Təndir çörəyi, köhnə
dükan və neft lampası
Bilirəm,
yadınızdadır, adını eşidən kimi bənzərsiz
və iştahaçan
qoxusu da gəlib doldu burnunuza. Bəlkə,
ətrafa da boylandınız ki, birdən bu qoxunun hardan gəldiyini,
təndirin kimin həyətində qalandığını
tapa bildiniz.
Bir görəsiniz, sinəsinə
döşlüklü, üz-gözünü alov yaxmasın
deyə başını çit yaylıqla bağlayan, amma
yenə də yanaqları təndirin hərarətindən
pörtən bu qadın qıpqırmızı pencəkəş
çörəkləri çıxardıb təndirin
yanındakı odunların üstə sərdiyi süfrəyə
necə düzür.
Həyətin hasarı da ki üstündən
tullanıb keçə biləcəyin hündürlükdə,
özü də adı indi "qızıl kitab"a
salınan yulğundandır, yoxsa indikilər kimi adama boy verməyən
daş hasarlardan deyil. Yoldan keçən "Bərəkətli
olsun" - deyib keçib getmək istəsə, çörək
yapan qadın buna imkan verməz, ta çörəkdən bir
qismət kəsməyincə əl çəkməz.
Bax, elə mən də sizin gündəyəm. Amma heyhat! Axtarmayın,
məyus olacaqsınız, xəyallarınız da köhnə,
quzulamış möhrə (çiy kərpicdən
hörülən hasar) kimi uçub töküləcək
üstünüzə.
...Gözümü
açandan həyətimizdə xudmani, çox da
böyük olmayan təndir görmüşəm. Anam özü qoyardı təndiri. Bununçün əvvəlcə palçıq
tutardı, hər palçıqdan təndir qoyulmazdı.
Evimizdən 150-200 metr aralı kəndin su
arxı vardı, yayda tutardılar palçığı.
Arxda su dayananda ordan palçığı bellə
qazıb çıxarar və kənara yığardılar.
Bu işdə onlara qonşu oğlan
uşaqları kömək edərdi. Sonra
evdən gətirdikləri saman bağlamasını
açıb "döyər", balta, ya da dəhrə ilə
xırdalayar və həmin palçığa
qoşardılar. Bu da ayrıca bir iş idi, samanı
qoşduqca palçığı tapdalayar, yoğurardılar
bir növ. Hazır olanda üstünü
örtərdilər. Beləcə, üstündən
beş-on gün keçər və palçıq
acıyardı... Belə palçığın xoş iyi
olurdu, rəngi də bir az göyə
çalırdı. Əmin olanda təndir qoymağa start verərdilər.
Hər adam təndir qoya bilmirdi, bu,
xüsusi bacarıq istərdi. Əvvəlcə
həmin palçığı araba ilə həyətə
daşıyardılar, sonra anam təndir qoyacağı yerdə
müəyyən ölçüdə palçıq hissələrini
hazırlayardı. Bir-bir həmin hissələri
cızdığı dairənin üstə yerə düzər
və bitişdirərdi. Hər gün
yalnız bir "piyə" qoyula bilərdi, bu, sabahacan
özünü tutub təpiyər, xeyli bərkiyərdi.
Gün isti olanda iş görməzdi anam, deyərdi ki, gün
vurub çatladır. Ya səhər o başdan, ya da
axşamüstünün sərinində iş görərdi.
Palçıq o qədər ətirli və
gözəl olardı ki, anam artıq gələcək təndirin
taleyini oxuyardı. Bilərdi ki, bu təndir
necə çörək "çıxardacaq". Hər gün, günaşrı təndir bir pillə
boy atır və nəhayət, tamamlanırdı. İndi qalırdı qurumağı, sonra onun
üstü palçıqla üzlənirdi. Bir müddət keçər, təndir tam quruyub
hazır olardı. Həə, indi onu
"ağartmaq" zamanı idi...
Təndirin ömrü evin həm kişisindən, həm
də qadınından asılıydı, baxımlı, səliqəli
saxlasaydılar, çox istifadə oluna bilirdi. Anamın təndiri
həmişə səliqəli olardı, ətrafı təmiz,
süpürülmüş, odunlar səliqəli və
üstüörtülü ki, yağış dəyməsin.
Təndirin özünün üstünü də iri selafanla
bürüyür və külək atmasın deyə
üstünə teşt qoyurdu. Çölünü tez-tez
şirələyir, uçuq yerlərini palçıqla
yamayırdı...
Təndir üçün odun tədarükünə
yaydan başlardılar, buna həm yulğun, həm də
"pambıq çöpü" uyğun gəlirdi. Anam yulğunu
xoşlayırdı, deyirdi, onun közü çox qalır.
Hə, bir iş də vardı, elə ki, çörək
yapılıb təndirdən çıxarıldı, anam təndirin
közünü bir yerə yığıb üstünə
bir vedrə su qoyurdu. Su qızandan sonra elə təndirin
ağzına iri yeşti qoyub kirli paltarlarımızı da
orda yuyub götürürdü.
Onda kəndimizdə
cəmi bir mağaza vardı, adına
satıcının adıyla "Mirzəsənin
dükanı" deyərdilər (adı Mirzəhəsən
idi bəlkə, bilmirəm, qısaca belə deyirdilər ona),
orda hər şey satılardı - qənd, şəkər
tozu, paltar və əl-üz sabunları, qəlit, qənfit,
paltar və s. Dükandakı
mallar vitrin sayılan taxtadan düzəldilmiş uzun və bir
neçə qat taxçalara düzülərdi. Piştaxtanın üstündə daş-tərəzi
olardı, onda indiki elektron tərəzilər yox idi (El
arasında "alanın gözü satanın əlində
olar" atalar sözü dillər əzbəri idi). Bəlkə
də, alıcını tərəzinin mal qoyulan tərəfinin
az da olsa, aşağı getməsi qədər heç nə
sevindirə bilməzdi!.. Bircə
çörək satılmazdı dükanda, hamı
buğdasını dəyirmana aparıb üyüdər,
qış azuqəsini gətirib yığardı
başının altına...
