Mehmandarovlar
“Bir alənin
iztirablarla dolu taleyindən bəhs edən tarixi-publisistik əsər
Jurnalist-tədqiqatçı
Vasif Quliyevin yeni kitabı Azərbaycanın Qarabağ bölgəsinin
şan-şöhrətli Mehmandarovlar ailəsinin keşməkeşli,
amma tariximiz və millətimiz üçün nümunəvi
həyatının təsvirinə, təhlilinə və tərənnümünə
həsr olunub. Bəli, faktlar həyatda baş vermiş hadisələri əks etdirir. Amma yazarın təhkiyəsində
və ifadə üslubunda bir ailənin qələmə
alınan 150 illik yaşam tərzi dramatik roman təsiri bağışlayır.
Şuşaya, Qarabağın mədəni
həyatına və bu diyarda maarifin,
incəsənətin inkişafına
dair indiyədək onlarla kitab yazmış
təcrübəli jurnalist
Vasif Quliyev bu sonuncu əsərində
də Azərbaycan oxucusunun Qarabağ sarıdan yaralı qəlbinə məlhəm
olan, xarici oxucuya isə zəngin təəssürat
bəxş edən gözəl salnamə yaradıb.
Azərbaycanın Qarabağ diyarının eyni zamanda millətimizin
və xalqımızın
formalaşıb tarix səhnəsinə çıxmasında
Cavanşirlər nəslinin
xidmətləri danılmazdır. Mehmandarovlar ailəsi
bu nəslin ən görkəmli qollarından biridir. Kitabın
"Mehmandarovlar" adlandırılması
da bu təkzibolunmaz tarixi fakta söykənir.
Azərbaycan tarixinin XVII-XVIII əsrlər
dövrü millətlərin
təmərküzləşməsi fonunda feodal dövlətlərin yaranmasını
ehtiva edir. Həmin dövrdə Cavanşirlərin
ən qüdrətli nümayəndəsi Pənahəli
xanın yaratdığı
Qarabağ feodal dövlətinin çiçəklənməsi
siyasətin, iqtisadiyyatın,
incəsənətin və
kübar ailə sülalələrinin intibahına
rəvac verir. Mehmandarovlar sülaləsi məhz bu oyanmanın meyvəsidir.
Tarixçilər göstərir ki, Qarabağ xanlığı
dövlətçilik strukturunun
qurulması baxımından
xeyli irəli getmişdi. Xan sarayının işçi
kontingenti əhalinin idarə edilməsi,
regional və beynəlxalq
münasibətlərin təşəkkülü
sahəsində xüsusi
qaydaların mənimsənilməsi
sayəsində öz
ədəb-ərkanı, məsuliyyəti,
intizamlılığı və
nəzakətliliyi ilə
seçilirdi. Xanlığın qonaqlarının, gələn
elçilərin qarşılanaraq
yerləşdirilməsi, Xanın
qəbuluna hazırlanması
və icrası ilə məşğul olan Mirzə Əli bəy adlı şəxsin işgüzarlığı ilə
Qarabağ feodal dövlətinin mehmannəvazlıq
etiketi xüsusi mərtəbəyə qalxmışdı.
Bu şəxsin sənəti "mehmandar"
adlanırdı. Mehmandarov soyadı
da bu sənətdən
qaynaqlanır. Kitabda ailənin
təşəkkül tarixi
bütün cizgiləri
ilə aydın şəkildə sadalanır
və oxucuya maraqlı təhkiyə ilə söylənilir.
Müəllif həqiqətən olduqca
böyük iş həcmini yerinə yetirib. Amma kitabı oxuyub
başa çatdıqda
aydın olur ki, onun çəkdiyi
zəhmət hədər
getməyib. Vasif
Quliyevin zəhməti
sayəsində biz təkcə
Mehmandarovlar ailəsinin
yox, bu ailənin
simasında Qarabağın,
Xanlığın paytaxtı
Şuşa şəhərinin,
eyni zamanda, müstəqillik uğrunda
xalqımızın apardığı
mübarizənin ən
qanlı-qadalı və
şanlı səhifələrinin
yeni sətirləri ilə tanış oluruq.
Mehmandarovlar arasında ömrünü
xalqın maariflənməsinə,
yurdumuzun abadlaşmasına,
əhalinin sağlamlığının
qorunmasına, mədəni
irsimizin inkişafına,
dünyanın hərb
sənətinə zəngin
töhfələr bəxş
edən onlarla görkəmli şəxsiyyət
yetişib. Kitabda Mirzə Həsən bəy, Sadıq bəy, Qasım bəy, Əbdülkərim
bəy, Səməd bəy Mehmandarovların və digərlərinin bu gün də
hər kəsə örnək ola
biləcək ömür
yolları, ictimai-siyasi,
əmək fəaliyyətləri
ən kiçik nüanslardan tutmuş böyük həqiqətlərə
qədər ardıcıllıqla
oxucuya çatdırılır.
