Ədəbiyyatdan əbədiyyətə
Azərbaycan
Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
Azərbaycan-Özbəkistan:
iki dövlət və bir can deməkdir.
Özbəkistan-Azərbaycan:
iki ölkə və bir cahan deməkdir.
Buxara - Gəncə şəhəri, Səmərqənd
- Naxçıvan deməkdir.
Azərbaycan-Özbəkistan:
qardaş xalq və əsl dost məkan deməkdir.
Özbəkistan
- Azərbaycan, Azərbaycan - Özbəkistan deməkdir!
Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni
əlaqələri çoxəsrlik qədim tarixə və
böyük ənənələrə malikdir. İbn
Sinaların, Xarəzmi və Buxarailərin, Uluqbəylərin əsərləri
qədim zamanlardan Azərbaycanda oxunmuş və həmişə
böyük marağa səbəb olmuş, silinməz izlər
qoymuşdur. Eyni zamanda, Nizami və Xaqaninin, Nəsimi və
Füzulinin də əsərləri Özbəkistanda həmişə
oxunmuş və rəğbətlə
qarşılanmışdır.
Dahi şair Əlişir Nəvai özbək ədəbiyyatının
əbədi olaraq ədəbiyyat rəmzi kimi qəbul olunur.
Əlişir Nəvai Şərq ədəbiyyatında
Nizami Gəncəvidən sonrakı və Füzulidən əvvəlki
dövrün ən böyük şairidir.
Əlişir Nəvai ilk dəfə türk dilində
"Xəmsə" yaratmaq missiyasını həyata
keçirmiş qüdrətli özbək-türk
şairidir.
Əlişir Nəvai ədəbi məktəbi ənənələri
təkcə Özbəkistanda deyil, türk-müsəlman
dünyasında yaşamaqda davam edir.
Azərbaycanda Əlişir Nəvainin əsərləri
orta əsrlərin klassik milli poeziya nümunələri kimi
oxunur, asan başa düşülür və sevilir. Bu, Azərbaycan
və özbək xalqlarının ortaq tarixi kökləri ilə
birlikdə, həm də poeziya ənənələrinin,
milli-mənəvi dünyasının da nə qədər
yaxın və doğma olmasının mühüm göstəricilərindən
biridir.
Vaxtilə
Azərbaycanın Xalq şairi Səməd Vurğunun dediyi
"Əlişir Nəvai bizdə bir Azərbaycan şairi
kimi tanınmışdır" - sözləri Azərbaycan
xalqının qardaş Özbəkistanın qüdrətli sənətkarına
doğma münasibətini və əbədi ehtiramını
mənalandırır.
Azərbaycan
Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
fondlarında Əlişir Nəvainin əsərlərinin əlyazmaları
ortaq milli sərvətimiz kimi etibarlı şəkildə
qorunur və tədqiq edilib öyrənilir. Həmin
əlyazmaların içərisində Əlişir Nəvainin
sağlığında köçürülmüş və
orijinal miniatürlərlə bəzədilmiş qiymətli
örnəklər də vardır.
Əlişir Nəvainin əsərlərinin əlyazmalarının
Özbəkistandan sonra ən çox Azərbaycanda geniş
şəkildə yayılması, xalqlarımız və
ölkələrimiz arasındakı ədəbi-mənəvi
bağlılıqların möhkəm dayaqlar üzərində
ucaldığını nümayiş etdirir. Aradan uzun əsrlər
keçməsinə baxmayaraq, Azərbaycanda bu gün də
Əlişir Nəvainin əsərlərinin ədəbiyyat
dairələrində orijinaldan oxunması, başa
düşülməsi ortaq dəyərlərimizin davamlı
və dayanıqlı olmasına parlaq bir misaldır. Eyni zamanda, Özbəkistanda da İmadəddin Nəsiminin
və Məhəmməd Füzulinin əsərlərinin tərcüməsiz
başa düşüldüyü də çoxdan qəbul
edilmiş gerçəklikdir.
