“Virtual məktəb”: təhsil
üçün yeni perspektivlər açan layihə
Koronavirus pandemiyasının bütün sahələrdə
olduğu kimi, təhsil sistemində də müəyyən təsirləri
müşahidə olundu.
Martın əvvəlindən təhsil
müəssisələrində tədris, təlim-tərbiyə
prosesi mərhələlərlə tədris ilinin sonuna qədər
dayandırıldı. Lakin təhsil müəssisələrinin
fəaliyyətində fasilə yaransa da, həyata keçirilən
müvafiq tədbirlər nəticəsində tədrisin
davamlılığı təmin edildi. İlk növbədə
orta ümumi təhsil müəssisələrinin şagirdləri
üçün teledərslərə başlanıldı.
Sonra şagirdlərin, əsasən də ibtidai sinif
şagirdlərinin dərsdən geri qalmamaları
üçün onlayn dərslər keçirildi. Ardından isə teledərslərin interaktivliyini təmin
etmək və ümumilikdə məsafədən tədris
imkanlarını genişləndirmək üçün
aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb”
layihəsinə başlanıldı. Bununla da ölkənin ən
iri milli onlayn platforması şagirdlərin istifadəsinə
verildi.
“Virtual məktəbin” üstünlükləri
Təhsil Nazirliyi və “Microsoft”
korporasiyası arasında əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihənin əsas məqsədi
yayımlanan teledərslərin interaktivliyini təmin etmək
və ümumilikdə məsafədən tədris
imkanlarını genişləndirmək idi. Hər bir
şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək
öz yaşına uyğun sinfə təyin olunurdu. Portal
vasitəsilə şagirdlər teledərslərdə tədris
olunan mövzulara əsasən hazırlanmış ev
tapşırıqlarını yerinə yetirir və əlavə
tədris resurslarından faydalana bilirdi. Portala hər həftə
müxtəlif mövzu və fənlərə uyğun olaraq
yeni tapşırıqlar əlavə olunurdu.
Müəllimlərin portalda qeydiyyatı təmin
edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin
keçirilməsi üçün imkanlar
yaradılmışdır. Sonradan portalın
funksionallığı genişləndirilərək qeyd olunan
imkanlarla yanaşı, görüntülü və audio dərslərin
keçirilməsi, teledərslərin izlənilməsi, tədris
cədvəlinin tutulması, şagird və müəllim
qruplarının təşkili, sənədlərin üzərində
birgə iş, həftəlik tapşırıqların
həll edilməsi, o cümlədən, şagird və müəllimlər
arasında yazışma imkanları da təqdim edilmişdir.
“Virtual məktəb” portalında müəllimlərə
onlayn dərslərin keçirilməsi üçün də
imkan yaradılmışdır. Eyni zamanda, şagirdlər
yoldaşları ilə görüntülü və səsli əlaqə
yaratmaq üçün “Chat” funksiyasından istifadə edə
bilirdilər. “Virtual məktəb” portalının mobil tətbiqi
də mövcuddur. Şagirdlər “AppStore” və “Google Play”
marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib
istifadəçi adı və fərdi şifrələri ilə
portalda qeydiyyatdan keçirdilər.
“Virtual məktəb” layihəsi ölkə
üzrə 1 milyondan artıq şagird və 100 minə
yaxın müəllimi əhatə edib. Portal vasitəsilə
tədris ilinin sonuna kimi 1,5 milyon dəfə dərs
keçirilib, virtual siniflərdə 1,3 milyon dərs
materialı paylaşılıb və şagirdlərə 100
mindən çox tapşırıq verilib.
“Virtual əlaçı” müsabiqəsi
Həmin platforma üzərindən
hər həftə şagirdlər arasında “Virtual əlaçı”
müsabiqəsi keçirilir və həftənin qalibi elan
edilir ki, bu da onların motivasiyasının
artırılmasına və sağlam rəqabətə imkan
yaradırdı. Müsabiqə şagirdlər tərəfindən
böyük maraqla qarşılanıb. Yarışmada
şagirdlər portalda “Testlər” bölməsində verilən
tapşırıqları həll edir, hər sinif
üçün təqdim edilmiş bu tapşırıqlara ən
tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan edilib. Tədris
ilinin sonuna kimi müsabiqədə yüz minlərlə
şagird iştirak edib və onlar arasında 149 nəfər
şagird həftələr üzrə qalib elan edilib. Bakı
məktəblərindən 87 nəfər, rayon məktəblərindən
isə 62 nəfər qalib olub.
