"Çay-çaya qovuşmaz sular
daşmasa..."
Bu gün yurdumuzun, millətimizin inkişaf səviyyəsi
gələcək sahiblərinin aldığı tərbiyədən
çox asılıdır. Deməli, böyüməkdə
olan gənc nəslin təlim və tərbiyəsinə
yönəlmiş pedaqogika elmi bütün zamanlarda olduğu
kimi, öz aktuallığını, zəruriliyini
saxlamaqdadır. Bu bir həqiqətdir ki, nəzəriyyəni
əzbərləyib elmə "baş vuranların" bir qismi
pedaqogikaya töhfə verə, yeniliklər gətirə
bilmir.
Adıçəkilən
elm sahəsi üzrə dinamik prosesləri hiss edən,
müasir inkişaf
tendensiyalarını nəzərə almaqla vətəndaş-alim
həssaslığı göstərənlər öz tədqiqatları
ilə şagirdləri formalaşdıran məktəbin fəaliyyətinə,
təlim-tərbiyə işinə
fayda verirlər. Belə pedaqoqlardan biri də Zəhra
Bilal qızı Muradovadır. Adətən,
yaradıcı ziyalılar, elm adamları barədə yazarkən
öncə yaratdıqları əsərlərə görə
onlara qiymət verilir, sonra isə şəxsi keyfiyyətlərindən
söz açılır. Zəhra xanım haqqında
danışarkən isə ilk növbədə, onun yüksək
insani xüsusiyyətləri önə keçir, buna səni
onun ali şəxsiyyəti sövq edir.
Azərbaycan
Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi
Zəhra Muradova ali pedaqoji təhsil alıb, taleyini məktəblə,
şagird dünyası ilə bağladığı ilk
dövrdə nə vaxtsa pedaqoq alim kimi
tanınacağını bəlkə heç
düşünmürdü. Lakin aylar, illər ötdükcə
onun işgüzarlığı, seçdiyi peşəyə
qəlbən bağlanması,
tədris-tərbiyə prosesinə innovativ yanaşması
pedaqoji fəaliyyətinin məzmununa çevrildi. Bu
şərəfli sənəti tale qisməti, alın
yazısı hesab edirdi. Müəllimliyin
onun üçün peşə məşğuliyyətindən
daha yüksək anlamı vardı.
Çalışdığı
176 saylı məktəbdə tədris etdiyi kimya və
biologiya fənləri üzrə keçdiyi açıq dərslər,
valideynlərlə müzakirələr, disputlar, onun
maarifçilik təşəbbüsləri qonşu təhsil müəssisələri
müəllimlərinin, pedaqoji
ictimaiyyətin diqqətini cəlb edirdi. Zəhra müəllimi
yaxşı tanıyır, ona hörmətlə yanaşırdılar.
Zəhra xanımın qəzet və jurnallarda,
pedaqoji dərgilərdə metodik məqalələri dərc
olunurdu. Maarifimizin əvəzsiz təbliğatçısı
olan "İbtidai məktəb və məktəbəqədər
tərbiyə", "Azərbaycan məktəbi"
jurnallarında verilmiş,
şagirdlərin bir şəxsiyyət kimi
formalaşmasında mühüm əhəmiyyət kəsb edən
yazılarında təlim-tərbiyə sahəsində təcrübəsini
həmkarları ilə bölüşürdü.
Redaksiya heyətinin üzvü olduğu "Kimya və
biologiya tədrisi" məcmuəsində də tez-tez
çıxış edir, dəyərli elmi nəticələrə
gələ bilirdi. Müəllif bu
nəticələr üzrə məcmuənin eyni zamanda, müəllimlərin həmin sahə
üzrə pedaqoji ustalığının inkişafında
mühüm rolunu əsaslandıra bilmişdi. Məqalələrin
təlimin məzmununa, proqram və dərsliklərin tərtibinə
istiqamət verə biləcəyi hasil olmuşdu. Bu, təlim
və tərbiyənin vahid bir proses olduğunu təsdiq etmək
demək idi.
