"Retro tamaşalarla nəsillər
arasında mənəvi
körpü yaratmağa
çalışırıq"
Müsahibimiz Sumqayıt Dövlət
Dram Teatrının
direktoru, əməkdar
artist Mübariz Həmidovdur
- Mübariz müəllim,
51-ci teatr mövsümü
başa çatır.
Bir az
geriyə qayıdaq. 51-ci mövsümü necə başladınız,
daha çox nə ilə yadda qaldı?
- 51-ci mövsüm ötən il sentyabrın
21-də başlandı. Bilirsiniz ki,
2019-cu ildə cənab
Prezident bir neçə görkəmli
ədibin, o cümlədən,
Cəfər Cabbarlının
yubileyi ilə əlaqədar Sərəncam
imzalamışdı. Biz
də yaradıcı kollektiv olaraq, sərəncama, əsasən
böyük dramaturqun
"Solğun çiçəklər"
pyesini repertuara daxil etdik. Əsasən,
televiziya filmləri ilə tanınan rejissor Elşən Zeynallını dəvət
etdik. Yeri gəlmişkən, artıq biz bu ənənəni formalaşdırmağa
nail olmuşuq. Yaradıcılıq dəyişməyi, müxtəlif
fikirliliyi, mübadiləni
sevir. O səbəbdən
ayrı-ayrı stilistikası
olan rejissorların dəvəti nəticədə
daha çox uğur qazanmağa rəvac verir. Elə Elşən Zeynallının
rezonans doğuran tamaşasının timsalında
bu fikrimizi sübut edə bilərik. Məlumdur, C.Cabbarlının "Solğun çiçəklər"inə
müraciət etməyən
teatr yoxdur. Amma tam səmimi söyləyirəm
və yəqin ki, tamaşaya baxmış mütəxəssislər
də təsdiq edə bilərlər ki, Sumqayıt teatrının 51-ci mövsümünün
açılışında göstərilən "Solğun
çiçəklər" hər kəsi heyrətləndirə bildi.
Sonradan mediada gedən yazılar, analitik təhlillər, resenziyalar
da bunu göstərdi.
Hərçənd, fərqli fikirlər
də vardı. Və mən bunu təbii
hal sayıram.
- Ötən mövsüm həm də Sumqayıtın şəhər
statusu almasının
70 illiyi keçirildi...
- Elə o barədə danışmaq istəyirdim.
Ümumiyyətlə, keçən
ili, doğrudan
da, möhtəşəm yubileylər
ili saymaq olar. Biz 50-ci mövsümün
sonunda mütəfəkkir
şair İmadəddin
Nəsimi ilə bağlı qeyri-adi bir ədəbi kompozisiyanı təşkil
etmişdik. Nəsimi
rolunun ifaçısı,
görkəmli aktyorumuz,
Xalq artisti Rasim Balayevin, dünya şöhrətli
muğam ustası, Xalq artisti Alim
Qasımovun Sumqayıt
Dövlət Dram Teatrının
səhnəsində görünmələri
kompozisiyaya sözün
əsl mənasında
ayrı bir rəng qatdı. O cümlədən, Sumqayıtın
yubileyi ilə bağlı dramaturq Əli Əmirliyə verdiyimiz sifariş əsasında onun yazdığı "Sevgilim,
Sumqayıt" monumental tamaşasını
51-ci mövsümün başlanğıcından
tamaşaçılara təqdim
etməyə başladıq.
Obrazların çoxluğuna və kütləvi səhnələrə görə
truppa bütünlüklə
tamaşaya cəlb olunmuşdu. İlin sonuna
yaxın yubileylə bağlı möhtəşəm
ümumşəhər tədbiri
keçirildi. Qürurla söyləyə
bilərəm ki, meydan tamaşasında da kollektivimiz öz yaradıcılıq imkanlarını
nümayiş etdirdi.
Şəhər icra hakimiyyəti
ilə birlikdə reallaşan kütləvi tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov idi.
Aktyor heyətimizin əksəriyyəti
bayram tamaşasında
rol almışdılar.
Yeri gəlmişkən, elə
şəhərin yubileyi
ilə bağlı mükafatlandırmada kollektivimizin
də bir neçə üzvünün
olması bizi sevindirdi.
- Bəs mövsüm üçün təsdiq
olunmuş repertuar planı bütövlükdə
öz həllini tapa bildi?
- Azərbaycanın maarifpərvər
yazıçısı, publisisti
və dramaturqu Cəlil Məmmədquluzadənin
yubileyinə töhfə
olaraq ədibin "Danabaş kəndinin əhvalatları" povesti
Əməkdar artist Namis
Şirməmmədov tərəfindən
səhnələşdirildi. Rejissor eyni zamanda, dahi
Üzeyir Hacıbəylinin
"O olmasın, bu olsun" komediyasına müraciət etdi.
Teatrımızın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ə.Haqverdiyevin
yubileyi ilə bağlı "Xortdanın
cəhənnəm məktubları"
və tanınmış
teatrşünas, professor Aydın
Talıbzadənin "Tubinot"
əsərlərinin eksplikasiyasını
hazırladı. Çoxdandı teatrlar monotamaşaya müraciət etmirlər.
Əslində, bu janr maraqlı olmaqla bərabər, aktyorların
potensial imkanlarının
bütün rənglərinin
üzə çıxmasına
şərait yaradır.
