"Məktəblinin dostu" layihəsi
- Azərbaycan təhsilinin uğurlu yeniliyi
2016-cı
ildən etibarən ölkənin təhsil sistemində yeni,
mühüm əhəmiyyət kəsb edən "Məktəblinin
dostu" adlı layihə tətbiq olunur.
Məqsəd
tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli
psixoloji mühitdə təşkil edilməsi, valideynlərin
övladlarının təhsil şəraiti barədə məlumatlılığını
və məmnunluğunu artırmaqdır. Hazırda "Məktəblinin
dostu" layihəsi 70 ümumtəhsil məktəbində tətbiq
olunur. Layihə Bakı şəhəri üzrə 58 tam orta
məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi
olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini
əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda
2 ümumi təhsil müəssisəsində "Məktəblinin
dostu" fəaliyyət göstərir. Layihə çərçivəsində
ümumilikdə 300 əməkdaş fəaliyyət göstərir.
"Məktəblinin dostu" layihəsi Azərbaycan təhsilinin
fundamental inqilabi yeniliklərindən biridir.
Qeyd edək
ki, bu kimi layihələr dünyanın bir çox ölkəsində
çeşidli adlarla uğurla sınaqdan çıxıb.
ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi
ölkələrdə məktəblərdə
"şagirdlərin dostu" olur. Bu xidmətin müxtəlif
adı olsa da, hər yerdə məqsədi eynidir. Burada əsas
hədəf məktəb - təhsil alan - valideyn
üçbucağının tərəfləri arasında
üfüqi ünsiyyətin qurulması və hədəf
olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə
imkanları yaratmaqdır. “Məktəblinin dostu”nun əsas vəzifəsi
məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə
hal baş verdikdə müəllim heyətinə və
şagirdlərə ilkin yardım göstərməkdir. Bu, çox yaxşı təşəbbüsdür.
Bunun hesabına ilk növbədə məktəblərdə
nizam-intizam problemi həll olunur. Eləcə də məktəblərdə
müəllimlə şagird arasında müsbət ab-hava
yaranır.
Azərbaycanda
da 4 ildən artıqdır ki, sadalananları əhatə edən
"Məktəblinin dostu" layihəsi uğurla icra olunur.
"Məktəblinin dostu" şagirdlərin həyatında
fəal iştirak edərək onları ruhlandırır, məktəblilər
arasında ahəngdar ab-hava yaradır ki, bu da şagirdlərin
istedadlarının aşkarlanmasına yardımçı
olur. Eləcə də bu layihə müxtəlif yaş
qrupundan məktəblilərin öz aralarında əlaqə
saxlamasına, asudə zamanlarında müxtəlif tədbirlər
təşkil etməsinə, onların həm fiziki, həm də
mənəvi-psixoloji inkişafına kömək edir.
Həmçinin,
layihədə iştirak edən əməkdaşlar
müvafiq psixologiya kursları keçərək və
şagirdlərdə psixoloji problemlərin aşkarlanmasına
yardımçı olur.
Bununla
yanaşı, layihənin Psixoloji Mərkəzi də fəaliyyət
göstərir. Bu mərkəzlər pulsuz olaraq məktəblilər
üçün valideynlərinin icazəsi ilə müxtəlif
seminar keçirərək, eləcə də şagirdlərin
peşə seçiminə kömək edir. "Məktəblinin
dostu" layihəsinin əməkdaşları hər zaman
uşaqların köməyinə gələrək böyük
qardaş və ya bacı, mürəbbiə rolunda
çıxış edir.
"Məktəblinin
dostu" layihəsinin İctimaiyyətlə əlaqələr
üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, 2016-cı
ildə fəaliyyətə başlayan "Məktəblinin
dostu" layihəsi Təhsil Nazirliyi və Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
birgə layihəsidir. Layihə ilk mərhələdə
Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində
fəaliyyətə başlayıb. 2017-2018 təhsil ilində
isə 20 saylı tam orta məktəb və Bakı şəhər
200 saylı məktəb-lisey kompleksi də bu layihəyə
qoşularaq məktəb sayı 32-yə çatıb.