Demək olar ki, bütün əsərlərdə ədəbiyyatlarımızın
qardaşlığı xalqlarımızın
qardaşlığının nümunəsinə və təcəssümünə
çevrilmiş, dərin mənəvi
bağlılığımızın daha da möhkəmləndirilməsinə
uğurla xidmət etmişdir. Bu mənada
ayrı-ayrı Azərbaycan və özbək şairlərinin,
yazıçılarının dostluq, yaradıcılıq əlaqələri
həm də eyni zamanda, ölkələr və xalqlararası
əlaqələrin də parlaq səhifələrini təşkil
edir.
Görkəmli Azərbaycan yazıçısı və
mütəfəkkiri Mirzə Fətəli Axundzadə ənənələrinin
XX əsrin əvvəllərində Özbəkistanda Həmzə
Həkimzadə Niyazi tərəfindən yaradıcı şəkildə
davam etdirilməsi ortaq ədəbi-mənəvi dəyərlərimizin
nəsillərdən-nəsillərə keçdiyini və hər
dövrdə faydalı olduğunu nəzərə
çarpdırır. Görkəmli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin redaktorluğu ilə çıxan məşhur
"Molla Nəsrəddin" satira jurnalının, eyni
zamanda, Özbəkistanda da doğma mətbuat orqanı kimi qəbul
olunması və geniş yayılması, həm də eyni
taleyə malik olan xalqlarımızın oxşar problemlərinin
ədəbiyyatda, mətbuatda bədii ifadəsinin ortaq
maraqlarımız səviyyəsində əks etdirildiyini
göstərir. Cəlil Məmmədquluzadənin
"Ölülər" pyesinin XX əsrin əvvəllərində
Daşkənddə tamaşaya qoyulması, böyük maraqla
qarşılanması da Azərbaycan və Özbəkistan
üçün eyni dərəcədə ortaq mədəniyyət
hadisəsidir.
XX əsrdə
Səməd Vurğunla Maqsud Şeyxzadənin və Qafur
Qulamın, Mirzə İbrahimovla Şərəf Rəşidovun,
Qeyrətəli ilə Süleyman Rüstəmin, Mehdi
Hüseynlə Əshəd Muxtarın dostluğu və
yaradıcılıq əlaqələri Azərbaycanla Özbəkistan
arasındakı böyük etibarın sarsılmaz nümunələridir.
Xalq şairi Qafur Qulamın 1960-cı ildə
yazdığı aşağıdakı misralar bu gün də
Azərbaycan-Özbəkistan münasibətlərini çox
dolğun şəkildə mənalandırır:
Azərbaycan, sevirsən böyük eşqi, sənəti.
Tarixə həkk olunub öz şöhrətin, öz
adın.
Hələ
keçmişlərdə də çox dühalar səndədi,
Şəfəqlər saçdı dahi Nizami tək
ustadım.
Bizə
yaxşı tanışdır Füzulilə Vidadi,
Biz ürəkdən sevirik sizin böyük Vurğunu.
Üzeyir
çox əzizdir sənəti, sözü, adı,
Könüldə bəsləyirik bir xoş duyğutək
onu.
Azərbaycanda və Özbəkistanda keçirilmiş ədəbiyyat
həftələri bədii sənətimiz və mədəniyyətimizlə
birlikdə dostluq və qardaşlığımızın da
təntənəsi olmuşdur. Müxtəlif vaxtlarda
Azərbaycanda və Özbəkistanda çap olunmuş
şeir antologiyaları iki qardaş xalqın solmaz poeziya
çələngi kimi yaşayır.
Ədəbiyyatşünaslıq sahəsində də
Azərbaycan-Özbəkistan elmi əlaqələri daim
inkişaf etmiş və hər iki ölkə
üçün faydalı olmuşdur. Özbəkistanda
nəvaişünaslıqla qoşa inkişaf etmiş Nizami Gəncəvi
tədqiqatları, Məhəmməd Füzuli
araşdırmaları elmi-ədəbi əlaqələrimizin
möhkəm təməllərini təşkil edir.
