“Azərbaycanın ən böyük sərvəti
vətənpərvər insanlarıdır
ŞƏHRİZAD
SÜLEYMAN: “DAHİ ƏDİBLƏRİMİZDƏN
BƏHS EDƏN
KONFRANSLAR ƏRƏB
TƏLƏBƏLƏRİN HƏDSİZ MARAĞINA
SƏBƏ OLUR”
Həmsöhbətimiz
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi
Universitetinin Beynəlxalq əlaqələr kafedrasının
azərbaycanlı müəllimi, şərqşünas, tədqiqatçı,
yazar Şəhrizad Süleymandır:
- Şəhrizad
xanım, sizi bir qədər yaxından tanıyaq...
- Mən Bakı şəhərində, kimyaçı
alimin ailəsində dünyaya gəlmişəm. Atam Tofiq
Süleymanov kimya üzrə professor, üzvi kimyadan bəhs edən
xeyli sayda elmi-metodiki kitabların müəllif idi. Dünyaya göz açandan ailədə bir
neçə müəllimin olması, Bakının elmi, ədəbi
mühiti, qonaq-qaralı evimizin əziz müsafirləri olan məşhur
alimlərin müdrik, elmi söhbətləri həyata
baxışımın, düşüncə tərzimin
formalaşmasında mühüm rol oynayıb. Orta təhsilimi Birləşmiş Ərəb
Əmirliklərində, "Əl-İbdah" qızlar
liseyində almışam. Liseyi bitirdikdən
sonra Əcmən Universitetinin İctimai əlaqələr və
media fakültəsinə daxil olmuşam. 2005-ci ildə
Əcmən Universitetində ali təhsilimi
başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi
olaraq çalışmışam. 2007-ci ildə
Əl-Şarika televiziyasında, "Ədəbi-dram verilişləri"
redaksiyasında çalışmağa başladım və
eyni zamanda, Əbu-Dabi Universitetində magistr təhsilimi davam
etdirməyə qərar verdim. 2012-ci ildən isə bu ali təhsil ocağının beynəlxalq əlaqələr
kafedrasında çalışıram.
Klassik Şərq ədəbiyyatının məşhur
ustadlarından bəhs edən xeyli sayda məqaləm,
araşdırmam müxtəlif ərəb ölkələrinin
elmi dərgilərində, ədəbi qəzet və
jurnallarında çap olunub. Ərəb aləmində
məşhur olan "Zahrat əl-Xəlic" dərgisində
mütamadi olaraq köşə yazılarım işıq
üzü görür.
- Necə
oldu ki, Birləşmiş Ərəb Əmirliklərinə
köçdünüz?
- Birləşmiş
Ərəb Əmirliklərinə ailəlikcə
köçməyimizin səbəbkarı məhz rəhmətlik
atam olub. 1994-cü ildə Milli Elmlər Akademiyasında
çalışan rəhmətlik atama Birləşmiş
Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarjah əmirliyinə müqavilə əsasında
işə dəvət olunan atamla 1994-cü ilin sonlarına
yaxın Birləşmiş Ərəb Əmirliklərinə
köçdük.
-
BƏƏ daha çox qadağalar ölkəsi kimi xarakterizə
olunur. Bəs əslində necədir?
- Birləşmiş
Ərəb Əmirlikləri islam ölkəsi
olmasına baxmayaraq qonaqpərvərlik, təhlükəsiz
birgə yaşam, tolerant mühit, qədim Şərqlə zəki
Qərbin vəhdətini özündə ehtiva edən və
möhtəşəm qeyri-adilikləri ilə dünyanı
heyrətləndirən modern müsəlman ölkəsidir.
Yaxın Şərqin ən mühüm maliyyə və ticarət
mərkəzi, eyni zamanda, dünyanın aparıcı turizm mərkəzlərindən
biri olan BƏƏ digər ərəb və Şərq
ölkələri ilə müqayisədə fərqli mədəniyyətlərə,
müxtəlif dini etiqadlara və dəyərlərə
kosmopolit yanaşma nümayiş etdirən tolerant ölkə
kimi də tanınır. Ölkədə məscidlərlə
yanaşı kilsələrin, müxtəlif dini məbədlərin
fəaliyyəti ümumilikdə BƏƏ cəmiyyətinin
kosmopolit və tolerantlıq ruhundan xəbər verir. Məscidlər kimi kilsələrə, müxtəlif
dini məbədlərə də yerli orqanlar tərəfindən
maddi dəstəklər verilir, köməkliklər göstərilir.
