərzini bir an belə unutmadı və bu günə qədər də uğurla davam etdirir.

 

Adətən kiminsə haqqında məqalə yazarkən: "Mən onu hələ orta məktəb illərindən tanıyırdım və arzu edirdim ki, nə zamansa onunla yaxından tanış olmaq qismətimə düşəcək..." və sair kimi şablon və əttökən ifadələr işlənir. Yox, mən Xəlil Yusiflini nə orta məktəb illərindən, nə də ali məktəbdə oxuduğum zaman tanıyırdım. Tale elə gətirdi ki, bizim tanışlığımız elə hər ikimizin ömrümüzü sərf etdiyimiz dahi Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat İnstitutunun məşhur koridorlarında baş verdi.

 

Niyə "məşhur" deyirəm? Ona görə ki, keçən yüzilliyin 70-ci, elə lap 80-ci illərində də Ədəbiyyat İnstitutunun koridorları bir növ Platonun Akademiyasını xatırladırdı. Və Naxçıvandan, Gəncədən, Sumqayıtdan, Şəkidən, Lənkərandan, Şamaxıdan... paytaxta təşrif gətirən ədəbiyyatşünaslar özlərinə borc bilirdilər ki, Ədəbiyat İnstitutunun koridorlarında pişik cırmaqlarından didilmiş yaşıl divanların üstündə özlərinə ustad saydıqları ağırbaşlı alimlərdən nəsə bir şey öyrənib əyalət elminin zənginləşdirilməsinə öz töhfələrini versinlər...

 

Nə isə, sözüm onda deyil, yəni deməyim odur ki, Xəlil müəllimi də belə bir elmi mühitdə görüb tanımış, elminə və qabiliyyətinə bələd olmuşdum. Sonralar tale elə gətirdi ki, mənim namizədlik dissertasiyama opponentlik eləyəsi oldu. Əlbəttə, Nizaminin "Yeddi gözəl" poemasının tədqiqinə həsr olunmuş namizədlik dissertasiyam sən deyən yüksək elmi məziyyətləri ilə seçilmirdi və indi hərdən o dövrü xatırlayanda özüm də hamıdan gizlin xəfifcə gülümsəyirəm. Ancaq Akademiyanın, Ədəbiyyat İnstitutunun gözəl ənənələrindən biri də - hələ qanadları tam bərkiməmiş gənc tədqiqatçıları ruhdan salmamaq, çox vaxt onların təcrübəsizlikdən irəli gələn nöqsanlarına göz yummaq, ürək-dirək vermək ənənəsi var idi və təbii ki, Xəlil Yusifli də Akademiyanın, Ədəbiyyat İnstitutunun ən yaxşı yetirmələrindən biri kimi bu ənənələrə cani-könüldən əməl edirdi. Və bu cəhətdən, heç şübhəsiz ki, Xəlil müəllimlə birlikdə, elmi rəhbərim, o zaman gənc elmlər doktoru, eyni zamanda, görkəmli nizamişünas alim olan Azadə xanım Rüstəmovanı, birinci opponentim, dünya şöhrətli məşhur şərqşünas alim professor Qəzənfər Əliyevi, Ədəbiyyat İnstitutunun o zamankı rəhbərləri olmuş professor Mirzağa Quluzadəni, akademik Kamal Talıbzadəni, müxbir üzv Yaşar Qarayevi, professor Qafar Kəndlini və bir çox başqa doğma müəllimləri də xatırlamaya bilmərəm...

 

Deyəsən axı, Xəlil Yusiflini bəhanə edib elə özümdən deyirəm - buna görə üzr istəyirəm... (Burda deyiblər e, üzürü günahından pis...)

