Toy və yas mərasimlərindəki
dəbdəbədən necə xilas
olmalı?
KARANTİN
GÜNLƏRİNDƏ YAS MƏRASİMLƏRİ
İLƏ BAĞLI TƏTBİQ EDİLƏN
MƏHDUDİYYƏTLƏR MÖVZUNU YENİDƏN
AKTUALLAŞDIRDI
Azərbaycanda toy və yas mərasimlərinin
ildən-ilə daha da dəbdəbəli hal alması və
bunun müqabilində yaranan israfçılıq zaman-zaman
gündəmin əsas mövzularından olub. Dəfn mərasimində, ehsan süfrəsində, qəbir
daşlarının hazırlanmasında, eləcə də
digər görünüşdə xırda, maliyyədə
isə böyük olan bir çox məsələlər var
ki, bu zaman yol verilən israfçılıq uzun illərdir,
az qala, "milli-mənəvi dəyər", "adət-ənənə"
kimi dəyişməz rəmzlərə çevrilib. Əslində isə həqiqəti az-çox
hamımız bilirik. Ölü yiyəsi itirdiyinə
ağlamağı təxirə salıb, zəngin süfrənin,
əzəmətli, bər-bəzəkli qəbir
daşının hayına düşür. Hələ bunun
heç tanımadığı adamdan ötrü ağı
deyib, yaxa cırıb, vəzifəsi camaatı ağlatmaq olan
mollaları da var. Təəssüf ki, bunlar rəhmətə
gedən şəxsin ağrısının ifadəsindən
daha çox, qonum-qonşuya, tanış-bilişə
nümayiş etdirmək məqsədi daşıyır. Buna görə də toy və yas mərasimləri
artıq insanların özünü göstərdiyi və rəqabətin
ən güclü həddə çatdığı bir
yarışa çevrilib. Bütün
bunlar həm də müəyyən mənada qeyri-səmimiliyə
gətirib çıxarır. Mütərəqqi
baxışlı din alimləri isə İslam dinində belə
şeylərin olmadığını təkrar-təkrar
vurğulayırlar.
Belə bir vəziyyətin yaranmasında əsas faktor
yenə də cəmiyyətin özüdür. Toya gedib neçə cür yemək yeyəndən,
neçə cür içki içəndən sonra evə gəlib
"süfrə boş idi, yeməyə heç nə
tapmadıq" deyə günlərlə məclisə
mız qoyan, yasa gedib ölü yiyəsinə təsəlli
vermək yerinə, az qala, dovğanın içərisindəki
noxudu sayan, süfrədəki bozbaşın ətinin necə
bişməsini, qızın anasını, qadının ərini
necə ağlamasını güdən, qırx günün
tamamında qəbiristana tələsib qoyulan qəbir
daşını yan-yörədəki, ya da vaxtilə öz
doğmaları üçün qoydurduqları qəbir
daşlarıyla müqayisə edən insanlar olduqca, rəqabət
də, qeyri-səmimilik də daha çox tüğyan edəcək.
Hələ
bir neçə il öncə, Mübariz Qurbanlı Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr
təyin olunandan az sonra yas mərasimlərində
israfçılığın aradan qaldırılmasına
yönəlmiş müzakirələrə
təşəbbüs göstərmiş, bununla bağlı
bir çox çıxışları, müsahibələri
olmuşdu. Həmin dövrdə Komitə rəhbərliyi
ölkə boyu vətəndaşlarla bu mövzuda maarifləndirmə
xarakterli görüşlər keçirir, məsələnin
dini, ictimai, sosial tərəflərini izah edirdilər. Axundlar, din alimləri yas mərasimlərindəki dəbdəbənin,
israfçılığın heç bir dini çərçivəyə
sığmadığını, İslam dininin də bunu təqdir
və qəbul etmədiyini deyir, müqəddəs kitabın
tələblərini və dini hökmləri xalqa
çatdırırdılar. Bütün
proseslər bu dəyişikliyin məhz ictimai və sosial
sifariş olması qənaətini yaradırdı.
