Hidayət və İrəvan
ədəbi-mədəni
mühiti
Azərbaycanın qədim tarixə,
zəngin mədəniyyətə malik, ictimai və ədəbi-estetik
fikrimizin inkişafında böyük rolu olan mahallarından
biri də Zəngəzurdur.Qədim Zəngəzur mahalı Azərbaycan
elm və mədəniyyəti tarixinə önəmli töhfələr
verən alimlər, ədəbiyyat və incəsənət
xadimləri, ictimai-siyasi sahədə nüfuzlu şəxsiyyətlər
bəxş etmişdir. Belə görkəmli simalardan biri də
görkəmli ədib - şair, publisist, dramaturq, tərcüməçi,
naşir və ictimai-siyasi xadim Hidayətdir.
Hidayət öz təbii
gözəlliyi ilə seçilən Zəngəzur
mahalının Mığrı rayonun Maralzəmi kəndində
dünyaya göz açıb. Görünür,
insanla təbiətin vəhdətindən xəbər verən
bu yerlərin möcüzəli aurası Hidayətin də
canına, qanına, sənətinin mayasına hopub, onun
aydın zəkasına və təfəkkürünə
qarışıb. Bunun nəticəsidir
ki, "Zəngəzur" (poema-fraqmentlər) adlı silsiləsində
Hidayət öz oxucusunda güclü emosional ovqat yarada bilir.
... Burda hər qarış torpaq,
Hər daş, hər iz, hər bulaq
Müqəddəsdir, uludur.
Hər cizgisi yerində,
Nə artıq şey, nə
qüsur.
Bir söz: gözəllik yurdu
Zəngəzurdur, Zəngəzur.
Hidayətin
ömür və yaradıcılıq yolunu üç mərhələyə
bölmək olar: Zəngəzur, İrəvan və Bakı
dövrü. Özünün dediyi kimi,
"taleyinin yolu bu imiş". Bu mərhələlərin
üçü də onun taleyində, həyatında nə qədər
rəngarənglik yaratsa da, bütün varlığı ilə
doğma yurduna bağlı olan Hidayətin
yaradıcılığında bu gün də həsrət
dolu kövrəkliklə xatırladığı Maralzəmi
kəndi və Zəngəzur mühiti qırmızı bir xətt
kimi keçir.
Sözsüz ki, Hidayətin bir şəxsiyyət kimi yetişməsində
Zəngəzur mühiti də əsaslı rol oynayıb. Bu mühit
şair təxəyyülü yeniyetmənin alovlu gənclik
ehtirasına qol-qanad veribsə, İrəvan mühiti isə
Hidayətin yaradıcılığının ideya-bədii və
ictimai-siyasi cəhətdən zənginləşməsi ilə
yanaşı, öz böyük potensialını
bütöv şəkildə gerçəkləşdirməyə
imkan yaradıb. İrəvan dövrü
onun istər taleyində, istərsə də ədəbi-mədəni
və ictimai fəaliyyətində tamamilə yeni bir mərhələ
təşkil edir.
Ali məktəbi bitirdikdən sonra doğma kəndində
müəllimlik fəaliyyətinə başlayan Hidayət
1966-cı ilin mart ayında İrəvanda Azərbaycan dilində
yeganə mətbuat orqanı olan "Sovet Ermənistanı"
qəzetində çalışmağa dəvət olunur. Çalışdığı
bu mətbuat orqanında qısa zaman ərzində fərdi sənətkarlıq
üslubu ilə qəzetə xeyli nəfəs genliyi, yeni forma
və məzmun gətirməklə mövzu dairəsini
genişləndirir. Qısa zamanda yüksək
bacarığı və jurnalistik fəaliyyəti ilə
İrəvan ədəbi-mədəni və ictimai mühitində
tanınan Hidayət bu mətbuat orqanında məsul katib
müavini vəzifəsinə irəli çəkilir.
"Sovet Ermənistanı" qəzetində iki ildən bir
az artıq çalışan Hidayət nəinki İrəvan ədəbi-mədəni
mühitində, eləcə də azərbaycanlılar
yaşayan bütün bölgələrdə tanınır.
