Milli mətbuatın dövlətçilik
ənənələri - II yazı
Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna
diqqət və qayğısı, dövlətin uğurlu
media siyasəti 1993-cü ildən bəri ölkəmizdə
demokratik KİV-in inkişafında yeni mərhələ oldu.
Ulu
öndərin qərarları ilə mətbuat üzərində
əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə dövlət
senzurasının ləğv edilməsi müharibə şəraitində
yaşayan və quruculuq yollarında yenicə addımlayan zəif
bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da,
dünyaya inteqrasiya və demokratik dəyərlərə
qovuşmağın önəmli yolu idi.
İndi
tarixi ənənə və dövlətçilik
mövqeyinin qorunmasında önəmli xidmətlərə
sahiblənmiş Azərbaycan milli mətbuatı 145-ci ildönümünü
qeyd etməyə hazırlaşır. Prezident İlham
Əliyevin iyunun 30-da imzaladığı "Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam bu tədbirin dəyərini bir
daha artırmış oldu. Bu ərəfədə
xalqımızın dövlətçilik və
türkçülük ənənələrinin
qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın
apardığı mübarizə tarixini oxucularımızla
bölüşmək istədik.
Milli
dövlətçilik ideyaları və Türkiyə ilə
üzdə dostluğa doğru
İkinci
Dünya müharibəsi illərində mətbuatın dərc
etdiyi məqalələr sırasında "Türkiyə" adına
çox az hallarda rast gəlmək olur. Olan məqalələr
də, əgər bunları məqalə adlandırmaq olarsa,
3-5 cümləlik xəbərlərdən ibarət
olmuşdur. Almaniyanın SSRİ-yə hücumundan
sonrasa qəzetlərin dərc etdiyi məqalələrdə səfərbərlik,
cəbhədəki uğurlar, dahi rəhbər Stalinin yenilməz
xidmətləri, arxa cəbhədə çalışan
neftçilərin, kənd zəhmətkeşlərinin, eləcə
də bütün xalqın fədakar əməyi
haqqında yazılanlar başlıca mövzu olmuşdur. Səməd
Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin, Mirzə
İbrahimovun və başqa
tanınmış şair
və yazıçıların çağırış
xarakterli şeirlərində də dövlətin tələbindən
irəli gələn bu əhval-ruhiyyəni görürük.
Azərbaycan-Türkiyə
əlaqələrində 50-ci illərdən sonra başlanan
dövr isə münasibətlərdə yeni mərhələ
olmaqla, Stalinin
ölümündən sonra başlayır. İki
ölkə arasındaki rəsmi səfər və
görüşlər ilk dəfə 1963-cü ilin may
ayında baş tutur. Bir ilk olaraq Azərbaycanın xalq
yazıçısı Mehdi Hüseyn Türkiyədə səfərdə
oldu və "Bir ay və bir gün" kitabını
oxuculara təqdim
etdi. Tədqiqatçı Nailə Səmədova
yazır ki, "... səfərin təəssüratları Azərbaycan
oxucusunun Türkiyə haqqında ilk və geniş
tanışlığı idi". Yeri gəlmişkən
deyim ki, Türkiyə səfəri Mehdi Hüseynin şəxsi həyatından
da təsirsiz keçməyib. "Ayna"-"Zerkalo" qəzetlərinin
baş redaktoru Elçin Şıxlı müsahibələrinin
birində bu barədə deyir: "Çox sevdiyim bir
yazıçımız var - Mehdi Hüseyn. Atam
danışırdı ki, Mehdi Hüseyn Türkiyədə səfərdə
olur və həmin səfərdən qayıdandan sonra belə
bir əsər yazır - "Bir ay və bir gün".
O, atama Əliağa Şıxlinskiyə görə paşam
deyirdi. Mehdi əmi siqareti müştüklə
çəkərdi. Səfərdən həmən
sonra görüşəndə atam onun yaman dalğın və
həyəcanlı olduğunu görəndə soruşub ki,
Mehdi müəllim, nə olub? O da cavabında papirosunu
tüstüləndirib, paşam, mən həyatımı, deyəsən,
səhv yaşamışam, deyib..."