Doğrudan da aparılan kütləvi maarifləndirmə
işləri müəyyən qədər işə
yaramışdı. Bəzi rayonlarda ehsan üçün çay, xurma, limon, halva, yuxa və qənddən ibarət sadə
süfrələr açılır, insanlar hüzr yerində
çay içib, başsağlığı verməklə
kifayətlənirdilər. Bəzi Bakı kəndlərində
və müəyyən bölgələrdə vəfat edən
şəxsin üç mərasimi keçirilir, 7 və 40,
eləcə də, "cümə axşamları" deyilən
mərasimlər verilmirdi.
Həmin dövrdə bu təşviqat və təbliğata
ölkənin bir çox ziyalıları da qoşuldular. Onlar öz ailələrində
düşmüş yas mərasimlərini olduqca sadə, təmtəraqdan
uzaq keçirməklə bir növ örnək rolunu
oynayırdılar.
Təəssüf ki, bu proseslərin ömrü gözlənilən
qədər uzun çəkmədi. Baş verən dəyişikliklər,
qoyulan qayda-qanunlar epizodik xarakter daşıdı. Sonrakı mənzərəyə nəzər salsaq,
deyə bilərik ki, heç nə dəyişmədi. İnsanlar yenidən əvvəlki vəziyyətə,
bu dəfə daha şişirdilmiş şəkildə
qayıtdılar. Çünki onlar hesab
edirlər ki, yasda yemək verməsə, hörmətsizlik
olar, ictimaiyyət onu qınayar. Buna görə
yenə də başladı rəqabət atmosferi yaranmağa.
Hər kəs bir-biri ilə bəhsə girərək
yenidən bu halları təkrarlamağa başladı.
Bəlkə
də həmin dövrdə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin başladığı bu təbliğata
Qafqaz Müsəlmanları İdarəsi, xüsusən
Şeyxülislam Allahşükür Paşazadə daha ciddi dəstək
versəydi, bu barədə dövlət səviyyəsində
ciddi qərarlar qəbul edilsəydi, məqsədə daha tez
çatmaq olardı. Doğrudur, Şeyxülislam da
israfçılığın əleyhinə olduğunu dedi,
bunların nisbətən aradan qaldırılmasını
tövsiyə etdi. Ancaq bunlar sadəcə,
tövsiyə olaraq qaldı. Bu tövsiyə
ilə bərabər, "kimsə öz ölüsünə
bu cür yas vermək istəyirsə, biz buna qarışa bilmərik"
fikri də səsləndi. Bu da hər kəsin
öz bildiyi kimi davranmasına kifayət etdi.
***
Üç aydır, mövcud COVID-19 pandemiyası ilə
əlaqədar ölkədə karantin rejimi davam edir. Karantinin ilk
günlərindən çıxarılan qərarlardan biri də
toy və yas mərasimlərini müəyyən vaxta qədər
təxirə salmaqdır. Yas mərasimlərində
vəfat edən şəxsi torpağa tapşırmaq prosesindən
başqa insanların digər günlərdə həmin evə
yığışmasına, ehsan verilməsinə icazə
yoxdur. Karantinin ilk zamanlarında insanlar müəyyən
qədər bu vəziyyətə tabe olsalar da, sonrakı
proses göstərdi ki, biz heç koronavirus, xəstəlik də
"saymırıq". Paytaxt Bakı və digər
böyük şəhər mərkəzlərində müəyyən
qədər əməl olunan bu qadağa rayonlarda, kəndlərdə
ciddiyə alınmır. İnsanlar yenə
də axınla yas yerlərinə gedir, 40 gün yas evi adamla
dolub-boşalır. Bu vəziyyət isə
potensial virus yayılması mənbəyidir. TƏBİB-in açıqlamaları da koronavirus
infeksiyasına kütləvi şəkildə yoluxmanın
daha çox yas mərasimlərində olduğunu sübut
edir.
Sirr deyil ki, bu üç ay ərzində xalqın
sevdiyi, saydığı dəyərli sənətkarlar,
şairlər, yazıçılar, ziyalılar, alimlər
arasında da dünyasını dəyişənlər oldu. O şəxslər ki,
başqa zaman olsaydı, ən azından onlarla vida mərasimi
hansısa mötəbər qurumda dövlət səviyyəsində
keçiriləcəkdi. Amma keçirilmədi.