 

Professor Xəlil Yusiflinin tam 60 illik səmərəli elmi-pedaqoji fəaliyyətindən qısaca olsa belə söz açmış olsaq, gərək hörmətli mürşüdümüz Rəşad Məciddən xahiş edəydik ki, "525-ci qəzet"in tam bir şənbə sayını yalnız ona həsr etsin. Əlbəttə, belə bir qəsbkarlıq fikrindən tamamilə uzağıq və ona görə də özümə həmişə ustad saydığım bu alimin klassik ədəbiyyat tədqiqatları haqqında fikirlərimi dəyərli oxucularla bölüşməklə kifayətlənmək istərdim.

 

Xəlil Yusifli kimi mediyevist filoloq alimlərdən söz düşəndə deyirlər ki, onlar dünya akademik mediyevistikasının ən yaxşı ənənələrini mənimsəyərək inkişaf etdirən tədqiqatçılar sırasında şərəfli yer tuturlar. İlk baxışda sadə görünən bu cümlənin arxasında nələrin dayandığını yalnız bu sahə ilə az-çox tanış olan adamlar bilər. Ona görə heç də təəccüblü deyil ki, Xəlil Yusifli kimi yüksək elmi informasiya yükünə və intellektual qabiliyyətlərə malik olan bir gənc tədqiqatçı Sovet dövrünün aspiranturasında nəzərdə tutulduğu kimi, üç ilə deyil, tam altı ilə namizədlik işini başa çatdıraraq müdafiə etmişdi.

 

Xəlil Yusiflinin ən sevimli və əbədi tədqiqat obyekti olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1188-ci ildə başa çatdırdığı "Leyli və Məcnun" poemasının sonunda yazırdı:

 

Dörd min beytdən də çoxdur bu dastan,

Dörd aydan az vaxta yazmışam, inan!

Əgər başqa işlər olsaydı haram,

Bu, on dörd gecəyə olardı tamam.

 

Namizədlik dissertasiyasının mövzusu "Nizaminin lirikası" olan Xəlil Yusiflinin "haram ola biləcək" "başqa işləri" vardımı? Təbii ki, həyat və məişət qayğıları, xüsusilə Sovet dövründə nəhəng əjdaha kimi gənc tədiqatçıların vaxtını kifayət qədər sorurdu. Ancaq klassik ədəbiyyat tədqiqatçılarının vaxtını bir tərəfdən də, çox vaxt böyüdücü şüşələrin köməyilə güclə oxunan əlyazmaları, əski çap kitabları, xarici alimlərin əsərlərinin tərcüməsi, İslam ilahiyyatına, Şərq mifologiyasına aid qaynaqların dərindən öyrənilməsi və daha nələr-nələr... sorub aparırdı. Buna görə də, çağdaş ədəbiyyatdan mövzu götürən aspirant yoldaşların "tezbazar" müdafiəsi "klassiklərə" adətən qeyri-ciddi görünürdü. Və burada Azərbaycanın Xalq şairi Hüseyn Arifin klassik irsimizi namus və vicdanla öyrənən alimlərlə özünə əziyyət verməyən alimləri qarşılaşdırdığı məşhur şeirindən dörd misra yada düşür:

 

Alim tanıyıram, qoca Qafqazın

Çeşmətək durulub dibindən çıxır.

Alim var, sağ əli Salman Mümtazın,

Sol əli Hümmətin cibindən çıxır...

 

Bu "çeşmətək durulub qoca Qafqazın dibindən çıxan" alimlərin ön sıralarında gedirdi məhz Xəlil Yusifli və bu günə qədər də getməkdədir.

 

Nizaminin dünyaca məşhur "Xəmsə"sinə daxil olan beş poemadan dünya və Azərbaycan humanitar elmində çox bəhs olunsa da, onun lirikası müasir elmi səviyyədə sistemli monoqrafik tədqiqata cəlb edilməmişdi və bu məsul, eyni zamanda, şərəfli işin öhdəsindən yüksək səviyyədə gəlmək məhz Xəlil Yusiflinin qismətinə düşdü.

