Mustafa bəy və onun kafedrası
AKADEMİK M.A.TOPÇUBAŞOV-125
III CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASI-101 il
1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamenti uzun sürən gərgin
müzakirələrdən sonra Bakı Universitetinin təsis
edilməsi haqqında qərar qəbul etdi.
Azərbaycanın
elm və təhsil sisteminin tarixində önəmli rola malik
olan Bakı Universitetinin ilk rektoru, görkəmli cərrah-anatom
professor V.İ.Razumovski yazırdı: "Universitetin təsisi
haqqında qərar layihəsinin son redaksiyası gurultulu
alqışlar altında qəbul edildi və Azərbaycan
öz ali maarif ocağını əldə
etdi. Türk xalqının tarixinə yeni, parlaq
səhifə yazıldı. Avropa ilə
Asiyanın sərhədində yeni məşəl şölələndi.
Biz bu böyük tarixi hadisənin şahidi
olduğumuza görə özümüzü xoşbəxt
hesab edirik".
Bakı Universitetinin yaradıldığı ilk dərs
ilində yalnız iki fakültədə - tarix-filologiya və
tibb fakültələrində dərslərə başlamaq
mümkün oldu. Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə
professor N.A.Dubrovski, tibb fakültəsində isə həmin vəzifəyə
professor İ.İ.Şirokoqorov təyin edildi. Qısa müddət ərzində Bakıda
yaşayan tibbi kadrların və pedaqoqların ən
istedadlılarını seçərək, tibb fakültəsində
işə cəlb etdilər.
Professor Razumovski normal anatomiya, professor Şirokoqorov
patoloji anatomiya, professor Levin daxili xəstəliklər
diaqnostikası, professor Oşman cərrahlıq kafedralarına
müdir təyin edildilər.
1920-ci ildə tibb fakültəsinin heyətində 12
professor, 5 dosent və 27 assistent çalışırdı. O vaxtlar bu tərkibdə 1 nəfər
də azərbaycanlı yox idi.
Uzun müddət ərzində müalicə-profilaktika fakültəsinin
fakültə cərrahiyyəsi kafedrası adlandırılan
indiki III Cərrahi xəstəliklər kafedrasının ilk
müdiri professor A.A.Oşman idi. O, 1919-cu ildən 1930-cu ilə qədər
kafedraya rəhbərlik etmişdi.
Cərrahlıq və ortopediya sahəsində yüksəkixtisaslı
mütəxəssis olan professor Oşman praktik cərrah-ortopedlərin
hazırlanmasında böyük xidmət göstərmişdi. Sonralar Azərbaycan
cərrahlığının inkişafında misilsiz xidməti
olmuş M.A.Topçubaşov, M.B.Əbiyev və
başqaları A.A.Oşmanın rəhbərliyi
dövründə kafedraya işə cəlb olunmuş və
ilk dəfə elmi-pedaqoji fəaliyyətə
başlamışlar. Professor
A.A.Oşmanın vəfatından sonra fakültətiv cərrahlıq
kafedrasına uzun müddət dünya şöhrətli azərbaycan
alimi, SSRİ TEA-nın və Azərbaycan EA-nın akademiki,
professor M.A.Topçubaşov rəhbərlik etmişdi. Tibb İnstitutunun fəaliyyətə
başladığı 1930-cu ildə kafedra müdiri vəzifəsinə
seçilən M.A.Topçubaşov ömrünün sonuna qədər
(1981) bu vəzifədə işləmişdi. Onun rəhbərlik etdiyi müddət ərzində
kafedranın əməkdaşları cərrahlığın
müxtəlif problemlərini (hepatobiliyar sistemin cərrahi xəstəlikləri,
böyrək daşı xəstəliyi, splenomeqaliyalar, cərrahi
qastroenterologiya, periferik damarların cərrahi xəstəlikləri,
cərrahiyyədə ağrısızlaşdırma məsələləri)
tədqiq etmişlər.
