Tanıyaq tanıdaq.

 

 

 Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

 

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə daha sonra doğulub boya-başa çatmış sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr üslublarda qələmə aldığı şeir poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

 

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Qərbi tanıyırıq, Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

 

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin qədər yüksək olduğu yansıyır.

 

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

 

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

 

Ramin CAHANGİRZADƏ

 

1978-ci ildə Muğan bölgəsində dünyaya göz açıb. İbtidai orta məktəbi doğma yurdunda bitirdikdən sonra Təbrizdə ali təhsil alıb. Ərdəbil şəhərində yaşayır. Bu günədək sırf uşaqlar üçün yazdığı "Ulduz" (2004), "Gözləri gül açıbdı" (2007), "Ay suda" (2011) "Nar" (2013) adlı şeir məcmuələri işıq üzü görüb körpə fidanlara bir dünya sevinc yaşadıb...

 

2008-ci ildə nəşr edilən "Dan yeli" dərgisinin "Tarla" adlı özəl sayında bütünlüklə uşaqlara həsr olunmuş şeirləri toplanan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr kitabını da elə həmin ildə çap etdirərək oxucuların ixtiyarına verib... "Daşlar" adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Bakıda ("Nurlan", 2011) çap olunub.

 

Gilənar bağı

 

Mən Çexovun "Gilənar bağı" sevirəm

gilənar bağında gilənar ağacları

bir-birlərinin qulaqlarına pıçıldaşırlar.

Pərdə çəkilir

o qatarın ayaqları çolaqdır

Lopaxin Tanrıya bir söz deyir

Tanrı Anyanın otağında əsnəyir

gilənarların üzü qırmızıdır

mən heç vaxt üzü qırmızı ola bilmədim.

Pərdə cırılır

qırmızı işıq düşür Çexovun üzünə

gilənar bağında gəzir Çexov?!!

Bunu Mirzədən soruşdum

Həsən ağanın adamı olmasan

Mirzədən soruşa bilməzsən

Həsən ağanın bir nökəri var

gilənar bağında xan olub

Çexovu tutun deyir

gilənar bağındakıları çıxardın

bura mənim xan sarayım olacaq

gilənar bağında bir qəbir daşı var

çartlayıb daşı

o daşın çartlağından bitib bir çiçək

o daşın altında bir qatil uyuyub

çiçəklər qatillərin qanından qidalanırlar.

Sonuncu pərdə

uzaqlardan bır səs gəlir

balta səsi

gilənar bağının ortasından

səhnəyə girir əlində qanlı bıçaq olan qatil

hamı çiçək atır başına,

hamı çiçək atır başına...

 

***

 

Yekə-yekə cırmağıma baxmayın,

çox da yekə deyiləm:

Boyum 165 sm, çəkim 60 kq,

adım "Günəş Tanrısının oğlu"

anlamını daşısa da,

Günəş Tanrısının oğlu deyiləm...

Sadəcə anamın iztirablarından

boy atıb boylanan,

Günəşdən çörəyi çıxan

bir əkinçinin balasıyam.

Ayaqyalın bir uşaq idim.

Böyüyüb, böyüyüb,

yekəlib, bu günə düşmüşəm...

İlan ilində dünyaya ayaq basdığım üçün

dilimdən zəhər tökülür...

Hərdən sürətlə gedib özümdən çıx

sam da,

Çox da uzağa gedən deyiləm...

Tez qayıdıram özümə...

 

Qarpızlanma

 

Evimizə sevinc gətirən qan qırmızı

Qarpızlar üçün sunulur bu yazı...

 

Bıçaq çək!

Cırhacır düşəcək!..

Bax! Qara qarpızların da ürəyindən

Qan süzüləcək!..

 

Qoltuqlarında qarpız gəzdirənlər

Dünyanı qarpızla almaq istəyirlər.

 

Qarpızları yeyəndən sonra

Tumlarını yeməyin

Yazıqsız!..

Qarpızlara bağlanarsız!

 

Tağlarınız çürüyüb

Daha qarpızlarınızın

Uralanmağının vaxtı çatıb

 

Qarpızın nəmnəmənəsini kəsin!

Dörd yerə bölün!

Sonra ovuclarızın içində qarışdırın

Atın yerə!

Baxtız açılacaq!

Tək düşsə!

 

Qarpızlanmağınızı

Dilimləyib yedim

Keçəl olmaqdan qorxub

Qabığını yeməkdən çəkindim

 

Qarpız satırsız... Qarpız alırsız...

Heç bilirsizmi alıb-satdığınız qarpızlar

öz içlərini yeyirlər?..

 

Qarpızları qurban kəsdik

Çillə gecəsində

Bəlkə Tanrı gecəmizi gödəltdi.

 

 

Gəl gedək məndə gəzək

 

Şərab rəngində oldu səsimiz

süzdük gecənin çılpaq çağında.

Hələ kefdən ölməmişik

kef üstündədir meşəbəyi

Amazon meşəliyində tay döşlü qadınlar

Simin do Buvarın qadın rəngində olan

kitabından baş qaldırırlar.

Mənə hədə-qorxu gələn sevgilim

Valentaynı unutduğum üçün

keşişlərin əlilə qandallamaq istəyir

bir az yavaş susun lütfən!

Bağırmaq kişiliyin son variantıdır.

Ax, gülməlidir, qan teştində olan

Kuruşun başı.

Komsomol dostum

hələ donuz kababı yeməklə fəxr edir,

bir az burjua şərabı süzün onun üçün.

tez yadından çıxardı Araz qırağında

Birlikdə yarı bölüb yediyimiz külüçəni.

Gəl gedək məndə gəzək,

Məndə bir dərin quyu var

Bir dəli daş atdı ona

Hünəriniz var çıxardın.

 

Yenə mahnılar

 

Dünyanın ən gözəl "Ayrılıq" adlı mahnısının bəstələyən Fərhad İbrahimi üçün

 

yaman uzanıb yatıbsan şair,

gözünü görək, səhər açılsın.

Yenə mahnılar süzülsün ondan,

tökülüb tarlaran otu yayılsın.

 

Qolunda keşkə mənserum olaydım,

süzülüb qanına dolardım sənə.

Bəslənib bir yeni mahnı olardım,

gözündən axardı mahnılar yenə.

 

Esmira Fuad

 

 

525- ci.qəzet.- 2020.- 31 iyul.- S.15.