Kino möcüzələri: "mənfi
obraz"lar, parlaq ifaçılar
Aktyorların istedadının, peşəkarlığının
ölçü vahidlərindən biri də
oynadıqları mənfi obrazların səviyyəsidir. Bütün
dünyada mənfi obrazı yaratmağın çətinliyi
hər zaman etiraf olunub. Elə aktyorlar var
ki, tamaşaçılar onlara mənfi rollarına görə
nifrət edib, həyatda da o obrazın şəxsiyyətinə
görə tənqid ediblər. Əlbəttə,
bu da aktyorun ən böyük uğurudur.
Azərbaycan
milli kinosunda da yaratdığı mənfi obrazlarla
tamaşaçının yaddaşında əbədi iz qoyan
sənətkarlarımız az olmayıb. Bu yazıda onların bəzilərindən söz
açacağıq.
Əmir
Teymurdan Qurd Cəbrayıla...
Rejissor Həsən Seyidbəylinin 1973-cü ildə
ekranlaşdırdığı "Nəsimi" filmi milli
kinomuzun ən məşhur filmlərindən biridir. Böyük
Azərbaycan şairi, filosofu, mütəfəkkiri Nəsiminin
həyatından bəhs edən filmdə tarixlə
uyuşmayan məqamlar olsa da, ssenari, rejissor işi, aktyor
oyununun uğurlu vəhdətilə bəzi
tamaşaçılar indiyə qədər filmdəki hadisələri
tarix kimi qəbul edirlər. Əsərin əsas
mənfi obrazlarından türk-islam sərkərdəsi
Əmir Teymuru böyük aktyor Yusif Vəliyev
canlandırıb. Onun nəfəs verdiyi
obraz vahiməsi, dəhşəti, bir xaqana xas mərd
duruşu ilə bu günə kimi yaşayır.
Y.Vəliyevin kinoda canlandırdığı və izləyicilərin
yaddaşında əbədi iz salan ən uğurlu mənfi
obrazlarından biri "Arxadan vurulan zərbə"dəki
Qurd Cəbrayıl roludur. Rejissor Arif Babayev tərəfindən
1977-ci ildə ekranlaşdırılmış dedektiv
janrlı filmdə insan iradəsinin yenilməzliyindən, Vətən
məhəbbətinin hər şeydən üstün
olmasından söhbət açılır.
"Arxadan vurulan zərbə" sovet dövründə
ən populyar filmlərdən biri olub. Görkəmli
yazıçı Elçin Əfəndiyevin "Ox kimi
bıçaq" povesti əsasında çəkilmiş
film indi də böyük maraqla izlənir.
Film real həyat hadisələri əsasında çəkilib. Əsas
obrazlardan olan Qurd Cəbrayılın prototipi Cəbrayıl
Baxşıyev kriminal aləmdə "Paxan Cəbrayıl",
"Çyornı", daha çox tək olmağa
üstünlük verdiyi üçün isə Qurd Cəbrayıl
kimi tanınıb. Başına çox hadisələr
gəlib, dəfələrlə həbsə düşüb,
üst-üstə 70 il həbs cəzası alıb ki, bunun 36
ilini dəmir barmaqlıqlar arxasında keçirib, 4 dəfə
həbsxanadan, 1 dəfə məhkəmə zalından
qaçıb. O, həqiqətən də ailəsilə birgə
6 il Salyanda yaşayıb, bir müddət
gözətçi işləyib, ancaq burda çoxları, hətta
yaxın dostları da onun Qurd Cəbrayıl olduğunu bilməyiblər.
O, bənzər cinayəti törədib. Amma
onun həyatda bıçaqla yaraladığı insan ölməyib.
Özü səkkiz il həbs olunub.
Qurd Cəbrayılın
oğlu Xoşqədəm Quliyev vaxtilə mətbuata
müsahibəsində həyatdakı Cəbrayılla filmdəki
Cəbrayılı belə müqayisə edib: "Filmdəki
Cəbrayıl çox amansızdır. Atam isə ədalətli,
mərd kişi olub. Ona
görə də həm kriminal aləmdə, həm də camaat
arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmir,
kasıblara paylayırdı. Ona görə
də çox vaxt Cəbrayılı ələ vermirdilər".
1900-cü ildə Bakının Maştağa qəsəbəsində
doğulan Cəbrayıl Əlibaxış oğlu
Baxşıyev 1976-cı ildə 76 yaşında
dünyasını dəyişib. Ölümündən bir il sonra isə "Arxadan vurulan zərbə"
filmi ekranlara çıxıb.
Ustad aktyor Yusif Vəliyev bu rolu o qədər təbii,
canlı ifa edir ki, onun bütün daxili aləmi,
düşüncələri, qəddarlığı, hiyləsi
və hikkəsi film boyunca tamaşaçını öz təsiri
altında saxlaya bilir.
Qaloşun
gözləri, kəndxudanın əclaflığı...