Bu,
artıq o illər idi ki, Zəhra Muradova pedaqogika üzrə fəlsəfə
doktoru alimlik dərəcəsini
almışdı. O, tədqiqatlara "davam" deyərək,
yorulmaq bilmədən, əzmlə
çalışırdı. Araşdırmalar
onu yormurdu, çünki həyat dərsi keçmiş, təcrübə
qazanmışdı. Metodika elminin, təlim
üsullarının inkişafına töhfələr vermək,
tədrisin elmi cəhətdən təşkilində müəllimlərə
əməli kömək göstərmək amalına, qayəsinə
çevrilmişdi. Bir qədər sonra-2014-cü ildə "Azərbaycanda
kimyanın tədrisi metodikasının inkişafı"
mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər
doktoru alimlik dərəcəsi aldı. O, Azərbaycan Dövlət
Pedaqoji Universitetində fəaliyyət göstərən
Dissertasiya Şurasına üzv seçildi.
Tanınmış
metodist alimin bu yaxınlarda bir elmi məqaləsini oxudum. Təhsil İnstitutunun
"Elmi əsərlər" məcmuəsində dərc
edilmiş "Təlim prosesində Azərbaycanın təbii
resurslarından istifadə edilməsi" adlı yazıda ölkəmizin zəngin təbii
sərvətləri barədə geniş məlumat
verilmiş, təsnifat aparılmışdı. Mineral, energetik və bioloji resurslara aid olan təbii sərvətlər
ayrı-ayrılıqda açıqlanmış, xarakterizə
edilmişdi. Qiymətli təbii
resurslardan lazımınca istifadə olunmadığı,
bunlardan daha səmərəli faydalanmanın ölkənin
iqtisadı inkişafına təkan verəcəyi diqqətə
çatdırmışdı.
Müəllif
problemin həlli yollarını da çözərək, məktəblərdə
kimya, biologiya, coğrafiya və digər fənlərin tədrisinin
müasir tələblər səviyyəsində
qurulmasını, şagirdlərə
erkən yaşlardan yurdumuzun təbii ehtiyatları, yeraltı
sərvətləri, faydalı qazıntı yataqları və
bu resursların istehsalı barədə bilgilər verilməsini,
bununla bağlı sinifdənkənar tədbirlər
keçirməyi, yeniyetmələri
iqtisadiyyatın müvafiq sahələri üzrə
peşə seçməyə yönəltməyi vacib saymışdı.
Dövrün
mühüm pedaqoji problemlərinin həllində
fəal müdaxiləsi, dəyərli mülahizələri ilə seçilən məktəbşünas alim onu düşündürən,
narahat edən məsələlərə də münasibətini
bildirdi. "O yerdə
ki müəllim nüfuzuna, ləyaqətinə
azacıq da olsa, ləkə düşür, orada çox
şey baş-ayaq, alt-üst olur. Həqiqət təhrif ediləndə müəllim şəxsiyyəti, nüfuzu da sarsılır. Deməli, müəllim, ilk növbədə, ədalətin,
həqiqətin carçısıdır. Bunlarsız həqiqi məktəb,
həqiqi tərbiyə
və həqiqi bilik
yoxdur?" deyir Zəhra xanım.
Söhbətimizin
bu yerində böyük ədib və maarifçi Nəriman
Nərimanovun hələ 1924-cü ildə pedaqoji institutun ilk
məzunları qarşısında müdrikcəsinə
dediyi bu mülahizələri xatırladıq: "Sizin tərbiyənizdə
olan Azərbaycan balaları gərək zəhmətsevər
olsunlar. Sizin tərbiyənizi görən
cavanlarımız gərək cəsur və dəyanətli
olsunlar, yəni bir parça çörəkdən
ötrü ikiüzlülük etməsinlər...qatığa
qara deməsinlər". Uzaqgörənliklə
deyilmiş bu sözlər
öz bəhrəsini vermişdi. Bu gün
intellektual səviyyəsi ilə seçilən, əsl şəxsiyyət
olan yüzlərlə müəllimin adını çəkə,
çətin və şərəfli peşə sahiblərini
nümunə göstərə bilərik.