 

Ancaq nə yazıq ki, Nizaminin "Leyli və Məcnun" poemasında haqqında fəxrlə söz açdığı və XV yüzillik türk müəllifi Dövlətşah Səmərqəndinin həcmini 20 min beyt olaraq göstərdiyi, XVII yüzillikdə Azərbaycan şairi Saib Təbrizinin "Səfinə"sində əksini tapmış "Divan"ından bizə bəzi fraqmentlər gəlib çatmışdı və bu dahi şairin lirikasını həmin kasıb örnəklər əsasında qiymətləndirmək də gənc tədqiqatçı Xəlil Yusiflinin öhdəsinə düşmüşdü.

 

Elmşünaslıq tarixində gənc tədqiqatçı dissertasiya mövzusu götürərkən çox vaxt elmi şura üzvləri belə bir geniş yayılmış sual verirdilər: "Mövzu dissertabeldirmi?" Yəni bir dissertasiya yazmaq üçün həmin mövzuya aid kifayət qədər bədii və nəzəri material vardırmı?

 

Xəlil Yusifliyə belə bir sual verilmədi, çünki bu, yüzillərin ideya-bədii sınağından keçmiş, təkcə Azərbaycan xalqı üçün deyil, bütün mütərəqqi bəşəriyyət üçün aktuallığını və gərəkliliyini qoruyub saxlamış, yüzlərlə şairə ilham vermiş dahi Nizami idi və həmin Nizami idi ki, dahi özbək şairi Əmir Əlişir Nəvai onun haqqında:

 

İməs asan bu meydan içrə durmaq,

Nizami pəncəsinə pəncə vurmaq!

 

- deməklə, şairimizin böyüklüyü və əzəməti qarşısında öz sonsuz heyrət və hörmətini ifadə etmişdi!

 

Nizaminin isə nəinki az bir hissəsi bizə gəlib çatmış lirik şeirlərindən, hətta bir aforizmindən belə dissertasiya yazmaq üçün kifayət qədər elmi və nəzəri material tapmaq mümkündür!

 

Xəlil Yusifli də gözünün nuru, ürəyinin qoru, beyninin zoru hesabına kifayət qədər material tapdı və yazdı, Nizaminin təkraredilməz yaradıcılığının o qədər də dərindən öyrənilməmiş bir sahəsinə işıq saldı, şairimizin lirikasının elmi təhlilini verməyə nail oldu.

 

Elə ilk fundamental araşdırmasında Xəlil Yusifli özünü ayıq bir tədqiqatçı, tədqiqat obyektinə aludəçilikdən uzaq, obyektiv həqiqətə can atan və bu zaman hətta nüfuzlu alimlərlə polemikaya girməkdən çəkinməyən akademik tipli bir alim kimi göstərmişdir. Örnək üçün Nizaminin sufizmlə bağlılığı haqqında irəli sürdüyü elmi mülahizələri göstərə bilərik. Avropa şərqşünaslığının qeyd-şərtsiz mistikaya bağladığı, Sovet şərqşünaslığının isə qeyd-şərtsiz dünyəvi sənətkar elan etdiyi Nizami yaradıcılığında dünyəviliyin üstünlük təşkil etməsi ilə bərabər, yaşadığı dövrün estetik tələbatından irəli gələn sufizm və irfana da müəyyən yer verməsini inkar etməyən Xəlil Yusifli, bununla Nizami lirikasının mümkün qədər obyektiv elmi qiymətini verməyə çalışmışdır.

 

Antik mifologiyada belə bir ifadə var: Sizif əməyi. Guya tanrıların qəzəbinə gəlmiş Sizif adlı bir qəhrəman dəyirman daşı boyda yekə bir qayanı min bir əzabla dağın başına diyirlədir; zirvəyə azacıq qalmış daş əlindən çıxıb aşağı yuvarlanır və bu əzab onu əbədi olaraq müşayiət etməlidir. Əlbəttə, bu, bir simvoldur; boş yerə çəkilən zəhmətin, nəticə verməyən əməyin simvolu. Ancaq buna baxmayaraq, sizi bilmirəm, mən həmişə Sizifə hörmətlə baxmışam, onun heç nəyə baxmadan namusla çalışması məndə məmnunluq doğurub. Demək, nəticə verməyən bir əməyə hörmətlə baxa bilirsənsə, gör onda yüksək səmərə verən zəhmətə necə baxmalısan!