Özbək ədəbiyyatşünaslarının Mirzə
Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Səməd Vurğun haqqında
yazdıqları elmi əsərlər professional ədəbiyyatşünaslıq
nümunələridir. Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının əsas
simalarına həsr olunmuş araşdırmaları ilə
özbək həmkarlarımız ədəbiyyatların
qardaşlığının yeni nailiyyətlərinin
müasir Özbəkistan oxucularına
çatdırılmasına geniş imkan yaradırlar.
Azərbaycana dair çoxsaylı nadir fotoların və sənədlərin
nümayiş etdirildiyi görkəmli özbək şairi
Qafur Qulamın Daşkənd şəhərindəki ev muzeyini bu böyük sənətkarın ədəbi
əlaqələrimizin inkişafında mühüm rolu
olmuş azərbaycanlı yazıçı və şair
müasirləri ilə müştərək muzeyi
adlandırmaq olar. Azərbaycandan akademik Həmid
Araslı, Özbəkistandan isə akademik Vahid Zahirov ölkələrarası
ədəbiyyatşünaslıq əlaqələrinin nümunəvi
örnəklərini yaratmışlar. Qulamhüseyn
Əliyev "Azərbaycan-özbək ədəbi əlaqələri"
mövzusunda müdafiə etdiyi dissertasiyada ədəbi əlaqələrimizin
tarixi və inkişaf yolunu sistemli şəkildə
araşdırıb, ümumiləşdirmişdir.
Eyni
zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 1985-ci ildə Bakıda "Elm" nəşriyyatında
çap etdirdiyi "Azərbaycan-özbək ədəbi əlaqələrindən
səhifələr" adlı məqalələr toplusu da hər
iki qardaş xalqın elmi kollektivlərinin, tanınmış
elm adamlarının qarşılıqlı əməkdaşlığının
nəticəsi kimi meydana çıxmışdır. Əslində, bu məqalələr toplusu Azərbaycan
alimlərinin özbəkistanlı həmkarları ilə birgə
əməkdaşlığının əyani nümunəsini
göstərmək üçün atdıqları əhəmiyyətli
addımdır. Məqalələr toplusunda Azərbaycan
tərəfdən Həmid Araslı, Arif Hacıyev, Azad Nəbiyev,
Qafar Kəndli, Cənnət Nağıyeva, Pənah Xəlilov,
Xəlil Rza, Qulamhüseyn Əliyev, Şamil Qurbanovun məqalələrində
xalqımızın qarşılıqlı ədəbi əlaqələrinin
əhəmiyyətli səhifələri elmi obyektivliklə
yanaşı, həm də böyük sevgi və ehtiramla təqdim
olunmuşdur. Eyni zamanda, məqalələr toplusunda Özbəkistan
tərəfdən yer almış Vahid Zahidov, Sabir Alimov, Səidə
Nərzullayeva, Həsənxoca Məhəmmədxocayev, Şirəli
Turdıyev, Sabir Əliyevin məqalələrində də Azərbaycan
xalqına və ədəbiyyatına böyük hörmət
və məhəbbət ifadə edilmişdir. Obrazlı
şəkildə bu toplunu Azərbaycan və Özbəkistan
alimlərinin qardaşlıq çələngi adlandırmaq
olar.