Kitabın ən
güclü məziyyəti
odur ki, isbat olunan tarixi
sənədlərə əsaslanır, bizə yalnız və yalnız həqiqətləri
açıb göstərir.
Məsələn, Azərbaycanın
müstəqilliyi və
erməni terrorundan müdafiə tarixində
100 il əvvəl qısa müddətdə
yaranıb vuruşan
"Difai" partiyası
haqda bir çox publisistlər məqalələr yazıb.
Təbii ki, həmin yazılarda canını azadlıq yolunda fəda edənlərin qəhrəmanlıq
yolu böyük niyyətlərlə tərənnüm
olunub. Lakin həmin məqalələrin
müəllifləri dərin
tədqiqat aparmadan
"Difai" təşkilatının
Əhməd bəy Ağayev tərəfindən
Gəncə şəhərində
yarandığını bildiriblər.
Tarixi həqiqət isə ondan ibarətdir ki, "Difai" Şuşada yaranıb və ilk şöbələri də Qarabağ bölgəsinin yaşayış
məskənlərində təşkil
olunub. Qarabağdan kənarda isə ilk dəfə Gəncədə təşkilatın
şöbəsi fəaliyyətə
başlayıb.
1905-1907-ci illərdə erməni-müsəlman davasını
təşkil edən Rusiya imperiyası erməniləri hər cəhətdən dəstəkləyirdi.
Buna görə də istibdada və erməni terroruna qarşı vuruşmağı
bacaran bir təşkilata zərurət
yaranmışdı. Bu
ehtiyacı ödəmək
üçün həyatını
millətinin istiqlalına
həsr edən Əhməd bəy Ağayev özündə
böyük cəsarət
taparaq işə başlayır. 1906-cı ilin
avqustunda o, Şuşada
milli ziyalılarımızın
toplantısını təşkil
edir və deyir: "Biz indiyə qədər rus hökumətinə sadiq olmuşuq. Bu sədaqətin, etibarın əvəzinə
isə general Qoloşapov başda olmaqla ruslar erməni daşnakları ilə birləşib, bizə qarşı çıxdılar. Evlərimizi,
məscidlərimizi dağıtdılar,
şahzadələrin imarətlərini
yandırdılar və
bizim saray incilərimizi məhv etdilər, minlərlə müsəlmanı ac-susuz
qoydular". Elə bu toplantıda da "Difai"nin əsası qoyulur və azərbaycanlıların
müdafiəsi təşkil
olunmağa başlayır.
Kitabda "Difai"nin
möhtəşəm fəaliyyəti
tarixi ştrixlərlə
dəqiq təsvir edilir.
"Mehmandarovlar" əsəri vahid süjet əsasında nəsillərin bir-birini əvəzlənməsini təsvir
etməklə bugünümüzə
qədər baş verən hadisələri əks etdirir. Faktları təhlil edərkən 100 il əvvəlin məşhur
"İrşad", "Kaspi" kimi qəzetlərə istinad edilməsi əsərin etibarlığını artırır.
Cəlil
Məmmədquluzadənin, Mehmandarovlarla
yaxın qohum olan Həmidə xanım Cavanşirin, o cümlədən, kitabın
həsr edildiyi böyük ailə üzvlərinin publisistik fəaliyyətlərinin işıqlandırılması
bu əsəri mətbuatımızın 145 illik
yubileyinə sanballı
hədiyyə səviyyəsinə
qaldırır.
Həyatın enişli-yoxuşlu yollarının
çətin məqamlarında
şəxsiyyətin psixoloji-dramatik
halının bədii
dillə tərənnümü
bu əsəri oxucunun qəlbinə təlqin edən ədəbi məziyyətdir.
Vasif Quliyev hələlik sonuncu olan bu kitabında
elə bir tarixi-ədəbi irsi milli-mədəni sərvətimizə
çevirib ki, onun mükəmməlliyini
bir məqaləyə
sıxışdırmaq çətindir.
Buna görə də "Mehmandarov"ları
oxumaq və öyrənmək vacibdir.
Yalnız bu yolla oxucu bu
kitabı milli informativ məlumat bazasının bəzəyinə
çevirə bilər.
Yeri gəlmişkən,
kitab Azərbaycan və rus dillərində
ayrı-ayrılıqda nəşr
olunub. Bu da onun beynəlxalq
elmi-ədəbi fikrin
diqqətini cəlb etməsinə imkan yaradır.
Novruz NOVRUZOV
525-ci qəzet.2020.- 24
iyul.- S.-14