2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə,
162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü
tam orta məktəb və Vətən futbol məktəbi
qoşularaq məktəb sayı 35-ə yüksəlib:
"Cari ilin may ayından etibarən "Məktəblinin
dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli
dərəcədə genişləndirilməsi ilə
bağlı qərar qəbul edilib. Qərara əsasən,
2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə
31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla
ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə
edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən
4-ü Sumqayıt şəhərində, 2 tam orta məktəb
isə Abşeron rayonunda fəaliyyət göstərməkdədir.
Layihənin əhatə etdiyi məktəblərin
sayının 150-yə çatdırılması nəzərdə
tutulur". N.Kərimovanın sözlərinə görə,
hal-hazırda layihədə 300 nəfər “Məktəblinin
dostu” fəaliyyət göstərir. Hər məktəbdə
şagird sayına uyğun olaraq minimum 3 nəfər “Məktəblinin
dostu” var. Layihənin əsas məqsədi müəllim və
şagirdlər üçün təhlükəsiz mühit
yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və
psixoloji yardım göstərməkdir. Bununla yanaşı, “Məktəblinin
dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində
uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin
və intellektual inkişafının təmin edilməsində,
onlarda özünütərbiyə və
özünüinkişaf bacarığının
formalaşdırılmasında iştirak edirlər:
"Şagirdlərin inkişafına yardım məqsədilə
davamlı olaraq təlim sessiyaları, 2 növbəli "Yay
məktəbi", asudə vaxtın səmərəli təşkili
üçün ekskursiyalar, 12 böyük məktəblərarası
turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili
intellektual təşəbbüs və sosial məsuliyyət
çərçivəsində çoxsaylı fəaliyyət
icra edilib. Əlavə olaraq layihəyə daxil olan
bütün məktəblərdə fövqəladə vəziyyətlərə
hazırlıqla bağlı avadanlıqların
yoxlanılması, bütün siniflər üzrə
yanğın vəziyyəti ilə bağlı nəzəri
təlimlərin aparılması və şərti həyəcan
təlimlərinin icrası, təhlükəsizlik tədbirləri
(FHN, sağlam qida, civə təhlükəsizliyi, yol hərəkəti
qaydaları, zərərli vərdişlər, şagirdlər
üçün tibbi təlimlər və s.), vətənpərvərlik
mövzusunda müxtəlif
irimiqyaslı tədbir təşkil edilir".
N.Kərimova
bildirib ki, mövcüd sanitar-epidemioloji vəziyyətlə əlaqədar
bir sıra məktəblilərarası yarışlar onlayn təşkil
olunub. Belə ki, "Fibonacci" intellektual
yarışları keçirilib. Bununla yanaşı, "Məktəblinin
dostu" layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki
"Oyuq" teatr studiyası və "Kulis.az"
saytının təşkilatçılığı ilə
"Sənə nağıl danışım" adlı
müsabiqə də təşkil olunub.
N.Kərimova
əlavə edib ki, “Məktəblinin dostu” vəzifəsini
yerinə yetirən şəxslər əsasən gənc
kadrlardan ibarətdir. "Məktəblinin dostu" əsasən
müsabiqə yolu ilə təyin olunur: "İlkin mərhələdə
namizədlərin bilikləri test şəklində
yoxlanılacaq, seçilən namizədlər müsahibə
mərhələsinə buraxılır. Seçimlərdə
ictimai fəaliyyətdə aktiv iştirak edən,
könüllü kimi müxtəlif proqramlarda
çalışan, xarici dil biliklərinə yiyələnən
namizədlərə üstünlük verilir. Müsahibədən
uğurla keçən namizədlər təlimə cəlb
olunur. Təlimin sonunda qiymətləndirmə nəticələrinə
əsasən, seçilmiş namizədlər "Məktəblinin
dostu" təyin edilir. Fövqəladə
Hallar Nazirliyi əməkdaşları tərəfindən
"Fövqəladə hallarda davranış
qaydaları", Səhiyyə
Nazirliyinin mütəxəssisləri tərəfindən
"İlk yardım" təlimləri keçib “Məktəblinin
dostları”.
"Məktəblinin
dostları" sözün əsl mənasında şagirdlərin
dostudurlar. Onlar öz işlərini böyük həvəslə,
canla-başla yerinə yetirirlər. “Məktəblinin
dostları”ndan biri daim monitor vasitəsilə kameraların
göstərdiyi nöqtələri nəzarətdə
saxlayır. Bir an belə gözlərini monitordan çəkmir.
