Halallığın mənəvi meyarı

 

 

 

Azərbaycanın böyük romantik ədibi Abdulla Şaiq deyirdi: "Mən yazıçılığıma görə müəllimliyimə borcluyam".

 

XX əsrin böyük yazıçılarının əksəriyyəti müəllim olublar: C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli, H.Cavid və başqaları. Onlar XIX əsrdən başlanan maarifçilik hərəkatının ənənələrini yeni tarixi şəraitdə davam etdirirdilər. Bu proses bu gün də davam edir və bu davamçılardan biri də müəllimliklə bərabər, yazıçılığı da intensiv şəkildə irəli aparmış, dünyasını bir il öncə Vətən həsrəti ilə dəyişən Əli Vəlioğlu idi. Əli Vəlioğlu 1940-cı ildə Qərbi Azərbaycanın Megri bölgəsində Nüvədi obasında anadan olmuşdu. Əli müəllim səksən yaşına bir il qalmış ötən il ürəyində Qərbi Azərbaycan nisgili ilə həyatdan köçdü. Lakin özündən sonra yarım əsrdən artıq  müəllim ömrü, "Mənim dan ulduzum", "Qəzəllər", "Ömrümüzə işıq düşür", "Bu minvalla dünya belə qalmaz", "Vətən boyda dərd göyərtdim, qəm yedim", "Mənim mənalı dünyam", "Ağıl dəryasından incilər", "Məndən elə qalanlar", "Nüvədi və nüvədilərin tayfa şəcərəsi", "Zirvələrdə imzan var" kimi vətən dərdi, milətin taleyindən əsl vətəndaş narahatlığı ilə yazılmış kitablar qoyub getdi. Əli müəllim ömrünün bir hisəsini məktəbdə, sinif otaqlarında  yazı masasının arxasında qələm əlində əritdi. Əli müəllimin ləyaqətli oğlu, mənim dəyərli dostum Azər onun ölümündən sonra çap olunmuş kitabını "Halal çörək" (2020) povestini mənə göndərdi. Əli Vəli oğlunun yaradıcılığı haqqında iki il öncə bir məqalə yazmışdım. "Halal çörək" kitabını adətim üzrə annotasiyası ilə tanış oluram. Müəllif əsərdə yazıçı təxəyyülünün məhsulu olan uydurma və qondarma hadisələrdən yan keçərək həyatda gördüyü, hər gün rastlaşdığı insanların içərisindən seçdiyi Usta Vəlinin simasında mükəmməl və yaddaqalan ata obrazı yaratmağa müvəffəq olub. Halal zəhmət adamı olan Usta Vəli Əli müəllimin öz atasıdır. O, hamıdan yaxşı tanıdığı, ömrü boyu müşahidə etdiyi halal zəhmət adamı olan atasının simasında ümumiləşmiş ata obrazı yaradıb, ona oğul məhəbbətini ifadə edib.

 

Əsərə "Ata ömrü mənəvi dəyər kimi" adlı mənalı ön söz yazmış tənqidçi, professor Rüstəm Kamal diqqəti povestin adına yönəldərək qeyd edir: "Əli müəllim əsərin adını haqlı olaraq "Halal çörək" qoyub. "Halal çörək" bütün mənəvi dəyərləri özündə ehtiva edən milli dəyərin adıdır. Və bu dəyər əsərin ideyasına, ruhuna uyğun olub, içindən şah damar kimi keçir. O (Usta Vəli), ata ömrünün halallığını uca könül sahibi olması ilə, içindəki işıq ilə, saflıq ilə əlaqələndirir. Bəlkə ona görə də vicdana Allahın təcəllisi kimi baxır". Bu povestdə halal çörəyin qüdrəti, müqəddəsliyi usta Vəlinin mənəvi ucalığının simvolu kimi işlənilir.