1967-ci ilin iyun
ayında Əziz Nesin, Yaşar Kamal və Məlih Cövdət
Antay Azərbaycanda oldular. Onların Azərbaycan təəssüratları
Qılman İlkinin "Türk yazıçıları
Bakıda" adlı kitabçada əksini tapır.
Türkiyəyə növbəti səfər Rəsul Rza,
Nigar Rəfibəyli, İsmayıl Şıxlı,
Süleyman Rüstəm, Məsud Vəliyev, Xəlil Rza,
Q.Qasımzadədən ibarət yazıçı heyəti
gürcü yazarları ilə birlikdə 1968-ci ilin aprel-may
aylarında olmuşdu. Səfərdən sonra Türkiyə təəssüratlarını
qələmə alan Qasım Qasımzadə
"On günün təəssüratı"
adlandırdığı publisistik qeydlərini oxucuya təqdim
edir. Bu yol qeydləri
ötən əsrin 60-cı illərinin Türkiyəsi
ilə tanışlığın yeni bir təqdimatı idi.
Qasım Qasımzadə ölkənin həyat tərzi haqqında daha dəqiq məlumatlara
yiyələnmək üçün "Türkiyə",
"Hürrüyət", "Yeni əsr" kimi qəzetlərdən
gətirdiyi nümunələrlə fikirlərini təsdiq
edir.
Dövlətlərarası
rəsmi səfərlərə gəldikdə isə ilk olaraq
Sovet hökumətinin dəvəti ilə Türkiyə
Respublikasının hökumət rəhbəri Suat Hayri
Ürgüplü 30 may-14 iyun 1963-cü ildə Sovetlər
birliyində rəsmi səfərdə oldu. Bundan
sonra da iki ölkə arasında müxtəlif ranqlarda
çoxsaylı səfərlər baş tutmuş və
"Kommunist" qəzetində dostluq əlaqələrinin
genişləndirilməsi, yeni layihələrin
hazırlanması üçün planlar daha çox xəbər
mövzusu olmuşdur. Türkiyə
nümayəndə heyətlərinin səfər
proqramında Azərbaycanı ziyarət də
planlaşdırılmış və türkiyəli
qonaqların Bakı səfərləri uğurla baş
tutmuşdur. "Kommunist" qəzetində bu, səfərlərin
hərtərəfli
işıqlandırılmasına
çalışılmış,
amma bu, müəyyən hədlər
daxilində mümkün olmuşdur. Daha dəqiq deyilərsə,
əslində, qəzetə bu məsələdə
yaradıcılıq üçün geniş imkan verilməmiş,
rəsmi materiallar da SİTA (Sovet İttifaqı Teleqraf
Aşentliyi) tərəfindən
təqdim olunmuşdur.
SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin
Türkiyə səfəri nəinki sovet mətbuatının,
eləcə də Türkiyə və dünya mətbuatının
böyük diqqət verdiyi məsələlərdən olmuşdur. Türkiyə-Sovet
münasibətləri tarixində ilk dəfə idi ki, Sovet
hökumətinin başçısı Türkiyəyə səfər
edirdi. Təkcə bu faktın özü
bu səfərin nə dərəcədə mühüm
olduğunu ortaya qoyur. O cümlədən,
"Kommunist" qəzetində səfərin hərtərəfli
işıqlandırılmasına diqqət yetirilmişdir.
Xatırladım ki,
bu səfərdən sonra Türkiyədə yeni
bir sənaye erası başlandı.