Akademik Həmid Araslının Özbəkistanın
Əməkdar elm xadimi fəxri adı ilə təltif
olunması elmi-ədəbi əlaqələrimizin inkişaf
etdirilməsinə dövlət səviyyəsində
verilmiş yüksək qiymətin əməli ifadəsidir. 2019-cu ildə Daşkənd
Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru,
görkəmli ədəbiyyatşünas, professor Şöhrət
Siracəddinovun Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Fəxri doktoru elmi adına layiq
görülməsi tanınmış elm xadiminin xidmətlərinə
verilmiş yüksək qiymətin göstəricisi olmaqla bərabər,
həm də müasir dövrdə elmi-ədəbi əlaqələrimizin
inkişaf etdirilməsinin zəruriliyinə və əhəmiyyətinə
göstərilmiş diqqəti də nəzərə
çarpdırır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın müstəqillik illərində
Özbəkistana səfərləri, qardaş ölkənin
yazıçılar təşkilatı və özbək
yazıçıları ilə əlaqələri genişləndirmək
sahəsindəki təşəbbüsləri yaradıcı
qüvvələrin əlaqələrini yenidən qurmaq
baxımından əhəmiyyətli olmuşdur. Eyni zamanda, Özbəkistan
Yazıçılar İttifaqının sədri, Xalq
şairi Siracəddin Səidin Azərbaycanda müasir ədəbi
prosesin inkişafına göstərdiyi maraq, verdiyi önəm
də ədəbi mühitdə münasibətlərin
genişləndirilməsində irəliyə doğru
inkişafa öz təsirini göstərmişdir. Özbəkistanın
paytaxtı Daşkənd şəhərində fəaliyyət
göstərən Heydər Əliyev adına
Mədəniyyət Mərkəzinin ədəbi əlaqələrin
qarşılıqlı surətdə inkişafına
açdığı meydan hər iki ölkə
üçün faydalı olan addımların
atılmasına şərait yaratmış və müsbət
nəticələrin əldə olunmasına geniş yol
açmışdır. AZƏRTAC-ın Orta Asiya üzrə
təmsilçisi, tanınmış Azərbaycan
ziyalısı Qulu Kəngərlinin iyirmi ilə yaxın
müddət ərzində Özbəkistan mühitinə
yaxından bələd olan yaradıcı ziyalı kimi
göstərdiyi yorulmaz fəaliyyət Nizami Gəncəvi
yurdundan və Əlişir Nəvainin vətənindən
atılmış ədəbiyyat, dostluq körpülərinin
daha da möhkəmləndirilməsinə uğurla xidmət
edir.
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda da qardaş Özbəkistanla
elmi və ədəbi əlaqələr sahəsində əməkdaşlığın
daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli
addımlar atılmışdır. Hələ sovet hakimiyyəti
illərində Nizami adına Ədəbiyyat İnstitutunda
çalışmış Xalq şairi Xəlil Rzanın iki
xalqın görkəmli sənətkarı Maqsud Şeyxzadə
haqqında "Maqsud Şeyxzadənin bədii
yaradıcılığı və Azərbaycan-özbək ədəbi
əlaqələrinin aktual problemləri" mövzusunda
müdafiə etdiyi doktorluq dissertasiyası və çap
etdirdiyi monoqrafiya elmi əlaqələrimizin qiymətli səhifələrini
təşkil edir. Xəlil Rza Ulutürkün
özbək poeziyasından çevirdiyi şeir örnəkləri
Azərbaycanda qardaş Özbəkistanın mənalı poetik
təqdimatı kimi səslənir.
XX əsrin
yetmişinci illərində Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu (Azərbaycan) ilə Aleksandr
Puşkin adına Dil və Ədəbiyyat İnstitutunun
(Özbəkistan) birlikdə keçirdikləri elmi konfranslar
qarşılıqlı ədəbi əlaqələrin inkişaf
etdirilməsi ilə bərabər, digər xalqların da ədəbiyyatlarının
ortaq problemləri üzrə öyrənilməsi
baxımından əhəmiyyətli olmuşdur. Bu cəhətdən
Azərbaycan və Özbəkistan Elmlər
Akademiyalarının Ədəbiyyat İnstitutlarının
birgə təşkilatçılığı ilə "Sovet
Şərqi xalqlarının ədəbiyyatında realizm
problemləri" (Bakı, 1972) və "Sovet Şərqi
xalqlarının ədəbiyyatlarında sosialist realizminin mənbələri,
formalaşması və inkişafı" (Daşkənd,
1975) mövzularında keçirilmiş ümumittifaq (beynəlxalq)
elmi konfransları zamanında böyük əks-səda
doğurmuş, ortaq elm tariximizin qiymətli hadisələrindən
birinə çevrilmişdir.