Süleyman Rəhimovun "Mehman" povestinin motivləri
əsasında lentə alınmış "Qanun naminə"
filmi 1968-ci ildə ekrana çıxıb. O vaxt hüquq-mühafizə
orqanlarında baş verən özbaşınalıqlar əsərin
baş qəhrəmanı Mehmanın timsalında ifşa
olunur. O, vəzifəsinin qanuniliyi naminə öz həyatını
qurban verir.
Filmin ssenari müəllifi və quruluşçu rejissor
Muxtar Dadaşov, quruluşçu operator Əlihüseyn
Hüseynov, quruluşçu rəssam Cəbrayıl
Əzimovdur.
Kinomuzun
Qaloşlu adamı - İblis simalı obrazın bənzərsiz
ifaçısı ...
"Qanun
naminə"nin əsas mənfi obrazı,
heç şübhəsiz, Qaloşdur. Qurd Cəbrayıl
kimi həqiqi kimliyini gizləyən Qaloş sonradan Mehman tərəfindən
ifşa olunur. Bu mürəkkəb
obrazı aktyor Rza Təhmasib özünəxas ustalıqla
canlandırıb. Onun aktyor məharətini həmin filmdə
birgə rol aldığı Flora Kərimova Mehmanla
Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin
qəfildən sınması və Qaloşun qırıq
şüşədən onları izləməsi səhnəsi
ilə təsvir edir: "O an məni vahimə
basmışdı. İnanın, bir neçə
gün o qorxunun təsirindən çıxa bilmirdim.
Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib,
hər gün salamlaşdığım adam
olduğunu bildiyim halda qorxmuşdum. Məndə
xof yaranmışdı. Rza Təhmasib orada
o qədər real oynayırdı, elə zəhmli
baxışı vardı ki, həqiqətən filmə
çəkildiyimi unutmuşdum. Bu, aktyorun
qüdrətindən irəli gələn bir şey idi,
sözlə ifadə ediləsi deyil".
Yaratdığı kiçik obrazlarla
tamaşaçının yaddaşında əbədi
qalmağı bacarmaq hər aktyora nəsib olmur. Hələ o rol mənfi xarakterdirsə, iş bir az da mürəkkəbləşir.
Amma böyük aktyor Həsən Əbluc
"Qanlı zəmi" filmində yaratdığı kəndxuda
obrazı ilə bu mürəkkəbi asana çevirməyi
bacarmışdı. 1985-ci ildə
rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən
ekranlaşdırılmış filmdə xalq
qisasçısı, əfsanəvi qəhrəman Qaçaq
Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən
söhbət açılır.
Fağır bir kəndlinin arvadına göz dikən kəndxuda
filmdə nə qədər mənfi obraz olsa da, onunla
bağlı hissə Nəbinin
ideallaşdırılmasının qarşısını
alır. Onun kəndxudaya məhkəmə qurması,
bığını kəsməklə təhqir etməsi nəticədə
onun özünü öldürməsi ilə
yekunlaşır. Bu səhnəni Həsən
Əbluc elə böyük psixoloji gərginliklə, sonsuz qəzəblə
canlandırır ki, o ana qədər kəndxudaya nifrət edən
tamaşaçı onun mənfi qəhrəman
olub-olmadığını yenidən düşünmək məcburiyyətində
qalır. Hətta təhqirə dözə bilməyən
kəndxudanın intiharı zamanı ekranda görünən
Nəbinin baxışlarında belə təəccüb də
vardı, təəssüf də, peşmanlıq da, öz
davranışına qarşı yönəlmiş sual da...
Mənfi
rolların müsbət qəhrəmanı
Azərbaycan kino tarixində daha çox
yaratdığı mənfi obrazlarla
tamaşaçının yaddaşında qalan aktyorlardan biri
Məlik Dadaşovdur. Yəqin ki, azərbaycanlı tamaşaçı bu
adı eşidən kimi ilk növbədə Qəmlonu
("Axırıncı aşırım"), "Şeyx Nəsrullahı
("Ölülər), Molla Sadığı ("Dəli
Kür"), erməni Aram Xaçaturyanı xatırlayacaq. M.Dadaşov yaratdığı bu mənfi qəhrəmanların
hamısının adını Azərbaycan kino tarixinə
qızıl hərflərlə yazıb. Maraqlıdır
ki, bu obrazların hər birinə görə aktyor həyatda
müxtəlif təzyiqlərə, hədələrə də
məruz qalıb.
Bir vaxtlar müəllimi Adil İsgəndərov
"Axırıncı aşırım" filmində Kərbəlayi
roluna görə ona verilən mükafatdan imtina edərək
"Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu
yaratdığına görə" demişdi.
Qızı
Gülarə xanımın dediyinə görə, M.Dadaşov
yaradıcılığı boyu iki obrazı oynamaq istəməyib:
Şeyx Nəsrullahı və erməni rolunu: "Şeyx Nəsrullahı
ona görə istəmirdi ki, özü axır vaxtlar namaz
qılırdı. Deyirdi, mən Allaha ibadət
eləyirəm, amma "Ölülər"də Allaha
qarşı çıxıram. "Fəryad"
filmində isə düşmən obrazı yaratmalı idi.
Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı
atama, deyirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı,
yaratdı o obrazı. Əslində, bu
tipaj sovet dövründə general Baqramyan olub, onun obrazı
idi. O da keçəl idi. Atamın da
saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər
çalışırdısa, alınmırdı. Bilirsiniz, çox çətin rol idi. Düşmən obrazını yaratmaq, özü də
beləsini. Yadımdadır ki, çox əsəbiləşirdi,
narahat olurdu. Amma oynadı o rolu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda
milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış elədi və
imtina elədi o addan".
Vətənpərvər aktyor belə bir adı heç
vaxt özünə yaraşdırmadığını və
məhz bu cür şeylərə görə rolu oynamaq istəmədiyini
deyib.
Aktyor vəzifəsinin öhdəsindən o qədər
böyük uğurla gəlmişdi ki, illər sonra belə
onunla yolda-izdə qarşılaşan tamaşaçılar
onu erməni bilib təhqir edirdilər. Belə hadisələrdən
biri el arasında "Malakan" bağı kimi tanınan yerdə
olmuşdu. Onu görən qadın qəfildən "ay
camaat, bu adam ermənidir" - deyə
qışqırır. Səsə gənc əsgər
yaxınlaşır. Görünür,
yaşının azlığından aktyoru tanımır və
sənəd tələb edir. Qadın isə: "Mən
onu televizorda görmüşəm, o, hərbçi ermənidir"
- deyə təkid edir. Axırda aktyor əsgərə deyir:
"Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən.
Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını
yaratdığım üçün qadın məni
qarışıq salıb".
Filmin premyerasında da tamaşaçılardan bəziləri
qulağı eşidə-eşidə Məlik Dadaşovu
söyürmüşlər. Sanki onlarla eyni zalda
oturan həqiqətən də erməni hərbçisi idi.
Hətta aktyorun qızı Gülnarə də
filmə ilk dəfə baxandan sonra "ata, çox əclaf
bir obraz yaratmısan" -deyir. Aktyor isə
"Sən də nifrət etmisənsə atana, demək obraz
yaxşı alınıb" cavabını verib.
30
yaşında qoca...
1970-ci ildə
Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş
"Yeddi oğul istərəm" filminə yəqin ki,
baxmayan tapılmaz. Tofiq Tağızadənin
quruluşçu rejissor, Yusif Səmədoğlunun isə
ssenari müəllifi olduğu film romantik ruhlu
komsomolçuların ideologiya uğrunda heç nədən
çəkinməyərək apardıqları mübarizədən
bəhs edir.
Dövrün tələbinə görə mənfi obraz
kimi qələmə verilən Gəray bəy isə kinoya
öz möhürünü vuran iki obrazdan biridir. Peşəkar
aktyor Həsənağa Turabov bu rolu cəmi 30 yaşı
olarkən canlandırıb. Hətta o qədər
təbii canlandırıb ki, həyatda hər kəs ona Gəray
bəy, qızı Sevincə isə Humay deyə xitab
edirmişlər. Əslində, Gəray bəy mərd,
qürurlu, sözündən dönməyən bir kişi idi. Amma
apardığı mübarizə onu mənfi qəhrəman
durumuna salmışdı.
Mehdi Məmmədovun tələbəsi olan aktyor diplom
tamaşasında Hacı Qaranı oynayır. Adil İskəndərov
onu ilk dəfə o rolda görür. "Yeddi
oğul istərəm" filminin çəkilişində Gəray
bəy roluna xeyli aktyor dəvət olunsa da, heç biri təsdiq
olunmur. A.İskəndərov sonda onu da
sınamaq istəyir. Cəmi 30 yaşı
olan H.Turabovu qrimləyib sınağa gətirəndə hər
kəs deyir ki, Gəray bəy elə bu oğlandır. Beləliklə, 30 yaşlı oğlan 60
yaşlı kişini canlandırır.
Bu rol aktyorun özünün də ən çox sevdiyi
rolu olub. Filmdə aktyor roluna bəzi improvizələr də
edir. Məsələn, Cəlalı, əslində, Kələntər
dayı vurmalı imiş. Amma aktyor
dözmür və özü güllə ilə vurur. Sonda da ssenariyə görə Gəray bəyi Bəxtiyar
öldürməliydi. Amma H.Turabov deyir ki,
bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha
yaxşı alınar. Çəkiliş heyəti
aktyorla razılaşır.
Milli kino tariximizdə bu cür adını
kinematoqrafiyamıza silinməz hərflərlə
yazdırmış obrazlar və onların ölməz
aktyorları çoxdur. Sənətkarı yaşadan da məhz
bu cür böyük işləridir.
Şahanə
MÜŞFİQ
525- ci qəzet.- 2020.-
21 iyul.- S.15