Sənsiz

 

 

İyirmi yeddi ildir sənsizliyə dözməyənlər dünyasını dəyişdi, Ağdamım mənim.

 

İyirmi yeddi il fil qulağında yatdıq, qeyrətimiz çatmadı ki, səni düşmən pəncəsindən xilas edək, Ağdamım mənim!

 

İyirmi yeddi il bizə  nağıl danışdılar, inandıq bu nağılbazlara... Bizi bağışla, yox, yox bağışlama, Allaha xoş getməz! Günahkarıq!

 

isə yolçu yolda gərək. Qoynuna gəlmişdim. Qorxa-qorxa, ürkə-ürkə. Nələr gördüyümü dildə demək çətindir, gözünlə görəsən gərək.

 

Uzundərədən keçib Ətyeməzliyə çatdm. Hər tərəf  xarabalıq, kimsəsizlik. Məndən 50-60 metr aralıda üç-dörd erməni dığasını gördüm. Deyib-gülürdülər. Elə bil, mənə acıq verirdilər. Sizdən gizlədim, bədənimə üşütmə gəldi, birdən məni görərlər, yavaşca kolun arxasında oturub gözlədim. Dığalar oradan uzaqlaşan kimi, partladılmış avtovağzalın yanından keçib şəhərin mərkəzinə üz tutdum. Bazara çatdım. Ticarət mərkəzindən əsər-əlamət qalmamışdı. Onunla üzbəüz bazarın girəcəyində mənim sinif yoldaşım Nizaminin univermağı, elə bil, yerli-dibli yox idi. Yerində bir yığın daş topası vardı. Allah Nizamiyə qəni-qəni rəhmət eləsin. Bazardan çıxıb tindəki  aptekin  - Tələt aptekin - qarşısındakı bağa girdim. Bir vaxtlar burada Cahidin çayxanası  vardı. İndi çayxana var, Cahid. 7-ci sinfə kimi oxuduğum 1 nömrəli məktəbə həsrətlə baxdım. Məktəbin divarları güllələrdən deşik-deşikidir. "Çay evi"nin yerində lövhədən başqa heç gözə dəymirdi. Məscidin minarələri pis gündə idi. Divarlar erməni dilində yazılarla doluydu. Mərkəzi  univermaqda girov düşmüş  qadınlar əli silahlı ermənilərin nəzarəti altında maşına nəsə yükləyirdilər. Nəzarətçi eşitməsin deyə ahıl bir qadın yavaşca, dodaqaltı nisgilli-nisgilli bayatı deyirdi:

 

Aşiqəm, oyan, dağlar,

Al qana boyan, dağlar.

Ağdam xarabalıqdır,

Necədir o yan dağlar?!

 

Axşamlar, ay axşamlar,

Şamlar yanar axşamlar.

Yerli evinə gedər,

Qərib harda axşamlar?!

 

Bayatı adamın ürəyini deşirdi. Gərək daş olasan, qaya olasan ki, dözəsən bu mənzərəyə.

 

Üçmərtəbəli mehmanxana  salamatdır. Görünür, düşmənlərimiz buranı özləri üçün istirahət yeri seçiblər. İcra hakimiyyəti binasının yarısı yoxdur. Deyəsən, top gülləsi dağıdıb. Meydanın tən ortasında, Fərhadın külüngünün yerində erməni , fars dilində yazılmış lövhə vurulub dörd istiqamətə ox işarələri çəkilib. Belə başa düşdüm, buraya gələn erməni iranlıları istiqamətlədirmək üçündür bu lövhə. Sosial şəbəkədə oxumuşdum ki, onlar bura evləri talamaq üçün gəlirlər.

 

Özümü verdim bulvara, elə yenicə çinarın altında oturmuşdum, hay-küyə diksindim. Poçtun qarşısında dayanan yük maşınından  əlibağlı 4 nəfər, yanında da silahlı erməni əsgəri düşdü. Əlibağlılar ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar idi. Poçta daxil olanda onlardan biri yıxıldı. Uzundraz erməni öz dilində hay-küy salıb başladı onu təpikləməyə. Zavallı birtəhər ayağa qalxdı. O biri erməninin  Azərbaycan dilində "haralısan?" sualından onun Qarabağ ermənisi olduğunu  hiss etdim. Əsirin çox zəif səslə "Xocalıdanam" cavabını eşitdim. Bədənimə üşütmə gəldi, o günləri xatırladım.

 

Bulvarın o biri başından çıxıb, xarabalığa dönmüş evlərin  arası ilə gedib öz evimizə baş çəkdim. Evimiz Füzuliyə gedən yoldakı körpünün, Yolçunun dükanının yanında, Qobu çayının sahilində idi. O ki var xısın-xısın ağladım, gəncliyimin şahidi olan həyət-baxçaya ürəkağrısı ilə baxdım. Əyilib bir ovuc torpaq götürdüm, hər ehtimala qarşı, dedim bəlkə, lazım oldu, bir gəlmədim.

 

Hansı küçədən, hansı döngədən keçdimsə, erməni dığalarına rast gəlmədim. Demək olar ki, salamat ev qalmayıb. Ya dağılıb, ya yanıb, ya da səliqə-sahmanla sökülüb. taxtapuşlu evlər sanki qeybə çıxıb. Elə bil, heç yerli-dibli olmayıb. Ermənilər Ağdamdan intiqam alıblar, odur ki, burada daşı daş üstə qoymayıblar, elə günə salıblar ki, tanımaq olmur.