Türkiyə Respublikasının Baş naziri
Süleyman Dəmirəlin və prezident Cövdet Sunayın
SSRİ-yə səfərləri 60-cı illər Türkiyə-Sovet
əlaqələrini zənginləşdirən faktlardır. "Kommunist"
qəzetində Türkiyə rəhbərlərinin Bakıya
gəlməsi və buradakı qəbulları, sənaye və
təhsil ocaqları ilə tanışlıqları
haqqında məlumatlar ətraflı əksini
tapmışdır. Onların təkcə
bir rəsmi şəxs yox, həm də bir türk
övladı kimi Bakı səfərləri diqqətçəkən
olmuşdur.
"Kommunist"
qəzetinin 1960-80-ci illərdə dərc olunmuş Türkiyə-Sovet
münasibətlərinə həsr olunmuş xəbər və
məqalələrin
xronikasından belə bir
qənaətə gəlmək olur ki, 60-cı illər
Sovet-Türkiyə münasibətlərinin ən məhsuldar
dövrü olmuş, uzun illər Türkiyəyə
qarşı ərazi iddialarında olan bir dövlətlə
münasibətlərin yenidən qurulmasında mühüm
işlər həyata keçirilmişdir. 80-ci illərdə
isə istər ümumittifaq, istərsə də respublikanın mətbuat
orqanlarında Türkiyə haqqında rəsmi xəbərlərlə
yanaşı, dostluq, qardaşlıq ənənələrini əks
etdirən müxtəlif səpkili yazılar da yer
almışdır. Bu yazılarda milli ruh, tarixi
köklərə bağlılıq kimi meyllər
özünü göstərməkdə idi. Hətta bunun qarşısını nə senzura, nə
də heç bir qorxu və qadağa ala bilmişdir. Kommunist rejiminin "ehtiyatlı" və "tədbirli"
davranması özünü göstərsə də,
Türkiyə nümayəndələrinin Bakı səfərlərini
gündəlikdən çıxarmaq da mümkün
olmamışdı. Amma daha az təqdimat və Türkiyə
haqqında neqativ xəbərlərin yayılmasına verilən
önəmin də məqsədi Azərbaycan türklərinin
Türkiyəyə - bu ölkəyə və millətə olan
sevdasını söndürmək idi.
Bu meyl qəzetin təqdim etdiyi materialların sənətkarlıq
xüsusiyyətlərində də özünü göstərmiş,
hətta materialların təqdimatındakı janr yeknəsəkliyi
buradan döğan önəmli fakt olmuşdur. Ümumiyyətlə,
dövlətlərası münasibətlərdə
dostluğun və qarşılıqlı əməkdaşlığın
vurğulandığına baxmayaraq, mətbuatın
yaydığı və müəllifi
SİTA olan xəbərlərdə
ideologiyadan gələn "qısqanclıq", "məqsədəuyğun
təqdimat" kimi meylləri aşkar görməkdəyik. Eləcə də Türkiyənin siyasi gündəmində
olan məsələlərin təqdimatında da
oxuduqlarımız fərqli bir təəssürat yaradır.
Məsələn, qəzetdə 1965-ci il
oktyabrda parlament seçkiləri haqqında, "Ədalət"
partiyasının qələbəsi, Süleyman Dəmrəlin
yeni hökumət qurması haqqında məlumatlar çox
yığcam yer alır. Amma qəzetin eyni sayında Fransada
parlament seçkiləri haqqında məlumatlar ətraflı
yer alsa da, Turkiyə
ilə bağlı xəbərlərdə bu
"səxavəti" görmürük. Yaxud Süleyman Dəmrəlin
SSRİ-yə səfəri ərəfəsində
"İzvestiya" qəzeti Türkiyə müxbiri Azad Şərifovun
Türkiyə Respublikasının Baş naziri ilə
müsahibəsini dərc etmişdi. Müsahibədə
SSRİ ilə dostluqdan, onun tarixindən və gələcək
perspektivlərindən söhbət açılsa da,
müsahibənin "Kommunist" qəzetində dərc edilməsinə
icazə verilməmişdi. Amma Türkiyə
Respublikasının Baş naziri səfərinin mühum bir hissəsini Bakı
üçün ayırmışdır. Hətta 1967-ci ildə
Süleyman Dəmirəl Bakı səfərində məhəbbət
və sevgi ilə söylədiyi "kökləri
müştərək olan kültürümüzün
bir-birimizi tanımaya imkan verdiyini" ifadəsini təkcə
sadə vətəndaşlar yox, həm də Türkiyə və
Azərbaycanın hökumət
adamları coşqu və rəğbətlə
qarşılamışdılar. Ola bilsin ki, məhz 60-cı
illərdə Azərbaycanda yeni bir milli intibahın
başlanmasında bu kimi faktların rolu az
olmamışdır.