Sonda Təhsil naziri Ceyhun Bayramov da “Virtual əlaçı”
müsabiqəsinin qalibləri ilə videogörüş
keçirib.
“Virtual əlaçı” müsabiqəsinin
qalibi Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyin
5-ci sinif şagirdi Leyla Rəsul bildirib ki, liseyin əlaçı
şagirdlərindəndir. Biliyini sınamaq üçün
“Virtual əlaçı” yarışmasında iştirak edib
və uğur qazanıb: “Virtual əlaçı”
yarışmasının qaliblərindən olduğum
üçün çox məmnunam. Müəllimlərimiz
“Virtual məktəb” layihəsi çərçivəsində
keçirilən “Virtual əlaçı” yarışması
haqqında məlumat verəndə mən də
özümü bu yarışmada sınamaq qərarına gəldim.
Dərslərimi yaxşı oxuduğum, daim öz üzərimdə
çalışdığım üçün
yarışmada qalib oldum. Bütün bunlar göstərir ki,
oxuyanda, yaxşı çalışanda hər şeyə
nail olmaq olar”.
Uğurlu nəticələr
Əməkdar elm xadimi, professor
Şahlar Əsgərovun sözlərinə görə, Təhsil
Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi
yaradılması pandemiya ilə bağlı yaranmış
mürəkkəb vəziyyətdə təhsilin məzmun
keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik
etmək zərurətindən irəli gəlib. “Virtual məktəb”
layihəsi şagirdlərə məsafədən tədris
almaq üçün əlavə bir imkan verib: “Virtual məktəb”
layihəsi şagirdlərin təhsildən kənarda
qalmamaları üçün Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən uğurlu bir layihədir. Bu layihə
teledərslərin davamı kimi təqdim olunub. “Virtual məktəb”
şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan
keçərək elmi biliklər əldə etmək və
onlayn dərslərdə iştirak imkanı yaradan uğurlu
bir layihədir. Bu platformada bütün elektron kitablar, video dərslər,
əlavə təhsil proqramları və mərkəzləşdirilmiş
test nümunələrini tapmaq mümkündür.
Bütün bu resurslar üz-üzə görüşləri
təmin etmək, tapşırıq və müzakirələri
bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə
cəmləşdirilib. Bu gün milyondan çox şagird və
100 min müəllim platformada qeydiyyatdan keçərək
ondan aktiv şəkildə istifadə edir. Təhsil
Nazirliyi “Virtual məktəb” layihəsini daimi fəaliyyət
göstərən bir layihə olaraq qalması, şagirdlərə
dəstək və təhsildən, öyrənmə
mühitindən kənar düşməməsi
üçün bütün lazımi işləri
görür”.
Şagirdlərin bir-birləri ilə
görüntülü və səsli əlaqə yaratmaq imkanı
Təhsil Nazirliyi yanında
İctimai Şuranın sədr müavini, təhsil eksperti
Nadir İsrafilov deyir ki, “Virtual
məktəb” layihəsi əsas üstünlüyü ondan
ibarət idi ki, hər bir şagird öz yaşına
uyğun sinifə təyin olunmaqla yanaşı, tədris
olunmuş mövzulara uyğun hazırlanmış ev
tapşırıqlarını yerinə yetirərkən,
eyni zamanda, öz yoldaşları ilə
görüntülü və səsli əlaqə yaratmaq imkan
əldə edə bilirdi. Bu isə onlarda, sanki canlı dərs
prosesinin yaratdığı psixoloji durum
formalaşdırırdı: “Üstəlik, müəllim istəsə,
hansısa dərsi canlı da keçə bilirdi. Ya da evdə
oturub yazıb yükləyə bilirdi ki, şagirdlər izləsinlər.
Yəni həm canlı, həm də videoyazı vasitəsilə
dərslər yazmaq mümkün olurdu. Təhsil müəssisələrinin
bağlanması təhsildə fəaliyyətsizlik demək
deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək
və səmərəli tənzimləmək deməkdir”.
Təhsil eksperti Qoşqar Məhərrəmov
vurğulayıb ki, virtual məktəb layihəsi Nazirlik tərəfindən
şagirdlərin istifadəsinə verilmiş məsafədən
tədris üçün əlavə bir vasitədir, əvəzedilməz
bir üsuldur: “Teledərslər bir dəfə televiziyada
verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi
buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və
dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər
həmin dərslərə baxa biləcəklər. Teledərslər
virtual məktəb portalına yüklənir və bu, karantin
dönəmindən sonra da şagirdlərin köməyinə
çatır. Virtual məktəb əyani təhsili dəstəkləyəcək
çox önəmli və lazımlı platformadır”.
