İgid əsgər, möhkəm dayan!.

 

 

 

ŞAHİN MUSAOĞLU: "HƏR BİR ORDUNUN ZƏFƏRİNİN ARXASINDA ONUN AYDINLARININ, ZİYALILARININ SÖZ QƏLƏBƏSİ, İDEOLOJİ MÜHARİBƏ QƏLƏBƏSİ DAYANIR"

 

 

 

Budəfəki müsahibim ötən əsrin 90-cı illərində, vətənimizin başında qara buludlar dolaşan bir vaxtda vətənpərvərlik türküləri ilə insanları mərdliyə, şücaətə səsləyən Şahin Musaoğludur. O, hələ də dillərdən düşməyən, insanın vətənpərvərlik ruhunu oyadan, onun vətən sevgisini alovlandıran, "İgid əsgər, möhkəm dayan", "Cənab leytenant" kimi bir çox mahnıların yazarı, bəstəkarıdır.

 

İxtisasca həkim olan Ş.Musaoğlu, bir tərəfdən əsgərlərin yaralarını sağaldır, digər tərəfdən də mahnıları ilə onların ruhunu qidalandırır, mənəvi güc verirdi. Bəli, bu mahnıların insan ruhuna xitab edən qəribə bir sehri var. Çox maraqlıdır ki, bu mahnılar illər keçsə də, hər melodiyasında, hər sözündə öz sehirli gücünü hələ də qoruyur.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu ilə müsahibəmizi sizə təqdim edirik.

 

- Şahin bəy, Azərbaycan sizi savaş türküləri yazan adam kimi tanıyır. Amma siz həm də həkimsiniz. Həm müharibəyə səsləyən mahnılar bəstələmək, həm də həkim olmaq. Bu qədər fərqli iki baxış bucağı bir zehində, bir bədəndə necə yuva qurdu?

 

- Bəli, mən həkiməm. Həkimlik mənim ana sənətimdir, ali sənətimdir. Bu sənət bizdə irsidir: anam, dayım, xalam, babam da həkim olublar. İndi iki oğul böyüdürəm və onlardan da biri artıq bu sənəti seçib. O, həkim olmaq istəyir və mən də onun seçiminə öz dəstəyimi verəcəyəm. Mənim hərbiyə gəlməyim isə həkim kimi fəaliyyətə başladığım ilk illərə təsadüf etdi.

 

1987-ci ildə Nəriman Nərimanov adına Tibb Universitetini bitirib işləməyə başladım. Elə bir-iki il idi ki həkim kimi fəaliyyət göstərirdim, Qarabağ hadisələri başladı. Bir də gözümü açdım ki, bu hadisələrin mərkəzindəyəm, artıq orduya yazılmışam. Gənc və dəliqanlı vaxtlarım idi. O vaxt bir həkim olaraq ordumuza xidmət etmək üçün mülki həkimliyi hərbi həkimliyə dəyişdim. Beləcə bir müddət Müdafiə Nazirliyinin Tibb İdarəsinin əməkdaşı oldum, tibb xidməti zabiti olaraq fəaliyyətə başladım. Sonra Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının və HET idarəsinin əməkdaşı oldum. Tez-tez cəbhə bölgələrinə gedir, əsgərlərimizlə səngərdə döyüşqabağı, döyüşdən sonra görüşlər keçirirdim. Orda, ilk növbədə ilkin tibbi yardım göstərir, əsgər və zabitlərimizdən tibbə aid omüsahibələr də götürürdüm. Beləcə, bütün bunlar mənim əsgər həyatını və bütün bu situasiyaları qələmə alan mahnıları yazmağıma səbəb oldu.

 

Elə bilirəm ki, həkimliklə hərbçi sənətini bağlayan bir ana xətt var. Bu da elə hər iki sahədə çalışanların savaşçı olmasıdır. Həkimlik xəstəliklərlə, hərbçilər də düşmənlə savaşır. Mənim kimi hazırda hərbidə nə qədər həkimlərimiz var. Mən də sözsüz ki, həmin vaxtlarda, gənc yaşlarımda bu məsələlərdən geri qala bilməzdim.

 

- Vətənpərvərlik mövzusunda ilk bəstənizi yazmağınızı necə xatırlayırsınız?  O illərdə nələr yaşadığınız, nələr hiss etdiyinizdən bir az bəhs edə bilərsinizmi?

 

-  Mən bu böyük musiqi dünyasına "İgid əsgər, möhkəm dayan!" mahnısıyla gəldim. Mənim konservatoriya təhsilim yoxdur. Orta məktəbdə valideynlərim məni tar sinfinə qoymuşdular. O vaxt kəndimizdə kiçik bir mədəniyyət evi vardı, həmin mədəniyyət evində tar sinfinə gedir, Azərbaycanın muğamlarını öyrənirdim. Mən musiqiçi də ola bilərdim, amma daxilimdəki həkim olmaq istəyi daha güclü idi. Tarı isə sonradan, tələbəlik illərində gitara əvəz etdi. O vaxtlar gənclik enerjisi ilə həm gitarada ifa edib, həm oxuduğum qayğısız günlər idi.