İkinci Dünya müharibəsi illərində kafedra əməkdaşları
cəbhə bölgələrində olmaqla yaralılara
ixtisaslaşmış yardımın göstərilməsində
xüsusi səylə çalışmışlar. Müharibə
dövründə ilk dəfə olaraq professor
M.A.Topçubaşov hospitallar sistemində hərbi-səhra cərrahlığının
profilləşməsini tətbiq etmiş və bunun sahəsində
ixtisaslaşmış evakohospitallar (torakal, neyrocərrahlıq,
uroloji, travmatoloji) yaradılmışdır. Kafedra müdiri M.A.Topçubaşov 1941-ci ildə Səhiyyə
Nazirliyinin Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı
təyin olunmuşdur. Kafedra əməkdaşlarından
F.Ə.Əfəndiyev - torokal, M.B.Əbiyev - uroloji hospitallara
rəhbərlik etmiş, X.C.Hacıyev ordunun baş cərrahı
vəzifəsini yerinə yetirmiş, E.Aslanzadə, E.Qayibov,
T.Burtikova və başqaları döyüş bölgələrində
olmaqla respublika ərazisində olan evakohospitallarda fədakarlıqla
çalışmışlar. Müharibə
dövründə kafedra əməkdaşları tərəfindən
aparılan elmi-tədqiqat işlərinin əsas mövzusu hərbi-səhra
cərrahiyyəsinin aktual məsələlərinə aid idi.
Bunlara misal olaraq orqanizmin müxtəlif nahiyələrindən
yad cisimlərin çıxarılması sahəsindəki tədqiqat
işlərini xüsusi qeyd etmək lazımdır. 1941-ci ilin sonunda M.A.Topçubaşovun ideyası əsasında
bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin
etməyə imkan verən universal cihaz
quraşdırıldı və müvəffəqiyyətlə
neyrocərrahiyə hospitallarda tətbiq edildi. Elmi-tədqiqat
işlərinin nəticəsi olaraq kəllə sümükləri
defektlərinin zədələnmiş nahiyyəsinin ətrafından
götürülən sümüklər vasitəsi ilə
alloplastikası, periferik sinirlərin zədələnməsi
zamanı baş vermiş iflicin tendomioplastika üsulu ilə
müalicəsi, sinir liflərinin yaralanması zamanı
mum-parafin tubajından istifadə edilməsi, yanıqlar
zamanı parafin applikasiyasının tətbiqi, borulu
sümüklərin sınıqları zamanı təcili
aparılan metal-osteosintez üsulundan istifadə olunması hospitallarda
müvəffəqiyyətlə tətbiq olunurdu.
Müharibə
dövründə M.A.Topçubaşov və kafedranın
başqa əməkdaşları (B.B.Əliyev, F.Ə.Əfəndiyev,
X.C.Hacıyev və başqaları) Bakı şəhərində
fəaliyyət göstərən hərbi hospitallarda işləyən
yaralı əsgərlərin müalicəsinə böyük
əmək sərf etməklə bərabər, kafedrada tədris
işlərinin intensivləşdirilməsinə və
dövrün təlabatından asılı olaraq, həkim
kadrları hazırlığının nisbətən
qısa müddətə başa çatdırılmasına
diqqət yetirirdilər. Müharibə
dövrünün cərrahlıq təcrübəsinin və
klinik materialların təhlili sayəsində 1942-1948-ci illərdə
kafedra əməkdaşlarından 3 nəfər doktorluq
dissertasiyası müdafiə etmişdir. M.A.Topçubaşovun
təklif etdiyi abdominotorakotomiya, lumbal diafraqmatomiya kimi cərrahi
müalicə növləri təxirəsalınmaz cərrahlıq
praktikasını yeni və effektiv üsullarla zənginlləşdirmişdir.
1946-cı ildə müalicə-profilaktika fakültəsinin
fakültə cərrahiyyəsi kafedrası 2 saylı şəhər
kliniki xəstəxanasının bazasına
köçdü. Bu xəstəxanada cərrahi şöbənin
fəaliyyətində işlərin düzgün təşkil
edilməsi üçün bir sıra əməli işlər
görüldü. Qəbul şöbəsinin
rekonstruksiyası, əməliyyataqədərki və əməliyyatdan
sonrakı palataların təşkili, irinli cərrahi
patalogiyalar üçün xüsusi şöbənin
ayrılması, müstəqil travmatoloji, uroloji şöbələrin
təşkil edilməsi, qəbul şöbəsinə
bitişik təcili əməliyyat olunan xəstələr
üçün xüsusi şöbənin yaradılması,
sonralar cərrahi əməliyyat auditoriyasının tikilməsi,
daha sonralar tələbələr üçün geniş
mühazirə zalının və əməliyyatdan
sonrakı xəstələr üçün xüsusi
şöbənin tikilərək istifadəyə verilməsi
kimi əməli tədbirlər həyata keçirildi.