 

Yeri gəlmişkən, 2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hirosiması"  adlandırıb. 2010-cu ildə Əl-Cəzirə internet nəşri Ağdamı "ruhlar şəhəri" siyasına daxil edib. Həmin ildə qondarma respublikanın qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.

 

isə,  Füzuli küçəsində diş həkimi Eldar həkimin evində oldum. Mən burada Ağdamın işğalından bir az əvvəl üç günün qonağı olmuşdum. Evin həyət darvazası apalılıb. Evin üstü yoxdur, onu da söküb aparıblar.

Gəlmişkən həyətdəki kəhrizdən doyunca su içdim, dedim bəlkə, dilim-ağzım qurusun, bir yolum düşməz bu  yerlərə. Özüm özümü söyürdüm, görün nələri erməniyə qoyub getmişik. Bəziləri bizi qınayır, deyir qaçmısınız. Yox, biz qaçmamışıq, kişi kimi vuruşmuşuq, 6 mindən çox şəhid vermişik. Ağdamın neçə-neçə Milli Qəhrəmanının heç biri şan-şöhrət üçün vuruşmurdu, onlar müqəddəs vətən  yolunda vuruşurdular. Şəhid olanların qəbirləri nurla dolsun... Ağdamı öz içimizdəkilər güdaza verdi. Allah mərdimazarın evini yıxsın.

 

Abidəyə çatdım. Şəhidlərin qəbirüstü mərmərləri sökülüb aparılıb. Burada uyuyan şəhidlərə Allah rəhmət eləsin, yerləri  behişt olsun. Konserv zavodu, hiss olunur ki, qəsdən dağıdılmayıb, ermənilər onu söküb  aparıblar. "Ozan" restoranının arxasında yeni tikilmiş evlər öz arxitekturasına görə əvvəlkilərdən seçilirdi. İndi hanı o evlər?

 

Magistral yola yaxın ağacların altında tənha qəbir gördüm. Üstündəki kiçik lövhədə əl boyda dəftər kağızında iki bayatı yazılmışdı:

 

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Bu yerdə girov ölmüş,

Göy kişnər, bulud ağlar.

 

Gəmi gəldi, yan gəldi,

İçində bir can gəldi.

Vətən həsrəti çəkdim,

Gözlərimə qan gəldi.  (M.A.)

 

Gözlərinə qan gələn bu zavallı  M.A. görəsən, kimdir? Hər kimdirsə, Azərbaycan övladıdır, Allah rəhmət eləsin.

 

İstədim əzizlərimizin uyuduğu Qarağacı qəbiristanına baş çəkəm. Uzaqdan Çaxır zavodunun yanında bir dəstə ermənini görüb fikrimdən daşındım. Deyəsən, post qurmuşdular. Gözlərim doldu, həsrətlə yollara baxdım. O yollara ki, bir vaxtlar bizi Şuşaya aparardı. İndi  düşmənlərimiz Şuşanı paytaxt edib, əlimiz çatmır ora.

 

Ey Qarağacı qəbiristanında yatanlar! Bağışlayın məni, 27 ildən sonra Ağdama gəldim, sizə baş çəkə bilmədim. Kimdir günahkar? Təkcə türk qanına susamış ermənilərmi, yoxsa Qarabağ camaatını yalan vədlərlə aldadanlar?

 

Qarabağ adını dilə gətirməyən millət vəkillərindən sən umursan? Kimlərəsə xoş getmək üçün bəzi  millət vəkilləri həqiqətin ən böyük düşməni yalana bərli-bəzəkli don geyindirirlər:

 

- Azərbaycan Qarabağı işğaldan azad etsə, işğalçı dövlət adlandırılacaq.

 

- Müharibə çağırışı edənlər ölkəmizi acınacaqlı vəziyyətə sürükləmək istəyirlər.

 

- Lazım gəlsə, 300 il səbr etməliyik.

 

Daha sözüm yoxdur. Bəlkə elə Qarabağın çörəyi, suyu, havası ilə böyümüş, bir loxma çörəyin ucbatından səsini içinə salan, bir dəfə olsun Qarabağı tələb etməyən bizlərik günahkar?

 

Gözəl Ağdamım mənim! Harda qalıb sənin əli silah tutan oğulların?! Gəlin ey unudulmuş Qarabağın cavanları! Beşikdə yad millətin südünü əmmiş, millətimizin ruhundan xəbərsiz olanlar  Qarabağa gün ağlayacaqlar?! Onlar üçün Qarabağ artıq yoxdursa, bizim üçün Qarabağ Azərbaycandır!..

 

Artıq hava qaralır, geriyə qayıtmalıyam.

 

Gəldiyim yolla da geri döndüm. Ətyeməzliyə çatanda bir dönüb geri, Ağdama həsrətlə baxdım. gizlədim, hönkür-hönkür ağladım. Sonda sözüm  ağdamlılaradır. Ey ev-eşiyi dağılmış ağdamlı qardaşlarım!

Bilsəm ki, bu yazını oxuyanda az da olsa gözlərin doldu, o cənnət məkan yadına düşdü, demək, Ağdama olan məhəbbətin ölməyib, hələ yaşayır. Bu da o deməkdir ki, sizin ordunun köməyilə Ağdama qayıdacağıq, bütün Qarabağı düşmən tapdağından xilas edəcəyik.

 

Mütləq qayıdacağıq!..

 

Akif RÜSTƏMOV

525-ci qəzet.- 2020.- 21 iyul.- S.14.