Sovet
dövrü Azərbaycan jurnalistika tarixinin öyrənilməsi
məsələləri də unudulmamış,
ayrı-ayrı qəzetlərin, o cümlədən,
"Kommunist" qəzetinin səhifələrində Mir Cəlal,
Nəsir İmanquliyev, Qulu Xəlilov, Famil Mehdi kimi
dövrün məşhur
simalarının məqalələrinə yer ayrılmışdır. Təbii ki, bunlar mətbuatımızın
inkişafında önəmli yer daşısalar da, daha
çox dövrün ideoloji baxışlarının təsirində
olmuşdur. Şübhəsiz ki, bu, nə müəlliflər
üçün, nə də onların yazdıqları
üçün qınaq yeri ola bilər.
Tarixi reallıqlara obyektiv yanaşmanı unudanlara, eləcə
də "Kommunist" qəzetinin az qala bütün kommunist
dövrünün baiskarı kimi təqdim edənlərin
menyusuna Ulu öndərin çox böyük müdrikliklə
söylədiyi bir fikiri təqdim etmək yerinə
düşərdi: "Biz hamımız dövrün, zəmanənin
övladları olduğumuzdan onun stereotiplərindən kənara
çıxa bilmirdik. Çıxmağa imkan da yox idi,
çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola
bilməz. Bu, tariximizin reallığıdır.
O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini,
ədəbiyyatını inkişaf etdirən adamlara indi irad
tutmaq olmaz, bu, günahdır".
Sovet mətbuatının
ənənələrinə diqqət edəndə və rus
jurnalistikasının tarixinə nəzər salanda demokratik dəyərlərin nə
cür qiymətləndirildiyinin hətta Rusiyada ilk çap nəşri
olan "Vedmosti"nin (1702) ilk
sayında görürük. I
Pyotr ilk saydaca qəzetin bir neçə xəbərinin üstünə kağız
yapışdıraraq, qeyd emişdir ki, "xalqa
çatdırmaq olmaz". Məhz bu kimi qadağalar senzor
amilini gündəmə gətirmiş və bolşeviklər
də bu qadağaları fəaliyyətlərinin
əzəli prinsipi kimi qəbul etmiş, inqilabdan 2 gün
sonra qəbul etdikləri müvəqqəti "Mətbuat
haqqında dekret", mətbuat üzərində
senzuranın hakimliyini 70 il bərqərar
etmişdir.
Təbii ki, bu deyilənlər nəinki mətbuatın
yazdıqlarında, eləcə də mətbuat tədqiqatçılarının
təqdimatlarında idoalogiyaya xidmət vasitəsinə
çevrilmişdir. Amma butün bunlarla bərabər, BDU-nun
professoru A.Rüstəmovun izahına əsasən,
"jurnalistika - kütləvi informasiya vasitəsidir,
dördüncü hakimiyyətdir, doğru, həm də yalan
informasiyadır, yaradıcılıqdır, publisistikadır,
cəmiyyətin güzgüsüdür". Azad söz
və demokratiya isə jurnalistikanın əsrlər boyu ən
böyük arzusu kimi maraq doğurmuşdur.
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
Namiq ƏHMƏDOV
525-ci qəzet.- 2020.- 18 iyul.- S.18.