 

Povestdəki əhvalatlar gördüklərim, eşitdiklərim, yaşadıqlarım silsiləsini bir-biri ilə əvəzlənməsindən ibarətdir. Əsər müəllifi belə bir deyimlə başlayır: "Şəxsiyyət yolunun başında şöhrət adlı çıraq yanır". Şöhrətə qərarla, göstərişlə, kiminsə sayəsində çatmaq olmaz, şöhrətə gedən yol istedaddan, zəhmətdən və şəxsiyyətdən keçir. Müəllif kitabın yazılma səbəbini əsərin məram və qayəsini belə şərh edir: "Etiraf edim ki, əsəri yazmağıma səbəb camaatımızın atama bəslədiyi dərin məhəbbət oldu. Bu kitabın baş qəhrəmanı atam usta Vəlinin xatirəsini əziz tutan, onun halal zəhmətinə layiqli qiymət verən el üçün, torpaq üçün yaşamış bir ömrü dəyərləndirən bütün həmyerlilərimə öz dərin minnətdarlıq və sevgilərimi bildirməyi özümə oğulluq və müəlliflik borcu sanıram".

 

Usta Vəlinin halal çörəyi ilə böyüyən oğullar - Əli, Həmzə, Tariyel, Fəxrəddin vətənin ləyaqətli, istedadlı oğulları oldular.

 

"Halal çörək" povestini düzlüyə, halallığa himn adlandırmaq olar. Müdrik kəlamlardan libas geyinmiş bu bədii-publisistik-etnoqrafik əsər mənəvi saflığa söykənir. "Haram bəşəriyyətin içindən dağıdan iyrənc bir qurd, onun sağalmaz xəstəliyidir" - əsərin bədii konsepsiyası bu niyyətdən güc alır: "Atam halal çörəyini ağır zəhmətlə qazanırdı. O, çörəyinin xəmirini alın təri ilə yoğurmuşdu. Onun doxsan illik ömür kitabının epiqrafında qızıl hərflərlə yazılmış sözün adı "Düzlük və halallıq" idi". Düzlük və halallıq şəxsiyyəti zirvəyə ucaldan, ona ümummilli ümumxalq şöhrəti gətirən qoşa qanadlardır. Əli Vəlioğlu deyir ki, "böyük şəxsiyyətlər zamanla naxış vurur, xalqına yeni izlər, yollar açarlar, xalqı onun istedadlı insanları tanıdır". Bu sözlərdə təkzibolmaz həqiqət var. Bu həqiqət həmişə diri, bütün zamanlar üçün keçərlidir.

 

"Halal çörək" tarixi-etnoqrafik əsərdir. Müəllif Usta Vəlinin zəhmətkeş, saf, təmiz obrazını yaratmaq üçün onun nəsil  şəcərəsinin müxtəlif nəşrlərinin yaşam dövründəki Azərbaycan tarixinə nəzər salır. Əsərdə Azərbaycan dövlətçiliyinin parlaq dövründə - Səfəvilər imperiyası müxtəlif şahlarının taleyi, tarixi şərait onların əməllərinə tarixi qiymət verilir. Səfəvilər imperiyasının banisi şah və şair Şah İsmayılın tariximizdəki xidmətlərini yüksək qiymətləndirən yazıçı tarixi reallığa sadiq qalaraq onu oğlu Şah Təhmasib, nəvəsi Xudabəndə, nəticəsi Şah Abbasın Böyük Azərbaycan Dövləti Səfəvi İmperiyasını necə farslaşdırdığından, fars dövlətinə çevirdiyindən tarixi faktlarla söhbət açır.

 

Bu hadisələrin qələmə alındığı ricətlər povestə tarixi kontekst gətirir. Ümumən əsər tarixiliklə müasirliyin uğurlu vəhdətini əks etdirir. Bu isə əsərin reallığını artırır, oxucuya vacib məlumatlar ötürür, əsəri maraqlı, oxunaqlı edir.

 

Təqdirəlayiq haldır ki, son zamanlar bədii ədəbiyyat milli mənəvi özünüdərkə, yaddaşa, özünəqayıdışa yol açır. Əli Vəlioğlunun "Halal çörək" poveti bizi bir millət olaraq özümüzə tanıdan, milli kimliyimizi əks etdirən əsərdir.

