Milli mətbuatın dövlətçilik
ənənələri - IV yazı
Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna
diqqət və qayğısı, dövlətin uğurlu
media siyasəti 1993-cü ildən bəri ölkəmizdə
demokratik KİV-in inkişafında yeni mərhələ oldu.
Ulu
öndərin qərarları ilə mətbuat üzərində
əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə dövlət
senzurasının ləğv edilməsi müharibə şəraitində
yaşayan və quruculuq yollarında yenicə addımlayan zəif
bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da,
dünyaya inteqrasiya və demokratik dəyərlərə
qovuşmağın önəmli yolu idi.
İndi
tarixi ənənə və dövlətçilik
mövqeyinin qorunmasında önəmli xidmətlərə
sahiblənmiş Azərbaycan milli mətbuatı 145-ci ildönümünü
qeyd etməyə hazırlaşır. Prezident İlham
Əliyevin iyunun 30-da imzaladığı "Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam bu tədbirin dəyərini bir
daha artırmış oldu. Bu ərəfədə
xalqımızın dövlətçilik və
türkçülük ənənələrinin
qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın
apardığı mübarizə tarixini oxucularımızla
bölüşmək istədik.
Ümummilli
lider Heydər Əliyevin dövlətçilik kursunun
reallaşmasında müstəqil mətbuatın rolu
Keçən
əsrin 90-cı illərində baş verən hadisələr,
xüsusən də XX əsrin sonlarında baş verən ən
böyük hadisə - SSRİ-nin dağılması Cənubi Qafqazı da
böyük maraqların toqquşduğu məkana
çevirmişdi. Eyni zamanda, "Böyük
Ermənistan" xülyası ilə zəhərləndirilmiş
Ermənistanın Azərbaycana təcavüzkar
addımları elan olunmamış müharibəyə
çevrilmişdi. Bir milyon insan yurd-yuvasından qovularaq
qaçqın olmuş, Qanlı 20 Yanvar faciəsindən sonra, əsrin
Xocalı qətliamı, Bağanıs Ayrım kimi faciələri
baş vermişdi və dünya ictimaiyyətinin gözləri
qarşısında bu təcavüz davam etməkdə idi. Dünyaya demokratiya dərsi keçən Qərbin
böyük strateji maraqları fonunda bu terror hadisələri
nəinki görünmür, hətta birmənalı olaraq
olmamış kimi unudulurdu. Azərbaycana
maraq ildən-ilə böyüsə də, Moldovada
(Dnestryanı) və Gürcüstanda (Cənub Osetiya və
Abxaziya) baş verənlərdən təşvişə
düşüb, beynəlxalq tribunalarda gur səslə
danışanlar Azərbaycanın başına gətirilən
faciələrdən danışmaq belə istəmirdilər.
Eyni məzmunlu təcavüzkar hadisələrə fərqli
reaksiya o demək idi ki, "keçən əsrin 90-cı illərində Qərb
dövlətlərini Azərbaycan torpaqlarının
işğalından çox, ölkəmizdəki enerji
ehtiyatları maraqlandırırdı".
Təcavüz
və ziddiyyətlərin hökm sürdüyü,
böyük strateji maraqların toqquşduğu, daxili
sabitliyin olmadığı, ölkənin parçalandığı bir zamanda Heydər Əliyev
hakimiyyətə gəldi və Azərbaycanın gələcəyinə
görə məsuliyyəti öz üzərinə
götürdü. Ümummilli lider 1993-2003-cü illərdə
müstəqil Azərbaycanın yeni milli inkişaf
strategiyasını yaratmaqla, millətimizin adının və
imzasının imzalar içərisində təsdiqinə müvəffəq oldu. Heydər
Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın
ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin təbirincə desək, "Azərbaycan
"G üçlüyü" (Geography, Geology, Geopolitics)
ölkəsi" olaraq bütün Qafqazın və bölgənin
aparıcı dövləti olduğunu təsdiq etdi.
Təbii ki, bu sırada qonşu dövlətlərlə
münasibətlərin qurulması və inkişafı önəmli
yer daşımaqda idi və qardaş Türkiyənin
danılmaz və strateji mövqeyi Ulu öndər
üçün olduqca önəmli olmuşdur. Azərbaycanın Türkiyə
Cümhuriyyəti ilə əlaqələrinə xüsusi əhəmiyyət
verən Ümummilli lider H.Əliyev məhz bununla əlaqədar
bir fikri dönə-dönə təkrarlayırdı: "Azərbaycan...
dünyanın bütün ölkələri ilə əməkdaşlıq
arzusundadır. Lakin onu Türkiyə ilə
xüsusi münasibətlər bağlayır. Biz eyni kökdən boy atmışıq, ümumi cəhətlərimiz
çoxdur. Biz iki ölkədə
yaşayan bir xalqıq və öz birliyimizi möhkəmləndirməliyik".