Sonra başqa bir sahədə məsul vəzifəyə - 16
illik fasilədən sonra 1966-cı ilin sonlarında yenidən
bərpa edilən Cəfər Cabbarlı adına
İrəvan Azərbaycanlı Dövlət Dram Teatrına
(1968-ci ilin iyun ayında) direktor təyin edildi. Bununla
da İrəvanda Azərbaycan teatr sənəti yeni inkişaf
mərhələsinə qədəm qoydu. Teatrı
ağır vəziyyətdən çıxarmaq
üçün Hidayət Bakıdan Tofiq Hüseynovu,
Naxçıvandan Mübariz Əlixanoğlunu və
Bakıdakı M.Əliyev adına İncəsənət
İnstitutunu bitirmiş bir neçə istedadlı gənc
aktyoru bu sənət
ocağında çalışmağa dəvət etdi. Bu sənət ocağının yerli kadrlarla təmin
edilməsi üçün 1969-cu ildə teatrın direktoru
Hidayət müvafiq dövlət qurumlarının
qarşısında İrəvan İncəsənət
İnstitutunun nəzdində Azərbaycan şöbəsinin
açılması məsələsini dəfələrlə
qaldırmasına və bu istiqamətdə nə qədər
mübarizə aparmasına baxmayaraq, erməni şovinist dairələri
bu ideyanın gerçəkləşməsinə imkan vermədilər.
Bütün bu çətinliklərə,
problemlərə rəğmən Hidayətin
bacarığı və milli iradəsi hesabına teatr fəaliyyətini
inamla davam etdirirdi.
1970-ci illərdə teatr repertuarını zəngiləşdirərək,
bir sıra uğurlara nail olmuş və özünün yaradıcılıq
zirvəsinə ucalmışdı. Həmin illərdə teatr "Sənsiz",
"Sevil", "Aydın", "Köhnə ilin son gecəsi",
"Qaynana", "Əliqulu evlənir", "Solğun
çiçəklər", "Ana ürəyi",
"Yaşar", "Elbrus evlənir", "İkinci səs",
"Sən nə üçün yaşayırsan?",
"Əks-səda", "Hacı Qənbər", "Nəsrəddin", "Atayevlər ailəsi",
"Arşın mal alan", "Toy kimindir?", "Məşədi
İbad", "İmzalar içində", "Ulduz"
və sair bu kimi onlarla əsəri tamaşaya qoymuşdu. Yeri gəldikcə teatr dünya dramaturgiyası
klassiklərinin - A.Ostrovskinin, K.Qoldoninin, Şekspirin, Molyerin və
başqalarının əsərlərinə də cəsarətlə
müraciət edir və onları uğurla tamaşaya qoyurdu.
Tamaşalardakı rolların aktyorlar tərəfindən
yüksək məharətlə ifa edilməsi Azərbaycan
teatrının həm nüfuzunun artmasına, həm də
möhkəmlənməsinə çox böyük təsir
göstərirdi. Tamaşaçılarda maraq
oyatmaq və teatrın ahəngdar fəaliyyəti
üçün yerli dramaturqların mövcudluğu da vacib
şərtdir. Həmin dövrlərdə
İrəvan mühitində isə ədəbiyyatşünaslığın
bu sahəsi ilə məşğul olan 1-2 nəfər var idisə,
onlardan birincisi Hidayət idi. Hidayət ədəbiyyatın
bu janrında da öz qələmini sınamış, "Məhəbbət
yaşayır hələ" pyesini yazmışdır.
Bu pyes 1976-cı ildə İrəvanda milli
teatrımızda tamaşaya qoyuldu. Həmin
əsər Hidayətin ilk pyesi olduğu kimi, həm də o
dövrdə İrəvan Azərbaycan Teatrında səhnəyə
qoyulan ilk yerli dramaturq əsəri idi. Sonralar
sənətkarın 1981-ci ildə "Məni
qınamayın", 1982-ci ildə "Bu dünyanın
adamları" və başqa dram əsərləri də
İrəvan teatrının səhnəsində uğurla
tamaşaya qoyuldu.
Teatr
truppası Qərbi Azərbaycanda soydaşlarımız
yaşayan bütün bölgələrə - Zəngibasar, Amasiya, Vedibasar,
Basarkeçər, Allahverdi, Dilican və sair rayonlara, o cümlədən, azərbaycanlı
məktəblərinə qastrollara gedərək, tamaşalar
göstərirdi. Qərbi Azərbaycanda elə
bir azərbaycanlı kəndi tapmaq olmazdı ki, teatr həmin
bölgəyə qastrol səfəri etməsin. Bu, bir yandan azərbaycanlı əhali ilə bu sənət
ocağının əlaqələrinin möhkəmlənməsinə
xidmət edirdisə, digər tərəfdən yeni
tamaşaçı kütləsinin teatra cəlb olunmasına
və bədii cəhətdən sanballı əsərlərin
tamaşaya qoyulmasına da müsbət təsir göstərirdi.