Kafedrada yoğun bağırsağın, mədəaltı
vəzin onkoloji xəstəliklərinə aid çoxsaylı
tədqiqatlar aparılmışdır. 10 ildən
artıq aparılan eksperimental və kliniki tədqiqatlar nəticəsində
pankreato-duodenal rezeksiyanın yeni modifikasiyasına həsr
olunmuş tədqiqat işlərinin nəticəsi kafedra əməkdaşlarından
İbrahim Mustafa oğlu Topçubaşov tərəfindən
doktorluq dissertasiyası kimi müdafiə olunmuşdur.
Kaferdranın tarixində professor İbrahim Mustafa oğlu
Topçubaşovun xüsusi rolu olmuşdur. Onun rəhbərliyi
ilə 9 namizədlik dissertasiyası müdafiə
edilmişdir. Dəyərli bəstəkar
kimi də tanınan professor İ.M.Topçubaşov Azərbaycanda
cərrahi əməliyyatların həzin musiqi sədaları
altında aparılmasının bünövrəsini
qoymuşdur. Akademik M.A.Topçubaşov
sovet cərrahiyyəsinin inkişafındakı xidmətlərinə
görə 1943-cü ildə SSRİ Dövlət
Mükafatına layiq görüldü. O, dəfələrlə
Ümumdünya Cərrahlar konqrensində (Münxen, Lissobon,
Sofiya) cərrahiyyənin aktual mövzularına aid məruzələrlə
iştirakçı kimi çıxış etmiş, XI
Lissabon konqresində (1954) 20 ən görkəmli cərrahdan
biri kimi Ümumdünya Cərrahlar Assosiasiyasının
üzvü seçilmişdir. 1952-ci ildə
Bolqarıstan Elmlər Akademiyasının üzvü idi.
M.Topçubaşov elmi pedaqoji fəaliyyəti ilə
yanaşı, görkəmli ictimai xadim və bacarıqlı
təşkilatçı idi. O, Azərbaycan SSR Ali Sovetinin
bütün çağırışlarına deputat
seçilmiş, uzun müddət respublika Ali Sovetinin sədri
vəzifəsində olmuşdur. Akademiya şəhərciyi,
elmi-tədqiqat klinik və eksperimental təbabət institutu
(indiki Elmi Cərrahiyyə Mərkəzi) bilavasitə M.Topçubaşovun
rəhbərliyi altında tikilmiş, akademiya nəşriyyatı
və mətbəəsi onun təşəbbüsü ilə
yaradılmışdır.
M.Topçubaşov
Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü,
Vişnevski Cərrahlar Cəmiyyətinin fəxr üzvü,
Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri
sədri, Böyük Tibb Ensiklopediyasının
redaktorlarından biri kimi ölkənin elmi ictimai həyatında
fəal iştirak edirdi.
O, Azərbaycan
Sülhü Müdafiə Komitəsinin sədri, Sovet
Sülhü Müdafiə komitəsinin, Asiya və Afrika
ölkələr ilə həmrəylik komitəsinin
üzvü olmuşdur. M.Topçubaşov
sülh dövründə fəal mübarizlərdən biri
kimi Ümumdünya Sülh Şurasının
gümüş medalına və Sovet Sülhü Müdafiə
komitəsinin fəxri fərmanlarına layiq
görülmüşdür.
Dünya
şöhrətli alimin SSRİ Dövlət (Stalin)
mükafatı və Visnevski adına mükafata, Bolqarıstan
Respublikasının "Krill və Medofi" ordeninə , 4 dəfə
Lenin ordeninə, "Qırmızı Əmək
Bayrağı" , "Qızıl Ulduz" , "Şərəf
nişanı" , "Oktyabr inqilabı" ordenlərinə,
"Qafqazın müdafiəsinə görə",
"Almaniya üzərində qələbəyə görə",
"Sosialist əməyi qəhrəmanı" fəxri
adına layiq görülməsi bəşər
övladları qarşısındakı əvəzsiz xidmətlərinə
görə xalqın və dövlətin ona verdiyi layiqli qiymətin,
hüsn rəğbətin bariz təzahürüdür.