Müvəqqəti və ya daimi yaşayan əcnəbi
vətəndaşların dini inanclarına, etiqadlarına,
BƏƏ-də yaşayan müxtəlif xalqların adət-ənənələrinə
hörmətlə yanaşılır. Müxtəlif
etnosların, xalqların milli, dini bayramları, eləcə də
toy-nişan, şadyanalıq mərasimləri özlərinə
xas adət-ənənələrə uyğun qeyd edilir.
Ölkədə yaşayan əcnəbi vətəndaşın
gündəlik həyat tərzinə xas
alışqanlıqlarına da heç bir qadağa yoxdur.
Yeri gəlmişkən onu da qeyd edim ki, Birləşmiş
Ərəb Əmirliklərində, Şarjah əmirliyi istisna
olmaqla, qeyri-müsəlmanlar üçün alkoqollu
içkilərin alınması və istehlakı qanunla icazə
verilir. Müsəlman olmayan şəxs
yaşadığı əmirliyin yerli idarəetmə
orqanına rəsmi müraciət etməklə alkoqollu
içkilərin alınması və istehlakı
üçün müvafiq icazə (içki lisenziyası) əldə
edir ki, bu lisensiya ilə "azad sahə"
adlandırılan xüsusi dükanlardan istədiyi içkiləri
ala bilər. Lakin sərxoş vəziyyətdə
ictimai məkanlarda düzgün davranış qaydası sərgiləməyən,
habelə içkili halda avtomobil idarə edən şəxsi
çox böyük məbləğdə cərimə və
həbs cəzası gözləyir. Ümumiyyətlə,
BƏƏ qanunların, ictimai qaydaların ciddi şəkildə
riayət olunduğu ölkədir. Təhsil sahəsində
çalışan əcnəbilər iş saatlarında
etika, estetika və geyim kodeksi ilə bağlı qəbul edilən
qaydalara mütləq şəkildə riayət etməlidirlər.
İşdən kənar əcnəbi müəllim
ürəyi necə istəyirsə geyinə və istirahət
edə bilər.
- Uzun illərdir
ölkəmizdən kənarda yaşayırsınız. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla
oxşar cəhətləri olduğu kimi, fərqli məsələlər
də kifayət qədər çoxdur. Bu
fərqliliklər sizdə necə assosiasiya olunur?
- Uşaq
yaşlarımdan bu ölkədə yaşadığım
üçün bizim üçün təmamilə fərqli,
islami mədəniyyətin, dini-əxlaqi qayda-qanunların
hakim olduğu və yerli adət-ənənələri, milli
dəyərləri özündə ehtiva edən həyat tərzinə,
müsəlman cəmiyyətinə xas fərqliliklərə
zamanla alışmışam. BƏƏ-nin
yerli əhalisi əsrlərdir gündəlik yaşam tərzlərində
qədim adət-ənənələrini, dini, milli dəyərlərini,
öz milli geyimlərini yaşadırlar. Onu
da qeyd edim ki, yerli cəmiyyətdə yazılmamış
qanunlar, əxlaqi davranışlar, dini qaydalar var və bu
qanunlara əsrlərdir qəbilələr, tayfalar, əşirətlərdə
kiçikdən böyüyə hər kəs əməl
edir. Yerli bədəvi ərəblərdə ailədən
olmayan kənar şəxsin qadına müraciət etməsi
ayıb sayılır . Naməhrəm
kişinin qadınla əl verib görüşməsi isə
İslam dinində haram buyrulduğuna görə,
qadının müraciətinə əsasən, ciddi cəza
ilə nəticələnə bilər. Qəribə
odur ki, hər bir qəbilənin özünün ləhcəsi,
tayfadaxili qayda-qanunları, adətləri fərqlidir. Məsələn, ərəb qəhvəsi
qonağa dolu fincanla təqdim olunmamalıdır. Fincana
yarıdan az miqdarda qəhvə
süzülməlidir. Əks halda bu qonağa
qarşı ən böyük hörmətsizlik kimi qəbul
olunur. Qəhvəni içib qurtardıqdan
sonra təkrar içmək istəmirsinizsə, boş
fincanı yüngülvarı çalxalamalısınız.
Bu sizin qəhvə içmək istəmədiyinizi
bildirən ən qədim yerli adətlərindən biridir.
-
Ümumiyyətlə, kənardan baxanda Azərbaycan, Azərbaycan
cəmiyyəti necə görünür?