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
yenidən hakimiyyətə qayıdışı isə
bütün sahələrdə olduğu kimi, eləcə də
ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın
inkişafında yeni mərhələ olmuşdur. Bu mövqe əslində,
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövründən diqqət mərkəzində idi. O
dövrün mətbuat orqanlarını, eləcə də
tarixi sənədləri vərəqlədikcə bir daha
sübut olunur ki, Ulu öndər tutduğu yoldan heç vaxt
dönməmiş, həmişə sadə xalqla bir olmuş,
cəmiyyətin və xalqın problemlərini həll etməyə
çalışmış və bunu bir rəhbər kimi
özünün ümdə vəzifəsi hesab etmişdir. Əslində, Naxçıvana
qayıdışın mahiyyətində də bu amil
dayanırdı. Təbii ki, hökumətə
bağlı və
ciddi nəzarət altında olan mətbuat orqanlarında -
"Kommunust", "Sovet kəndi", "Həyat" və
digər qəzetlərdə bu qayıdışın motivləri
tamam başqa çalarda dəyərləndirilmişdir.
Üstəlik, o vaxtlar Azərbaycan tarixində önəmli
yer tutan və yeni bir tarixin yazıldığı,
blokadanın boğduğu Naxçıvan haqqında məlumatların
verilməsinə belə, ciddi yasaq qoyulmuşdu. Hətta o
dönəmin "Kommunist" qəzetində məsələnin siyasi tərəfi
bir yana, Naxçıvanda gedən
quruculuq işləri, Türkiyə ilə Naxçıvan
arasındakı körpünün tikintisi, Naxçıvan aeroportunun yenidən
qurulması kimi əhəmiyyətli layihələr
haqqında xəbərlər barmaqla sayılacaq dərəcədə
az olmuşdur. Amma bir sıra mətbuat
orqanları, xüsusən də yeni dövri nəşrlər
bu məsələdə real və demokratik mövqedə
dayana bilmişdilər. "Aydınlıq",
"Azadlıq", "İki sahil", "Ədalət",
"Yurddaş", "Səs", "Mədəniyyət",
"Respublika", "Vətən səsi",
"Naxçıvan" kimi qəzetlərin səhifələrində
Naxçıvanla bağlı dərc edilən xəbər və
materiallarda xalqın azadlıq səsi eşidilməkdə,
böyük siyasətçiyə rəğbət duyulmaqda idi.
Naxçıvanla
bağlı xəbərlərə qoyulan qadağalar qorxu və
təpki hissləri aşılasa da, bu qəzetlərin məsul
işciləri, eyni zamanda, o dövrdə də Azərbaycan
jurnalistikasının fədakar nümayəndələri olan
Mirzə Əsgərov ("Azərtac"ın müxbiri),
Əmir Mustafayev ("Respublika" qəzetinin baş redaktor
müavini, sonralar "Azərbaycan" qəzetinin baş
redaktotu), Vüqar Rəhimzadə ("İki sahil" qəzetinin
baş redaktoru), Əhməd İsayev ("Respublika" qəzetinin
baş redaktoru), Şahmar Əkbərzadə ("Mədəniyyət"
qəzetinin baş redaktoru), Teymur Əhmədov ("Vətən
səsi" qəzetinin baş redaktoru, sonralar
"Respublika" qəzetinin baş redaktoru), Möhsün
Möhsünov ("Şərq qapısı" qəzetinin əməkdaşı),
Mais Səfərli ("Yurddaş" qəzetinin baş
redaktoru), Eldar Baxış ("Səs" qəzeti), Xeydəddin
Qoca ("Açıq söz" qəzetinin redaktor
müavini) və başqaları Naxçıvan həqiqətlərinə
və Heydər Əliyevin fəaliyyəti ilə bağlı
olan xəbərlərə müntəzəm yer
ayırmalarını özlərinin vətəndaşlıq
və jurnalist borcu adlandırırdılar. Maraqlıdır
ki, bir sıra ümumittifaq mətbuatında, o cümlədən,
mərkəzi mətbuatda da hadisələrə real və ədalətli
münasibətlərin ortaya qoyulması gündəmdə
olmuşdur. Ara-sıra da olsa
"Pravda", "İzvestiya" kimi mərkəzi mətbuat
orqanlarının Naxçıvan reallıqlarına səhifələrində
yer ayırması həm də Heydər Əliyev
dühasının qüdrətindən irəli gəlirdi.
Yeri gəlmişkən qeyd edilməlidir ki, bu baxımdan
"Heydər Əliyevin hələ Naxçıvana
qayıdışından xeyli əvvəl "Teatralnaya
jizn" (1989) jurnalı üçün Andrey Karaulova verdiyi
tarixi müsahibə" bu yolda ciddi bir nümunə sayıla
bilər.
