Xocalı acısı,
Xocalı ağısı
Yay aylarında koronavirusdan qorunaraq "Söz dünyası" kitabımın üçüncü
cildi üzərində
işləyirdim. İstedadlı şairimiz Ələkbər
Salahzadənin Xocalı
müsibətinə həsr
olunmuş poeması haqqında çoxdan düşündüyüm yazını
yazırdım. Elə bu
vaxt erməni faşistlərinin Tovuz təxribatı haqqında
xəbərlər gəldi.
Müqəddəs şəhidlərimizə - qəhrəman generalımıza,
fədakar zabit və əsgərlərimizə
Allahdan rəhmət diləyir, ailələrinə
dərin hüznlə
başsağlığı verirəm.
Hörmətli Prezidentimizin dediyi kimi, onların qanını yerdə qoymayan, düşmənə
layiqli cavab verən ordumuzla qürur duyuram.
Dinc əhaliyə qarşı
amansız, xain təcavüz edən azğın düşmən
28 il bundan
qabaq Xocalıda daha böyük ölçüdə keçən
əsrin ən müdhiş cinayətlərindən
birini törətmişdi.
Dinc əhaliyə
- qadınlara, qocalara,
uşaqlara qarşı
bu sayaq acımaz alçaqlığın
tarixdə ilk örnəklərindən
biri faşistlərin
1936-cı ildə kiçik
ispan şəhəri
Hernikanı bombardmanla
yerlə-yeksan etmələridir. Dinc əhaliyə qarşı
qəddarlığıyla faşist
hər yerdə və hər zaman faşistdir - alman faşisti də, ispan faşisti də, erməni faşisti də...
Ələkbər Salahzadənin poeması bizə bir daha
bu həqiqəti xatırladır.
Xalqımıza qarşı erməni təcavüzünün yeni
dalğası ABŞ və
Avropa şəhərlərində
sivil nümayişçilərə
qarşı tərədilən
quldur qudurğanlığıdır. Unutmamalıyıq ki, terrorist daşnaklar da koronavirus mikrobları kimi insanlarçün təhlükəli məxluqdurlar.
Koronavirusu yendiyimiz kimi
erməni mikroblarına
da qalib gələcəyimizə
şübhə yoxdur.
Ələkbər Salahzadanin poeması haqqında yazımı oxuculara təqdim edirəm.
***
Ələkbər Salahzadənin "Xocalı
xəçilləri" poemasını
oxuyarkən nədənsə
rəssam Pablo Pikassonun
"Hernika" tablosu
və bu əsəriylə bağlı
sərrast cavabı yadıma düşdü.
XX əsrin əvvəllərində
aviasiya artıq vardıysa da, Birinci dünya müharibəsində
təyyarələrdən döyüş
silahı kimi geniş istifadə olunmurdu. Hava döyüşlərinin, bombardmanların böyük
rolu İkinci dünya müharibəsində
xüsusi vüsət
qazandı. Ancaq İkinci dünya müharibəsindən bir
neçə il qabaq faşistlər ispan şəhəri Hernikanı
bombardmanla yerlə-yeksan
etmişdilər. Bundan
bir neçə il sonra
insanlar Stalinqradın,
Koventrinin, Drezdenin, Varşavanın, Berlinin bombalanıb xarabazara çevrilməsinə şahid
oldular, amma Hernikanın tar-marı - göylərdən gələn
bu müsibətin ilk örnəyi kimi bəşəriyyəti sarsıtmışdı.
Ömrü boyu Fransada yaşasa da, milliyətcə
ispan olan Pikasso bu faciəyə
biganə qala bilməzdi. Onun yerlə-yeksan olmuş
şəhərə həsr
etdiyi tablosunda real səhnələri-uçurulmuş evləri, öldürülmüş
insanları, dağıdılmış
yolları, küçələri
yox, əcaib qəraib məxluqları,
qeyri-adi sifətləri
görürük. Görünməmiş bir dəhşəti ancaq görünməmiş
sənət vasitələriylə
ifadə etmək olardı. Pikassonun emalatxanasına gəlib
"Hernika"nı görən alman zabiti rəssamdan soruşur: Bunu siz yaratmısınız? Pikasso: Yox - deyir, - bunu siz
yaratmısınız.