Akademik Mustafa bəy Topçubaşov əhaliyə
yüksəkixtisaslı tibb xidməti və böyük ictimai-siyasi
fəaliyyət göstərməklə bərabər,
kafedrada tədris işlərinin keyfiyyətinin
artırılmasına da daimi qayğı göstərilmişdir. Onun qayğısı və
şəxsi təşəbbüskarlığı sayəsində
kafedrada dərs keçən tələbələrin sayı
artırıldıqca, dərs otaqları və klinik bazaların
çarpayı fondu da artırılmış, kafedra yeni əyani
vəsaitlər və diqnostika cihazları ilə zənginləşdirilmiş,
operativ müdaxilələrin gedişini tələbələr
tərəfindən izlənilməsi üçün
xüsusi quruluşlu əməliyyat otağı tikilmiş və
bir sıra başqa yeniliklər həyata keçirilmişdir.
Onun yazdığı 5 cildlik "Xüsusi cərrahlıq"
dərsliyi indiyə qədər Tibb İnstitutu tələblərinin
və respublikamızın həkimlərinin əvəzedilməz
örnək vasitəsidir.
Bundan əlavə, akademik M.A.Topçubaşov 200-dən
artıq elmi əsərin, o cümlədən, 7 monoqrafiyanın,
çoxsaylı ixtira və səmərələşdirici təklifin
müəllifidir. Onun rəhbərliyi altında 8 doktorluq və
16 namizədlik disertasiyası işlənib müdafiə
edilmişdir.
Qədirbilən Azərbaycan xalqı akademik
M.A.Topçubaşovun çoxcəhətli elmi pedaqoji, ictimai-siyasi
və tibbi xidmətini heç vaxt unutmur, onun xatirəsini
böyük hörmətlə yad edir. 1995-ci ildə
akademik M.A.Topçubaşovun anadan olmasının 100 illik
yubileyinin keçirilməsi III Cərrahi xəstəliklər
kafedrasının tarixində mühüm hadisə
olmuşdur. Yubiley münasibətilə
M.A.Topçubaşovun xatirəsinə həsr edilmiş
elmi-praktik konfrans keçirilmiş, konfransın materialları
tezislər toplusu şəklində çap etdirilmişdir.
Alimin həyatını və əsərləri
haqqında biblioqrafik məlumatı əhatə edən kitab nəşr
olunmuşdur.
Mustafa bəyin
xatirəsini əbədiləşdirmək məqsədilə
onun 51 il işlədiyi iş
otağında "Xatirə muzeyi" yaradılmış, 5
cildlik xüsüsi cərrahiyyə kitabları latın
qrafikasına keçirilməklə yenidən çap
etdirilmiş, Bakı şəhərində küçəyə
və Xəzər sularında üzən gəmilərdən
birinə, Elmi-Cərrahiyyə Mərkəzinə Mustafa bəyin
adı verilmişdir.
Akademik M.A.Topçubaşovun anadan olmasının 100
illik yubileyi 14 oktyabr 1995-ci ildə Azərbaycan Opera və Balet
teatrında keçirildi. Mustafa bəyin həyatı və
yaradıcılığı, onun haqqında xoş xatirələri
ilə geniş nitq söyləyən Ulu öndərimiz Heydər
Əliyev demişdir: "Mustafa bəy Topçubaşovun həyat
yolu, yaradıcılığı, onun bizim üçün və
gələcək nəsillər üçün qoyduğu
irs milli sərvətimiz və milli iftixarımızdır. Mustafa bəy XX əsrdə Azərbaycanın ən
görkəmli şəxsiyyətlərindən biridir".
2015-ci ildə
AMEA-nın 70 illik yubileyinin Prezident cənab İlham
Əliyevin sərəcamına əsasən dövlət səviyyəsində
keçirilməsinin plan və proqramlarına uyğun olaraq
M.A.Topçubaşovun anadan olmasının 120 illiyi münasibətilə
onun həyat və yaradıcılığına həsr
olunmuş monoqrafiya çap olunmuşdur.
1981-ci ildə
akademik M.A.Topçubaşov vəfat etdikdən sonra 2 il ərzində
(1981-1983) kafedraya professor Əbdülrəhim Mirzə oğlu
Əliyev rəhbərlik etmiş, 1983-cü ildə isə
kafedra müdiri vəzifəsinə professor Hüsü Məmmədxan
oğlu Kərimov seçilmişdir.
Bu illər ərzində M.A.Topçubaşovun qoymuş
olduğu elmi-pedaqoji ənənələr davam
etdirilmişdir. Professor H.M.Kərimovun rəhbərlik
etdiyi dövrdə (1983-1994) kafedrada elmi
araşdırmaların əsas istiqaməti mədə və
onikibarmaq bağırsağın xora xəstəliyinin
müalicəsində istifadə edilən orqansaxlayıcı
operasiyanın-selektiv vaqotomiyanın rolunun
aydınlaşdırılmasından, öddaşı xəstəliyinin,
pankreatoduodenal zonanın patologiyasının cərrahi
müalicəsi problemlərindən ibarət olmuşdur.