- Yaşadığım
ölkədən baxanda müsəlman dünyasının tərkib
hissəsi olan Azərbaycan Şərqlə Qərbin
qovşağında yerləşən, zəngin yeraltı və
yerüstü təbii sərvətlərə malik,
füsunkar təbiəti, rəngarəng iqlimi, qədim tarixi,
mədəniyyəti, maddi-mədəni irsi, ləziz mətbəxi
ilə məşhur ölkə kimi görünür. Azərbaycan cəmiyyətinə gəlincə,
ölkəmizin ən böyük sərvəti onun qəhrəman,
vətənpərvər, mərd və mübariz
insanlarıdır. Bu gün Azərbaycan cəmiyyəti
ağı qaradan, yaxşını pisdən, haqqı nahaqdan
böyük ustalıqla seçir. Azərbaycan
insanı cəmiyyətdə baş verən hadisələrə,
ölkə əhəmiyyətli məsələlərə
biganə qalmır.
- Necə
oldu ki, ədəbiyyata, mediaya maraq göstərdiniz? Çünki bildiyim qədərilə valideynləriniz
dəqiq elm sahəsi ilə məşğuldurlar.
-
Dünyaya göz açandan ailədə elmə, ədəbiyyata,
mənəvi dəyərlərə sayğı
görmüşəm, hər gün valideynlərimin kitab, qəzet,
jurnal oxunduqlarının şahidi olmuşam. Nəinki
jurnalistikaya, bütövlükdə ədəbiyyata maraq
göstərməyimdə rəhmətlik atamın misilsiz rolu
olub. Atam kimyaçı alim olsa da, ədəbiyyatın
– xüsusilə , poeziyanın vurğunu
idi. Asudə vaxtlarında şəxsi kitabxanasında yer alan Azərbaycan və dünya klassiklərininən
məşhur əsərlərini, tarixi romanları, müxtəlif
poeziya nümunələrini mütaliə etməkdən hədsiz
zövq alardı. Özünəməxsus
intonasiyası, axıcı səs tembri ilə
yığıncaqlarda, məclislərdə qəlbə
yatımlı şeirlər səsləndirirdi. İlk oxucum, tənqidçim də atam olub.
- Siz həm
də pedaqoqsunuz...
- İctimai əlaqələr və media fakültəsini
bitirsəm, jurnalist olsam da, qismət elə gətirdi ki,
valideynlərimin yolunu davam etdirdim. Artıq uzun illərdir,
universitetdə müəlliməm. Yəqin ki, bu da
taleyin mənə bəxş etdiyi bir iltifatdır...
- Bəs
sizin üçün tərəzinin hansı gözü daha
ağır gəlir: pedaqogika ya ədəbi
yaradıcılıq?
- Əslində, müəllimlik özü də
yaradıcı işdir. Ustad pedaqoqlara görə, dərs müəllimin
əsəridir. Pedaqoq mütləq
yaradıcı insan olmalı, keçdiyi hər bir dərsə
yeni yazacağı bir əsər kimi baxmalıdır. Uğurlu pedaqoji fəaliyyətin əsasını təşkil
edən əsas həlledici amil öz işini, peşəsini
məhəbbətlə sevməkdir. Mən
də universitet müəlliməsi olaraq, bir pedaqoq kimi öz
isimi, məsləyimi sevirəm. Ədəbi
yaradıcılıq isə, müəllifin qəlbinin sahillərinə
sığmayan hisslərinin, daxili aləminin öz
dünyası ilə mükaliməsi, fikir və
düşüncələrinin risaləsidir.
-
Şeirlərinizə nəzər salanda "Vətən"
anlayışının qırmızı xətt kimi
keçdiyini aydınca görmək olur...
- Hara getsəm
də, harada olsam da xəzrisi, gilavarı ilə ruhuma
sığal çəkən doğma şəhərim,
badi-səbanın həzin titrəyişindən ilham alan mavi Xəzərim üçün qəribsəyirəm.
Qoynunda dünyaya göz açdığım,
ilk kövrək addımlarımı atdığım, suyunu
içib, nemətini daddığım, acısı ilə kədərlənib,
sevinci ilə qanadlanıb uçduğum, sevgisindən
doymadığım Vətən məfhumu mənim aləmimdə
müqəddəs, ülvi duyğudur.
Azərbaycan, ərəb və türk dillərində qələmə
aldığım şeir, hekayə, esse, roman və xatirələrimin
əksəri Vətənə olan həsrətimdən, ruhumda
daşıdığım nisgilimdən qaynaqlanır.