 

Xəlil Yusiflinin Azərbaycan humanitar elmi qarşısındakı əməyi, xidməti məhz Sizif ağırlıqlı, ancaq Aristotel səmərəli bir zəhmətdir, desək, qətiyyən yanılmarıq.

 

Yaxşı yadımdadır: mənim aspirantlığımın ikinci ilində Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinin, nəşrinin, tərcüməsinin və təbliğinin daha da yaxşılaşdırılması tədbirləri haqqında qərar verildi. Təbii ki, Respublikanın bütün nizamişünasları bu qərarı böyük ruh yüksəkliyi ilə qarşılayaraq, dövlət başçısının bu diqqət və qayğısını yüksək qiymətləndirdilər. Bunun ardınca şairimizin 840 illik yubileyinin keçirilməsi haqqında qərar, Nizaminin bütün əsərlərində məhəbbətlə təsvir və tərənnüm etdiyi maarifçi hökmdar obrazının varisi olan bir şəxsiyyətin xalqın mədəni-mənəvi irsinin dünya miqyasında tanıdılması, bununla da bütövlükdə beynəlxalq səviyyədə xalqın müsbət imicinin formalaşdırılması üçün necə böyük işlər görməyə qadir olduğunu bir daha sübut etmiş oldu.

 

Düşünürəm ki, ölkə rəhbərinin qayğı və himayəsi altında həyata keçirilən möhtəşəm tədbirlər arasında renessans probleminin özünün dərin və hərtərəfli araşdırmasını tapması xüsusi əhəmiyyətə malik oldu.

 

Bu problemin yüksək elmi səviyyədə, dünya renessansşünaslığı səviyyəsində öyrənilməsində akademik Məmməd Cəfər Cəfərov, akademik Mirzə İbrahimov, müxbir üzv Əziz Mirəhmədov, professorlar Azadə Rüstəmova, Yaşar Qarayev, Rüstəm Əliyev, Arif Hacıyev və başqaları ilə yanaşı, şübhəsiz ki, o zaman artıq görkəmli nizamişünas kimi tanınmış professor Xəlil Yusifli də bilavasitə yaxından və can-başla iştirak etdi.

 

Bir qədər sonra professor Xəlil Yusiflinin bu problemə həsr olunmuş fundamental araşdırmaları "Şərq renessansı və Nizami Gəncəvi" monoqrafiyasında öz əksini tapdı. Burada dərin nəzəri bünövrə üzərində Şərq renessansı anlayışı, onun Qərb renessansından fərqli və ümumi cəhətləri, dünya bədii-intellektual fikrinin bir çox cəhətdən ümumilik təşkil etməsi və buna görə də Şərq renessansı anlayışının təbii bir bədii-fəlsəfi hadisə olduğu, eyni zamanda, başda dahi Nizami Gəncəvi olmaqla klassik Azərbaycan şairlərinin bu ümumbəşəri hadisəyə verdiyi təkraredilməz töhfələrin mahiyyəti barədə görkəmli mediyevist alimin qiymətli fikirləri ilə baş-başa qalırıq.