 

"İgid əsgər, möhkəm dayan!" mahnısının sözlərini isə mahnıdan çox əvvəl yazmışdım. İlk batalyonumuz, Birinci Batalyon Şəhidlər Xiyabanında and içib cəbhə bölgəsinə gedirdi. O zaman mən orduda deyildim, amma yaxın bir dostum həmin andiçmə mərasimində iştirak edib cəbhə bölgəsinə yollanırdı. Mən də onu ötürməyə getmişdim. Həmin hisslərin təsiri ilə əvvəlcə şeiri yazdım. Mahnı isə bundan ilyarım sonra ərsəyə gəldi. Bu mahnının ərsəyə gəlməsində yaxın dostum, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev böyük rol oynadı. O, bu mahnını çox bəyəndi və Şəmistan Əlizamanlının ifasında səslənməsini istədi. Amma o, sağlığında bu mahnının studio variantını eşitmədi. Şəhid olduqdan sonra onun qırx mərasimində Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının o vaxtkı rəhbəri, rəhmətlik Seyidağa Mövsümlünün təşkilatçılığı ilə Yusif Mirzəyevə həsr olunmuş "Vətən sənə oğul dedi" sənədli film çəkildi. Həmin filmin sonunda biz bu mahnının studio variantını səsləndirdik. Nə ifaçının, nə bəstəkarın, nə də sözlərin yazarının adı çəkilmədən, sadəcə olaraq biz filmə bu mahnını yerləşdirdik. Hər şey də bundan başladı.

 

Bir də gördük ki, o dönəm Azərbaycan Televiziyasının bütün redaksiyaları  bizimlə müsahibə etmək istəyir. Mahnı çox populyar olmuşdu. Bu bizə bir məsuliyyət verdi. Düşündük ki, bu mahnını yazmaqla ictimaiyyətin ürəyinə yol tapa bilmişiksə, yaradıcılıq fəaliyyətini davam etdirək. Beləcə, "Çağırır vətən",  hərbçi tibb işçilərinə həsr olunmuş "Ağ ümid" , "Birinci batalyon", "Əsgər, vətən əmanəti", "Səma şahinləri",  sonra hazırda da populyar olan "Cənab leytenant" mahnılarını yazdım.

 

Fəxr edirəm ki, mənim əsərlərim, 30 ilə yaxındır yazılan bu mahnılar hələ də sevilir. İnsanlarımızın bu mahnıları hələ də sevə-sevə oxuduğunu görmək məni qürurlandırır.

 

Əsgərlərlə görüşə gedəndə bəziləri mənə "Cənab leytenant" mahnısından sonra leytenantlıq peşəsini seçib, zabit olmaq istədiklərini, deyirlər. Bu, adamın üstünə həm də böyük məsuliyyət qoyur. Anlayıram ki, mənim mahnılarım bir insanın həyatının dəyişməsinə səbəb olub, ona yön verib. Bu isə mənim həyatımın məsuliyyətini daha da artırır. Buna görə, elə bilirəm ki, mənim hərbiyə gəlməyim, bir həkim, bir bəstəkar kimi Allahın mənə lütfüdür.

 

- Gənclərimizin bir öncəki nəsil qədər vətənpərvər olmamasından narahatçılıq zaman-zaman dilə gətirilirdi. Amma bu günlərdə bir daha anladıq ki, biz gənciylə, yaşlısıyla, qadınıyla, uşağıyla hamımız vətənimiz üçün birləşməyə hazır, vətənimiz uğrunda döyüşə getməyə həvəsliyik. Siz necə düşünürsüz, xalqın bugünkü milli iradəsi, vətənpərvərlik ruhu 90-cı illərdən fərqlənirmi? Fərqlənirsə, nə ilə fərqlənir?

 

- Azərbaycanda çox güclü vətənpərvərlik ruhunda böyüyən gənclərimiz var. Biz son hadisələrdə də bunun şahidi olduq. Sadəcə, onlar üzərlərinə düşən iki əsas ana qayəni unutmamalıdırlar: Biz müharibə şəraitində yaşayan və torpağı işğal altında olan ölkənin vətəndaşlarıyıq. Bizim bir milyondan artıq soydaşımız qaçqındır. Bunun üçün biz düşmənə qalib gəlmək üçün birinci özümüzü, sonra düşmənimizi tanımalıyıq. Mənə elə gəlir ki, bizim bugünkü problemimiz məhz bundadır. Biz ya özümüzü, ya, da düşmənimizi tanıya bilməmişik. Biz özümüzü tanısaq, amma düşmənimizi tanımasaq, məğlub olacağıq. Özümüzü tanımasaq, düşmənimizi tanısaq, yenə məğlub olacağıq. Biz bu problemi həll etmək üçün ilk növbədə özümüzü, sonra düşmənimizi yaxından tanımalıyıq.