Azərbaycan-Özbəkistan
əlaqələri Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda müstəqillik dövründə
daha geniş və sistemli şəkildə davam etdirilir. Bu
elmi-tədqiqat İnstitutunda 20 may 2016-cı il
tarixində "Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri" şöbəsinin
yaradılması Orta Asiya ölkələri ilə, xüsusən
də Özbəkistanla qarşılıqlı elmi əməkdaşlığı
yeni inkişaf mərhələsinə çatdırmağa
imkan yaratmışdır. Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın
böyük ənənələri olan özbək ədəbiyyatının,
qardaş ölkə ilə çoxəsrlik elmi-ədəbi əlaqələrin
öyrənilməsinə həsr edilmiş çoxsaylı
qiymətli elmi əsərləri elmi-ədəbi əlaqələrimizin
yeni və sanballı səhifələridir. Almaz Ülvi Binnətova ədəbiyyatlarımızın
və ədəbiyyatşünaslıq elmimizin Azərbaycandakı
ortaq böyük elçisi kimi ölkələrimiz və
xalqlarımız arasında möhkəm və etibarlı elm,
sənət körpüləri yaratmaqda davam edir. "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələri" şöbəsinin əməkdaşı,
filologiya elmləri doktoru Yaşar Qasımbəylinin müasir
özbək ədəbiyyatına və
qarşılıqlı ədəbi əlaqələrin
çağdaş mərhələsində ədəbiyyatlarımızın
arasındakı tipoloji bənzərliklərin inkişaf
etdirilməsinə dair tədqiqatları oxşar ədəbi
proseslərin və eyni taleli ədəbi simaların
yaradıcılıqlarının müqayisəli şəkildə
təhlil edilib müəyyənləşdirilməsinə
yeni perspektivlər yaradır.
Bundan
başqa, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda demək olar ki, artıq hər il özbək ədəbiyyatının
görkəmli klassikləri Əlişir Nəvai, Zahirəddin
Məhəmməd Babur, Maqsud Şeyxzadə, Kamal Camalın
yaradıcılıqlarına və Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinə həsr edilmiş beynəlxalq
elmi konfranslar keçirilir, həmin konfransların
materialları çap olunub ictimaiyyətə
çatdırılır. Elmi konfranslarda Özbəkistanın
Azərbaycandakı Səfirliyinin, tanınmış özbək
yazıçı və alimlərinin iştirakı və məruzələrlə
çıxış etmələri qarşılıqlı
elmi əməkdaşlığın daha da genişləndirilməsinə
yeni üfüqlər açır.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq
Mərkəzinin yaradılması, Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı İnstitutunda isə
Füzulişünaslıq Mərkəzinin təşkili ədəbiyyatlarımızın
öyrənilməsi və təbliği sahəsində yeni mərhələ
təşkil edir. Bu elmi mərkəzlərdə
toplanılmış elmi və bədii əsərlər, əlyazmaları
və lüğətlər ortaq dillərimizi, ədəbiyyatlarımızı
və mədəniyyətimizi, geniş mənada ölkələrimizin
nailiyyətlərini daha əsaslı şəkildə tədqiq
və təbliğ etməyə meydan açır.