 

Monoqrafiyanın yenidən işlənmiş və təkmilləşdirilmiş variantının rus dilinə tərcümə edilərək Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi tərəfindən nəşr edilməsi, zənnimizcə, dünya fəlsəfi-humanitar fikrinə ikili standartlarla yanaşaraq, sivilazisayaları qarşı-qarşıya qoyan, birinə yaradıcı, o birinə yamsılayan damğası vuran Qərb alimlərinə çox gözəl və tutarlı cavabdır. Əslində, sivilizasiyaların barışmazlığını elan edənlər ya dünya mədəniyyəti tarixindən xəbərsizdirlər, ya da bunu xüsusi bir riyakar məqsədlə edərək, dünyada olan maddi resurslardan istifadə zamanı yol verilən kəskin bərabərsizliyə bəraət qazandırmaq üçün edirlər.

 

Əlbəttə, bütün bu haqsızlıq və ədalətsizliklər böyük humanist mütəfəkkir Nizami Gəncəvinin insansevərlik ideyaları ilə tərbiyə tapmış, Azərbaycan ədəbiyyatının və folklorunun minillik proqressiv ənənələrinin, Azərbaycan ədəbiyyatının dünyada yeganə fundamental elmi araşdırıcısı sayılan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yetirməsi və varisi olan bir alimi düşündürməyə bilməz.

 

Bir universal alim kimi professor Xəlil Yusiflinin intellektual problematika sahəsi o qədər genişdir ki, o, bir şəxsiyyətin, bir problemin, bir əsərin, bir regionun məhsulu olan bədii yaradıcılığın elmi təhlilini aparmaqla şübhəsiz ki, kifayətlənə bilməzdi və biz artıq onun Nizami işığında böyük bir epoxal hadisənin araşdırıcısı kimi görürük. Azərbaycan şairini bir yaradıcılıq zirvəsi kimi anan tədqiqatçı, sələflər və xələflər probleminin həlli işığında əslində, Nizami ədəbi məktəbi kimi bənzərsiz bir hadisənin köklü-köməcli mənzərəsini yaratmağa nail olmuşdur desək, yanılmarıq.

 

Xəlil Yusifliyə görə, renessans tipli bir ensiklopedik zəka olan Nizaminin humanizmini Platon və ona bənzər utopik sosialistlərin fikrindən fərqləndirən əsas cəhət - Azərbaycan şairinin canlı həyata söykənməyən mücərrəd insan azadlığı və xoşbəxtliyi haqqında deyil, konkret situasiyada konkret insanın və cəmiyyətin xoşbəxtliyi, harmonik həyatı haqqında düşünməsi və bu xoş məramı həyata keçirmək üçün yollar axtarmasıdır. Elə bu məqsədlə də mütəfəkkir şair bütün poemalarında maarifçi hökmdar probleminə toxunur, cəmiyyətdə ədalət və harmoniyanın bərqərar edilməsi üçün ölkənin başında duran güclü şəxsiyyətin potensialından istifadə etməyi uyğun görür. Qu quşunun son nəğməsi olan "İskəndərnamə" poemasının baş qəhrəmanının simasında şair məhz belə bir hökmdar - alimlərlə və müdrik şəxsiyyətlərlə əhatə olunmuş, ölkəni onların məsləhəti və özünün erudik qabiliyyəti sayəsində uğurla idarə edən İskəndər obrazını yaradan Nizami, sanki yaşadığı cəmiyyətə və gələcək nəsillərə öz son atalıq vəsiyyətini edir.

 

Professor Xəlil Yusifli görkəmli ədəbiyyat tarixçisi və nəzəriyyəçisi olmaqla yanaşı, həm də ölkəmizdə artıq nəsli kəsilməkdə olan klassik mətnşünaslıq məktəbinin say-seçmə nümayəndələrindən biridir. Aydındır ki, klassik ədəbiyyat tədqiqatçısı həm də istedadlı mətnşünas olmalıdır ki, saysız-hesabsız mətn labirintlərində anadangəlmə bir intuisiya ilə düzgün istiqamət tapa bilsin, "əli qələm olmuş bədtəhrir katiblərin" yanlışlarını düzəldə bilsin ki, elmi fikirlərini də düzgün mətnə əsasən irəli sürməyə imkanı olsun. Xəlil müəllim məhz klassik ədəbiyyat mütəxəssisinin bu üç guşə daşını özündə birləşdirən, kommersiya termini ilə desək, "üçü birində" alimlərimizdəndir ki, bu cür mütəxəssislər elm aləmində hələm-hələm ələ düşən deyil!

