Milli mətbuatın dövlətçilik ənənələri - V yazı

 

 

Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu.

 

Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə  dövlət senzurasının ləğv edilməsi müharibə şəraitində yaşayan və quruculuq yollarında yenicə addımlayan zəif bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da, dünyaya inteqrasiya və demokratik dəyərlərə qovuşmağın önəmli yolu idi.

 

İndi tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan milli mətbuatı 145-ci ildönümünü  qeyd etməyə hazırlaşır.  Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncam bu tədbirin dəyərini bir daha artırmış oldu. Bu ərəfədə xalqımızın dövlətçilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizə tarixini oxucularımızla bölüşmək istədik.

 

Ulu öndərin dövlətçilik kursunda Türkiyə Respublikası ilə münasibətlərin önəmi və mətbuatda təqdimatı

 

Azərbaycanda 1993-cü ilin prezident seçkilərindən sonra Heydər Əliyevin hakimiyyətə gəlişi qonşu dövlətlərlə münasibətlərin qurulmasını   bu sırada qardaş Türkiyənin danılmaz və strateji mövqeyini önəmli etdi. Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi əhəmiyyət verən Ümummilli lider H.Əliyev dönə-dönə təkrarlayırdı: "Azərbaycan... dünyanın bütün ölkələri ilə əməkdaşlıq arzusundadır. Lakin onu Türkiyə ilə xüsusi münasibətlər bağlayır. Biz eyni kökdən boy atmışıq, ümumi cəhətlərimiz çoxdur. Biz iki ölkədə yaşayan bir xalqıq və öz birliyimizi möhkəmləndirməliyik".

 

Seçkilərdən sonra Ulu öndərin ilk rəsmi xarici səfəri də Türkiyədən başladı. Paytaxt Ankarada aparılan danışıqlardan sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli hadisə idi. Bu, Türkiyə-Azərbaycan strateji əməkdaşlığının real təzahürü olmaqla, yaxın gələcəkdə reallaşacaq daha böyük iqtisadi və enerji layihələrində münasibətlərin yeni mərhələsinin  üfüqləri idi.

 

Bu sırada Heydər Əliyevin Türkiyəyə növbəti səfəri 1994-cü il iyunun 9-da baş tutur. Qısamüddətli səfərdə Heydər Əliyev ABŞ-ın dövlət katibi Uorren Kristofer, Böyük Britaniyanın xarici işlər naziri Duqlas Herdi, Türkiyə Silahlı Qüvvələri baş Qərərgahının rəisi, ordu generalı Doğan Gürəşlə görüşür. Türkiyəyə qısamüddətli səfərdən qayıdan Prezident Heydər Əliyev Rusiyanın müdafiə naziri Pavel Qraçovu qəbul edir. Diqqət edəndə mətbuatın dərc etdiyi bu məlumatlar "Əsrin müqaviləsi"  gedən yolun "təmizlənməsinə xidmət edirdi" deməklə heç də yanılmırıq. Bu müqavilənin bağlanması ölkədə siyasi sabitliyin təmin edilməsindən, atəşkəsə nail olmaqdan, qonşuların, ən önəmlisi   Rusiyanın razılığından xeyli dərəcədə asılı idi.

 

"Əsrin müqaviləsi" adlandırılan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin  Türkiyədən keçməsi üçün də Ulu öndər Heydər Əliyevin diplomatik səyləri önəmli olmuşdur. Layihənnin həyata keçirilməsinə qarşı həm neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış "BTC Company" şirkətinə daxil olan bəzi şirkətlər, həm də Rusiya Bakı-Tbilisi-Ceyhanın yerinə Bakı-Supsa xəttinin çəkilməsini və Supsadan neftin tankerlər vasitəsilə boğazdan keçməklə nəql olunmasını istəyirdi.  Lakin Heydər Əliyev BTC-nin həyata keçirilməsini istəmiş və Türkiyə Prezidenti Süleyman Dəmirəl və ABŞ Prezidenti Bill Klintonun razılığını aldıqdan sonra istəyinə nail ola bilmişdir. "Xalq qəzeti" yazırdı: "Ümummilli liderimiz Heydər Əliyevin gərgin səyləri ilə "Əsrin müqaviləsi"nin reallaşması təkcə respublikamız üçün deyil, regionda qlobal layihələrin gerçəkləşməsinə yol açmış, xarici dövlətlərin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur". 