 

Povest yüksək vətəndaşlıq qayəsi ilə, vətənpərvərlik pafosu ilə yazılıb. Əsərdə maraqlı bir mülahizə yer alır. Müəllif yazır: "Azərbaycan əhalisinin öz tarixini bilmək imkanı yoxdur. Hər bir avropalının Avropa ölkələrindəki kitabxanalarda belə bütün nəsillərin uzaq tarixi ilə tanış olmaq imkanı var. Çünki vaxtilə doğulan hər bir uşağın aparılmış rəsmi qeydiyyatı indi öz tarixi izini itirmiş hər kəsə həmin qeydiyyat kitabları vasitəsi ilə öz ulularını tapmaq imkanı verir". Bu, Azərbaycanda heç vaxt olmayıb və biz üçüncü, dördüncü  baba və nənələrimizi tanıya bilmirik. Bu, bizim böyük faciələrimizdəndir". Belə perspektiv mülahizə bizim qarşımıza mühüm vəzifə qoyur. Bu sətirləri məmuniyyətlə oxuyaraq mən fikirləşdim ki, hər bir ailədə onun nəsil tarixini əks etdirən məlumat kitabı olmalıdır. Onda yeni gələn nəsil öz kimliyini, əsil-nəcabətini bundan dolayısı millətini və dövlətinin tarixini uşaqlıqdan öyrənə bilər.

 

Povestdə halallıqla bərabər, mərdlik  namərdlik barəsində ibrətli deyimlər var. Xüsusən Usta Vəlinin babası Məlik Əbil bəy haqqında hekayət bu mənada əsərin müdrik əhvalatlarındadır. Əbil Məlik rütbəsi Şah Abbas tərəfindən verilmişdi. Bir gün Tuzum kəndində yaşayan dostu Məlik Əbil qonaq çağırır. Qonaqlıqdan çıxanda onu nökər yola salanda görür ki, onun atının quyruğunu kəsib yalınıda qırxıblar" Atın quyruğunu kəsmək, yalını qırxmaq at sahibinin namusuna təcavüz sayılır. Kiminin atına sataşdın, ya arvadına - fərqi yoxdur". Belə bir düşüncə ilə də Məlik Əbil "dostu" Hüseyn bəydən intiqam alır, fürsət tapıb onu və iki oğlunu qətlə yetirir. Məhkəmə vəziyyəti nəzərə alıb ona bəraət verir, Məlik Əbil bəyi azad edir, evinə göndərir. Hüseyn bəyin arvadı iki oğlu qətlə yetirilmiş ana məhkəminin sədri Rəhim xanın qabağına ləçəyini atıb deyir: "Bu ləçəyim sənə haram olsun! Məni qadın görüb qatili buraxdın”. Məlik Əbil geri qayıdıb azad olunmağı barədə sənət istəyəndə Rəhim xan ona etiraz edir və Məlik Əbil bəyə ölüm hökmü kəsir.

 

Bu əhvalat o dövrün mənzərəsini yaxşı əks etdirir: Mərdliyi təhqirin bağışlanmamasını, qadın ləçəyinə böyük ehtiramı və Əli müəllimin nəslinin psixologiyasının və Azərbaycanın milli varlığını. Bu povestin uğuru, yazıçı düşüncəsinin geniş miqyasını əks etdirən məntiqdir. "Halal çörək" halal insan, hala tarix, halal adət bə mənəviyyat haqqında ricətlərlə yazılmış bədii fəlsəfi povestdir.

 

Əli Vəlioğlu bu əsərində ATA adlanan müqəddəs varlığın mənəvi dünyasından nəzər salır, hər dürlü həqiqətləri onun dilindən, ona istinadən söyləyir. Atanın - Usta Vəlinin danışdığı - Əli Vəlioğlunun həssas müşahidə, mənəvi yaddaş əsasında qələmə aldığı bütün olayların - hikmətlərin mərkəzində tarixin amansız zərbələrindən infarkt keçirmiş ürək kimi parça-parça olmuş Azərbaycan var. Yazıçının qayəsi belədir: "Azərbaycan türk dünyasına söykənəndə tarix səhnəsinə türk dünyası ilə birlikdə türkçülük kontekstində çıxış edəndə güclü olur!"  Əli Vəliyevin povestdə bu günə və gələcəyə ünvanlandırdığı mesaj bundan ibarətdir.

