Həsən bəy Zərdabinin ilk mətbu məqaləsi - Azərbaycan mətbuatı-145
Milli mətbuatımızın
banisi, görkəmli maarifçi-demokrat Həsən
bəy Zərdabinin
"Bakı salnaməsi. 26 fevral"
başlığı ilə
verilmiş bu məqaləsi "Əkinçi"dən
üç il əvvəl rus dilində nəşr olunan "Bakinski listok" qəzetinin 26 fevral 1872-ci il tarixli (¹9) nömrəsində
çap edilib.
O dövrdə çar Rusiyasının ucqarı
sayılan Azərbaycanda
ilk qəzet olan,
1871-ci ildən başlayaraq
həftədə bir dəfə rus dilində nəşr edilən "Bakinski listok"un naşiri və redaktoru H.Zərdabinin müəllim
həmkarı, Bakı
Realnı gimnaziyasının
alman əsilli əməkdaşı Xristian
Sink idi. Belə ehtimal etmək
olar ki, "Əkinçi" ideyasında
Zərdabinin X.Sink və onun qəzeti
ilə sıx təması
da müəyyən rol
oynamışdı. Burada
bir məqam da ondan ibarətdir ki, X.Sink qəzetində
tatar (türk - Q.M.) dilində yazılar verilməsinə icazə alsa da, bir çox
səbəblərdən, o cümlədən, qəzetin
çap olunduğu "Erməni insansevərlər
cəmiyyəti"nin mətbəəsinin
bu dildə material çapından imtina etməsi ucbatından öz məqsədinə
nail ola bilməmişdi.
İlk nömrəsi 1871-ci il martın 6-da işıq
üzü görmüş
"Bakinski listok"
oxuculara "ictimai-siyasi
və ədəbi"
nəşr kimi təqdim olunurdu. XIX əsrin 70-ci illərinin özünəməxsus salnaməsi
sayılan qəzetin iki il ərzində 50 nömrəsi
(1871-ci ildə 17, 1872-ci ildə
23) çapdan çıxıb.
Birinci il
dörd səhifə,
ikinci il isə iki səhifə
həcmində və
A-3 formatında çap
edilmişdi. Təəssüflər olsun ki, Bakıda çıxmış
bu ilk dövri mətbuat nümunəsi Azərbaycanda saxlanılmayıb,
amma elmi kitabxanalarda və biblioqrafik qeydlərdə qəzet haqqında ümumi bilgi verilib. Sovet dövründə mətbuat tariximizi araşdıran tədqiqatçıların
bu qəzetin nüsxələrini əldə
etmək cəhdi uğursuz olub. Ona görə də bizim alimlər uzun illər bu qəzetin fəaliyyəti və materialları haqqında yalnız ehtimallarla danışıblar.
Bir neçə il əvvəl "Bakinski listok"un izinə düşmüş BDU-nun jurnalistika
fakültəsinin əməkdaşı,
filologiya elmləri namizədi, tədqiqatçı
Lalə Hacıyeva ciddi axtarışlar nəticəsində qəzetin
nüsxələrini Rusiya
Milli kitabxanasında
(Sankt-Peterburq) aşkar
edə bilmişdi. Bununla mətbuat tariximizin araşdırılması işinə
ciddi töhfə vermiş Lalə xanım həm də fədakarlıq göstərərək qəzetin
bütün nüsxələrini
qısa izah və şərhlərlə
birlikdə kitab şəklində ictimaiyyətə
təqdim etmişdi.
Yəni H.Zərdabinin sizə təqdim edilən ilk mətbu məqaləsinin üzə çıxması
da L.Hacıyevanın bu
xidməti sayəsində
mümkün olub.
Azərbaycan milli mətbuatının
banisinin 148 il
əvvəl "Bakinski
listok"da dərc olunmuş məqalənin tərcüməsini oxuculara
təqdim edirəm.
***
Bakı salnaməsi.
26 fevral
Daha bir maskarad bu gün, bir
rəqs gecəsi də sabah olacaq
- bununla da bizim şənliklər zənciri qırılır
və ictimai həyatımız özünün
yeni mərhələsinə,
böyük Pəhriz
dövrünə qədəm
qoyur. İlin yerdə qalan heç bir vaxtı, uzun sürən bu yeddi həftəlik
müddət qədər
özəllikləri ilə
başqa zamanlardan belə kəskin şəkildə fərqlənə
bilməz. Biz bu pəhriz
dövrünün dini
mahiyyətini bir kənara qoyub, onun mülki-ictimai həyatımızdakı əhəmiyyətinə
toxunmaq istərdik. İndiyə kimi Pəhriz günləri Bakıda bəziləri üçün ancaq darıxdırıcı sıxıntı
dövrü, bir başqaları üçün
isə yalnız iş-güc ayı sayılırdı.