Bir də o dükanda neft satardılar. Həyətdə qoyulan iki
nəhəng çən neftlə dolu olardı, hər evdə
qəlit-qənfit almasalar da, nefti mütləq alardılar... Axı, işıqlar sönəndə lampaya neft
tökürlərdi. Bir də o lampa üçün
piltə satardı Mirzəsən kişi. Onda işıqlar tez-tez sönürdü, demək
olar, hər gecə lampa yandırırdı anam. Ərə
gedən qızlara cehiz kimi mütləq lampa
"qoşulardı", bu, çox vacib idi, bu, əcdadımızın
oda sitayiş elementlərindən biriydi, bununla qız köçdüyü evin odunu
getdiyi ocağa daşıyırdı, iki evin
işığı birləşirdi. Mən
sevirdim lampa işığını, romantik nəsə
vardı onda, bilmirdim nədir, amma o işıqda oxumaq da,
yazmaq da xoş gəlirdi mənə. Deyirəm, bəlkə
də, o havadır elə qalıb başımda, indi də ev zəif işıqlananda xoşuma gəlir. Kimsə bilmir bunu, ürəyimi sizə
açıram, neçə illik düşüncələrimə
hardansa lampa işığı düşür, elə bil.
Kimsə "niyə qaranlıqda oturmusan?" deyə əl
atıb bütün işıqları yandıranda nələrinsə
qaçıb gizləndiyini hiss edirəm içimdə.
... Sonra
hardansa soyuq yellər əsdi, lampaların
işığını söndürdü, Mirzəsən kişi dünyasını dəyişdi,
dükanı yiyəsiz qaldı. Rayon mərkəzindən
gəlib dükanın qapısına iri bir qıfıl
vurdular. Uzun
zaman baxımsız qalan dükan da yavaş-yavaş
qocaldı, əldən düşdü, söküb yerlə
bir elədilər. Həyətdəki neft
çənini də bir gün kimsə gəlib traktorun
arxasına bağlayıb dartıb harasa apardı.
Anamın təndiri də qocaldı, anamdan sonra o da
çox yaşamadı.
Sonra qonşu həyətlərdə də təndirlər
bir-bir yox oldular. Bununla da kəndimizdən isti təndir
çörəyinin ətri yoxa çıxdı.
Kəndlilər ta əvvəlki kimi dəyirmana dən
aparmadılar, buğda üyüdüb evə gətirmədilər,
qadınlar da ta xəmir yoğurub təndirə çörək
yapmadılar.
Sonra rayon mərkəzindən kəndə də
çörək maşınları gəlməyə
başladı. Əvvəllər şəhərə
gedənlər qayıdanbaş mütləq evə bir-iki
"Bakı çörəyi" alıb gətirərdilər,
elə dadlı gələrdi ki, yeyənə. İndi o çörəklər öz ayağı
ilə gəlirdi kəndə. Qadınlar
buna əvvəl sevindilər, zəhmət tələb edən
işin birindən canları qurtarmışdı axı.
Sonra pislərinə gəldi bu Bakı çörəkləri,
dedilər:
- Bu nədi,
başın kəsirsən, canı çıxır..!
Dadı-tamı da yoxdu...
İmkanı
olanlar elektrik sobası alıb qoydular evə, un
alıb çörək bişirdilər. Amma bu da o
dadı vermədi.
O vaxtdan bu vaxta çox şey dəyişdi, təzələndi,
amma bir gün təndir dünyaya yenidən doğuldu sanki.
Amma bu dəfə şəhərdə, özü də odun
yox, qaz yandı bu təndirlərdə, həm də artıq
bu təndir o təndirdən deyildi, mayası torpaqdan,
palçıqdan tutulmamışdı bu təndirlərin.
Biznesi yarandı, şəbəkəsi işə
düşdü. Amma çörəyin ətri təndirdən
uzağa getmədi ki, getmədi.
Mən də indi hər gün
evimizin yaxınlığından təndir çörəyi
alıram, iki qadın səhər tezdən axşamdan xeyli
keçənədək orda çörək bişirir.
Çörəyi ətirli edən səbəbin biri keyfiyyətli
un idisə, digəri odun idi. İndi isə təndirdə qaz
yanır. Çörəklər uzaqdan çox çəkici
görünür, amma əlinə alırsan...
Bu dünyada heç nə təzə
qalmır -
köhnəlir,
əyin-başın kimi görkəmin də...
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın...
İçindən
qurd tapırsan
bakirə
arzuların!..
Tıxanır
boğazına bircə parça ümidin,
nə uda, nə
də tüpürə bilirsən...
Yoldan
keçənlər baxıb
elə
köksünü ötürür,
yanır
dəli qürurun...
Eşib
kül topasını xatirə axtarırsan...
İstəyirəm deyəm, çörək qədər
gərəkli olasınız, təknənizdə həmişə
çörək olsun, təndiriniz isti, suyunuz sərin,
lampanız yanar olsun. Çörəklə imtahana çəkilməyəsiniz...
Və deyirəm də!..
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.-
17 iyul.- S.14.