 

Doğrusu, bu məqalə üzərində işə başlayana qədər elə bilirdim ki, Xəlil müəllim Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsini bitirib. Xüsusən dəri dilini o qədər gözəl və dərindən bilir ki, bütün bu biliyin sərbəst şəkildə əldə edildiyinə inana bilmirsən! Xüsusən onun Nizami əsərlərinin filoloji tərcümələrinə yazdığı tənqidlər və dəqiqləşdirmələr bu sahədə onun ən azından fitri bir istedada sahib olduğunun parlaq göstəricisidir.

 

Bir klassik ədəbiyyat araşdırıcısı kimi öz acı təcrübəmdən bilirəm ki, biz qardaşlar istər-istəməz klassik şairlərin ruhundan bir qor, bir çınqı alırıq və hərdən özümüz də "yeri gələndə az-az uydururuq" (Səməd Vurğun). Buna görə də heç təəccüblü deyil ki, dahi şairlərimizin təbinin işığında Xəlil Yusifli də Tanrının poetik istedad payından məhrum olmayıb və bunu özəlliklə, poetik tərcümələrində daha bariz şəkildə göstərir.

 

Bəlkə də çoxları bilmir ki, bizim XIII-XIV yüzillikdə yaşayıb-yaratmış böyük şairimiz və mütəfəkkirimiz Marağalı Övhədi dəridilli ədəbiyyatda Əbülqasım Firdovsi və Sədi Şirazi çapında bir sənətkar olmuşdur. Ancaq nə yazıq ki, onun "Cami-Cəm" poeması uzun müddət tərcümə edilmədiyindən, doğma xalqı oradakı dahiyanə didaktik-humanist fikirlərdən bəhrəsiz qalmışdır.

 

İlk dəfə məhz Xəlil Yusiflinin (professor Qulamhüseyn Beqdeli ilə birlikdə) poetik tərcüməsində "Cami-Cəm" poeması Azərbaycanda geniş oxucu kütləsinin malı olmuş və oradakı nəsihətamiz fikirlər gənc nəslin təlim-tərbiyəsində öz rolunu oynamışdır. Övhədəddin Övhədinin bilavasitə Nizami Gəncəvi ədəbi məktəbinin davamçısı olduğu onun elmə-biliyə verdiyi yüksək qiymətdən aydın şəkildə görünməkdədir:

 

Bu uca göylərin sirlərini biz

Dərk edə bilmərik yəqin elmsiz.

 

Yoxdur bilik kimi bir abi-həyat,

Ancaq bilik verər insana nicat.

 

Apara bilməzlər elmi oğrular,

Nə əcəl üstünə bir kölgə salar.

 

Onu məhv etməyi bacarmaz zaman,

Nə də seldən ona yetər bir ziyan.

 

Göründüyü kimi, keçən yüzilliyin Nizami poemalarının poetik tərcümələri kimi, "Cami-Cəm" poeması da əsərin yazıldığı əruz vəznində deyil, heca vəzninin ən çox yayılmış təqtisi olan 11-likdə tərcümə edilmişdir. Tərcüməçilik fəaliyyətinin sonrakı dövründə Xəlil Yusifli dəri dilindən etdiyi tərcümələrdə orijinalın vəznini saxlamağa üstünlük vermiş və buna yüksək səviyyədə nail ola bilmişdir.