Səviyyəcə yüksək
olmayan həvəskar-artistlərin
təşkil elədikləri
2-3 konsert çox süst keçirdi, Məclisdəki çay axşamları adama heç yapışmırdı,
Nuh əyyamından qalmış gözübağlıca,
siçan-pişik və
s. kimi bəsit, uşaq səviyyəsində olan və çox uzun çəkən əyləncə oyunları
gərginlikdən başqa
bir şey deyiliydi. Amma indi Bakıda ildən-ilə həyat canlanır və ümid edirik ki, gələn Pəhriz dövrü bizə hələ görüb ləzzətini
dadmadığımız çox
yeni şeylər bəxş edəcəkdir.
Bunu deyəndə mən, hər şeydən əvvəl,
haqqında eşitdiyimiz
ədəbi axşamları
və kütləvi mühazirələri nəzərdə
tuturam. Zira, bizim ümidlərimiz hələlik gümanlara və şayiələrə
əsaslanır. Amma bununla yanaşı, biz xeyli tərəqqi
etmiş ruc icmasının yetkinliyinə
inanırıq, bu səbəbdən də onun əvvəlki illərdə
olduğu kimi, təkcə çay içib gözbağlayıcı
oyunları ilə kifayətlənəcəyinə inanmırıq. Bundan başqa c-b Esterreyxin iltifat göstərib bizlərə iki-üç
yaxşı konsert əta edəcəyinə
də ümidimiz vardır. Bu konsertlərin böyük
uğur qazanacağına
da indidən inanırıq, o səbəbdən
ki, əvvəla, bizim orkestr o cənabın səyləri
sayəsində çox
cilalanmışdır. İkinci
bir tərəfdən
də c-b Esterreyxin özü musiqi aləmində çox yaxşı tanınan, nüfuzu olan, haqlı şöhrətə sahiblənmiş
bir zatdır. Bundan sonra isə
bir də görəcəksiniz ki, hansısa Beranek və ya Bosko
gəlib şəhərin
o biri ucunda çadırlarını quracaq
və əhalimizə
yemək paylamağa başlayacaq. Allah xatirinə, xoş gəlirsiniz! Biz cəmaatımızın əyləncələrinə rəng
qatacaq, onları boş vaxtlarında kart oynamaq və
dedi-qodu ilə məşğul olmaq kimi bəd əməllərdən
xilas edəcək hər şeyə şadıq, hətta bunun üçün qəpik-quruşumuzu
da əsirgəmərik.
Şəhərimizin müsəlman əhli Avropa sivilizasiyasının
bizlərə fayda gətirən nəfini hələ də anlamayıb, o səbəbdəndir
ki, Bakı Realnı gimnaziyasına gələn şagirdlərin
arasında onların övladlarını barmaqla
saymaq olar. Vilayətimizin İranla gediş-gəlişi,
yaxın əlaqələri
olmayan başqa şəhərlərində elm
və maarifə tələbat hiss olunur, fəqət Gimnaziyanın oralardan uzaq olması və müsəlmanların
həddən ziyadə
kasıblığı şagirdlər
arasında bu toplumun nümayəndələrinin
faizini çox aşağı edir. İndi öz uşağını xəzinə
hesabına Gimnaziyanın
pansionuna göndərmək
istəyənlərin sayı
günbəgün artır,
amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il gözləməlidirlər,
növbələri çatanda
isə artıq gec olur, onlar
təlimsiz qalır, ötüb keçən yaşları
isə Gimnaziyanın aşağı sinfinə
daxil olmağa imkan vermir.
Bu vaqiəni nəzərə
alaraq biz Bakı şəhərində
müsəlman şagirdlərə
yardım etmək məqsədi ilə bir Xeyriyyə cəmiyyəti təsis etməyi vacib sayırıq. İlk zamanlarda cəmiyyətin fəaliyyəti Bakıda mənzil tutmaqla məhdudlaşacaq ki, başqa şəhərlərdən
gəlib oxumaq istəyində olan şagirdlər bu mənzillərdə sığınacaq
tapıb gimnaziyaya rahat gedib-gələ bilsinlər.
Xeyriyyəçilik hər bəndəyə xas olan savab
iş, Allaha xoş gedən vacib bir əməldir,
bizim bu cəmiyyət yalnız xeyriyyəçiliklə məşğul
olacaqdır. O səbəbdən
də cinsindən, milliyətindən, dini mənsubiyyətindən asılı
olmayaraq hər kəs bizim bu cəmiyyətə üzv ola bilər.
Hazırda biz cəmiyyətin nizamnaməsini
tərtib edirik və arzu olunandır
ki, bu sahədə
səriştəli və
mötəbər insanlar
öz məsləhətləri
ilə bizləri tək qoymasınlar.
Qulu MƏHƏRRƏMLİ
525-ci qəzet.- 2020.- 18 iyul.- S.13.