38 il öncəki 29 iyul günü Şuşada

 

29 İYUL 1982-Cİ İL: ŞUŞADA VAQİF POEZİYA GÜNLƏRİ

 

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Şuşaya poeziya bayramına gəlişindən 38 il ötür. Həmin tarixi hadisəni bəzi şuşalıların xatirələri, həmçinin, o dövrün mətbuatında dərc olunmuş materiallar əsasında oxucularımıza çatdırmağa çalışacağıq.

 

1982-ci il iyul ayının 22-də Şuşa rayon Partiya Komitəsində təcili yığıncaq çağırılmışdı. Yığıncaqda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin Şuşaya poeziya bayramına gəlişi ilə bağlı hazırlıq işləri müzakirə edilirdi. Hər kəsə aidiyyəti üzrə tapşırıqlar verilirdi. Vaqif poeziya günləri iyul ayının 29-da keçirilməli idi. Bu tədbirə respublikanın rəsmi şəxslərindən və ziyalılarından ibarət böyük bir nümayəndə heyətinin gəlişi gözlənilirdi.

 

İyul ayının 29-da səhər Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev, onun həyat yoldaşı - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva və oğlu - Azərbaycanın indiki Prezidenti İlham Əliyev, eləcə də Azərbaycan KP MK Siyasi bürosunun üzvləri Həsən Həsənov, Ziya Yusifzadə, respublikanın mədəniyyət və elm xadimlərinin böyük bir qrupu poeziya bayramının açılışına gəlmişdilər.

 

Həmin gün demək olar ki, Şuşanın və rayonun ətraf kəndlərinin bütün əhalisi, şəhərin qonaqları Vaqif poeziyasının işığına toplaşmışdılar. Küçələr, meydanlar, ətrafdakı yaşıl təpələr adamlarla dolu idi. Hər bir azərbaycanlı üçün əziz olan şairin adı yazılmış məqbərəsinə gedən yol boyu adamlar canlı dəhliz yaratmışdılar.

 

Uzun illər sonra müəyyən məqamları bir də diqqətlə xatırlayanda elə həmin dövrdə ermənilərin belə tədbirlərə, Ulu öndərimizin bu cür səfərlərinə necə qısqanclıqla yanaşdıqlarını görmək olurdu. Onlar Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi bütün uğurlara dərin paxıllıq hissi ilə yanaşırdılar. Lakin ermənilərin millətçi təşkilatları bunu o zaman açıq şəkildə ifadə etməyə cürət etmirdilər, daha doğrusu, qorxurdular və ilk növbədə Heydər Əliyev fenomenindən qorxurdular. 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatistlərin Heydər Əliyevə qarşı apardıqları qara piar kampaniyasının arxasında da onların məhz bu qorxu və qısqanclıq hisslərindən irəli gələn çirkin məqsədləri dururdu.

 

Qeyd etmək yerinə düşər ki, adı Qarabağ torpağı ilə əbədi bağlı olan Vaqifin bu əzəmətli məqbərəsinin 1982-ci ilin əvvəlində təntənəli açılışı da məhz Heydər Əliyevin iştirakı ilə olmuşdu. Bu kompleks şairin ölməzliyinin və böyüklüyünün simvolu idi. Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin lentini kəsərək, alovlu və ürəkləri riqqətə gətirən bir nitq söyləmişdi.

 

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov həmin günləri belə xatırlayır: "Kim o zaman ağlına gətirə bilərdi ki, 10 il sonra gözəl Şuşamızda müharibə nəfəsi duyulacaq, avtomat atəşlərinin səsləri eşidiləcək, böyük humanist şairin məqbərəsi dağılacaq.  1992-ci ilin 8 may tarixində Şuşa ermənilər tərəfindən himayədarlarının köməyi ilə işğal edildi, burada olan abidələrin hamısı, o cümlədən, Vaqifin qəbri və abidə kompleksi erməni vandalları tərəfindən məhv edildi".