 

Bu tərcümələr arasında ön sırada, əlbəttə ki, dahi Nizaminin ölməz poemaları durur. Mənim bildiyimə görə, hələlik Xəlil müəllim "Xəmsə"nin ilk dörd poemasını - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" poemalarını orijinalın vəznində tam tərcümə edərək nəşr etdirmişdir. Bu tərcümələrdə təkcə Azərbaycan şairinin dahiyanə humanist-didaktik fikirləri, ölməz cahaşümul ideyaları, bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda ürək yanğıları deyil, həm də əsərlərinin forma gözəlliyi, ritmikası, axıcılığı və rəvanlığı oxucuya çatdırılmışdır.

 

Örnək üçün "Sirlər xəzinəsi" poemasından hamımızın əzbər bildiyimiz "Sultan Səncər və qarı" hekayəsinin Xalq şairi Süleyman Rüstəmin tərcüməsi ilə bir parçanı müqayisə etmək kifayətdir. Süleyman Rüstəmin tərcüməsi:

 

Zülm edib bir qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından,

 

Dedi ki: "Səndə insaf az görmüşəm, qulaq as!

Səndən gördüyüm zülüm əsla hesaba sığmaz!

 

Bir kefli darğa gəlib evimdə məni söydü,

Salıb təpik altına, doyunca döydü, döydü.

 

Mən günahsız qarının saçlarına atdı əl,

Üzü üstə sürüdü evdən çölə əlbəəl"...

 

Bu isə Xəlil Yusiflinin "Sirlər xəzinəsi" poemasının orijinal bəhri olan Səri bəhrində etdiyi tərcümə:

 

Bir qarını tutdu yaman bir sitəm,

Səncəri tutdu, qarı ərz etdi həm:

 

"Ey məlik, insafını kəm görmüşəm,

İlboyu mən zülmü sitəm görmüşəm.

 

Gəldi mənim mənzilimə darğa məst,

Döydü təpiklə, o mənə etdi qəsd

 

Sonra saçımdan tutub, ey hökmran,

Çəkdi çölə, bir günahım olmadan"...

 

Fərq göz qabağındadır: hər iki tərcümə əsərin süjetindəki hadisənin məzmununu dəqiq versə də, eyni sözü Nizami poemasının oynaq ritmikasının çatdırılması haqqında deyə bilmərik. İkinci tərcümədə forma gözəlliyi daha bariz şəkildə təqdim olunduğundan, sanki fikirlərin təsir gücü də müəyyən mənada artmış olur.

 

Eyni sözləri XII yüzilliyin başqa bir böyük şairi - Məhsəti Gəncəvinin rübailəri haqqında da demək mümkündür. İlk dəfə məhz Xəlil Yusifli Məhsəti rübailərini əruz vəzninin "rübai həzəci" adlanan bəhrində tərcümə edərək onların forma gözəlliyi ilə Azərbaycan oxucusunu yaxından tanış etməyə müvəffəq olmuşdur.

 

Nizami Gəncəvi poetik məktəbinin başqa bir istedadlı nümayəndəsi - XIV yüzilin Azərbaycan şairi Arif Ərdəbilinin "Fərhadnamə" poeması da Respublikanın aparıcı nizamişünaslarından biri kimi Xəlil Yusiflinin diqqətini çəkmiş və o, bu gözəl əsəri doğma dilimizə tərcümə etməyi bir vətəndaşlıq borcu kimi qəbul edərək yüksək səviyyədə gerçəkləşdirmişdir.

 

Aydındır ki, klassik ədəbiyyatın yüksək səviyyəli poetik tərcüməsi üçün şairlik təbinin olması başlıca amillərdən biridir və təbii ki, Xəlil müəllimdə təbi-şeiriyyənin olmasını onun nəşr olunmuş şeir kitabları bütün aydınlığı ilə sübuta yetirməkdədir.

 

Professor Xəlil Yusiflinin yarım əsrdən artıq davam edən pedaqoji fəaliyyəti haqqında nə deyə bilərəm? Deyirlər, Nizami Gəncəvi poeziya məktəbinin ən böyük davamçılarından biri olan Əbdürrəhman Camidən Mövlana Cəlaləddin Rumi barədə bir söz deməyi xahiş edirlər. Cami çox düşünmədən aşağıdakı beyti bədahətən deyir:

 

Mən çe quyəm vəsfe an alicənab,

Nist peyğəmbər, vəli darəd ketab.

