Səttar Bəhlulzadə: Kəpəzin
göz yaşları
"Mən ilham və natura ardınca Qogen kimi baş
götürüb Taiti adasına getmirəm və bunu
başqalarına da məsləhət görməzdim. Çünki
doğma xalqın həyatı, Vətən torpağı əsl
ilham mənbəyidir" deyirdi Səttar Bəhlulzadə.
Vətən torpağı, yurd sevgisi onun İlham mənbəyi
idi. Bu sevgini təcəssüm etdirən əsərlərindən
biri, bəlkə də, birincisi "Kəpəzin göz
yaşları" əsəridir. Bu əsər
haqqında sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ziyadxan Əliyevlə söhbətimizi təqdim edirik.
Kim idi Səttar Bəhlulzadə?
... Elə sənətkarlar var ki,
sağlığında ölməzlik hüququ qazanır,
öləndən sonra yaşamaq hüququ. Başqa
sözlə desək, öz yaradıcılığı,
insanlığı, millətinə xidməti, gözəl nəcib işləri
və vətəndaşlığı ilə xalqının ümumi məhəbbətini
əldə edir. Səttar Bəhlulzadə (1909-1973)
belə xoşbəxt sənətkarlardan biri idi.
Səttar Bəhlulzadə bir qərinəlik
yaradıcılığı ilə yurdumuzun əsrarəngiz
təbiətinə olan Məcnun məhəbbətini həm
özümüzə, həm də bütün dünyaya
göstərə bildi. Onun doğma Abşeronla yanaşı,
Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Gəncəyə,
Lənkərana, eləcə də yurdumuzun digər dilbər
guşələrinə davamlı yaradıcılıq səfərlərindən
sonra özündə Azərbaycan torpağının bənzərsiz
gözəlliyini əks etdirən sayagəlməz əsərləri
yarandı. "Qudyalçay vadisi", "Qızbənövşəyə
gedən yol", "Doğma düzənlər",
"Cıdır düzü", "Muğanda bahar",
"Dədəgünəş", "Qədim
Şamaxı", "Naxçıvan dağları",
"Abşeronun tacı" tabloları həmin səfərlərin
nəticəsində gerçəkləşən sənət
inciləridir... Səttar Bəhlulzadə
adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz
yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına
əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləyib.
Onun hələ
sağlığında "Aramızda gəzən dahi"
adlandırılması, "Sənətin Məcnunu"
ayaması ilə əbədiyyətə qovuşması
heç şübhəsiz, onun doğma torpağın zəngin
tarixinə və əsrarəngiz təbiətinə sonsuz məhəbbətinin,
eləcə də bütün bunlara onu əhatələyənlərin
münasibətinin, dəyərləndirməsinin nəticəsi
idi. YUNESKO kimi mötəbər bir beynəlxalq qurumun qərarı
ilə 2009-cu ilin "Səttar Bəhlulzadə ili" elan
olunması onun sayagəlməz bədii irsinin dünya mədəniyyəti
üçün duyulası önəm kəsb etməsinin
göstəricisidir...
Əsərin
yaranma tarixçəsi
Səttar Bəhlulzadənin ən böyük xidmətlərindən
biri də onun mənzərə janrını əhəmiyyətli
bədii-estetik sərvətə çevirə bilməsidir. Heç
şübhəsiz, bunu şərtləndirən
başlıca səbəb onun mənzərənin məna-məzmun
yükünə gözəllik qaynağı olmaqdan əlavə,
tamaşaçını düşündürə biləcək,
onunla dialoq qurmaq gücünə malik olan "sirr
qatı" əlavə etməsidir. Təbii
ki, o, buna mənzərə janrında davamlı
axtarışlar aparması nəticəsində nail
olmuşdu. Onun başlanğıcı
ötən əsrin qırxıncı-əllinci illərinə
təsadüf edən mənzərə yaradıcılığnda
təbiət motivləri realist-gerçəkçi tutumlu
olmaqla, daha çox yurdumuzun gözəlliyinin
inandırıcı bədiiləşdirilməsi vəzifəsini
daşıyır. Sonrakı illərdə,
daha dəqiq desək, altmışıncı-yetmişinci illərdə
isə onun mənzərəyə münasibəti əsaslı
şəkildə dəyişir. Bunu əsərlərin
rəng qatının daha geniş bədii ümumiləşdirmələrlə
işlənməsi ilə yanaşı, kətan üzərində
gerçəkləşən mənzərələrin
obrazlı görkəm alması və bir çox hallarda
düşündürücü məna-məzmun yükü
daşıması da təsdiqləyir. Səttar Bəhlulzadənin
təbiət motivlərinə bu vaxta rast gəlinməyən
bədii münasibəti Azərbaycan rəssamlığında
"fəlsəfi mənzərə"nin
yaranmasını şərtləndirir.
