Adı əməllərindən boylanan adam - Aydın Quliyevin 60 yaşına

 

Azərbaycan Jurnalistikasının tanınmış nümayəndələrindən biri, görkəmli ictimai xadim Aydın Quliyevin 60 yaşı tamam olur.

 

Qələmin, sözün müqəddəsliyini həmişə uca tutan, istedadlı insanları yaman gözlərdən qoruyan, sadə, səmimi, xeyirxah, kövrək, aydan arı, sudan duru, ürəyi, qəlbi doğma Vətənlə döyünən Azərbaycan oğlu Aydın Quliyev!

 

Xasiyyəti, xarakteri ilə doğulduğu Naxçıvan torpağına bənzəyən Aydın bəyin bu sözləri onun portret cizgilərini gözlərimiz önündə necə aydınca canlandırır: "Tanıyanlar xarakterimə bələddirlər. Mənim aləmimdə insan daxilən özünü hansısa mərtəbəyə layiq bilirsə, bu ləyaqətli düşüncələrini bütün şəraitlərdə, bütün məqamlarda  hörmətli, izzətli tutmağı bacarmalı onu ayaqlar altına atıb urvatsız etməməlidir. Əgər düşüncələrini həyata keçirmək üçün məmur qapılarında boyun bükdüsə, "mənə onu verin, bunu verin" kimi təmənnalarda bulundusa, həmin anda insanın şərəf ləyaqətinin zədələnmiş olduğunu düşünürəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm... bu yaşda, bu təcrübədə Azərbaycanda yeganə baş redaktoram ki, heç bir fəxri adım yoxdur..."

 

Dövlətimizi, dövlətçiliyimizi öz canı qədər sevən Aydın bəyin ürəyində böyük Heydər Əliyev sevgisi var. Ulu öndər haqqında ilk analitik kitabın müəllifi olduğu üçün bu gün qürur hissi duyur. Heydər Əliyev kimi təmannasız, son nəfəsinədək xalqının, insanlığın, bütövlükdə bəşəriyyətin uğrunda mübarizə aparan böyük insanları öz idealı sayır.

 

Aramızda bir mərtəbəlik məsafə var: "Azərbaycan" nəşriyyatinin altıncı mərtəbəsində yerləşən, baş redaktoru olduğu "Bakı-Xəbər" qəzeti ilə təsisçisi baş redaktoru olduğum "Yada düşdü" jurnalı arasında qəribə bir dostluq, mehribanlıq, simsarlıq körpüsü var.

 

Başçılıq etdiyim Respublika "Xatirə kitabı " redaksiyasının Qarabağ uğrunda şəhid olan igid oğullarımız haqqında nəşr etdirdiyi silsilə kitabların mətnləri öncə Aydın bəyin təşəbbüsü ilə "Bakı-Xəbər"də işıq üzü görüb həmişə.

 

Qəzetlər tarixin birinci qaralama nüsxəsi, həm salnaməsidir. Mətbuatın bu bol vaxtında respublikamızda ən isti, aktual, mötəbər xəbərləri məhz "Bakı-Xəbər"də tapmaq mümkündür,  - desəm, yanılmaram.

 

Rəhmətlik yazıçı Nahid Hacızadə həmişə zarafatla deyərdi: "Bu əfsanəvi Aydın bəy belə orijinal başlıqları hardan tapır görəsən? Qəzeti əlinə alan kimi başlıqlar sənə qəzeti əlindən yerə qoyma, deyir".

 

Hərdən mənə elə gəlir ki, hamıya çətin, ağır kimi gələn qəzetçilik Aydın bəy üçün asan, su içimi kimi bir işdir. Hansısa Amerika yazıçısının sözləridir: "Yaxşı qəzet, nüfuzlu mətbuat millətin öz-özü ilə söhbətidir". Bu fikirlə mən razıyam. Gündəlik ictimai-siyasi həyatımızda baş verənlər üçün birinci ağlımıza gələn fikir bu olur ki, "görəsən, qəzetlər bu barədə yazırlar?"

 

Qəzetçilik  Aydın bəy üçün rənglər, səslər içində uyuyan sehirli bir dünyadır. Hər yazının boyunu, biçimini, yerini, təsir gücünü onun qədər bilən yoxdur. Qələm dostumuz keçdiyi bu şərəfli ömür yolu ilə böyük təcrübəyə, ilahi qüdrətə malikdir.

 

İstər ziyalı insan, istər peşəkar jurnalist, istər görkəmli ictimai xadim, istər siyasi analitik, istərsə nüfuzlu müəllim... hər sahədə o, parlaq simadır.

 

Ancaq onun ən qiymətli sərvəti böyük şəxsiyyət olmasıdır. 60 illik ömründə sarsılmayan, basılmayan, qoltuqlara qısılmayan, mərd-mərdanə kişi ömrü, ziyalı, jurnalist,  ömrü yaşayan görkəmli ictimai xadim Aydın Quliyev ömrünün ən müdrik, ən gözəl çağlarını yaşayır.

 

Əfsanə adam

 

Ad günün mübarək, əfsanə adam,

Açılan bu sabah yubileyindi.

Gəncliyin uzaqdan əl edir sənə,

Günlər yel qanadlı, illər yeyindi.

 

Naxçıvan qüruru hopub ömrünə,

Ruhunda igidlik, mərdlik ətri var.

Ürəyin bir ovuc yurd yaddaşıdır

Nağıla bənzəyir keçdiyin yollar.

 

Bir zülmət gecədə Ay işığıtək

Hər gün əməlindən boylanır adın.

Nəciblik önündə güzgüyə dönən

Mənalı ömrünün gözləri aydın.

 

Alın yazısımı, can yanğısımı

Bu altmış naxışlı ömür-gün yolu?

Köksündə döyünən o geniş ürək

Vətən sevgisiylə doludur, dolu.

 

Səni ucalığa ucaldan qələm

Hər gün gəlib keçir söz işığından.

Ürəyin bir yanar ocağa dönüb

Hamıya pay verir öz işığından.

 

Yaşa, yarat, əziz dost!

 

Dostların, doğmaların, xalqınla xoşbəxt ol!

 

Sən xoşbəxt olmağa layiqsən, əfsanə adam!..

 

Nəzakət Məmmədli

 525-ci qəzet.- 2020.- 21 iyul.- S.12.