Milli Kitabxananın
Arxiv fondu mətbuatımızın ilk
nümunələrinin orijinal
nüsxələri ilə
zənginləşmişdir
Milli mətbuat
günü ərəfəsində
Milli Kitabxananın Arxiv fondu "Əkinçi”, "İqbal”,
"Açıq söz”,
"Həyat”,”İqdam”
və digər ilk dövri mətbuat nümunələrimizin
orijinal nüsxələri
ilə zənginləşmişdir.
Bu günlərdə Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyi ilə Milli Kitabxananın ötən ildən həyata keçirməyə
başladığı birgə
layihə çərçivəsində
XIX əsrdə və
XX əsrin əvvəllərində
Azərbaycanda nəşr
olunan milli mətbuatımızın ilk
nümunələrindən olan "Əkinçi”,
"İqbal”, "Açıq
söz”, "Həyat”,
"İqdam”, "Yeni
İqbal”, "Yeni İqdam” və digər ilk dövri mətbuat nəşrlərimizin orijinal
nüsxələrinin tam
komplektləri Milli Kitabxanamızın Arxiv fonduna daxil olmuşdur.
Uzun müddət Milli
Kitabxana bu qəzetlərin Sankt-Peterburq,
Moskva, Daşkənd, Aşqabad və digər şəhərlərdəki
kitabxanalardan topladığı
foto və ksero surətlərini oxucularına təqdim edirdi və həmin qəzetlər əski əlifba (ərəb əlifbası)
ilə çap olunduğundan onların surətlərində hərflərin
üzərində və altında
qoyulan nöqtələr
və digər işarələr yaxşı
oxunmadığına görə
bir sıra çətinliklər yaranırdı.
Artıq bu çətinliklər arxada
qalmışdır və
Milli Kitabxana əksər ilk milli mətbuat orqanlarımızın orijinal
nüsxələrini öz
oxucularına çatdırmaq imkanı əldə etmişdir. Hazırda həmin nəşrlərin rəqəmsallaşdırılması
prosesinə hazırlıqlar
görülür və
tezliklə onların elektron nüsxələri
də kitabxanamızın
saytı vasitəsilə
oxucularımıza təqdim
olunacaqdır.
Məlumat üçün bildirirəm ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Milli-Mənəvi
sərvətlərimizin Vətənə
qayıdışı” layihəsi
çərçivəsində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin dünya milli kitabxanalarında mühafizə olunan 31 nadir əlyazmasının, Nizami Gəncəvinin Azərbaycan
elminə məlum olmayan "Xəmsə” nüsxəsinin və Məhəmməd Füzulinin
"Divanı”nın rəqəmsal
nüsxələrinin Milli
Kitabxanamıza gətirilməsi
təmin olunmuşdur.
Fürsətdən istifadə edərək bu işdə bizə göstərdiyi dəstəyə görə
Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya kitabxanamızın
oxucuları və kollektivi adından təşəkkürümüzü bildirirəm.
Kərim TAHİROV,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi, professor
525- si qəzet.- 2020.-
22 iyul.- S.3