Altmışıncı illərdə rəssamın -
Göygöldə olması ona çox qısa müddətdə
bir-birindən maraqlı əsərlər yaratmağa imkan
verib. Onların arasında 1965-ci ildə yaradılan "Kəpəzin
göz yaşları" əsəri bədii həllinə və
məna-məzmun tutumuna görə başqalarından fərqlənir.
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində
nümayiş olunan mənzərənin maraqlı yaranma
tarixçəsi var...
1962-ci ildə sənət dostları Tahir Salahov və
Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam
Göygölə - onun tacı sayılan möhtəşəm
Kəpəz dağına baş çəkmədən şəhərə
getməyi özünə bağışlaya bilməyəcəyini
söyləyir. Bakıya tələsən dostlarını yola gətirdikdən
sonra birlikdə Göygölə tərəf qalxırlar...
Payızın sonları idi. Həmin gün sanki təbiət
Səttarın etibarına qarşı
çıxmışdı. Bir göz
qırpımında buraların ab-havası dəyişmiş,
Kəpəzin zirvəsini qatı duman
bürümüşdü. Bu dumanın, çənin
içərisində az-çox meşəni, bir az da suyu görmək mümkün idi. Səttarın çöhrəsi bulud kimi tutulur,
yediyini-içdiyini bilmir. Elə siqareti
siqaretə calayır. İki
ayağını bir başmağa dirəyir ki, Kəpəzi
görmədən Bakıya gedən deyiləm. Onun xasiyyətini yaxşı bilən Toğrul da,
Tahir də "təslim" olub, hadisənin gedişini izləməyə
üstünlük verirlər. Yalnız... iki gündən
sonra, sübh çağı Səttarın təşvişi
və həyəcan dolu səsi otağın sakitliyini pozur:
"Kəpəz! Kəpəz!" Doğrudan
da, bulud tamam çəkilmiş, Kəpəz bütün
gözəlliyi ilə göz önündə durmuşdu.
Dağın döşü boyunca
yayılmış meşənin qızılı rəngi
gölün ayna sularında əks olunurdu. Sözlə ifadə olunmayan cazibədar bir mənzərə
yaranmışdı. Səttarın
üzü gülürdü. Dostları da
istər-istəməz onun səsinə qalxıb bu gözəl
mənzərəyə doyunca tamaşa edirlər. Bakıya qayıtdıqdan sonra rəssam gördükləri
və çəkdiyi etüd əsasında "Kəpəzin
göz yaşları" əsərini yaradır. Bu mənzərə,
əslində, rəssamın müşahidəsi ilə heyrətinin
fəlsəfi qayəyə köklənmiş nəticəsi
idi...
Gölü gördüyü payız günü Səttarı
səmanın maviliyi, dağların möhtəşəmliyi,
meşələrin bərəkət rəngi sevindirsə də,
diqqətini ən çox cəlb edən, onu riqqətə gətirən
həm də təbiətin bu dəlisovluğundan sonra Kəpəzin
zirvəsi yanında axşamdan qalan ay olmuşdu. Bir tərəfdən
günəş çıxmasına baxmayaraq, gecədən
qalmış ay hələ də dağın zirvəsinə,
suyun sinəsinə öz nurunu, işığını səpələməkdə
idi. Bu anda belə bir qeyri-adi sükutu pozan
yalnız göz yaşlarıdır. Kəpəz
ağlayır. Tamaşaçı bunu
sevinc yaşları kimi də qəbul edə bilər. Bəlkə də Kəpəz belə bir
ağlasığmaz gözəllik yaratdığına
görə sevinirdi. Bu sevinc yaşlarını isə Səttar
böyük həssaslıqla duymuş və mənalandıra
bilmişdi... Bütünlükdə isə "Kəpəzin
göz yaşları" tablosu təsviri sənətimizin
heç vaxt yaddan çıxmayacaq səhifəsi, onun mənzərə
janrını özünəməxsus və yeni bədii məziyyətlərlə
zənginləşdirən və Vətənin bu
qürurdoğurucu guşəsi haqqında sevincli-kədərli
həqiqətdir desək, yanılmarıq...