Dövlət və həmin vəfat edən
şəxsin ailəsi mövcud vəziyyəti nəzərə
alaraq dəfn və sadə ehsanla kifayətləndi. Bu o demək deyil ki, dövlət öz sənətkarına,
ailə öz itkisinə dəyər vermir, xalq öz
ziyalısı, sənətkarı ilə vidalaşmaq istəmir.
Bu o deməkdir ki, qanun hər kəs
üçün qanundur.
Bu
günlər sosial şəbəkələrin də əsas
mövzularından biri məhz budur: məcburən əvvəlki
dəbdəbədən uzaq toy və yas mərasimləri. Bir çoxları karantin günlərini belə gərəksiz
adətləri, israfçılığı aradan
qaldırmaq üçün şans hesab edir. Deyirlər ki, hazır məhdudiyyətlər
qoyulmuşkən indiki qadağalar karantin sonrasında da tətbiq
edilsin. Ümumi mənzərəyə nəzər
salsaq, çoxlarının bu fikri dəstəklədiyini
görərik.
Bir neçə gün öncə Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Feysbukda bir cümləlik
paylaşımı ilə mövzunu yenidən gündəmə
gətirdi.
Üç kəlməlik status belə idi: "Yası tərgitmək
gərək". Həmin paylaşıma ziyalılar, jurnalistlər,
yazıçılar və digər peşə sahibləri dərhal
reaksiya verərək bu fikri məmnuniyyətlə dəstəklədiklərini
ifadə etdilər. Hər kəs öz arqumentini gətirir,
narazı olduqları məqamları qabardırdı:
Elxan Məmmədov:
"İndi olduğu kimi olsa, məhdud sayda, ehsansız,
3-süz, 7-siz, 40-sız, mərasim zalsız yaxşı olar. Ancaq ən yaxın adamları dəfn və
başsağlığı versələr, kifayətdir".
Ofeliya
Musayeva: "Çox vacib təklifdir. İnsanların öz dərdi
bir yana, ölü yiyəsi nə qədər
insanın könlünü razı salmalıdır. Birdən
nəsə xoşlarına gəlməz... Rayon
yerlərində lap dəhşətdir. Tanımadığın
insanlar, "aaz, sən niyə ağlamırsan, niyə
özünü parçalamırsan,
üzünü-gözünü cırmırsan, niyə layla
demirsən, niyə ölmürsən, ölünü niyə
urvatsız eliyirsən?" - deyə
az qalırlar adamı linç eləyələr. Az qalırsan hayqırasan "qoy mən dərdimi
çəkim" - deyə! Kimə deyirsən?
Aylarla müzakirə olunur..."
Aynurə
Paşayeva: "Belə getsə, Türkiyə nümunəsinə
keçəcək. Amma yenə həyət evlərində
50-dən çox adam
yığışıb mərasim keçirilir".
Yusif Mirzə:
"Yasların və toyların formatını dəyişdirmək
lazımdır. İndiyə qədərki şəkillərdə
sadəcə biabırçılıqdır. Bu şəkildə onlar heç kimə lazım da
deyil. Karantin göstərdi ki, ehsanı da
yığışdırmaq, toylara da bir çarə fikirləşmək
olar. Toylara gedir, stolun üstünü
doldurmuş yemədiyimiz yeməklərə, içkilərə,
heç bir zövq almadığımız bayağı
musiqi və mahnılara görə pul ödəyirik. Kiminsə cibi dolur. Nə toy
sahibinə xeyri var, nə də bəylə gəlinə.
Buna bir son qoyulmalıdır".
Şərhlərdə
o da qeyd olunurdu ki, bu, təkcə indinin problemi deyil,
kökü qədimdir və ziyalılarımız arasında
zaman-zaman buna qarşı çıxanlar da az
olmayıb:
Yusif
Kamal: "İstismar aparatı olan restoran (şadlıq
sarayları) toylarına da son qoymaq lazımdır. Manaf
Süleymanov yazırdı ki,
keçmişdə bəylər
insanları müflis eləmək üçün sünnət toylarını dəbə
salmışdılar. İndi də toylar, mərasimlər..."
Lalə
Hacıyeva: "Publisist və görkəmli ictimai xadim
Əhməd bəy Ağaoğlu yasları tərgitməyi hələ
1906-cı ildə təklif etmişdi".