Bu epizod nədən
yadıma düşdü? Məsələ ondadır ki, Xocalı qətliamı da
görünməmiş bir
müsibət idi.
Dinc əhalinin - qocaların, qadınların,
körpələrin inanılmaz
qəddarlıqla məhv
edilməsini ənənəvi
təsvir vasitələriylə,
hamar misralarla, tanış sözlərlə, qulağa
yatımlı ibarələrlə
ifadə etmək olmazdı.
Xocalı genosidi haqqında müxtəlif janrlarda ədəbiyyatda, teatrda və kinoda xeyli əsər yaranıb. Ələkbər Salahzadənin əsəri,
məncə, poeziyamızda
bu mövzuda yazılmış ən parlaq, ən təsirli, hamısından
seçilən sənət
örnəyidir. Əsərlə
tanış olduqca təəccüb qalırdım "qanamış
bir qələmlə"
birnəfəsə yazılmış
bu poema eyni zamanda, dil,
səs, obrazlılıq,
alliteratsiya baxımından
zərgər dəqiqliyiylə
cilalanmış sənət
abidəsidir.
X ilində.
X ayında,
X günündə,
X elində
Xocalı
adında yer
Xəbis,
xudbin,
Xain yağı əliylə
Xarabalığa döndü.
Poemada Xocalı
qətliami geniş mövzular əhatəsində
qələmə alınıb. Xocalı
bəlasıyla yanaşı,
Bakının Qara yanvarı, Nyu-Yorkun 11 sentyabrı, Yerevanda, Parlamentlərində törətdikləri
terror aktıyla öz
rəhbər xadimlərini
gülləbaran edilməsi
xatırlanır.
20 noyabr
20 yanvar
26 fevral. . .
26 fevrallara göz
yumduqca gec-tez gəlib, yetişir 11 sentyabrlar.
Yəni
erməni terroriziminə
göz yuman
Qərb dünyası
11 sentyabrda özü
Nyu-Yorkun iki göydələn binasının
darmadağın edən
saldırıyla üzləşməli
oldu.
Xocalıda deyil, başqa döyüş bölgəsində
qəhrəmancasına həlak
olmuş jurnalist Çingiz Mustafayev də, dünyanın dərdimizə biganə qalmasının rəmzi kimi Səfir obrazı da poemanın personajlarıdır.
Poemada
"Gecənin matəm
bayrağına dönüb
cəsədlər üstündən
pərdə-pərdə qalxırdı
gecə" səpkili
çağdaş təşbehlərlə
bərabər, sırf
folklor üslubunu andıran misralar da var:
Ana ayrı,
bala ayrı,
bala yarı,
ana yarı
yarı ana, yarı bala,
yarı qoca, yarı qarı.
Günahsız körpələrə zülm, amansız, acımasız qəddarlıq
poemada təsirli sözlərlə əks olunub:
Körpələrin o gecə çəkdiyini,
nə çəkdiyini,
necə çəkdiyini,
nə demək istədiyini,
son nəfəsdə nə çığırdığını,
kimdən imdat dilədiyini,
kimi haya çağırdığını,
kimlərə qarğıdığını
fələk də bilə bilməzdi
Hələ də o haraylar,
Fəryadlar, qışqırıqlar
Yerdən
əli üzülmüş
Yaradanı soraqlar...
İstedadlı şairmiz Ələkbər
Salahzadə Xocalı faciəsinə möhtəşəm
bir ədəbi abidə ucaltmışdır.
Anar
525-ci qəzet.- 2020.-
29 iyul.- S.13.