Bizcə, indiki halda göl gözəlliyinin yarada biləcəyi
bu sevinc həm də çoxqatlı kədər
üstündən "boylanır". Əsərdə
Göygöl də, ona dayaq duran Kəpəz də rəssam təqdimatında
həm də bu yerlərin uzaq-yaxın tarixini özündə
hifz edən yaddaş rəmzidirlər. Rəssam təfsirində
mövcud olduqları çox təzadlı zaman kəsiyində
bu mahalın ağrılı-acılı anlarına
şahidlik edən, Yelizavetopollaşan, Kirovabadlaşan, Cavad
xan igidliyini və faciəsini görən, müstəqilliyimizin
ilk paytaxtının yaşantılarını müşahidə
edən qədim Gəncəyə dağın da, gölün
də unutqanlıq nümayiş etdirməsi
mümkünsüzdür. Ona görə fəlsəfi qayəli
Səttar fırçası Göygölü və Kəpəzi
təkcə gözəllik daşıyıcısı kimi
yox, həm də qürur və yaddaş mücəssəməsi
kimi təqdim edir...
Rəssamın "Kəpəzin göz
yaşları" əsəri üzərində
düşüncələrimizi bir az da genişləndirsək,
deməliyik ki, rəssam onu bir çoxları kimi sadəcə
olaraq, "Göygöl" də adlandıra bilərdi. Amma
göründüyü kimi, bunu etməyib. Etsəydi, yəqin
ki, Səttar olmazdı. Odur ki, Kəpəzi əsərində
"ağladan" rəssam təkcə onun
yaratdığı gözəlliyə münasibət bildirməyib.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu ecazkar
görüntüsü də, onu
tamaşaçısını suallar burulğanına salan əsərin
çoxqatlı adı da əslində, motivin təzadlı
yaşantılardan qaynaqlandığının,
düşündürücü fəlsəfi yük
daşımasının ifadəsidir.
Ümumiyyətlə, Səttarın
Vətən sevgisindən qaynaqlanan əsərlərinə məqsədli
adqoyma münasibəti vardı. O, buna böyük əhəmiyyət
verirdi desək, yanılmarıq. 1973-cü ildə Moskva sərgisində
"Gəncə gölü" (1972) və "Gəncə
çinarları" (1973) əsərlərinin
adlarının "müasirləşdirilməsinə" çalışan sovet ideoloqlarına qəti
etiraz edən rəssam onların tamaşaçılara öz
adı ilə təqdim olunmasına həm öz
inadkarlığı, həm də zamanında yerli respublika rəhbərinin
onun mövqeyini dəstəkləməsi ilə nail ola
bilmişdi.
Əlavə edək ki, bu ecazkar tablonun
yaranmasına digər amillərin, o cümlədən, rəssamın
göl barəsində bilgilərinin, əqidə dostları
ilə apardığı söhbətlərin də təsiri
olmuşdu. Odur ki, o, əsərin son görüntüsünə
qədər karandaş və mürəkkəblə "Kəpəzin
göz yaşları"nın onlarla eskizini və
yağlı boya ilə nisbətən kiçik
ölçülü variantlarını da işləmişdi.
Səttar Bəhlulzadənin bir qərinəlik
yaradıcılığı ilə mənzərə
janrının bədii-estetik mahiyyətini duyulası dərəcədə
tutumlu etməsi, başqa sözlə desək, mənzərənin
cəlbediciliyi ilə yanaşı, həm
düşündürücülüyünə nail
olması, heç şübhəsiz, onun milli təsviri
sənətimizin inkişafına verdiyi əvəzsiz
yaradıcılıq töhfəsi sayılmalıdır.
Aytac Sahəd
525-ci qəzet.- 2020.-
22 iyul.- S.20.