"Azərbaycan ədəbiyyatına
duyduğum sevginin kökündə millət sevgisi var"
- Bəxtiyar
bəy, sizi Azərbaycanda Azərbaycan-Türkiyə ədəbi-mədəni
əlaqələrinin inkişafında mühüm işlər
görmüş bir insan kimi tanıyırıq. Bu gün iki ölkə arasındakı bu münasibətləri
necə dəyərləndirirsiniz?
- Hər
şeydən qabaq sizə və "525-ci qəzet"in rəhbərliyinə
təşəkkür edirəm. Türkiyə
ilə Azərbaycan arasındakı körpülərdən
biri də bu qəzetdir.
Təbii, siz "mühüm işlər" deyəndə
çiyinlərimə böyük məsuliyyət yüklədiniz. Mən
gücüm çatdığı qədər bu yolda nələrsə
etməyə çalışan bir adamam. Bu
işlərin öhdəsindən tək gəlməyim
mümkün deyil. Bildiyiniz kimi, Türk
Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin
üzvü, eyni zamanda, "Türk ədəbiyyatı"
jurnalının baş redaktoruyam. Azərbaycan-Türkiyə
mədəni əlaqələrinə töhfələrimizi də
onlar vasitəsiylə verə bilirəm. Qısacası,
mənə verilən imkanlardan yararlanıram. Buna görə Allaha şükür edirəm.
Məncə, iki ölkə arasında mədəni,
iqtisadi, siyasi mənada görüləcək işlər
çoxdur.
Məşhur "iki dövlət, bir millət"
düsturuna inananlardanam. Türkiyəyə duyduğum sevgini, təlaşı
Azərbaycana da duyuram. Biz məlum səbəblərdən
uzun illər ayrı düşmüş iki qardaşıq.
Aradakı maneələr qalxanda iki
qardaşın qovuşmağı daha böyük bir hadisə
olmalı idi. İmkanlarımız var. Bu
imkanlardan daha səmərəli istifadə etməli və daha
dərin əlaqələr qurmalıyıq. Tarix də, coğrafiya da bizə bunu deyir. Məsələn, bir-birimizi daha çox oxumalı,
daha çox əsərlər tərcümə etməliyik.
Müqayisəli çalışmalara ehtiyac var. Dövrlər,
əsərlər və müəlliflər müqayisə
edilməli, musiqi, teatr, rəsm və kino sahəsində ortaq
işlər görülməli, universitetlər, nəşriyyatlar
və vəqflər iş birliyi müqavilələri
imzalamalıdırlar.
Biz jurnal çərçivəsində əlimiz
çatan azərbaycanlı yazarlara yer ayırmağa
çalışırıq. Xüsusən, gənc
ədiblərin adını Türkiyədə tanıtmaq istəyirəm.
- Sizcə,
türk mədəniyyətini dünyaya tanıtmaq
üçün nə etməliyik?
-
Dünyada ədəbiyyatın, sənətin, mədəniyyətin
yönü çox dəyişib. Milli mədəniyyətlər
getdikcə daha təhlükəli bir yola doğru irəliləyir.
Qlobal mədəniyyətin hakim olması kimi bir
təhlükə var. Əgər bu baş verərsə, həmin
mədəniyyəti yaradan dünyanı da idarə edəcək.
Yəni milli mədəniyyətlərindən
uzaqlaşanlar kölə olacaqlar. Məsələn,
pop musiqi deyilən bir janr var. Dünyanın fərqli ölkələrində
olmuşam. Bütün bu ölkələrin
insanları din, irq və milliyət, yəni mədəniyyət
olaraq bir-birindən çox fərqlidirlər. Amma hansı ölkədə taksiyə minsəm,
radioda eyni ritmi eşitdim. Pop musiqisinin bir
ritmi var və hər kəs bu ritmə uyur. Bu, imkansız bir işdir, əslində. Mədəniyyətlərin bir-birindən fərqli
ritmləri olmalıdır. Bizə verilən
ritmi mənimsəməkdənsə, öz ritmimizi dünyaya
çıxarmalıyıq. Azərbaycanın da,
Türkiyənin də çox zəngin musiqi, şeir, ədəbiyyat
dünyası var. Bu iki qardaş ölkənin hər bölgəsinin
öz ritmi, rəngi, nəfəsi var. Dünyanın bu zənginliyə
ehtiyacı var. Bunun üçün dediyim kimi, bir olmaq şərtdir.
- Azərbaycanda
hekayə kitabınız çap olundu. Necə bir hiss idi?
- Bunun
tarixi uzundur. Müstəqillikdən sonra hər
gün Azərbaycana getmək xəyalıyla yaşadım.
Təəssüf ki, 25 il çəkdi. 2017-ci ildə ilk dəfə Bakıya gəldim.
