Maddiyatı vətənindən üstün tutursansa, səndən vətənpərvər olmaz"

 

 

 

Ölkəmizdə bir əsrə yaxındır bizimlə birlikdə olan uşaq mətbuat orqanları var. Bu nəşrlərdən biri də "Günəş" jurnalıdır. Yəqin hər birimiz lap uşaqlıqda bu jurnalın adını eşitmiş olarıq. Bu mənada, özü qoca olsa da, ruhu daima uşaq qalan bu jurnal həm də bir çoxlarının nostaljisidir.

 

Tanınmış jurnalist, "Günəş" uşaq jurnalının baş redaktoru Vasif Quliyevlə vətənpərvərlik mövuzsundakı söhbətimizi oxuculara təqdim edirik.

 

- Vasif müəllim, yazılarınıza, kitablarınıza nəzər salanda, aydın hiss olunur ki, xəmiriniz vətən sevgisi ilə yoğrulub. Yazılarınızda həsrət və qəzəb qarışıq çox güclü vətənpərvərlik ruhu var. Bu ruhda böyüməyinizi, yetişməyinizi necə izah edərdiniz?

 

- Mənə elə gəlir ki, anadan olandan bu hisslərlə doğulmuşam. Bu da təbiidir. Başqa cür ola da bilməzdi. Çünki mən Şuşa kimi yerdə doğulub-böyümüşəm və 20 il orada yaşamışam. Mənim vətənpərvərlik hissim erməniyə nifrət hissi üstündə formalaşıb. Biz onlarla bir yerdə yaşamışıq. Mən orta məktəbi Xankəndində bitirmişəm. Şuşalıyam, amma 9-10-cu sinfi orda oxuyub, üç il də orada fəhlə işləmişəm. Elə orda da erməninin kim olduğunu bilmişəm və həqiqətən dərk etmişəm ki, bu, nə millətdir.

 

Digər tərəfdən, böyüdüyüm mühitdə müəllimlərimin vətənpərvər olmalarının, dərslərdə bu hissi, anlayışı bizə aşılamalarının da böyük təsiri olub. Mən o vaxtdan düşünmüşəm ki, gələcəkdə, belə deyək, yazı-pozu adamı olsam, gərək bu vətənin gözəlliklərini, tarixini, şəxsiyyətlərinin həyatını qələmə alam, yazıya köçürəm.

 

- Sizcə, biz - həm ölkəmizdə, həm də xaricdə yaşayan həmvətənlərimiz yetərincə vətənpərvərikmi? Bugünkü milli düşüncə, milli ruh bizi bir xalq olaraq gələcəyə daşımağa yetərmi?

 

- Həqiqi vətəpərvər insanlar tək-tük olur. Bəzən insanlar yerlipərəstliklə vətənpərvərliyi qarışdırırlar. Bu, çox böyük yanlışdır. Yerlipərəstlik çox idbar, çox pis bir şeydir. Vətənpərvərlik tamamilə başqa hissdir. Bu gün vətənpərvərlik sözündən istifadə edərək, onun arxasında gizlənərək öz şəxsi mənafeyini düşünən nə qədər insan var. Halbuki vətənpərvərlik heç bir gözləntisi və məqsədi olmadan yurduna xidmət etmək, onun tarixinə, mədəniyyətinə, coğrafiyasına sahib çıxmaqdır. Vətəni gerçəkdən sevən insanların vətənpərvərlik maskası geyinmələrinə ehtiyacları olmur. Onlar özlərini gözə soxmadan millətlərinə xidmət edən, bunu boynunun borcu sayan insanlardır. Hərdən düşünürəm ki, mən bu günün, bu dövrün adamı deyiləm, kaş 19-cu əsrdə yaşayaydım, ovaxtkı əsl vətənpərvər insanlarla - Mirzə Fətəli Axudovla, Həsən Bəy Zərdabiylə eyni dövrdə olaydım, onların çəkdiyi əziyyəti, zülmü mən də çəkəydim ki, vətənpərvər olmağın ən yüksək səviyyəsinə çata biləydim. Biz indi onlar qədər güclü vətənpərvərlik hissinə sahib deyilik. Ona görə mən ən çox o dövrün insanlarıyla fəxr etmişəm. Əsl vətənpərvərlər onlardır. Çox təəssüf ki, bu gün belə insanlar çox azdır.

 

- Deyirsiz ki, özümü anlayandan milli ruhda olmuşam. Bəs, bu ruhda böyüməyən insan sonradan, təbliğatla vətənpərvər ola bilərmi? Yəni uşaqlıqdan olmasa da, böyüyəndən sonra özünü dərk edən insanın vətənpərvərlik anlayışını mənimsəməsi mümkündürmü?