Hidayətin rəhbərlik etdiyi bu mütəşəkkil
kollektiv yeri gəldikcə çox zəngin və rəngarəng
repertuarı ilə Bakıya, Naxçıvana, Tiflisə,
Borçalıya və azərbaycanlılar yaşayan digər
bölgələrə qastrol səfərlərinə də
gedirdi.
1968-84-cü
illər ərzində Hidayətin təşəbbüsü
və dəvəti ilə Azərbaycan mədəniyyətinin,
incəsənətinin görkəmli nümayəndələri
- maestro Niyazi, Fikrət Əmirov, Emin Sabitoğlu, Mehdi Məmmədov,
Şəmsi Bədəlbəyli, Nəsir Sadıqzadə,
Ağakişi Kazımov, İsmayıl Dağıstanlı,
Hökümə Qurbanova, Məlik Dadaşov, Leyla Bədirbəyli,
Məmmədrza Şeyxzamanov, Zəroş Həmzəyeva və
başqalarının qastrol səfərləri İrəvanın
mədəni həyatında mühüm hadisəyə
çevrilməklə yanaşı, həm də yerli
aktyorların səhnə yaradıcılığına
böyük təkan olurdu. Teatrın bu yüksəlişi
və aktyorların səhnə yaradıcılığı
haqqında məlumatlar həmin dövrdə İrəvanda,
Bakıda və başqa yerlərdə nəşr edilən mətbuat
orqanlarında işıqlandırılır, məqalə və
resenziyalarda əksini tapırdı. Teatrın
böyük uğurları ilə bağlı yuxarıda qeyd
etdiyimiz fikirlər İrəvanda
Azərbaycan dilində nəşr edilən yeganə mətbuat
orqanı olan "Sovet Ermənistanı" qəzetində
Hidayətin "Xoş arzularla", "Gənclik hərarəti,
yaradıcılıq ehtirası", "Adi illərə bənzəmir",
"Onun həyatı səhnədir" və bu kimi digər
məqalələrdə, resenziyalarda da ifadə edilib.
Onun 1977-ci ildə İrəvanda nəşr etdirdiyi
"Bir teatrın üç aktyoru" adlı kitabı da bu
baxımdan əhəmiyyətlidir. Kitabda ömrünü İrəvanda
milli teatrımızın möhkəmlənməsinə və
inkişafına həsr etmiş üç sənət fədaisi
- Məmmədbağır Qaraxanov, Abasqulu Tağıyev və
Cəmil Əliyevin keçdiyi sənət yolundan və
peşəkar səhnə yaradıcılığından bəhs
edilir.
Əlbəttə
ki, teatrın canlanması Azərbaycanın təcrübəli,
peşəkar teatrları və görkəmli incəsənət
xadimləri ilə sıx yaradıcılıq əlaqəsi qurması "Ermənistan"ın
daşnak rəhbərliyini qıcıqlandırmaya bilməzdi.
Çünki erməni şovinistləri
teatrın nüfuzunun artmasını, nümunəvi və
peşəkar teatr səviyyəsinə yüksəlməsini
istəmirdilər. İrəvan Azərbaycan
Teatrının 1968-1984-cü illəri əhatə edən
dövrünü diqqətlə izlədikdə istər
tamaşaların çoxluğu, istər mükəmməl
yaradıcı kollektivə malik olması, istərsə də
Bakıdan və müxtəlif yerlərdən görkəmli
səhnə ustalarının teatra dəvət edilməsi,
rejissorluq işinin kamilləşməsi cəhətdən
seçilir. Bu sənət ocağı nəinki
Cənubi Qafqazda, keçmiş İttifaq miqyasında
tanınmış və nümunəvi teatrlar səviyyəsinə
yüksəlmişdi. Teatrın bu böyük
uğurlarını 1978-ci ildə 50 illik yubileyi münasibəti
ilə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin,
Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan
Yazıçılar İttifaqının katibləri -
İmran Qasımovun, İshaq İbrahimovun, Cabir Novruzun,
Hüseyn Abbaszadə və Elçin Əfəndiyevin, Xalq
artisti İsmayıl Dağıstanlının, "Sovet
Gürcüstanı" qəzetinin redaksiya heyətinin və
digərlərinin ünvanladığı təbriklər bir
daha təsdiq edirdi. Hətta bədxah ermənilər
də yeganə milli sənət məbədimiz olan bu
teatrın uğurlarını etiraf etmək məcburiyyətində
qalırdılar. Erməni şovinizmi əhatəsində
milli mədəniyyətimizin bu uğuru həm Hidayətin, həm
də teatrın fədakar kollektivinin nailiyyəti idi. Bu sənət ocağının inkişafında,
onun bütün Ermənistanda yaşayan azərbaycanlıların
ruhi-mənəvi və mədəniyyət mərkəzinə
çevrilməsində Hidayətin müstəsna rolu
olmuşdu.