Digər iki nəfər isə dəhlizlərdə, məktəbin
həyətində dolaşır, şagirdləri uzaqdan
müşahidə edirlər. Müəllimin gözündən
yayınıb dəhlizdə qaçan, tullanıb düşən
ibtidailəri sakitləşdirir, dərsdən yayınmağa
çalışan şagirdlərə dost məsləhəti
verirlər. Səhər saat 7:30-dan axşam saat 7:00-a, məktəbdən
ən son şagird çıxana kimi “Məktəblinin
dostları” məktəbdə olur. “Məktəblinin
dostu” olmaq göründüyü qədər də asan deyil.
“Məktəblinin dostu” Məhəmməd
Əliyev deyir ki, “Məktəblinin dostu” kimi fəaliyyətə
başladığı ilk gündən şagirdlərə
düzgün istiqamət verməyi, məktəbdə
davranış qaydalarını öyrətməyə
çalışır. İşini çox sevən
M.Əliyevin sözlərinə görə, “Məktəblinin
dostu” olmaq asan deyil: "Uşaqların sevgisini,
etibarını qazanmaq, onların dostu olmaq üçün gərək
özünü əsil dost kimi aparasan. “Məktəblinin
dostları” şagirdlərə dost münasibəti göstərir.
Onlara hər zaman öz dost əlini uzadır. Ona görə də
şagirdlər bizi öz dostu bilib etibar edir, güvənir".
Təhsil eksperti Kamran Əsədov deyir ki,
"Məktəblinin dostu" layihəsi tətbiq olunandan Azərbaycanda
təhsil müəssisələri ənənəvi idarəetmədən
yeni idarəetməyə keçib: "Adətən məktəb
idarəçiliyi direktor, direktor müavini, sinif rəhbərləri
vasitəsilə həyata keçirilir. Amma bu
sadaladığımız şəxslər birbaşa tədris
prosesinin iştirakçısı olduğu üçün
şagirdlərlə geniş şəkildə fəaliyyət
göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri
və yaxud da direktor müavini aktiv tədris prosesinin
iştirakçısı olduğuna görə şagirdlərin
bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi
ilə bağlı fəaliyyət göstərə bilmirlər.
Orta məktəblərdə hər bir məktəbli ilə
ayrı-ayrılıqda onların problemləri,
sıxıntıları ilə bağlı işlər
güclü şəkildə həyata keçirilə
bilmirdi. Amma "Məktəblinin dostu" vəzifəsini
yerinə yetirən şəxs tədris prosesinin
iştirakçısı olmadığı üçün
birbaşa məktəbdə sosial fəaliyyəti həyata
keçirirlər. Məsələn, məktəblər
arasında yarışlar keçirilir və yaxud məktəbdə
neqativ halların aradan qaldırılmasında onlar müstəsna
rola malikdirlər. Apardığım araşdırmalara
görə, məhz "Məktəblini dostu" layihəsi
tətbiq olunan məktəblərdə şagirdlər
arasında siqaret çəkmə halları 80 faizədək
azalıb. Həmçinin, məktəbə kənar şəxslərin
daxil olmasının qarşısı alınıb. Seçilmiş şəxslər,
yəni “Məktəblinin dostları” həm əlavə iş
yeri, həm də kifayət qədər təhsilli, aktiv gənclərin
təhsilə cəlb olunması deməkdir. Bu, olduqca
uğurlu bir layihədir".
K.Əsədovun sözlərinə görə,
bu layihə bir çox ölkələrdə tətbiq edilir.
Məsələn, qardaş Türkiyədə,
Gürcüstanda isə uzun müddətdir ki, fəaliyyət
göstərir. Ölkəmizdə tətbiq olunması isə
olduqca müsbət haldır: "Hesab edirəm ki, “Məktəblinin
dostu” Azərbaycanda fəaliyyət göstərən
bütün orta ümumtəhsil məktəbinin hər birində
tətbiq olunmalıdır. Çünki “Məktəblinin
dostu”, həqiqətən də Azərbaycan təhsilinin,
müəllim və şagirdinin, hətta valideynin də
dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını
gec götürürlər və həmin vaxt “Məktəblinin
dostu” şagirdin təhlükəsizliyini təmin edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 28 iyul.- S.12.