 

- İnsan heç vaxt sonradan vətənpərvər ola bilməz. Mən buna inanmıram. Vətənpərvərlik insanın qanında olmalıdır. Əgər insanın qanında bu yoxdursa, onu nə qədər tərbiyələndirsən, islah eləsən də, onu vətənpərvər etmək mümkün olmayacaq. İnsana fikir yükləmək olar, onu fikirlərlə yönləndirmək də olar, amma həqiqi vətənpərvərlik genlə gələn bir şeydir. Bir misal var, quyuya su tökməklə quyu sulu olmaz.

 

- Qarabağ dərdi bu gün dünyanın dörd bir yanında yaşayan həmvətənlilərimizin dərdidir. Hamımızın boynunu bükən, gözükölgəli edən bu məsələ yəqin ki, o torpaqlarda doğulub böyüyən insanları daha çox incidir. İnsan içində baş qaldıran vətən sevgisini sənətlə ifadə edə, yazıya tökə bilir. Bəs, vətən həsrətini necə, sözə, yazıya tökərək dindirmək olurmu heç?

 

- Bilirsiniz, vətənpərvərlik bir şeirlə, bir mahnıyla, bir hekayə ilə olmur. Sənət bu hissi ifadə etməyə kifayət etmir. O, mücərrəd, müqəddəs bir şeydir. Onu daxilən duymaq, anlamaq lazımdır. Yalnız bunu deyə bilərəm, əgər sən maddiyatı vətəndən üstün tutursansa, ömrü boyu səndən vətənpərvər olmaz. Sizə bir şey danışacağam. Hələ sovet dövründə, 70-ci illərdə mən Moskva, Tiflis arxivlərində araşdırmalar aparırdım. Atam müharibə əlili idi. O İkinci Dünya müharibəsinin iştirkçısı olmuşdu. Pensiyasını mənə verəndə öz qazandığım qəpik-quruşu da üstünə qoyub arxivlərə gedirdim. Tiflisdə küçələrdə qalıb səhərin açılmağını gözləyirdim. Gözləyirdim ki, səhər olsun, arxivlər açılsın, gedib o xəzinəyə yenidən baş vurum, vətənimin tarixi ilə bağlı yeni nəsə öyrənəm. Səhər tezdən arxivə girib, bir də gecəyarısı çıxırdım. İndiki gənclərimizin bu əziyyəti çəkməyinə də ehtiyac yoxdur. İndi Bakıda hər şey var. Arxivlər də pulsuzdur. Amma nədənsə, onların çoxusu heç evinin içində də oturub öz tarixini, xalqının başına gələnləri öyrənməyə çalışmırlar. Başqasından eşidib-bildiyini təkrarlamaqla, qışqırıb-bağırmaqla vətənpərvərlik olmur. Niyə onlar tariximizlə maraqlanmır, araşdırıb öyrənmir, öz tarixini dəqiq bilməyə çalışmırlar? Bunu ona görə dedim ki, vətən sevgisi də, vətənpərvərlik də ölkənin inkişafına xidmət etməlidir, yoxsa vətənpərvərlikdən danışmaqla, bir mahnı oxumaqla vətən sevgisi olmaz.

 

Vətən həsrətini ifadə etmək üçün bizə ancaq və ancaq müharibə lazımdır. Bu düşmənlərlə bir yerdə yaşayan, onları görən, tanıyan mən olmuşam. Buna görə də onların xislətinə yaxşı  bələdəm. Düşünürəm ki, barışıq da, danışıq da boş söhbətdir. Onlarla müharibədən başqa yol yoxdur. Bu gün biz torpaqlarımızı sülh yolu ilə almaq siyasəti yürüdürük. Müharibə əlbəttə, pisdir, mən demirəm, yaxşı şeydir. Mənim nəslimdə onlarla şəhid var. Bilirsiniz, bu nə deməkdir?! Mən  bunu yaşamışam. Məsələ bu deyil, vətən sağ olsun, hamısı qurban bu torpağa, mənim canım başda olmaqla. Demək istəyirəm ki, müharibənin nə olduğunu mən çox yaxşı dərk edirəm. Bununla yanaşı, mən düşmənimi də yaxşı tanıyıram. Ona görə də deyirəm ki, bu məsələdə müharibədən başqa çıxış yolu yoxdur. Müharibə olmasa, biz məğlubuq. Son 200-250 ilin tarixi hadisələrinə nəzər salsaq, görərik ki, tarix təkrar olunur. Nə vaxt belə hadisələr olubsa, biz uduzmuşuq. 1804-1813-cü illərdə rus-İran müharibəsində uduzduq, torpağımızın yarısı keçdi rusların əlinə. 1826-1828-ci illərdə yenə rus-İran müharibəsi oldu, İrəvan və Naxçıvan da çıxdı əldən, ölkənin yarısı qaldı Arazın o tayında. Buna susduq, 1918-ci ildə İrəvanı tamamilə verdilər ermənilərə. Daha sonra ardınca Zəngəzur getdi, 1923-cü ildə Qarabağın əlli faizi keçdi erməninin əlinə, sonra da 90-cı illərdəki bu son hadisələr. Çünki biz bunların heç birində müharibə etmədik, hamısı sülh ilə bitdi deyə belə oldu. Müqavilələr bağlandı və o torpaqlar da qaldı erməniyə, rusa.  İndi biz sabah müharibəni dayandırsaq, sülh müqaviləsi bağlasaq, yenə həmin şey olacaq. Buna görə mən heç bir vətən həsrəti haqqında danışmaq, bunu ifadə etmək istəmirəm. Yalnız müharibə istəyirəm və inanıram ki, torpaqlarımızı geri almaq üçün cəmi bircə həftə bizə kifayət edər. O vaxtda qədər danışılan, yazılıb-pozulan hər şey boşdur mənimçün.