 

Yaşı minilliklərlə ölçülən abidələrimizi "Qobustan" yazılarını, "Avesta"nı, "Kitabi-Dədə Qorqud" eposunu xatırladan müəllif vətəndaş yazıçısı, vicdan ağrısı ilə yazır: "Təkcə Şah İsmayılın Ərdəbil sarayında rus qəsbkarları tərəfindən Sankt-Peterburqa daşınmış kitabxanası ilə biz saysız-hesabsız tarixi yazılı incilərimizi itirmişik... Azərbaycanın gözəl əsərləri, sənət inciləri London, Paris, Drezden, Vatikan, Peterburq, Nyu-York və sair nəhəng şəhər muzeylərini bəzəyir bu gün".

 

Bədii ədəbiyyatın məqsədlərindən biri də budur ki, cəmiyyətin həyatını saflaşdırsın, mənəvi tarazlığını qorusun və bununla da insanın rahat yaşamaq haqqını təmin etsin. Əli Vəlioğlunun "Halal çörək" əsəri birbaşa bu qayə ilə yazılıb, məqsədinə müxtəlif struktur formalarında nail olan bir əsərdir. Müəllifin estetik idealı, aydın mövqeyi düzgün, mülahizələri əhvalatlarla təsdiqini tapan və elə bundan dolayısı maraqla oxunan əsərdir. Mən deyərdim ki, əsər konkret bir bölgədən və nəslin taleyindən bəhs etsə də, onun əsəs qayəsi azərbaycançılıqdır. Artıq qeyd etdiyimiz kimi, bu əsərdə azərbaycançılıq - türkçülüyün vətən əxlaqı müstəvisində dərki kimi bədii fəlsəfi mahiyyət kəsb edir və müəllifin idealına çevirilir. Əsərin hər bir sətrindən, hər səhifəsindən türkçülük ətri gəlir. Əli Vəlioğlu ulu babası Məlik Əbili, atası Usta Vəlini, qardaşları Həmzəni, Tariyeli, Fəxrəddini, övladları Azəri, Üzeyiri, qızı Nərgizin obrazını təmiz qanlı türk kimi yaradır. Burada yazıçının bir nəvə, oğul, ata kimi iftixar duyğusu ilə bərabər, müəyyən bir ziyalı və vətəndaş qüruru da var.

 

Əli Vəlioğlu qədim türk tarixi və yaşam tərzinə xas mənəvi dəyərləri Azərbaycan üzərində toplayaraq müdrik kəlamlarla zəngin bir əsər yaratmışdır. Bu əsər hələ bir çox nəsillərə lazım olacaq, onların stolüstü kitablarına çevriləcək "Halal çörək" əsərinin yolu müqəddəsdir və bu yol üzü gələcəyə doğru gedir.

 

Beləliklə, Əli Vəlioğlu "Halal çörək" povestini oxuyub belə nəticəyə gəldim. Əli Vəlioğlu halal çörək, ağır zəhmət, namus və vicdan meyarı ilə yaşamış Azərbaycan - türk nəslinin ləyaqətli övladı adət-ənənəni göz bəbəyi kimi qoruyan şair, yazıçı, jurnalist, müəllim və vətəndaş ziyalımızdır. Bu əsər tarixilik prinsipi ilə, faktlar, yaddaş, xatirələr əsasında yazılmış bədii-publisistik-etnoqrafik əsərdir. Usta Vəli göstərir ki, şəxsiyyətin halallıq şəxsiyyətin enerji mənbəyidir. Halallıq şəxsiyyətin və cəmiyyətin mənəvi təmizliyin simvoludur. Halallıq düzlüyün, həqiqətin təməl daşıdır. Halallıq, ədalət və mərhəmət müqəddəs kitabımız, "Qurani-Kərim"in ayə və surələrinin başlanğıcı, çıxış nöqtəsi və təlqin etdiyi müqəddəs həqiqətlərdir.  Halallıq ülviyyət və gözəlliyin, dostluq və məhəbbətin - mənəvi ünsiyyətin əbədiişıq mənbəyidir. Halallıq nəcibliyin və həqiqi ziyalılığın ifadəsidir. Halallıq həyat, səadət və xoşbəxtliyin ömür karvanını əbədiyyətə yönəlmiş sarvanıdır. Halallıqla yol gedən adam azmaz, mənzil başına alnıaçıq, vüqarlı çatar.

 

 

Nizaməddin ŞƏMSİZADƏ

 525- ci qəzet.- 2020.- 23 iyul.- S.14