Litva ictimai radiosunda erməni təxribatları
və yalanları növbəti dəfə ifşa olunub
Litva
ictimai radiosunun "Rytoi garsai" (Xəbərlər xəritəsi)
buraxılışında litvalı
jurnalist Karine Urbanaviçiutenin müəllifi
olduğu reportaj iyulun 24-26-da bir neçə dəfə yayımlanıb.
Ölkəmizin Litvadakı
səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Litvanın geniş ictimaiyyəti üçün nəzərdə
tutulan reportajda iyulun 12-16-da Azərbaycan-Ermənistan
sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatları
və yalanları növbəti dəfə ifşa olunub, Azərbaycan həqiqətləri
geniş auditoriya arasında yayılıb.
Belə ki, Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın yalanlarla dolu cəfəngiyatına Litva
politoloqu Vilnüs Universitetinin dosenti Dovile Yakunaitite və Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
Əməkdar jurnalist
Mahir Həmzəyev tərəfindən faktlarla
tutarlı cavab verilib.
Reportajda münaqişəni
Azərbaycanın başlamadığı,
Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən
işğal olunduğu,
daha dəhşətlisi
ermənilər tərəfindən
etnik təmizləmə
siyasətinin aparıldığı
qeyd olunub, işğal olunmuş Azərbaycan torpaqlarında
əvvəllər 800 mindən
çox vətəndaşın
yaşadığı, indi
isə 140 minə yaxın yalnız erməninin olduğu vurğulanıb. Azərbaycanın
qanun çərçivəsində
haqq və ədalətin bərpa olunması üçün
öz torpaqlarını
azad etməyə tam hüququ olduğu və təcavüzkar Ermənistanın
bütün dünya ictimaiyyəti və beynəlxalq hüquq tərəfindən tanınan
dövlətlərin sərhədlərinə
qayıtmasının şərt
olduğu bildirilib.
Ekspertlər ATƏT-in Minsk qrupunun
fəaliyyətini də
sərt tənqid edərək, münaqişənin
nizamlanması üçün
bu mexanizmin yenidən baxılması məsələsini qaldırıblar.
Mahir Həmzəyev qeyd edib ki,
30 ildir danışıqlar
aparmaq heç bir məna kəsb
etmir. Qarabağın işğalı, Abxaziya, Sxinvali, Donbas, Krımın işğalı
ilə heç də fərqlənmir. Beynəlxalq hüquq və bütün dünya, o cümlədən,
Litva tərəfindən
qəbul olunan dövlətlərin ərazi
bütövlüyünün toxunulmazlığı və
sərhədlərin dəyişməzliyi
təcavüzkarı cilovlamaq
üçün mütləq
şərtdir. Ona görə də Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir.
Reportajda mülki
əhalinin də əziyyət çəkdiyi
vurğulanıb, Tovuz
rayonundan olan Zərnişanın atasının
ermənilər tərəfindən
necə öldürülməsinə
toxunulub.
Sonda Azərbaycan xalqının işğala məruz qalmasına rəğmən sülhsevər xalq olduğu, lakin heç bir zaman torpaqlarının Ermənistan tərəfindən zəbt olunması ilə barışmayacağı bildirilib.
525-ci qəzet.-
2020.- 31 iyul.