1994-2003-cü ilərdə kafedranın müdiri vəzifəsini
professor İbadulla Nüsrət oğlu Ağayev yerinə
yetirmişdir.
Kafedranın əməkdaşları müasir
tibb elminin müxtəlif sahələrinə (anesteziologiya,
onkologiya, cərrahlıq) dair çoxsaylı dərs vəsaitləri,
metodik vəsaitlər, dərsliklər, monoqrafiyalar və 300-ə
qədər emi məqalə yazıb çap etdirmişlər.
2003-2015-ci illərdə kafedraya professor Əlikram Mustafa
oğlu Məmmədov rəhbərlik etmişdir. Bu illər ərzində
kafedra əməkdaşlarının əsas elmi-tədqiqat
işləri qarın boşluğu orqanlarının kəskin
cərrahi xəstəlikləri və endotoksikoz probleminə həsr
olunmuşdur. Elmi-tədqiqat işlərinin
nəticələrinə həsr olunmuş 350-ə qədər
məqalə, çoxsaylı metodiki vəsait, monoqrafiya
çap etdirilmiş, doktorluq və namizədlik
dissertasiyaları müdafiə edilmişdir. Bu illər ərzində kafedranın əməkdaşlarından
N.Ə.Vəliyev doktorluq, V.Ə.Rəhimov, Ə.H.Əliyev,
C.N.Ramazanov, R.A.Məmmədov, K.Ə.Eyvazova namizədlik
dissertasiyaları müdafiə etmişlər.
2015-2017-ci illərdə kafedraya professor M.Y.Nəsirov
rəhbərlik etmişdir. Bu dövrdə də
kafedra əməkdaşlarının elmi istiqamətini şəkərli
diabet fonunda periferik damarların angiopatiyası,
aşağı ətraf arteriyalarının obliterasiya edici xəstəlikləri,
müxtəlif mənşəli peritonitlərdə endolimfatik
müalicə üsullarının daha geniş tətbiqi və
elmi əsaslandırılması ilə bərabər,
qaraciyər, öd yolları, qastroentorologiyanın müasir
problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri
davam etdirilmişdir.
Kafedranın əsas bazası Tədris Cərrahiyə
Klinikasında yerləşir. Kafedranın 2 saylı Şəhər
Kliniki Xəstəxanası, Respublika Kliniki xəstəxanası,
"Azərsutikinti" və Məlikov adına xəstəxanalarda
filialları var.
Hazırda kafedrada 7 professor, 13 dosent, 15 assistent və 13
laborant fəaliyyət göstərir. Son 5 il ərzində
kafedra əməkdaşları tərəfindən
çoxsaylı monoqrafiyalar, dərs vəsaitləri, tədris-metodiki
vəsaitlər çap etdirilmişdir (N.Vəiyev, F.Camalov,
E.Şərifov, M.Nəsirov, Ə.Məmmədov, V.Rəhimov,
C.Ramazanov, T.Camalova, K.Eyvazova). Elmi-tədqiqat
işlərinin nəticələrinə həsr olunmuş 276
jurnal məqaləsi (81-i xarici mətbuatda) çap etdirilmişdir
(S.Hacıyev, S.Həmzəyev, İ.Axundov, Ş.İbrahimov,
Ə.Sultanov, M.Mürsəlov, G.Abdıyeva, A.Abdullayev,
Z.Tahirova, D.Pənahov, F.İskəndərov, Ə.Məmmədov,
E.Şərifov). Kafedrada dosent M.Mürsəlovun
rəhbərliyi altında tələbə elmi cəmiyyəti
fəaliyyət göstərir. Kafedra əməkdaşları
Türkiyə və Moskvada ixtisasartırma kursları
keçirlər. Kafedra çoxsaylı təcrübəli
pedaqoqlar, yüksəkixtisaslı cərrahların
hazırlığında önəmli rol oynayır.
F.CAMALOV
III Cərrahi Xəstəliklər
kafedrasının müdiri, tibb elmləri doktoru, professor
Ş.ƏLİYEV
III Cərrahi Xəstəliklər
kafedrasının dosenti
525-ci qəzet.- 2020.- 24 iyul.- S.12.