-
Ümumiyyətlə, Azərbaycanı BƏƏ-də
tanıtmaq üçün hansısa layihə
hazırlamısınızmı?
- Hər
il, 28 may – Cümhuriyyət Günü ərəfəsində
dərs dediyim tələbələr arasında "Mən Azərbaycan
haqqında nə bilirəm?" mövzusunda inşa
müsabiqəsi keçirir, fərqlənən tələbələrə
müxtəlif hədiyyələr, milli
atributlarımızı özündə əks etdirən
suvenirlər, ölkəmizlə bağlı ərəb,
ingilis dilində kitablar təqdim edirəm. Zəngin
və qədim tarixi keçmişi olan Azərbaycan ədəbiyyatının
təbliği sahəsində də universitet xətti ilə
müxtəlif tədbirlər təşkil edirəm.
Şərqin ədəbi-fəlsəfi sənət məbədinin
fövqəl-düha memarlarından olan və dərin məzmunlu
poetik əsərləri ilə Şərq ədəbiyyatına
öz möhürlərini vuran dahi klassiklərimiz, mütəfəkkirlərimiz
– Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin
Nəsiminin həyat və yaradıcılıqlarından bəhs
edən konfranslar, elmi diskussiyalar ərəb tələbələrin,
müəllim-professor heyətinin hədsiz marağına səbəb
olur.
Qeyd edim ki, uzun illərdir, Qarabağ həqiqətlərinin
əsl mahiyyətinin əcnəbi və ərəb tələbələrə,
ziyalı kontingentə çatdırılması yolunda bir
qarabağlı kimi yorulmadan çalışıram. Əzəli torpağımız
olan Qarabağın qədim tarixi, ötən əsrin
sonlarında erməni qəsbkarları tərəfindən
işğal olunması, Azərbaycanın qan
yaddaşının ən kədərli səhifəsi olan
Xocalı soyqırımı, mənfur düşmənlərimizin
əliyalın, məsum vətəndaşlarımıza
qarşı törətdiyi vəhşiliklər barədə
çıxışlar edir, münaqişənin gerçək
səbəbləri, ağır nəticələri
haqqında tarixi, xronoloji faktlarla tələbələrə ətraflı
məlumat verirəm.
Ən yeni layihəm isə Birləşmiş Ərəb
Əmirliklərinin nüfuzlu “Əl-Bəyan” qəzetinin
redaktoru, tanınmış jurnalist Marvat Əbdulkərim ilə
birgə hazırlayacağımız layihədir. Məqsədimiz
ərəb dünyasında Azərbaycanın zəngin
tarixinin və mədəniyyətinin təbliğidir.
- Ən uğurlu hesab etdiyiniz şeiriniz, yazınız
hansıdır?
- Qələmə
aldığım hər şeirim, yazım zəhmətimin,
alın tərimin, yorğun günlərimin, yuxusuz gecələrimin
bəhrəsidir. İstər nəsr, istərsə
də nəzm olsun oxucular tərəfindən rəğbətlə
qarşılananda yuxusuz gecələrimin yorğunluğunu,
çəkdiyim əziyyəti unuduram. Üzərində
çalışdığım, zəhmət çəkdiyim
əsərlərin, şeir nümunələrinin hər biri
mənim üçün əzizdir, əvəzsizdir. Şəhrizad imzasını ərəb oxucusuna
sevdirən bir neçə kitabım var. “Əl-mar-a vul hob”
(“Qadın və sevgi”) və “Mədinətil riyah” (“Küləklər
şəhəri”) adlı kitablarım mənə uğur və
oxucu sevgisi qazandırıb.
-
Müasir şair və yazıçılarımızdan kimlərlə
tanışsınız, kimləri oxuyursunuz?
-
Müasir ədəbiyyatımızın öncül nümayəndəsi,
yüksək mədəniyyətə malik bir insan kimi xətrini
çox istədiyim və əsərlərini sevə-sevə
oxuduğum şair, yazıçı Rəşad Məcidlə
tanışıq. Onun
yaradıcılığı ilə
tanışlığım isə sırf təsadüf nəticəsində
olub. İllər öncə Rəşad Məcidin
“Dəlicəsinə” kitabını BƏƏ-yə gələn
tanışım hədiyyə gətirmişdi. Kitabı oxudum və “Dəlicəsinə” məndə
xoş təəssürat yaratdı. Rəşad
Məcidin şeirləri də mövzu, janr, fikir və məntiqin
aydınlığı, üslub, yanaşma, bədii təsvir
vasitələri, həyata, înun
tələblərinə dərindən bağlılıq, səmimi
duyğular baxımından qəlbə yatımlıdır.