 

Heydər Əliyevin Türkiyəyə 1994-cu il oktyabrın 18-də qısamüddətli səfərində də problemlərin qarşılıqlı anlaşma yolu ilə tənzimlənməsi, Xəzərin statusu kimi məsələrlər jurnalistləri də maraqlandırmışdır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri toplantının böyük iqtisadi və siyasi  əhəmiyyətini  vurğulamışlar.

 

Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri bundan sonra da davam etdirilmiş, hətta digər ölkələrlə müqayisədə bu səfərlərin müntəzəm xarakter alması hər iki dövlətin gündəmində olmuşdur. 1995-ci il 7-9 dekabrda Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri  "Xalq qəzeti"ndə geniş və əhatəli bir şəkildə təqdim olunmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi sonrakı illərdə də dünya birliyinə inteqrasiya, müstəqil siyasi dəst-xətt irəliyə getmiş və Azərbaycanın dünyada tanıdılmasında mühüm rol oynamışdır. Bu barədə "Xalq qəzeti"nin dərc etdiyi məqalə və şərhlərdə ətraflı məlumatlar yer alır. Bu tendensiya heç vaxt diqqətdən yayınmamış, Türkiyə ilə əlaqələrin inkişafı  Azərbaycanın bütün sahələrdə apardığı kursun tərkib hissəsi  olmuşdur.

 

1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş naziri M.Yılmazın başçılıq  etdiyi  nümayəndə heyətinin Azərbaycana səfəri,  iki ölkə arasında hərbi,  texniki  və elm  sahələrində əməkdaşlığa  dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsini  daha  da  genişləndirdi.

 

Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakını "Xalq qəzeti" Azərbaycan prezidentinin qardaş Türkiyəyə növbəti səfəri kimi dəyərləndirir. "Qara dəniz regionunda yeni imkanlar" mövzusunda biznes konfransada çıxış edən Heydər Əliyev dünyanın 30 ölkəsindən 400-dən çox nümayəndənin iştirak etdiyi konfransın işini və Qara dəniz iqtisadi əməkdağlığını yüksək qiymətləndirməklə, regiondakı mövcud silahlı münaqişələrin davam etdirilməsini pisləyir.  Mətbuatda dərc olunmuş məqalə və təqdimatların əhatəliliyi də göstərir ki, Türkiyə səfəri olduqca məhsuldar olmuşdur.

 

Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan  işlər Azərbaycan ilə Türkiyənin davamlı işbirliyinin nəticəsi idi. Respublikamızın neft strategiyasının uğurla həyata keçirilməsi regional sabitliyin möhkəmlənməsində həlledici rol oynamaqla, qonşu dövlətlərlə, xüsusən Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir.  Əsası Ulu öndər tərəfindən qoyulan bu ardıcıl siyasət bu gün də uğurla davam etdirilməkdədir.

 

1998-ci il sentyabrın 7-də Bakıda "İpək yolunun bərpası üzrə Beynəlxalq konfrans"ın işə başlaması tarixi hadisə oldu. Konfransdan bir gün əvvəl "Xalq qəzeti" bu tarixi hadisənin əhəmiyyətini faktlar və rəqəmlərin dili ilə açıqlayır: Böyük İpək yolunun üstündə 33 ölkə yerləşir, TRASEKA-TACİC proqramlarının gerçəkləşdirilməsi sayəsində 1999-cu ildə yük daşımalarının həcmi 10 dəfə artaraq 4 milyon tona çatacaq və s. Qəzetin elə həmin sayında Böyük İpək yolunun tarixi dəyəri dövlət rəhbərləri tərəfindən də yüksək dəyərləndirilir.