Müstəqillik illərində həm Azərbaycanda, həm
də Özbəkistanda ədəbi əsərlərimizin tərcümə
olunması sahəsində çox böyük addımlar
atılmışdır. Bu cəhətdən Özbəkistanda Azərbaycan
alimlərinin və yazıçılarının əsərlərinin
özbək dilinə çevrilərək nəşr
olunması işi daha geniş miqyas almışdır. Tərcümə
işi sahəsində Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin,
Özbəkistan Yazıçılar Birliyinin, görkəmli ədəbiyyatşünas
alim və naşir, professor Həmidulla Baltabayevin, özbək
tərcüməçisi mərhum Osman Kuçkarın və
AZƏRTAC-ın Özbəkistan müxbiri Qulu Kəngərlinin
zəhmətləri xüsusilə diqqətəlayiqdir. Eyni zamanda, professor Ramiz Əskərin təqdimatında
Əlişir Nəvainin "Xəmsə"sinin Azərbaycan
dilində səsləndirilməsi ortaq ədəbiyyat və mədəniyyətlərimizə
xidmətin böyük əməli ifadəsidir. Özbəkistanın Xalq şairi Kamal Camalın tərcüməsində
böyük Azərbaycan şairi Nizami Gəncəvinin məşhur
"Xəmsə"sinə daxil olan ölməz poemaların
Daşkənddə nəşr edilməsi çox mühüm
və əlamətdar ədəbiyyat hadisəsidir. Nizami Gəncəvinin "Xəmsə"si, eyni
zamanda, tanınmış özbək şairi Alimcan Buriyev tərəfindən
özbək dilinə tərcümə olunaraq bir kitabda nəşr
olunmuşdur (kitabın redaktoru və Ön sözün müəllifi
akademik Əziz Kayumovdur, 2017). Tanınmış
professional özbək tərcüməçisi Osman
Kuçkarın çevirməsində görkəmli Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin əsərlərinin
2019-cu ildə "Poçt qutusu" adı ilə kitab
halında nəşr olunması qarşılıqlı əlaqələrimizin
əhəmiyyətli səhifələridir. Görkəmli
özbək ədəbiyyatşünası, filologiya elmləri
doktoru, professor Həmidulla Baltabayevin "Poçt qutusu"
kitabına daxil etdiyi "Cəlil Məmmədquluzadə və
özbək ədəbiyyatı" adlı sanballı məqalə
müstəqillik dövrü qarşılıqlı elmi-ədəbi
əlaqələrimizin qiymətli elmi örnəyidir. Elmi və
ədəbi əlaqələrimizin inkişafındakı xidmətlərinə
görə, professor Həmidulla Baltabayev 2019-cu ildə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Elmi Şurası tərəfindən
"İlin alimi" diplomuna, Qulu Kəngərli Fəxri Fərmana
layiq görülmüşdür.
Son illərdə Azərbaycan və özbək alimlərinin
birgə iştirakı ilə ölkəmizdə "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət"in
hazırlanıb nəşr edilməsi çox mühüm
elmi-mədəni hadisə sayılmağa layiqdir. Özbəkistan
Respublikasındakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi
olaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələri şöbəsində hər iki ölkənin
dilçi və ədəbiyyatçı alimləri tərəfindən
birgə hazırlanmış (müəlliflər: dilçi
professor İsmayıl Məmmədli, Almaz Ülvi Binnətova,
Babaxan Şərif və Şahista Artikova) bu lüğət ədəbiyyatlarımızın
və elmi əsərlərimizin orijinaldan oxunub öyrənilməsinə
geniş imkan yaradır. Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix Muzeyinin əməkdaşı Məhfuzə
Zeynalovanın müəllifi olduğu "Azərbaycan və
özbək xalqlarının tarixi əlaqələri"
adlı monoqrafiyada ən qədim dövrdən başlayaraq
1991-ci ilə qədər iki xalq arasındakı
qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələr
təhlil edilir.
Elmi-ədəbi və mədəni əlaqələrimizin
öyrənilib, təbliğ edilməsində Azərbaycan
Respublikasının və Özbəkistan
Respublikasının ölkələrimizdəki səfirliklərinin
fəal iştirakını, dəstəyini xüsusi minnətdarlıqla
qeyd etmək lazımdır. Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin ölkələrimiz və mədəniyyətlərimiz
arasında əməkdaşlıq körpülərini daha da
möhkəmləndirmək işinə ardıcıl olaraq
verdiyi böyük dəstəkdə əlaqələrimizin
sabahına daha nikbin baxmağa əsas verir.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının bütövlüklə Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinə həsr olunmuş
Xüsusi buraxılışının nəşr edilməsi
bu sahədə ilk əməli təşəbbüsdür.