 

1982-ci ilin qarlı yanvar günlərində yollar və cığırlar buz bağlamışdı, ətrafda hər şey dona bürünmüşdü. İyulda isə mavi səma təbiətə xüsusi gözəllik bəxş etmişdi, ətrafdakı mənzərə Vaqifin  şeirləri kimi əlvan boyalarla sanki bütün dünyanı zənginləşdirmişdi.

 

Məqbərəyə doğru uzanıb gedən qranit pillələr tribunanı əvəz edirdi. Poeziya bayramını Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Xalq yazıçısı İsmayıl Şıxlı açdı. O, respublikanın bütün yazıçıları, ziyalıları adından xalqın yaradıcı irsinin qorunmasına, zənginləşməsinə və inkişafına göstərilən daimi diqqət və qayğıya, bunun parlaq sübutlarından biri kimi Vaqifin poeziya bayramının təşkilinə görə respublika rəhbərliyinə səmimi minnətdarlığını bildirdi.

 

Əbədiyyatşünas, tənqidçi Qasım Qasımzadə, bayrama toplaşanlara Hüseyn Cavid diyarından salamlar yetirən naxçıvanlı şairə Kəmalə Ağayeva, şair-tərcüməçi Vladimir Qafarov,  şair-dramaturq Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Hüseyn Arif, Nüsrət Kəsəmənli, şair-tərcüməçi Eyvaz Borçalı və digərləri böyük şairin əsərlərindən tərcümələrini və ona ithaf olunmuş şeirlərini təqdim etdilər.

 

Sonra səhnələşdirilmiş tamaşada Səməd Vurğunun Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuş "Vaqif" dramından parçalar göstərildi, şairin şeirlərinə bəstələnmiş mahnılar, Azərbaycan bəstəkarlarının əsərləri, xalq milli musiqiləri səsləndi.

 

Cıdır Düzündə keçirilən konsertin sonunda Xalq artisti Zeynəb Xanlarova çıxış etdi. Uzun illər Şuşa rayon Mədəniyyət və turizm şöbəsinin müdiri işləmiş Zahid Abbasov belə xatırlayır ki, Zeynəb xanım çıxış edəndə çox güclü yağış yağmağa başladı. Heydər Əliyev ailəsi ilə birlikdə yağış yağmasına baxmayaraq, axıradək konsertə tamaşa etdi.

 

Elə həmin gün Xurşudbanu Natəvanın adını daşıyan gözəl mənzərəli bağda qoyulmuş abidənin təntənəli açılışı oldu. Mərasimdə Heydər Əliyev və onunla gələn rəsmi nümayəndələr, həmçinin, Azərbaycanın ədəbiyyat, incəsənət və elm xadimlərinin Şuşada olan böyük bir qrupu iştirak edirdilər.

 

O dövrün mətbuatında qeyd edildiyi kimi, Heydər Əliyev lenti kəsəndən sonra abidənin örtüyü düşdü və buraya toplaşanların gözləri qarşısında Natəvanın möhtəşəm abidəsi ucaldı. Şairənin tuncdan hazırlanmış büstü Qarabağ qranitindən hazırlanmış boz-yaşıl rəngli postamentin üstündə qoyulmuşdu. O, əlində açıq kitab tuturdu, ilhamlı baxışları uzaqlara dikilmiş, sanki indicə yeni gözəl misralar yaradacaqdı. Abidənin ətrafında yarpaqları xəfif küləyin təsirindən ahəstə-ahəstə titrəşən qədim çökə ağacları sanki fəxri qarovulda dayanmışdıar.

 

Bir neçə il sonra abidə ermənilər tərəfindən gülləbaran edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Azərbaycan tərəfi abidəni Gürcüstandan bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir. Erməni faşistləri tərəfindən dəlik-deşik edilmiş abidə hazırda Ramiz Musatafayev adına İncəsənət  Muzeyinin həyətində saxlanır.