Təsəvvür edin:
1 saat ərzində təkbaşına, tərəf-müqabil
olmadan, yalnız işıq və səs effektlərinin vasitəsi ilə, bədii dekarasiya ilə oyun qurmalısan
və tamaşaçının
diqqətini çəkməlisən.
Buna həm nəfəs,
həm səs, həm enerji, fiziki dözüm, həm də plastika lazımdır.
Gənc yazıçı Ülviyyə
Heydərovanın "Uşaqlıq"
monopyesini Xalq artisti Firudin Məhərrəmov gənc
aktrisa İlahə Səfərova ilə hazırladı. Diplom tamaşasını
bizim teatrda hazırlamış istedadlı
gənc rejissor Ümid Abbas isə istedadlı aktyor Kamran Muradlıyla müəllifin
digər əsərinin
- "Pələng"in məşqinə
başladı. Hər iki
əsərdə psixoloji
məqamlar var. Kənardan
dəvət prinsipi ilə bu dəfə
Gülnar Hacıyevanı
uşaq tamaşasına
quruluş vermək üçün dəvət
etdik. Azərbaycan xalq nağılı
"Göyçək Fatma"
həmişə uşaqların
marağını çəkib.
Təəssüf ki, yalnız
"Danabaş kəndinin
əhvalatlarına" və
"Uşaqlıq" monotamaşasına
daxili baxış keçirə bildik.
Dünyanı cənginə almış
koronavirus pandemiyası
bizim də məşqlərimizin dayanmasına
səbəb oldu.
- Pandemiya dövründə
teatrın fəaliyyəti
necə quruldu?
- Təbii ki, pandemiya ilə əlaqədar olaraq respublikada bütün mədəni-kütləvi tədbirlərə
qadağa qoyuldu. Biz də fəaliyyətimizi
dayandırdıq. Ancaq
müasir texnoloji imkanlar işimizi, missiyamızı onlayn şəkildə davam etdirməyə imkan verdi. Öncə teatrın
rəhbər heyəti
ilə videokonfrans keçirdim. Hər kəsə
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə
dürüst əməl
etməyi, maarifləndirmə
işində şəhərin
müvafiq strukturlarına
kömək göstərməyi
və yaradıcılıq
fəaliyyətinin evdən
davam etdirilməsini bildirdim.
Məşqlərin onlayn prosesinə
start verildi. Virtual repertuar planını tərtib etdik və "evdə qal, sağlam qal, tamaşa izlə" devizi ilə sosial şəbəkə üzərindən
canlı tamaşalarımızı
təqdim etdik. Həftənin 5 günü 7 tamaşa
olmaqla axşam saat 18.00-da böyüklər,
gündüz saat
12.00-da uşaqlar üçün
onlayn tamaşalar təqdim etdik. İzləyici sayımız, rəy
və təkliflər
yetərincə oldu.
Virtual repertuarda tarixi təqvim günlərini, xüsusi bayramları da unutmadıq.
Mövzuya uyğun gələn,
hadisələrlə səsləşən
tamaşalardan seçim
etdik.
- Bildiyimizə görə, iyun ayında retro tamaşalar göstərmisiniz.
- Bəli, çünki
zamanında Sumqayıt
Dövlət Dram Teatrının anşlaqla
gedən çox tamaşalarına indiki nəsil baxa bilməyib. Biz bu tamaşaları virtual repertuar planına salmaqla nəsillər, yəni veteran sənətkarlarla gənclik arasında mənəvi körpü yaradırıq. Bir sözlə, ən çətin məqamda belə, biz teatr olaraq, öz
missiyamızı layiqincə
yerinə yetiririk, sadəcə format dəyişir. Əlbəttə,
teatr canlı sənətdir. Aktyor tamaşaçının nəfəsini,
baxışını, münasibətini
üzərində hiss
eləməlidir, tamaşaçı
aktyorun ürəyinin
döyüntüsünü eşitməlidir. Amma hələ ki, qlobal bəlaya bu cür qalib
gəlmək olar, qanun və tövsiyələrə
əməl etmək vətəndaşlıq borcumuzdur.
- Yeni mövsümdə
tamaşaçılar hansı
yeniliklərə şahid
olacaqlar?
- Ötən mövsümdə ilk dəfə olaraq teatrımızın əməkdaşı
Fuad Kazımov Haqverdiyevin "Kimdir müqəssir" əsərini
onlayn məşq vasitəsilə hazırlayıb.
Monotamaşalar da hazırdır. İnşallah,
sentyabrda monotamaşaların,
"Kimdir müqəssir"
faciəsinin, "Tubinot"
və "Danabaş kəndinin əhvalatları"
tamaşalarının premyerası
olacaq. "O olmasın,
bu olsun" və "Xortdanın cəhənnəm məktubları"
daha çox kütləvi səhnələrlə
müşayiət edildiyindən
onlayn məşqləri
qeyri-mümkün oldu.
Sentyabrdan bu tamaşaların və Gülnar Hacıyevanın
yozumunda "Göyçək
Fatma" uşaq tamaşasının məşqləri
davam etdiriləcək.
Habelə bir neçə xarici ədəbiyyat nümunəsinə
müraciət edəcəyik.
Yəni biz
hər zaman tamaşaçılarımızı düşünür, onların
zövq, arzu və istəklərini nəzərə alırıq.
LEYLA
525-ci qəzet.- 2020.- 17 iyul.- S.12.