Oğul oxşarı

 

 

Reyhan arvad on gün olardı ki, huşsuz vəziyyətdə idi. Daha dili tutulmuşdu. Arabir gözünü açır, ətrafa nəzər yetirir, baxışlarını qapıya tuşlayır, yenidən təngnəfəs halda kirpiklərini bir-birinə sıxırdı.

 

Hiss olunurdu ki, artıq can üstədir... Qohum-əqraba elə düşünürdü ki, indicə keçinəcək. Bu mənzərəni hüznlü bir görkəmdə gözdən keçirən Nərgiz qarı Rəşidi bir qırağa çəkdi:

 

- Ay oğul, dünyadır da... Görmürsənmi anan can verir? Bir molla tap gətir. Arvad çox əziyyət çəkir. Qoy bir yolluq rahatlıq tapsın. Diriykən qulağı bir Quran səsi eşitsin. Bu, yüngüllükdür...

 

Aradan yarım saat keçməmiş molla Səfəralı Rəşidin müşayiəti ilə özünü qapıdan içəri saldı. Xəstənin başı üzərində yerini rahatlayıb Quran oxumağa başladı... Ancaq Nərgiz qarı zənnində yanılmışdı...

 

Aradan beş-altı gün keçsə , Reyhan arvad yenə canıyla əlləşirdi... Yenə əzab-əziyyət çəkməkdə idi...Onun arabir açılan gözləri qapıya dikilir yenidən qapanırdı...

 

Reyhan arvad ağırlaşan bir gündən başının üstündən bir an da  çəkilməyən simsarı Nərgiz qarı beynində var-gəl eləyir, tez-tez gözünü qapıya zilləyən bu xəstənin  könlündən keçdiyini heç cür anışdıra bilmirdi... Handan-hana fikirləşdisə, Rəşidi növbəti dəfə yanına çağırdı:

 

- Ay Rəşid, ananın gözü heç qapıdan yığılmır. Yəqin ki, o, qaçqınlıq-köçkünlük vaxtı itkin düşən qardaşın Mahmudun yolunu gözləyir. Mahmudun bir şəkli yoxdurmu?.. Gətir qoyaq ananın sinəsi üstə, qoy gözü yollardan yığışsın...

 

Rəşid təəssüflə dilləndi:

 

- Nərgiz nənə, elə bir abırda yurd-yuvamızdan dərbədər düşdük ki, heç bir çöp götürə bilmədik. Mahmudun şəkli vardısa hamısı da orda qaldı...

 

Ani bir məqamdan sonra Rəşid doluxsunmuş halda üzünü Nərgiz qarıya tutdu:

 

- Nərgiz nənə, indi yadıma düşdü, anam Camal müəllimi görəndə umaxşıyardı. Elə hey deyərdi ki, bu Camal elə bil, mənim Mahmudumla bir almadır, yarı bölüblər... Camal müəllimi qucaqlayıb dönə-dönə öpərdi, heç doydum deməzdi... Doğrudan da qardaşım Camal müəllimə çox oxşayırdı. Bunu deməkdə məqsədim odur ki, gedib Camal müəllimin şəklini gətirsəm necə olar!?

 

Nərgiz arvad başını tərpətməklə bu fikrə dirək durduğunu bildirdi. Rəşid  maşına əyləşib evləri kəndin aşağısında yerləşən Camal müəllimgilə üz tutdu...

 

Darvazanın bərk-bərk döyüldüyünü eşidib bayıra çıxan altı-yeddi yaşlı uşaq cəld yerişlə evə qayıtdı:

 

- Ata, səni çağırırlar...

 

- Kimdir, a bala?

 

- Tanımadım.

 

Camal müəllim həyətə çıxdı. Darvazanın ağzında dayanan Rəşidi görüb onun əlini sıxdı evə dəvət etdi:

 

- Xoş gəlmisən, Rəşid. Niyə həyətdə dayanmısan? Keç içəri!

 

- Yox, yox, qardaş, vaxtım çox azdır.

 

- Bəs xeyir ola?

 

- Şəkillərinizdən birini mənə verə bilərsinizmi?..

 

Camal müəllimin anlaşılmaz bir şəkildə duruxub qaldığını görən Rəşid vaxtı güdaza verməmək üçün məqsədini tələm-tələsik dəri-boğaz elədi. Məsələdən halı olan Camal müəllim daha heç bir söz demədən evə döndü paltarını dəyişib əyləşdi Rəşidin maşınına:

 

- Sür, getdik!

 

- Bəs şəkil?..

 

- Bir haldakı özüm gedirəm, daha şəkil nəyə lazımdı? Şəkili gərək bir saat axtaram. Sən görmədin, təmirə görə evdəki hər şey bir-birinə qarışıb... Allah bilir hansı basırıqdadır...

 

Əvvəlcə Rəşid, arxasınca Camal müəllim xəstə yatan otağın qapısından içəri keçdilər. Rəşid özünü toplayıb: "Ay ana, Mahmud gəlib çıxdı, bir gözünü !" - deyə ucadan səsləndi.

 

Bu kövrək səsə Reyhan arvad səksənən kimi oldu. Bir təhər gözlərini açdı. Var gücünü toplayıb sanki yerindən qalxmaq istədi. Ancaq bacarmadı. Hədəqəsindən çıxmaq istəyən gözlər Camal müəllimə zilləndi sonra kirpiklər yavaş-yavaş qapandı... Evi yanıqlı ağlaşma səsi bürüdü...

 

... Camal müəllim tərəddüd içində donub qalmışdı. Bir sual içərisini ovurdu: Rəşidin qabağına düşüb gəlməliydi, yoxsa yox?..

 

O, indi bu sualın qarşısında aciz qalmışdı... Cavab tapa bilmirdi. Ancaq ürəyində öz-özünü mühakimə edirdi: "Bəlkə gəlməsəydim, Reyhan arvad ölməzdi, bəlkə sağalıb ayağa qalxardı!.. Bəlkə !..Bəlkə !.."

 

 

Əlioğlu, Ələsgər

 

525-ci qəzet.- 2020.- 28 iyul.- S.15.