Dünya
pedaqoji fikrində təhsil sisteminin ciddi qüsurları, onu təkmilləşdirməyin yolları barədə fərqli
mülahizələr irəli sürülür. Müasir mərhələdə
təhsil sahəsində gerçəkləşdirilən
köklü islahatlar, onun
sonrakı inkişaf dinamikasını müəyyənləşdirməyə
istiqamətlənib. Zəhra xanım deyir ki, bu, dünyada
baş verən
sosial tərəqqinin bilavasitə təhsillə
bağlı olmasının göstəricisidir.
Yer üzünün tərəqqi prosesi ölkəmizin
təhsilində də müəyyən iz
buraxmışdır. Ölkədə gedən sosial, mədəni və texnoloji inkişaf qlobal düşüncə tərzini
önə çıxarır. Artıq təlim prosesi
şagirdlərin ayrı-ayrı fənlər üzrə verilən
bilik və bacarıqlarının passiv istehlakçısı
deyil, əksinə, ətraf aləmin dərk edilməsinə
yaradıcı təfəkkürlə münasibət bəsləyən
subyektlər kimi formalaşmasını təmin edəndir.
Bunun üçün təhsil prosesində öyrənilən
fənlər və
onların əhatə etdiyi mövzular əlaqəli-interaktiv
tədris olunmalıdır.
Zəhra Muradovanın gənc nəslin mənəvi
tərbiyəsindən, milli-mənəvi dəyərlərimizdən
yazmağa haqqı var. O, yüksək mənəvi
keyfiyyətlərə, ünsiyyət mədəniyyətinə
malik olan, səmimi, mehriban, xeyirxah, ictimaiyyətin dəyər
verdiyi bir şəxsdir.
Ətrafında olanlar onun bilgilərindən, dəyərli
söhbətlərindən
maariflənmək enerjisi alırlar. Bir şəxsiyyət
kimi bitkindir, tamdır, ləyaqətli Azərbaycan
qadınıdır. Nümunə ola biləcək ana, araşdırmaçı,
yaradıcı insandır. Mənim
tanıdığım Zəhra xanım ziyalılıq
dəyəri ilə əsl insan etalonudur.
Fənlərarası əlaqə bu gün
pedaqogikanın, fənn metodikalarının əsas tədqiqat
obyekti olaraq aktuallıq kəsb edir. Bu problemin
mütəfəkkirləri, pedaqoqları, metodistləri tarixən
düşündürdüyünü xatırlayanda
müsahibim bu barədə maraqlı fikir və ideyalardan söz
açdı. Dedi ki, dahi Nizami Gəncəviyə görə, nəcib və dərrakəli,
mərd və güclü şəxs yalnız əlverişli
mühitdə yetişə, elm və sənəti
mükəmməl öyrənməklə kamilləşə
bilər ("Sirlər xəzinəsi"). Təbiət
hadisələri arasındakı təbii əlaqələri
şagirdlərə öyrətməyi məsləhət
görən böyük çex pedaqoqu Y.A.Komenski isə
"Əlaqəli olan hər şeyi
hər yerdə birlikdə götürmək
lazımdır" deyirdi.
Gözəl, səlis nitqə, əsl pedaqoqlar,
ustad müəllimlər kimi fikrini təmkinlə, aydın
ifadə etmək bacarığına
malikdir Zəhra xanım. Fənlərarası
əlaqənin yaradılması təhsil alanlara diktə edir
ki, insan yalnız bir fənni mükəmməl qavrayıb mənimsəməklə
yetkinləşə, inkişaf edə bilməz. O, unudulmaz
şairimiz Bəxtiyar Vahabzadənin bu poetik misraları ilə
fikrini daha rəvan, duyğulu
ifadə etdi:
Çay-çaya
qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə
buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış
yağar.
Hər kəsi
öz dilində danışdıra bilmək elə bu
imiş, sən demə! Çevrəsindəkilərin onu niyə belə
çox sevdiyini, gözəl insan, sevimli müəllim,
ağıllı həmsöhbət
kimi qəbul etdiyinin indi
daha çox fərqindəydim...
Zemfira Məhərrəmli
525-ci qəzet.- 2020.-30 iyul.- S.16.