 

(Mən o alicənabın tərifinə nə deyim,

Peyğəmbər deyil, ancaq kitabı var.)

 

Professor Xəlil Yusifli də Azərbaycanda zəngin ənənələri olan maarifçilik fəaliyyətinin ən istedadlı davamçılarından biridir və ən əsası da odur ki, bu sahədə kitabları - dərslikləri var. O kitabların arasında sanbalına və pedaqoji dairələrdə nüfuzuna görə biri daha çox seçilir: yanılmıramsa, indiyə qədər işlənə-işlənə, təkmilləşə-təkmilləşə dörd dəfə nəşr olunmuş və yenə də nəşri davam edən "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyi (AMEA-nın müxbir üzvü Əlyar Səfərli ilə birlikdə).

 

Desəm ki, çağdaş Azərbaycan filoloqlarının bütöv bir nəsli məhz bu dərsliyin sayəsində klassik Azərbaycan ədəbiyyatının dərinliklərinə və incəliklərinə bələd olub, heç də mübaliğə olmaz. Bu kitabdakı formaca lakonik, ancaq məzmunca kifayət qədər dolğun elmi-pedaqoji informasiya bugünkü İKT əsrində yenə də onun gənc ədəbiyyatşünasların stolüstü kitabı statusunun qorunub saxlanmasına şərait yaradır.

 

Xəlil Yusifli həm də kamil bir mətnşünas kimi klassik Azərbaycan ədəbiyyatı xəzinəsinin ən yaxşı örnəklərinin tərtibçisi olaraq tanınır. Onun gecəsini gündüzünə qataraq, gözünün nuruna heyfisilənmədən tərtib etdiyi klassik ədəbiyyat nəşrləri bu sahədə ən mötəbər örnəklər kimi mühüm qaynaq rolunu oynamaqdadır. Onlardan yalnız bir neçəsinin adını çəkmək istərdim: Həqiri Təbrizinin "Leyli və Məcnun" poeması, Şah İsmayıl Xətainin "Dəhnamə" əsərinin yenidən işlənmiş və təkmilləşdirilmiş nəşri, Rəziyyə Gəncəvinin şeirləri və s. Bütün bunların yüksək səviyyədə ərsəyə gəlməsində, şübhəsiz ki, professor Xəlil Yusiflinin mediyevist-mətnşünas istedad və intuisiyasının böyük rolunun olduğunu danmaq çətindir.

 

Böyük təəssüflə qeyd etməliyik ki, bu gün klassik ədəbiyyatımızın tədqiqi sahəsində professor Xəlil Yusifli kimi ali dərəcəli mütəxəssislər yox dərəcəsindədir. Bunun bir çox obyektiv və subyektiv səbəblərini sadalaya bilərik; ancaq bununla yaramız sağalmaz. Ən əsası odur ki, professor Xəlil Yusifli bugünkü ağsaqqal yaşında da bayaq təriflədiyimiz bilik və bacarığını, istedad və intuisiyasını öz tələbələrinə aşılamaq yolunda qeyrət kəmərini bir an belə belindən açmır, bu sahədə laqeydlik və kahıllıq göstərmir.

 

Sözümüzü elə burdaca tamama yetirib, əziz ustadımıza və böyük dostumuza can sağlığı, zehin açıqlığı, könül xoşluğu, xalqımızın maariflənməsi, dövlətimizin çiçəklənməsi yolunda çəkdiyi böyük zəhmətlərdə yeni-yeni uğurlar arzulayır, 90 illik yubileyinin vədəsini alırıq...

 

525-ci qəzet.-2020.-17 iyul.-S.10;11