 

- Bu gün insanlarımızın öz milli mənsubiyyətini unutmaması, milli ruhunu qoruyub saxlaması, bir ideologiya ətrafında birləşə bilməsi üçün mətbuatın rolunu necə qiymətləndirirsiniz?

 

- Birinci növbədə, mətbuata azadlıq vermək, senzuranı götürmək, əslində, səhv idi. Senzura pis şey deyil, əksinə, çox faydalıdır. Bu gün özəl televiziya kanallarının, xəbər portallarının vəziyyətinə baxın. Bütün bu gərəksiz, doğruluq payı olmayan informasiyalar, mənşəyi məlum olmayan insanların etikadan kənar davranışları -  bütün bunlardan sonra vətənpərvərlikmi qalar? Vəziyyət göz qabağındadır. Yerindən qalxan ağlına gələni yazır, danışır, edir. Budur mətbuat azadlığı? Əvvəllər bir məlumat dəfələrlə yoxlanılar, doğruluq payı olmayan xəbər heç vaxt işıq üzü görməzdi. Bu baxımdan ciddi nəzarət çox gözəl şeydir və bugünkü vəziyyətin tək səbəbi də o nəzarətin olmamasıdır.

 

- "Günəş" jurnalı illərdir fəaliyyət göstərir. Bu jurnal iki nəsil arasında həm körpüdür, həm də iki nəsil arasındakı dəyişiklikləri anlamaq üçün vasitə. Bu baxımdan, gələn reaksiyaları müşahidə etmisinizmi heç? Bir öncəki nəsillə indiki uşaqların düşüncəsində, eyni zamanda, milli ruhda yetişməsi baxımından nə kimi fərqlər hiss olunur?

 

- "Günəş" jurnalının 94 yaşı var. Mən o arxivə, köhnə nəşrlərə baxıram, Səməd Vurğundan, Abdulla Şaiqdən tutmuş daha kimlərin ilk bədii əsərləri bu jurnalda işıq üzü görüb. Sonrakı illərdə də, bizim nə qədər tanınmış yazıçımız, şairimiz var, demək olar, hamısı bu jurnalda çıxış ediblər. Mən isə bu jurnala 1985-ci ildə gəlmişəm. Korrektor kimi başlayıb, sonra baş redaktor olmuşam. 35 ildir işləyirəm bu jurnalda. O vaxtdan bu günə qədər analiz edəndə görürsən ki, fərqlər çoxdur. Bugünkü vətənpərvərliklə 30-40 il əvvəlki vətənpərvərlik arasında böyük fərq var. Təəssüf hissi ilə deyə bilərəm ki, bu gün həminki vətənpərvərlik, demək olar ki, yoxdur. Mən jurnalın fəaliyyətini də məhz bu mövzu üzərində qurmağa çalışıram, gəncləri, xüsusilə uşaqları vətənpərvərlik mövzusunda yazmağa təşfiq edirəm. Jurnalın yaxın arxivinə də baxsanız, görəcəksiniz ki, mövzuların 70-80 faizi vətənpərvərlik üzərində qurulub. Amma dediyim kimi, bu, qoy bir yazı yazım, bir şeir yazım göndərim, jurnalda dərc edilsin düşüncəsiylə olmamalıdır. Bütün bu addımlar, həqiqətən, vətənə xidmət etmək istəyi ilə atılmalıdır. Mən uşaqlarda bu hissləri aşılamağa çalışıram.

 

Natəvan ABDULLA

525-ci qəzet.- 2020.- 29 iyul.- S.21.