Nizami irsinin yorulmaz tədqiqatçısı

 

 

 

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan professor Xəlil Yusiflinin elmi fəaliyyətinin böyük bir hissəsini nizamişünaslıq təşkil edir.

 

Alim 1961-ci ildə "Nizaminin lirikası" mövzusunda namizədlik, 1987-ci ildə isə "Nizami Gəncəvi və Şərq intibahı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək nizamişünaslığın az öyrənilmiş, mübahisə doğuran və gərgin əmək tələb edən istiqamətlərində araşdırmalar aparmışdır. Onun çoxsaylı elmi məqalələri, "Nizaminin lirikası", "Şərqdə intibah və Nizami Gəncəvi" adlı monoqrafiyaları bu məhsuldar əməyin mükəmməl nəticəsidir.

 

Professor Xəlil Yusifli Nizaminin əsərlərinin latın qrafikalı nəşrinin tərtibi sahəsində də böyük iş görmüş, nəşrə daxil olan kitabların bir neçəsinə geniş ön söz yazmışdır. O, Nizaminin "Xosrov və Şirin" əsərini fars dilindən ana dilimizə poemanın bəhrini qorumaqla bədii tərcümə etmişdir. Alim "Xəmsə"yə daxil olan əsərlərin yeni təfəkkür işığında öyrənilməsi istiqamətində də yorulmadan fəaliyyət göstərmişdir. 

 

Xəlil Yusiflinin 2011-ci ildən başlayaraq Nizaminin 870 illik yubileyi ərəfəsində nəşr olunan məqalə və kitablarında qabardılan əsas məsələlərdən biri də şairin milli mənsubiyyəti ətrafında gedən mübahisələrdir. Alimin bu mövzuya qayıtmasına həmin ərəfədə Nizamiyə edilən haqsız hücumlar, onun milli mənsubiyyətini hər vəchlə türk kökündən uzaqlaşdırmağa edilən uğursuz cəhdlər səbəb olmuşdur.

 

Xəlil Yusifli 2011-ci ildə Gəncədə çap olunan "Xosrov və Şirin" poemasına yazdığı "Elmi və bədii fikrin üfüqləri fövqündə" adlı ön sözdə Nizaminin öz əsərlərindən gətirilən nümunələrlə şairin milli və etnik mənsubiyyətini sübuta yetirməyə ehtiyac olmadığını, onu Azərbaycan türkü olduğunu, şairin əslinin hər hansı bir digər etnosa bağlamağın heç bir elmi əsasa söykənmədiyini bir daha qeyd etmişdir.

 

Nizaminin türk olmasına rəğmən, fars dilində yazması zərurəti haqqında danışarkən alim bunu belə əsaslandırır: "Yaradıcılığa çox erkən başlayan, lirik şeirləri ilə böyük şöhrət qazanan şair artıq bu əsərləri ilə türklərin və farsların fars dilində yaratdığı poeziya axtarışlarına qoşulur. Türk hökmdarlarının (Samanilər, Qəznəvilər, Səlcuqilər və s.) himayə etdiyi bu poeziya axını əslində, bir hünər meydanına çevrilir, hansı xalqın nümayəndəsi olmasından asılı olmayaraq, sənətkarlar ümumi bir axında birləşir, fikir və sənət axtarışları sahəsində nəyə qadir olduqlarını nümayiş etdirirlər".

 

Nizaminin "Xosrov və Şirin" əsərində yer alan bir beytlə əlaqədar öz münasibətini bildirən müəllif burada keçən "iqdiş" kəlməsinin bəzən yanlış yozulduğunu və səhvən şairin milli mənsubiyyəti ilə əlaqələndirildiyini göstərir. Alim həmin beyti "Yaşar xəlvətdə bu iqdiş Nizami, Yarı baldır, yarı sirkə kəlamı" - şəklində tərcümə edərək belə şərh edir: "Nizami bu misralarda iqdişliyinin mahiyyətini çox dəqiq göstərir: zahidlik və şairlik, bal kimi şeirlər və sirkə kimi tünd əxlaqi təbiət. Şair gül məclisində tikan olmağı özünə rəva görmür, çünki zahidliyi, sərt əxlaqı şeirlərindən fərqli olaraq, tikana bənzəyir. Bu iqdişlik bal və sirkə, gül və tikan iqdişliyidir".

