Şahbulaq qalası

 

"Pənah xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən mənzil salam. Düşməni dəf etməkdən kahallıq fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi".

 

Mirzə Adıgözəl

 

Şahbulaq qalası on səkkizinci əsr Azərbaycan memarlığının möhtəşəm nümunələrindəndir. Ehtimal olunur ki, Ağdamda tikilən qala adını da burada yerləşən gursulu bulağın adından - Şahbulağından götürmüşdür. Qala daxilində bulaqların çoxluq təşkil etməsi barədə xeyli məlumatlar var.  Şahbulaq qalası Ağdamın 10 kilometrliyində, dağların ətəklərində çeşməli bir ərazini əhatə edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınmasının əsas səbəblərindən biri qalanın strateji-coğrafi əhəmiyyəti idi. Xüsusilə suyun əlçatanlığını təmin edən çoxsaylı bulaqlar.

 

Şahbulaq qalasının mürəkkəb müdafiə planına malik idi. Dəfələrlə hücumlara məruz qalan qalanın bərpasına xeyli pul xərclənmişdi. Abbas Mirzə daxil  olmaqla bir neçə hökmdarın qalaya hücumu bir nəticə verməmişdi. Tarixçi Vasili  Potto yazırdı: "Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq, qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz memarlıq strukturu da yaxşıdır".

 

Şahbulaq qalası memarlıq xüsusiyyətlərinə görə o dövrün digər qalalarından fərqləndiyindən özündən sonrakı memarlıq nümunələrinə təsir göstərmişdi. Bu qala tipli saray kompleksi yerli inşaat materialları olan əhəngdən dağ daşlarından inşa olunmuşdu. Kompleks güclü mühafizəyə malik olduğundan onu "qıfıl" (kilid) adlandırırdılar. Kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı  yerləşirdi.

 

Qala inşa planına əsasən düzbucaqlı formada inşa edilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi yarımsilindirik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Qalanın divarlarının hündürlüyü 7 metr, qüllənin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Qalanın şimali qərbində bulağın yaxınlığında kiçik ibadət zalından küləfrəngidən ibarət çox da böyük olmayan Şahbulaq məscidi inşa edilmişdi.

 

Şahbulaq qalasi - Çobandağ dağı (681m.)

 

Qəsrin girişi şərq tərəfdən idi ikimərtəbəli prizmaşəkilli tikili ilə müdafiə olunurdu. Giriş kiril əlifbasındakı "Q" hərfi formasında idi. Şahbulaq qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri bazar yerləşirdi. Qalada iki qəsr-içqala xarici qala var idi. İçqəsr təpənin üstündə gur bulağın yanında salınmışdı.

 

Şahbulaq 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra qalanın daxilindəki məscid, hamam, xan sarayı bəzi yaşayış evləri dağıdılıb. Ümumiyyətlə, Şahbulaq qalası ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. Qalanın divarları üzərindən ornamental oymalar yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə daxili interyerləri sökülərək mişar daşları erməni xaçları ilə əvəz olunub.

 

Həmçinin, müxtəlif adlarla aparılan arxeoloji qazıntılar digər amillərlə bağlı qalanın ziyan görməsi erməni mətbuatında yayılan şəkillərdə aydın görülməkdədir. Bu şəkillərə baxanda adam bilmir qalanın gördüyü ziyana yansın, yoxsa üstündə dalğalanan erməni bayrağına. Ancaq hər birimiz bütün varlığımızla inanırıq ki, Şahbulaqda bir gün Azərbaycan bayrağı dalğalanacaq. Mütləq dalğalanacaq!

 

 

 

 

Aytac Sahəd

525-ci qəzet.- 2020.- 25 iyul.- S.16.