 

Özümüzü tanımağımız, milli mənlik şüurunu özümüzdə formalaşdırmaqdan ibarətdir. Bəs, bu nədir? Bu, yalnız və yalnız öz ata-baba yurduna sahiblənmək duyğusudur. Bu, öz adət-ənənələrini qoruyub-saxlayıb inkişaf etdirmək, nəsildən-nəsilə, qürurla, şərəflə ötürmək duyğusudur.  Bu, sənin milli kimliyin, milli varlığın, eyni zamada ölkənin tarixini, onun coğrafiyasını dərindən bilməkdir. Əxlaqın, mədəniyyətin, vicdanın kateqoriyalarını bilməkdir. Müharibə vətənpərvərlikdən ibarət deyil. Torpaq dərdi təkcə vətənpərvərliyi təbliğ etməkdən ibarət deyil. Müharibənin sosial-siyasi tərəfləri də var. İstənilən qələbəni sözsüz ki, ordunun sayəsində əldə etmək olar. Amma ordudan əvvəl biz mədəniyyətin, sözün, sənətin bayrağını Şuşada, Qarabağda sancmalıyıq ki, sonra bizim ordumuz gedib o qələbəni təmin etsin. Hər bir ordunun zəfərinin arxasında onun aydınlarının, ziyalılarının söz qələbəsi ideoloji müharibə qələbəsi dayanır. Dünyada əbədi olan heç nə yoxdur, bütün müharibələrin sonu var. Qarabağ müharibəsinin də sonu olacaq. Amma ayaqda duran, var olan, inkişaf etməkdə olan dövlətin bir müharibəsi var ki, o əbədidir. O da ideoloji müharibədir. Siz jurnalistlər, biz yazıçılar, bəstəkarlar bu müharibənin önündəyik. Bizim dövlətimiz nə qədər ki ayaqdadır, nə qədər ki yaşayır, bizim müharibəmiz də davam edəcək.

 

- Şahin bəy, "Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" layihəmiz çərçivəsində müsahiblərimə ünvanladığım bu sualın cavabını sizdən də almaq istəyirəm. Gənclərin milli ruhda yetişməsi, həqiqi vətən sevgisiylə böyüməsi üçün bu gün cəmiyyətimizdə ən çox nəyə ehtiyac var? Ümumiyyətlə, bu baxımdan ən çox nələrdə boşluq hiss edirsiz?

 

- Ümumən onu deyə bilərəm ki, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, heç şübhəsi doğma torpağa bağlılığıdır. Milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan insan əsl vətəndaş və vətənpərvər olmaq iqtidarında deyil. Öz xalqının dilini, tarixini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu da inkişaf etdirmək mümkün deyil. Vətənini sevməyən insan heç vaxt vətənpərvər ola, qəhrəmanlıq göstərə bilməz. Bu yolda doğulduğun torpağın tarixini, onun mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə, gələcəyinə hörmət etmək, xalqın tarixi və etnik mədəniyyəti ilə fəxr etmək, dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənin şüuruna malik olmaq, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Vətənpərvərlik tərbiyəsi uşaqların, gənc nəslin milli mənlik şüurunun formalaşmasına və həmçinin inkişafına, onun dünyagörüşünə, həyat hadisələrini düzgün dərk etməsinə səbəb olur və rəvac verir. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru şəxsin daxili xarakterini insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Bu, həm də, dövlətin gənclər siyasətinin ən vacib və həyati elementlərindən biridir.

 

Fransız filosof Appolinerin bir sözü var: "Ruhun işğal olunması silahla işğal olunmaqdan daha önəmlidir". Biz çalışmalıyıq ki, gənc nəslin ruhunu işğaldan qoruyaq. Buna görə də biz, gənc nəslin bu ruhda böyüməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, ailədən başlayıb, məktəbdə, universitetdə, cəmiyyətdə davam etdirilməlidir. Hər birimiz fərd olaraq öz evimizdə övladlarımızı bu ruhda tərbiyə etməliyik. İmkan verməməliyik ki, onların ruhu işğal olunsun. Yəni bir ruhun köləliyinə, işğalına rəvac verməmək üçün biz nəsə etməliyik. Bunun arxasında birinci növbədə adət-ənənələrimizi qoruyub saxlamaq, öz ata-baba yurdumuza bağlılığımızı göstərmək və ona sahiblənmək duyğusunu ortaya çıxarmaq dayanır.

 

Gənclik yeni nəfəs, güc-qüvvət, enerjidir. Amma təəssüf ki, bu əbədi deyil. Gənclik bir zaman ölçüsüdür. Bununla yanaşı, anlamalıyıq ki, gənclik əbədi olmadığı üçün həm də bir zəka ölçüsü hesab olunmalıdır. Bizim gənclərimiz bunu unutmamalıdırlar. Gənclərimiz birinci növbədə özlərini, ikinci növbədə düşmənlərini tanımalıdır.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2020.- 23 iyul.- S.13