Heydər Əliyevin Naxçıvana qayıdışı
onun siyasi arenaya yenidən qayıdışı olduğu kimi,
həm də bütün Azərbaycanın xilası oldu. Başqa sözlə desək, böyük
siyasətçiyə siyasi iradə və güc verən
Naxçıvan, onu siyasi arenaya qaytarmaqla özünü də
yox olmaq təhlükəsindən xilas etdi. Eyni zamanda, "Bütün
səyini, gücünü və siyasi fəaliyyətini Naxçıvanın ərazi
bütövlüyünün qorunması istiqamətində gedən gərgin
mübarizəyə həsr edən Ulu öndər əməli və uzaqgörən fəaliyyəti
ilə daim xalqın yanında olduğunu, onun taleyini və gələcəyini
düşündüyünü özünün önəmli
vəzifəsi kimi təsdiq
etdi".
Ulu
öndər Türkiyə ilə hərtərəfli əməkdaşlığın
genişlənməsinə, siyasi-iqtisadi və elmi-mədəni
maraqlarını reallaşmasına xüsusi əhəmiyyət
vermiş, bu istiqamətdə aparılan kursun yüksələn
xətt üzrə inkişafına nail ola
bilmişdir. Eyni zamanda, "Azərbaycanın yeni müstəqilliyi
Türkiyənin Cənubi Qafqaz siyasətində
önəmli yerə sahibləndiyini təsdiqləmişdi".
Burada digər məsələ "Azərbaycanın
sahib olduğu enerji ehtiyatları həm Türkiyənin enerji
ehtiyaclarının qarşılanması, həm də
özünün enerji sahəsində tranzit ölkə
olması üçün mühüm rol
oynamışdır. Bu, həm də o demək idi ki, böyük
enerji ehtiyatlarına malik olan Azərbaycan bu resursları Türkiyə vasitəsi ilə
bütün Avropaya çıxara bilərdi. Mərkəzi Asiya
respublikalarının enerji ehtiyatlarının Türkiyəyə
çatdırılması da, Azərbaycan vasitəsi ilə
reallaşa bilərdi. Bu da Azərbaycanın tranzit
ölkə ola bilməsini təsdiqləyirdi.
Azərbaycanda xalqın inadlı
təkidindən və 1993-cü ilin prezident seçkilərindən
sonra Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə Azərbaycanla Qərbin enerji
şirkətləri arasında neft müqaviləsinin
imzalanması danışıqları gedirdi və aparılan
müzakirələrdə Rusiyanın mövqeyi önəmli
idi. Onu razı salmaq, həm də Azərbaycanın daxilində kifayət qədər
güclü olan və Rusiya ilə əməkdaşlığı
önəmli hesab edən qüvvələrin mövqeyini
yumşaltmağa, ən önəmlisi də Ermənistan-Azərbaycan
arasındakı Dağlıq
Qarabağ münaqişəsində Rusiyanın mövqe və dəstəyinin alınması prinsipial məsələ olaraq
qalırdı. Hələ 1992-ci ildə erməni qüvvələrinin
Naxçıvana hücumları zamanı Türkiyənin
müdaxiləsinin gündəmə gəlməsi rusların
"üçüncü dünya müharibəsinə səbəb
ola biləcəyini" açıqlaması soyuq müharibə
dövrünün başa çatdığı
vaxtlarda ilk dəfə Türkiyə
ilə Rusiya arasında bir qarşıdurma ehtimalını gündəmə
gətirmişdi.
Bütün bunları siyasi fəaliyyətinin
Naxçıvan dövründə yaşayan və
yaxşı bilən Ümummilli lider Heydər Əliyev özünün praqmatik siyasəti
ilə Rusiya tərəfinin də razılığına nail
oldu. Eyni zamanda, hakimiyyətə qayıdandan sonra da Azərbaycanın xarici siyasətini
müstəqillik, praqmatizm, balanslaşdırma, daxili siyasətinin isə sabitlik və azərbaycançılıq
prinsipləri əsasında qurdu. Maraqlıdır ki, bu dönəmdə
xaricə ilk rəsmi səfərini reallaşdıran Ulu
öndər bu mötəbər missiyasına da Türkiyədən
başlamışdır. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il
fevralın 8-də başlayan səfəri də bu qəbildən
dəyərləndirilə bilər.
Fevralın 11-dək davam edən ilk rəsmi səfər
respublika mətbuatında, o cümlədən, "Xalq qəzeti"ndə ikitərəfli əlaqələrin
inkişafında yeni mərhələ kimi təqdim olunur.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub.
Namiq
Əhmədov
525-ci qəzet.- 25 iyul.- S.18.