“Virtual məktəb”in
üstünlüklərindən danışan ekspert
vurğulayıb ki, bu platforma
şagirdlərə müəllimlər ilə, sinif
yoldaşları ilə interaktiv əlaqə qurmaq və müəllimə
dərslərlə bağlı sullar vermək, ona aydın
olmayan mövzuların izahını almaq kimi bir sıra
imkanları təqdim edir: “Virtual məktəb” layihəsinin
üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi
olmadan qeydiyyatdan keçmək olur. “Virtual məktəb”
portalından daha rahat istifadəni təmin etmək və
yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi”
xidməti də mövcuddur. Xidmətdən faydalanmaq
üçün istifadəçilər portalda
“Sualınız var?” bölməsinə keçid edib
onları maraqlandıran sualları seçməklə,
cavablarla tanış ola bilərlər. Bununla yanaşı,
portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti
göstərilir”.
Layihəyə yalnız ümumtəhsil müəssisələrində
işləyən müəllimlər qoşula bilər
İxtisasca Azrbaycan dili və ədəbiyyat
müəllimi olan Rauf Məlikov Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş təlimlərdə
iştirak edərək “Virtual məktəb”ə qatılan
müəllimlərdəndir. Onun sözlərinə əsasən,
bu sistem vasitəsi ilə müəllimlər
onlayn dərsləri vahid platforma üzərindən həyata
keçirə bilirlər. “Virtual Məktəb” layihəsi
Microsoft tims adlı kompleks proqram vasitəsi ilə
reallaşdırılır. Adi proqram təminatlarından fərqli
olraq Mikrosoft tims vasitəsi ilə
müəllim istənilən sayda şagirdə eyni vaxtda onlayn dərslər keçə,
tapşırıqlar verə bilir: “Dərsləri həyata
keçirəcək pedaqoqlar öncə müəyyən
kriteriyalar əsasında seçilərək təlimlərə
cəlb olunurlar. Mən də bu təlimlərdə iştirak
etmişəm. “Virtual məktəb” layihəsinə yalnız
ümumtəhsil müəssisələrində işləyən müəllimlər
qoşula bilər. Sistemə giriş zamanı bütün
şəxslərin məktəbdə şagird və müəllim
olması aydınlaşdırılır. Bundan sonra giriş
üçün icazə verilir. Bu tədbir kənar şəxslərin
sistemə müdaxiləsinin qarşısını alır”.
“Virtual məktəb” fəaliyyətini davam etdirir
Təhsil Nazirliyindən bildirilib ki, “Virtual məktəb”
layihəsi yay aylarında da fəaliyyətini davam etdirəcək.
Portalda yay aylarında məktəbdənkənar fəaliyyət,
abituriyentlər üçün video məzmun, müəllimlər
üçün ixtisasartırma və şagirdlər
üçün karyera seçimi üzrə onlayn tədbirlər
keçiriləcək.
İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar
dərnəklərin fəaliyyətinə start verilib. Məqsəd
şagirdlərin yay aylarını səmərəli və
maraqlı keçirməsindən ibarətdir.
“İki sahil” xəbər verir ki,
layihə çərçivəsində şagirdlər
maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”,
“Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl
işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli
istiqamət üzrə dərnəklərə qoşula bilərlər.
Ödənişsiz formada təşkil olunan bu
dərnək xidmətlərindən Azərbaycan və rus
bölmələri üzrə bütün şagirdlər
faydalana bilərlər. Dərslərdə real vaxt rejimində
iştirak edə bilməyən şagirdlər
üçün dərslərin video yazısı “Microsoft
Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək
və dərsləri təkrar izləmək imkanı
yaradılacaq.
Qeyd olunan dərnəklərlə
yanaşı, “Virtual məktəb”də şagirdlər
üçün yay tətili müddəti ərzində
“Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot
texnologiyaları, proqramlaşdırma dilləri üzrə
kurslar davam etdiriləcək. Həmçinin, yaxın müddətdə
platformada riyazi təfəkkürün inkişafı üzrə
onlayn yarışmalara start verilməsi də nəzərdə
tutulur
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.-
17 iyul.- S.13.