 

Tədbirdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi Niyaz Hacıyev, filologiya emləri doktoru, professor Abbas Zamanov çıxış etdilər. Onlar Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olan Natəvan poeziyasının böyük əhəmiyyətindən danışdılar, görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə böyük qayğı göstərildiyi üçün respublika hökumətinə təşəkkür etdilər. Azərbaycan Respublikasının Əməkdar artisti, Respublika Dövlət mükafatı laureatı Amaliya Pənahova və Azərbaycanın Dövlət mükafatı laureatı Əliabbas Qədirov Xalq yazıçısı İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş "Xurşudbanu Natəvan" pyesindən bir səhnəni nümayiş etdirdilər.

 

Bu tədbirdən sonra Heydər Əliyev dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyinə gəldi. Bəstəkarın uşaqlıq və gənclik illəri burada keçmişdir. O, yetkin cağlarında da buraya, doğma yurda tez-tez gəlmiş, havasında da musiqi duyulan həmin yerlərdən ilham almışdır. Həmin gün bünövrəsi dahi bəstəkar tərəfindən qoyulan Azərbaycan opera sənətinin incisi - "Koroğlu" operasının uvertürası gül-çiçəyə qərq olmuş bağça üzərindən pərdə-pərdə ətrafa yayıldı.

 

Muzeyin ekspozisiyası Azərbaycan musiqi mədəniyyəti korifeyinin, müasir professional musiqimizin banisinin çoxcəhətli fəaliyyətindən, onun dünya şöhrətli ölməz əsərlərindən söhbət açır. Eksponatlardan birində D.D.Şostakoviçin bu sözləri yazılmışdı: "Azərbaycan bəstəkarlarına arzu etmək istərdim ki, Üzeyir Hacıbəyovun böyük ənənələrini müqəddəs tutub inkişaf etdirsinlər". Həmin gün ekspozisiya yeni foto sənədləri ilə zənginləşdi.

 

1992-ci ildə Şuşanın işğalından sonra "mədəni" ermənilər tərəfindən "güllələrlə alabəzək edilmiş, ikiyanlı pencəkdə və sındırılmış eynəkdə" olan Üzeyir Hacıbəyov abidəsi sökülərək, metal qırıntısı kimi satılmışdı. Sonrada abidənin qalıqları Bakıya gətizdirilmiş və hazırda o da İncəsənət Muzeyinin həyətində saxlanılır.

 

Şuşa mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiq Məhərrəmovun və Kurort ticarəti Şuşa şöbəsinin keçmiş müdiri Mehdi Sadıqovun xatirələrindən bəlli olur ki, səfər zaman Heydər Əliyev Şuşanın görkəmli yerləri ilə də tanış olmuş, Azərbaycanın tarix-memarlıq qoruğu elan edilmiş bu gözəl guşənin yenidən qurulmasının gedişi ilə maraqlanmışdır.

 

Heydər Əliyev demişdi: "Dünyaya gözəl şairlər və musiqiçilər bəxş etmiş şəhərin bütün gözəlliyini, özünəməxsus təkrarsız görkəmini qoruyub saxlamaq çox vacibdir. Elə etmək lazımdır ki, onun yeni tikintiləri qədim binalarla üzvi surətdə vəhdət yaratsın".

 

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsi olmuşdur. Bu aqressiv siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib və həmin ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

 

İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulmuşdur.

 

Lakin ermənilər bir həqiqəti unutmamalıdırlar ki, onların Azərbaycana münasibətdə apardıqları siyasətin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi Azərbaycanın əbədi və ayrılmaz hissəsi olub və olacaqdır. İnanırıq ki, Qarabağ torpaqları yaxın vaxtlarda işğaldan azad olunacaq və burada neçə-neçə poeziya festivalları keçiriləcək, Vaqifin şeirləri, Natəvan poeziyası yenə də Şuşanın füsunkar təbiətinə qarışıb ürəklərə axacaq,"Koroğlu" operasının üvertürası əzəmətlə səslənəcəkdir. O gün çox da uzaqda deyil!..

 

Rövşən AĞAYEV

Natiq İSAYEV

 

525-ci qəzet.- 2020.- 29 iyul.- S.7.