Universitet illərimdən bəri Azərbaycan ədəbiyyatını
oxumağa çalışırdım. Bir
gün orda şeirimin, ya da hekayəmin çap
olunacağını xəyal etməmişdim. Daha doğrusu, bu, mənimçün ilkin məsələ
deyildi, bəlkə də. Özümü
Azərbaycanda deyil, Azərbaycanı özümdə
düşündüm həmişə. Önəmli
olan burdakı qardaşlarımın rifahı, səadətiydi.
Sonra nəsib oldu "Ulduz" jurnalında,
"525-ci qəzet"də əsərlərim çap
edildi. Hər birinin çapında
böyük xoşbəxtlik yaşadım. Hekayələrimi
tərcümə edən hər kəsə tək-tək təşəkkür
etmək istəyirəm: Təranə Vahid, İbrahim
Hacıyev, Aslan Quliyev, Narıngül Nadir və başqa qiymətli
dostlar... Təbii ki, çapında Rəşad
Məcidin və Qulu Ağsəsin böyük əməyi
var. Onlara da təşəkkür edirəm. Sonra hekayələrin kitab kimi çap olunması
gündəmə gəldi. Bu, mənimçün
çox böyük bir müjdə idi. Azərbaycanda
oxucularımın olacağı fikri məni çox həyəcanlandırdı.
Azərbaycan Yazıçılar Birliyi bu
işi öz üstünə götürdü və
gerçəkləşdirdi. Başda əziz
böyüyümüz Anar müəllim olmaqla, əməyi
keçən hər kəsə minnətdaram.
- Azərbaycanda
çıxan kitabınıza maraq necə oldu?
- Bunu mənim
deməyim nə qədər doğru olar, bilmirəm. Amma onu deyə bilərəm ki, kitabımı oxuyub
mənimlə dostluq quran çox insan oldu, telefon və sosial
şəbəkə vasitəsiylə əlaqə
saxladılar. Ümumi olaraq xoş sözlər
eşitdim.Mənim üçün əsas qürur verən
hadisə AMEA-da kitabımın təqdimatının
keçirilməsi idi. Buna görə
akademik İsa Həbibbəyliyə borcluyam. O, mənimçün
çox böyük adamdır. Türkiyədə
də hansısa məsələdə çətinliyim olsa,
ona zəng edib fikirlərini öyrənirəm. Hər zaman köməyə hazır, qəlbi daim vətən
və millət sevdasıyla döyünən bir alimdir. AMEA-da kitabımın böyük təqdimatını
elədi. İstanbuldan gələrkən
belə bir tədbir olacağını bilmirdim. Orada böyük ədəbiyyat alimləri hekayələrim
haqqında dərin fikrilər söylədilər. Böyük elm adamlarının kitabımı
oxumaqları və onu düşünməkləri ən
böyük diqqətdir.
- Bayaq da
dediyiniz kimi, Türk Ədəbiyyatı Vəqfində Azərbaycanla
bağlı da mühüm işlər
görürsünüz. Bir az bunlardan
danışaq.
- Vəqfimiz
və dərgimiz qurulduğu gündən bəri Türk
dünyasına və xüsusən, Azərbaycana böyük
dəyər verir. Vəqfimizin və dərgimizin
qurucusu mərhum Əhməd Kabaklı Türkiyənin
baxışlarını bu yerlərə çevirən
adamlardan biri idi. Biz Türk dünyasına
həm də onun kimi adamlar vasitəsilə sevdalandıq.
Dərginin ilk çıxdığı illər
Sovetlər dövrünə təsadüf edir. O zaman iki
ölkə arasında əlaqə saxlamaq qadağan idi.
Almaniyada yaşayan, sonradan müsəlman olaraq Əhməd
adını almış biri vardı: Əhməd Şmide... O da Türk dünyası ilə, xüsusən, Azərbaycanla
maraqlanırdı. Dərginin köhnə
saylarına baxsaq, görərik ki, Əhməd Şmide Azərbaycanın
böyük ədibləri ilə məktublaşır, sonra
da ona gələn məktubları, şeirləri bizim dərgimizə
göndərirdi. Biz də bu vasitəylə
Azərbaycanda yaşayan ədiblərin səsini Türkiyədə
eşitdirdik. Çox çətin şərtlər
daxilində qardaş toplumların birliyinə
çalışdıq.
İndi hər şey çox dəyişib. Şərtlər
də əl verir. Biz Əhməd
Kabaklının o vaxtkı işlərini bir miras kimi qəbul
edir, onun qoyub getdiyi yerdən davam etməyə, dərgimizdə
azərbaycanlı dostlarımızın əsərlərinə
yer verməyə çalışırıq.
- Azərbaycan
ədəbiyyatına bu qədər maraq və sevgi hardan gəlir?
- Hər
şeydən öncə Türk xalqları arasında dil
baxımından bir-birinə ən yaxın olan iki xalqıq. Bizim Şərqi Anadolu bölgəmizdəki
insanların böyük bir qismi Azərbaycan türkcəsində
danışır. Uşaqlığımda
kəndimizdə eşitdiyim və artıq unudulan bir çox
kəlmələr Azərbaycan türkcəsində
yaşayır. Biz səsə
aşinayıq. Bir də uzun illərin həsrəti var.