Xüsusi buraxılışda çoxəsrlik
özbək ədəbiyyatının mühüm nailiyyətləri
və görkəmli simaları haqqında oçerklər,
icmallar, analitik yazılar, habelə ədəbi əlaqələrimizin
unudulmaz səhifələrinə həsr edilmiş
araşdırmalar və ölkələrimizi tərənnüm
edən şeirlər öz əksini
tapmışdır. Bir sözlə, Daşkənd
Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru,
professor Şöhrət Siracəddinovun redaksiya heyətinin
üzvü olduğu və beynəlxalq aləmdə geniş
yayılan "Müqayisəli Ədəbiyyatşünaslıq"
jurnalı Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının özbək ədəbiyyatına
və elminə dair marağını və
baxışlarını geniş ictimaiyyətə təqdim
edir. Bu, Azərbaycan-Özbəkistan elmi və ədəbi
əlaqələrinin inkişafında tamam fərqli və əhəmiyyətli
elmi hadisədir. İlk dəfə olaraq "Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının bütünlüklə Özbəkistana həsr
edilməsi müstəqil dövlətçilik şəraitində
Azərbaycan-Özbəkistan elmi və ədəbi-mədəni
əlaqələri sahəsindəki müasir inkişafın
canlı, əyani bir göstəricisidir. "Müqayisəli
ədəbiyyatşünaslıq" jurnalının Özbəkistan
sayı dost və qardaş Özbəkistana, özbək ədəbiyyatına,
özbəkistanlı yazıçı və şairlərə,
ədəbiyyatşünas alimlərə Azərbaycan
xalqının, azərbaycanlı ədib və alimlərin
hörmət və ehtiramının əməli ifadəsidir.
Bu müstəvidən baxanda Azərbaycan-Özbəkistan ədəbi-mədəni
və elmi əlaqələrinin dünəni şərəfli,
bu günü qiymətli, sabahı daha aydın və parlaq
görünür.
Azərbaycan-Özbəkistan elmi-ədəbi və
mədəni əlaqələri ölkələrimizin və
xalqlarımızın genişmiqyaslı əlaqələrinin
üzvi tərkib hissəsi və əsas hərəkətverici
qüvvəsidir.
Özbək ədəbiyyatı - özbək
xalqının tarixi taleyinin, milli-mənəvi
varlığının, inkişafda olan müasir
dövrünün və daha aydın sabahlarının ədəbi
təqdimatıdır.
Özbək ədəbiyyatı - Özbəkistanın
dünəni və bu gününün güzgüsü, gələcək
inkişafının barometridir. Heç vaxt Özbəkistanda
olmamış başqa ölkələrin insanları özbək
ədəbiyyatını oxumaqla, Özbəkistanın şərəfli
tarixi keçmişinə və inkişafda olan bu
gününə mənalı bir ekskurs etmiş ola bilərlər.
Özbək ədəbiyyatı - müasir
Özbəkistanın mükəmməl ədəbi bələdçisidir.
Azərbaycan-Özbəkistan ədəbi-elmi və
mədəni əlaqələri xalqlarımız və ədəbiyyatlarımız
arasında etibarlı, möhkəm və əhəmiyyətli
körpüdür.
Xalqlarımızın və ədəbiyyatlarımızın
tarixi dostluğu və qardaşlığına,
qarşılıqlı əməkdaşlığına xidmət
edənlər bu elm və ədəbiyyat körpüləri
vasitəsilə daha böyük gələcəyə və əbədiyyətə
doğru daim inamla yol gedəcək, ölkələrimizin
inkişaf salnaməsinə parlaq səhifələr yazacaqlar.
İsa HƏBİBBƏYLİ
525-ci qəzet.- 2020.- 18 iyul.-
S.14,15.