Mirmehdi
Ağaoğlu, Fərid Hüseyn, Şərif Ağayar və
digərlərinin müxtəlif səpkili
yaradıcılıq nümunələri ilə də
- Bəs
ümumilikdə dünya ədəbiyyatında necə?
-
Cübran Xəlil Cübran, Kafka, Flober, Tolstoy, Kamu, Borxes,
Markes, Dostoyevski, Əmin ər-Reyhani, Maşadu de Asis və b.
zövqlə mütailə edirəm.
- Kimi
özünüzə kumir, müəllim hesab edirsiniz?
-
Qazandığım uğurlarda öncəliklə valideynlərimin,
ailəmin, daha sonra müəllimlərimin zəhməti, əziyyəti
böyükdür.
Ədəbiyyatda kumirim - modern Şərq ədəbiyyatının
qüdrətli ustadlarından biri olan, “XX əsr ərəb
şeir cəmiyyətinin rəhbəri” diplomat-şair,
filosof, ədib Nizar Qəbbanidir.
-
Koronavirus pandemiyası bütün dünyanı
bürüyüb. Bəs virusun sizə, həyat
tərzinizə, yaradıcılığınıza
hansısa təsiri olubmu?
- Dünyanı cənginə alan COVID-19
pandemiyası yaşadığım ölkədən,
BƏƏ-dən də yan keçmədi. Virusun
yayılmasının qarşısını almaq məqsədilə
martın 1-dən etibarən, məktəbəqədər
hazırlıq, orta və ali təhsil müəssisələrinin
fəaliyyəti dayandırıldı və dərhal distant təhsilə
keçildi. İyul ayının əvvəlindən ölkədə
pandemiya ilə bağlı qadağalarda yumşalmalar səbəbilə
artıq təhsil işçiləri (şagird və tələbələr
istisna olmaqla) əvvəlki iş ahənglərinə
qayıdırlar. Düzünü desəm, video formatlı təlimə,
onlayn dərslərə alışsam da, universitetimiz, iş
yoldaşlarım, yaxın rəfiqələrim və tələbələrimlə
canlı ünsiyyət üçün çox
darıxırdım.
Dünyanı cənginə alan
bu pandemiya bəlası, tətbiq olunan sərt karantin rejimi,
qadağalar gündəlik həyat tərzimi bir anda dəyişsə
də, mövcud qaydalara və həyati vacib tövsiyyələrə
maksimum dərəcədə əməl edərək çətinliklərin
öhdəsindən gəlməyə müvəffəq
oldum.
Yaradıcılığa gəlincə,
yaradıcı insan üçün fərq etmir,
düşdüyü ağır situasiyada, ən çətin
şəraitdə belə özünü toparlayır,
yazıb-yaradır.
- Hansı fəaliyyət planlarınız var?
- Qeyd etdiyim kimi, Birləşmiş Ərəb
Əmirliklərinin nüfuzlu “Əl-Bəyan” qəzetinin
redaktoru, tanınmış jurnalist Marvat Əbdulkərim ilə
birgə Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin
təbliği ilə bağlı layihəyə üzərində
çalışırıq. Yaxın gələcəkdə
bu layihə çərçivəsində ərəb
dünyasının aparıcı mətbu orqanlarında silsilə
məqalələr işıq üzü görəcək.
Ərəb oxuculara Şərqin böyük alim və mütəfəkkirləri
Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Ağ Şəmsəddin,
Mir Mövsüm Nəvvab, Qütbəddin Şirazi, Qətran
Təbrizi, Əkmələddin Naxçivani, Yəhya Təbrizi,
Fəthullah Şirvani, İbrahim Gülşəninin həyat
və yaradıcılığı haqqında ətraflı məlumat
veriləcək. Bundan əlavə, ədəbiyyatşünaslıqla
bağlı ərəb dilində irihəcimli tədqiqat əsəri
üzərində çalışıram. Yerli qadın dərgisi
üçün həftəlik köşə yazıları
yazıram. Bir sözlə, görüləcək işlər,
yeniliklər çoxdur.
Cavid QƏDİR
525-ci qəzet.- 2020.- 18 iyul.- S.17.