 

Alim Nizaminin türklüyü və türklüyə xüsusi rəğbətlə yanaşması məsələsinə "Xosrov və Şirin" əsərinin mənbələrini aydınlaşdırarkən də toxunur. O yazır: "... Nizami eşq haqqında bir əsər yazmaq üçün mövzu axtarışları apararkən, onu məhz "Xosrov və Şirin" mövzusunu seçməyə yönəldən qaynaqlardan, səbəblərdən biri, bəlkə də, birincisi Firdovsi "Şahnamə"si olmuşdur. Nizaminin bu mövzu ilə bağlı bildikləri, tarixi qaynaqlardan öyrəndikləri, Bərdə əlyazması, Bərdə qocalarından əldə edilən bilgilər və s. məqamlar onun bu mövzuya müraciət etmək meylini daha da gücləndirmişdir. Mövzunun Fərhadla bağlı məqamlarının Azərbaycanda geniş yayılması da yeni tipli bir əsər yazmağa imkan verirdi. ...Eyni zamanda, görünür ki, Nizami Şirinin bərdəli bir alban türk qızı olduğunu yaxşı bildiyindən, özü də türk olduğundan bu mövzuda əsər yazmağa daha maraqlı idi".

 

Nizaminin sələfi Firdovsidən fərqli olaraq, "Xosrov və Şirin"də Şirin və onun bibisi Məhnbanunu bir türk kimi təqdim etdiyini, bununla da qürur duyduğunu söyləyən Xəlil Yusifli bunun, sadəcə, əsəri sifariş verən əslən türk olan Atabəy hökmdarları Məhəmməd Cahan Pəhləvan və ya qardaşı Qızıl Arslanın rəğbətini qazanmaq məqsədi ilə etmədiyini, mənbələrin buna imkan verdiyi üçün türk tarixinə yeni bir həyat verdiyini xüsusi vurğulayır. O, türk sultanlarının saraylarında farsca yazılan əsərlərə xüsusi imkan yaradılmasının isə türk hökmdarlarının beynəlmiləlçi siyasəti ilə bağlı olması haqqında yazır: "Türk hökmdarlar bütün xalqlara eyni gözlə baxmış, hər cür şovinizmdən uzaq olmuşlar. Onlar dünya vətənim, insan millətim əqidəsi ilə yaşamışlar".

 

Xəlil Yusiflinin elmi irsində Nizaminin türk millətinə mənsubluğuna qarşı yönələn yazılara verilən cavablar da özünəməxsus yer tutur. Alimin 2012-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Nizaminin etnik mənsubiyyəti: həqiqət və uydurmalar" adlı məqaləsidə bu əhəmiyyətli işin mühüm tərkib hissəsidir. O, uydurma üsullarla Nizaminin türklüyü haqqında həqiqəti danmağın mümkünsüz olduğunu bir daha sübuta yetirir.

 

Nizaminin etnik mənsubiyyətinin onun əsərlərindən gün kimi aydın olduğunu deyən müəllif Nizaminin türk dilində də əsərlər yazdığı qənaətinə gəlir, sadəcə, dövrünün tələbi ilə, əsərlərinin daha böyük oxucu auditoriyası əldə etməsi və tarixdə qalması üçün məhz farsca yazdığını göstərir. Alim Sultan Mahmudun sarayında yaşamış Mənuçöhri Damğaninin şair dostlarından birinə yazdığı bir beyti əsas alaraq Nizaminin müasiri olduğu dövrdə də türk-oğuz şeirinin yazıldığını fakt kimi qeyd edir və dövrün mənzərəsini belə təsvir edir: "Türk hökmdarlarının saraylarında türkü yazan, yaza bilən şairlər var idi, ancaq onların yaradıcılığına rəvac verilmirdi. Nizami Gəncəvinin də bir Azərbaycan türkü, özünün dediyi kimi, bir "əcəm türkü" olsa da, farsca yazmasının səbəbini burada axtarmaq lazımdır".