Əlimizi uzatsaq, toxuna biləcəyimiz qədər yaxında
olan qardaşlarımızla 75 il heç
görüşməmək böyük bir acıdır. Bizdən sonrakı nəsil bəlkə, bunu hiss etməyəcək,
amma bizim uşaqlığımız belə bir acı həsrəti
duyaraq keçdi, bu cür böyüdük. Sonra ilk gənclik illərimizdə müstəqillik
hərəkatının həyəcanını
yaşadıq. Ardınca, təəssüf
ki, Xocalı və Qarabağda yaşanan soyqırıma
şahid olduq. Böyük ağrı
duyduq. Bu ağrılar bizi bir-birimizə
daha da bağladı. O zaman məktəb dəhlizlərində
Məmməd Aslanın "Qərənfil" şeirini əzbər
oxuyaraq gəzirdik. Mən də "Qarabağ
türküsü" adlı bir şeir yazdım. Gənclik
şeirim idi, elə də uğurlu deyildi, amma illər sonra Məmməd
Aslanla tanış olanda şeirimi
oxuduğunu dedi. Sonra Anarı, Sabir Rüstəmxanlını,
Rüstəm Behrudini və başqa bir çox böyük
insanları tanımaq qismət oldu. İnsani
münasibətlər bir vasitədir. Azərbaycan
ədəbiyyatına duyduğum sevginin kökündə millət
sevgisi var. Başqa bir səbəb də Azərbaycan
şeirindəki təbiilikdir. Bu, bir səs
şeiridir, daha insani və daha istidir.
- "Türk Ədəbiyyatı" dərgisində
Azərbaycan ədibləri və alimləri üçün
xüsusi buraxılışlar çap edirsiniz. Türkiyədə
necə qarşılanır?
- Bəli,
bir Azərbaycan ədəbiyyatı özəl
buraxılış hazırladıq. Anarla
bağlı sayımız oldu. Davamında
akademik İsa Həbibbəyliyə bir buraxılış həsr
etdik. Yəqin gələcək saylardan
biri də Kamal Abdulla haqqında olacaq. Sabir
Rüstəmxanlıyla bağlı da xüsusi
buraxılış etmək istəyirəm. Ağlımda eləmək istədiyim bəzi
işlər var. Nəsib olsa edəcəyik. Bu işlərin iki ölkənin əlaqələrini
genişləndirdiyini düşünən böyük bir
kütlə var Türkiyədə. Bu
buraxılışlar Azərbaycan mədəniyyəti və ədəbiyyatı
ilə maraqlananlara bir yol xəritəsi olar.
- İstədiyiniz vaxt yaza bilirsiniz?
- İstədiyim vaxt yaza bilirəm, amma hər vaxt
yazdığım şey istədiyim kimi olmur. Sənət əsəri
müəyyən bir duyğusallıq istəyir. Yaraları olan insanlar daha yaxşı, təsirli və
tez yazırlar. Əvvəllər hər
istədiyimdə yaza bildiyimi düşünürdüm.
Elə də olurdu. Nə
vaxt hekayə istəsələr, dərhal oturub
yazırdım. Səhv bilmişəm.
Sən demə, onlar illərdir içimdə
qalaqlanmış hekayələrmiş. Yeni
hekayələr toplamaq lazımdır. Bu da
yaşamaqla olur. İndi
yazdıqlarımdan özümün məmnun olmağım
çətinləşib. Hər şeyi bəyənməyən
"mız-mız" bir yazıçıya
çevrilmişəm, deyəsən. Universitetdə
dərs demək, jurnalla məşğul olmaq da əsərlərimə
diqqət ayırmağımı əngəlləyir.
- Sizcə,
Türkiyə ədəbiyyatının aparıcı
janrı hansıdır və bunun səbəbi nədir?
- Bütün Türk ədəbiyyatı və bəlkə
də bütün ədəbiyyatlar üçün
aparıcı janr şeirdir. Şeirdən bəslənməyən
bütün janrlar quru, yavandır. Türk
ədəbiyyatı bir şeir ədəbiyyatıdır.
Roman bildiyiniz kimi, insanlıq üçün
yenidir. Hekayə də mənzum olaraq
şeir kimi həmişə var idi, amma bu da yenə şeirlə
əlaqəli idi yəni. Biz şeiri sevən
millətik. Söz şeirdə yüksələr,
uçar. Söz bizi Allaha
yaxınlaşdırır. Buna görə
də müqəddəsdir.
- Karantin
günlərində nə işlərlə məşğul
olursunuz? Oxucuları nələr gözləyir?
- Karantin
çox da məhsuldar keçmədi. Yəqin
evdə qalmağa məcbur olduğum üçün
çox sıxıldım. Bir neçə
hekayə yaza bildim. Daha çox mütaliəyə
vaxt ayırdım.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 24 iyul.- S.10.