Bəziləri
bunun birdən-birə mümkün olmayacağını
arqument gətirərək prosesə tədricən
başlamağın lazımlığını
vurğulayırdılar:
Ağacəfər
Həsənli: "Adət-ənənə xalqın iliyinə,
sümüyünə işləyib, bəzisi zərərli
olsa da. Tədricən yüngülləşdirmək
mümkündür!"
Alpay Azər:
"Minimuma endirmək olar. Məsələn, təkcə
üç mərasimi (o da çay və xurma ilə)
keçirmək, cümə, qırx və il mərasimini ləğv
etmək lazımdır".
Rəy
yazanlar arasında bunun status səviyyəsində
qalmamasını, dövlət səviyyəsində ciddi təkliflərin
irəli sürülməli olduğunu müdafiə edənlər
də vardı:
Lalə
Qasımlı: "Zaman itirmədən ciddi şəkildə
təklif edilməlidir. Bəlkə dövlət səviyyəsində
müəyyən qadağalar gətirməklə nəsə
dəyişikliyə nail olmaq olar. Fürsətdir".
Afaq
Vasifqızı: "Bu təklifi status kimi yazmaq azdır. Təbliğatını aparmaq, hər gün demək
və lazımi instansiyalara çatdırmaq, rəsmiləşməsinə
nail olmaq lazımdır".
Fərqanə
Mehmanqızı: "Bunu ciddi şəkildə Dini
İşlər üzrə Dövlət Komitəsi və məscidlər
təbliğ etməlidir".
Həqiqətən də karantindən sonra yas mərasimləri
necə keçirilməlidir?
Bir müddət öncə mətbuata açıqlama
verən Qafqaz Müsəlmanları İdarəsinin
şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli
bildirirdi ki, yas mərasimləri yığcam şəkildə
olmalıdır. Onun fikrincə, ehsanı vacib əmələ
çevirmək, rəqabət aparmaq, bir-biri ilə
yarışmaq məsələləri sağlam məntiqə
və dinə ziddir: "İnsanlara anlatmaq lazımdır ki,
onlar savab qazanmaq istəyəndə günaha səbəb
olurlar. Bunlar hamısı günaha aparıb
çıxarır və insanın Allah yolundan
uzaqlaşmasına səbəb olur. Ona
görə də hesab edirəm ki, fürsətdən
yararlanıb insanlara məhz bu həqiqətləri daha ciddi
şəkildə çatdırmaq lazımdır. Amma bu, yas mərasimlərinin məhdudlaşdırılması
anlamına gəlməməlidir. Bu,
mümkünsüz bir şeydir və insanlar da bunu normal qəbul
etmir. İnsanların bir-birinə
başsağlığı verməsi, dərdli-qəmli
insanların yanına gəlməsi və ona təsəlli
olması bizim adət-ənənəmizdir. Bu, həmçinin, dinimizin də tövsiyə
etdiyi bir davranışdır".
İslam dininə görə, toy edilməsi, ehsan verilməsi
bəyənilən əməldir, amma
israfçılığa varmamaq şərti ilə. Bu haqda
İslamın müqəddəs kitabı Qurani-Kərimdə
də yazılıb. Quranın "Əraf" surəsinin
31-ci ayəsində insanlara buyrulur: "...Gözəl
libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin,
çünki Allah israf edənləri sevməz!" Bu ayədə də görünür ki,
insanların şənlik keçirməsi və ya matəmə
qatılması dini baxımdan münasibdir, israf və dəbdəbə
isə Allah tərəfindən də bəyənilmir.
İslamda bildirilir ki, vəfat edən müsəlman
üçün dini nöqteyi nəzərdən vacib olan
dörd əməl bunlardır: qüsl, kəfən, cənazə
namazı və dəfn.
Fikrimizcə, yenə də məsələnin həlli
maariflənmədən keçir. Əgər
bütün bu fikirlər, dini hökmlərin tələbləri
əhaliyə düzgün izah olunarsa, maarifləndirmə
işi güclü şəkildə aparılarsa, nəyəsə
nail olmaq mümkündür. Hələlik mövcud vəziyyətdə
nəyin dəyişib nəyin dəyişmədiyini qəti
şəkildə demək çətindir. Görək,
karantindən sonra necə olacaq...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 3 iyun.- S.11.