 

Nizaminin türklüyünü sübuta yetirən faktlardan biri kimi onun türklərə, türklüyə xüsusi rəğbətlə yanaşmasında görən müəllif fikirlərini fars əsilli şairlərin yaradıcılığı ilə müqayisədə əsaslandırır: "Farslarda türk, türki (türklük) sözləri etibarsızlıq, vəfasızlıq, qarətçilik mənalarında işlənirsə, Nizami bir türk olaraq bu sözə əsl mənasını qaytarır. O, həmin sözləri ucalıq, gözəllik, qəhrəmanlıq, bənzərsizlik kimi mənalarda işlədir".

 

Xəlil Yusiflinin son dövr tədqiqatlarından biri də "Nizami Gəncəvi: sələflər və xələflər" adlı monoqrafiyasıdır. Əsər Nizami poeziyasının özündən əvvəlki və sonrakı yaxın və Orta Şərq ədəbiyyatı ilə əlaqələrinə həsr olunub. Alim bu kitabda Nizaminin əsərlərində mövzuların qoyuluşu və onların bədii həlli prosesində sələflərindən fərqli olaraq, vətənpərvərlik nümayiş etdirməsi, türkə rəğbətini ifadə etməsi, türk əxlaqından, türk dastan təfəkküründən, türk mifik düşüncə tərzindən çıxış etməsi məsələlərini qaldırmışdır.

 

Kitabın maraq doğuran hissələrindən biri də Firdovsi və Nizami yaradıcılığının ideya və məzmun etibarilə müqayisə olunduğu fəsildir. Tədqiqatçı bu müqayisədə məqsədini belə açıqlayır: "Məqsəd heç də kimin daha böyük sənətkar olduğunu aydınlaşdırmaq deyil, bəlkə bunlardan birinin o birinə münasibətini, ondan necə istifadə etdiyini və ya etmədiyini, yaxud ondan nəyi götürüb, nəyi götürmədiyini, nəyi yenidən yaratdığını müəyyənləşdirməkdən ibarətdir".

 

Məsələn, Nizaminin "İskəndərnamə" poeması ilə Firdovsinin "Şahnamə"sindəki "İskəndər" dastanını müqayisə edən alim Nüşabə əhvalatı üzərində dayanaraq böyük Azərbaycan şairinin əsərində ifadə olunan vətənə, yurda olan sevgisi haqqında belə yazır: "... hadisələri uzaq Andalusdan, mənbələrin bağladığı ərazidən Bərdəyə köçürməklə onsuz da vətənpərvər bir şair kimi hərəkət edən Nizami bu epizodun başlanğıcında verdiyi "Bərdənin təsviri" adı ilə məşhur olan lirik parça ilə bir az da qabarıqlaşdırır". Alim Nizaminin bu addımı rusların 946-947-ci illərdə qədim Bərdəyə hücumunu və bu gözəl şəhəri xaraba qoymasını tarixdə əbədiləşdirmək üçün atdığını bildirir və haqlı olaraq bunu şairin doğma yurduna bağlılığı kimi təqdim edir.

 

Bu günlərdə ömrünün 85-ci ilinə qədəm qoyan AMEA-nın Gəncə Bölməsi nəzdində Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Xəlil Yusifli yenə də əvvəlki əzmlə iş başındadır. O, həmişəki gənclik enerjisi ilə tarixin qaranlıqlarından Azərbaycan ədəbiyyatının yeni-yeni səhifələrini gün işığına çıxarır. Lakin Nizami Gəncəvinin ədəbi irsinin tədqiqi alimin elmi fəaliyyətinin əsas və aparıcı istiqamətlərindən biri olaraq qalır. Biz də öz növbəmizdə klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı, Əməkdar elm xadimi, "Şöhrət" ordenli Xəlil müəllimi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.  

 

 

 

Əzizağa Nəcəfzadə

525-ci qəzet.- 2020.- 28 iyul.- S.11