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair"  imzaladıqları sənəd mətbuatın gündəmində yeni bir hadisə idi. İstanbul Zirvə toplantısında "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması qərarlaşdırıldı və qaz boru kəmərinin də inşasını gündəmə gətirildi. "Əsrin müqaviləsi"nin reallaşdırdığı  bu layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyənin iqtisadi inkişafında, regional təhlükəsizliyin daha da möhkəmlənməsində və  dünya birliyi önündə söz sahibi olmasında yeni bir mərhələ idi. Aydın görünürdü ki, Ulu öndər Heydər Əliyev və Türkiyənin  dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar,  "Əsrin müqaviləsi"  reallaşa bilməzdi.

 

ATƏT-in İstanbul  Zirvə toplantısında Prezident Heydər Əliyevin Türkiyənin iştirakı ilə "Qafqaz paktı" yaradılması ideyası ilə çıxış etməsi də toplantı iştirakçıları tərəfindən rəğbətlə qarşılanan hadisə idi. 54 ölkəni təmsil edən 2 min 500 nümayəndənin İstanbula,  ATƏT-in zirvə görüşünə yığışması XXI əsrdə dünyada sülhün, əmin-amanlığın bərpa edilməsi, münaqişə ocaqlarının söndürülməsi yolunda mühüm addımdır.  Azərbaycan prezidenti çıxışında bildirir ki, "Mən ABŞ-ın, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək onları regionumuzun problemlərinin həlli üçün  qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazada təhlükəsizlik və əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm". "İstanbul sammiti dünya tarixində, XX əsrdə ən böyük hadisələrdən biridir"  mətbuatın  manşet xəbəri kimi verilmişdir.

 

Bütün sahələrdə Azərbaycana siyasi və iqtisadi yardım göstərən Türkiyə dövlətçiliyin atributlarından olan ordu quruculuğu sahəsində əməkdaşlığı da ildən-ilə genişləndirmişdir. 1999-2002-ci illərdə hərbi əməkdaşlıq sahəsində imzalanmış sənədlər Azərbaycan ordusunun hərbi potensialının inkişafına yüksək təsir göstərmişdir.  Bu əlaqələr Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində və NATO standartlarına uyğun qurulmasında mühüm rol oynamışdır.

 

Əhməd Necdət Sezərin  2000-ci ildə prezident seçilməsi və iyulun 11-12-də ilk xarici səfərinə Azərbaycana gəlməsi  Türkiyənin diplomatik kursunda yeni olmasa da, hakimiyyət dəyişikliyindən sonra da Türkiyənin Azərbaycana müttəfiqlik   mövqeyini bir daha təsdiqlədi.

 

2001-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə növbəti rəsmi səfəri qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsi, 2002-ci il aprelin 29-30-da Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Trabzonda keçirilən Zirvə görüşündə də gündəmi müəyyənləşdirir.

 

Mətbuatda Azərbaycan-Türkiyə əlaqələrinin spektrini təqdim etdiyimiz bu materialar təşkil etmişdir demək, xeyli dərəcədə yanlışlıq olardı. Rəsmi səfər və görüşlərdən əlavə, onlarca müəllif məqalələrinə, müxbirlərin hazırladığı gündəlik xəbər və məlumatların yayımlanmasına da xüsusi önəm verilmişdir. Bu təqdimatların əsasında müəyyən tarixi hadisələrlə yanaşı, gündəlik hadisələrə həsr edilmiş xəbərlər də xüsusi yer tutur. Nümunə üçün deyək ki, təkcə 1995 və 1996-cı illərdə "Xalq qəzeti"ndə dərc edilmiş  bu cür xəbərlərin sayı 200-dən çox olmuşdur.

 

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Namiq ƏHMƏDOV

525-ci qəzet.- 2020.- 30 iyul.- S.13.