Hidayətin fəaliyyətinin İrəvan dövrü
təkcə teatrın rəhbəri və bu sahədəki
işlərilə məhdudlaşmır. O, İrəvanda Azərbaycan
ədəbi-mədəni, ictimai-siyasi mühitinin əsas
ağırlığını öz çiyinlərində
daşımışdı. Bu cəhətlər
onun bütün fəaliyyətində də özünü
qabarıq şəkildə büruzə verir. O, teatra rəhbərlik
etməklə yanaşı, həm də "Ermənistan"
Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı
Şurasına rəhbərlik edir, eyni zamanda, İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində
"XIX-XX əsr Azərbaycan ədəbiyyatı" fənnindən
dərs deyirdi. Onun bu yöndəki fəaliyyəti
Qərbi Azərbaycandakı bütün bölgələrdə
ədəbi prosesə müsbət təsir göstərmişdi.
İsmixan Məmmədov, Tahir Talıblı, Firuz
Kazımoğlu, Rəşid Əhmədov, Avtandil Məmmədov
və başqa bu kimi gənc, istedadlı ədəbi simalar Azərbaycan
Ədəbiyyatı Şurasının ətrafına toplaşmağa başlayır. Ümumiyyətlə, Azərbaycan Ədəbiyyatı
Şurası azərbaycanlı yazıçıların,
şairlərin ədəbi
yaradıcılığının inkişaf etdirilməsində
və ictimaiyyətə təqdim olunmasında çox
böyük rol oynamışdı. Hidayət sənətə
dair fikir mübadiləsi etmək üçün mütəmadi
şəkildə Azərbaycandan görkəmli ədəbiyyat
xadimlərini, şair və yazıçıları - Mirzə
İbrahimovu, Bəxtiyar Vahabzadəni, İsmayıl
Şıxlını, Nəbi Xəzrini, Əli Vəliyevi, Xəlil
Rza Ulutürkü, Nəriman Həsənzadəni, Yusif Səmədoğlunu,
Qulu Xəlilovu, Cabir Novruzu, Abbas Abdullanı, İsa İsmayılzadəni,
Mirvari Dilbazini, İmran Qasımovu, Əliağa
Kürçaylını, Hüseyn Razini, Tofiq Mütəllibovu,
Hüseyn Arifi, Ağa Laçınlını və
başqalarını İrəvana dəvət edirdi.
Bu görüşlər İrəvanda Azərbaycan ədəbi-mədəni
mühitinin canlanmasına böyük təsir göstərirdi. Azərbaycandan
ziyalıların hər gəlişi nəinki İrəvan ədəbi
ictimaiyyətində, sadə azərbaycanlılarda belə,
böyük maraq doğurduğundan hər bir görüş
böyük izdihama çevrilirdi. Bu cür ədəbi
tədbirlərin keçirilməsi, peşəkar ziyalı
mövqe ilə yaxından tanış
olmaq İrəvanda yazıb-yaradan gənc ədəbi qüvvələrin
yaradıcılıq istiqaməti və inkişafına da
faydalı olurdu. Erməni şovinizminin
arasıkəsilməz təzyiqlərinə baxmayaraq, İrəvanda
Azərbaycan ədəbi-mədəni həyatı Hidayət
kimi qeyrətli ziyalıların sayəsində öz məcrasında
davam və inkişaf edir, ədəbiyyatımız rəngarəng
yüksək bədii səviyyəyə malik əsərlərlə
zənginləşirdi. O dövrdə Hidayətin təşəbbüsü
və cəhdləri sayəsində Qərbi Azərbaycandakı
soydaşlarımızın əsərlərinin tematik planlara
salınıb işıq üzü görməsi də
ardıcıl şəkil alıb.
İrəvan dövrü Hidayət
yaradıcılığının məhsuldar illəri olmaq
baxımından da diqqəti cəlb edir. Bu illərdə onun "Məni
qınamayın" (1970), "Məhəbbət
qocalmır" (1973), "Bir az gözləyin məni"
(1975), "Zirvə cığırı" (1971), "Bir
teatrın üç aktyoru" (1977), "İrəvanda xal
qalmadı" (1984), "Qaynaq" (1986) kitabları nəşr
edilmişdi. Həmin kitablarda Hidayətin
müxtəlif vaxtlarda qələmə aldığı
şeirləri, nəsr və dram əsərləri, publisist
yazıları çap olunmuşdu. Yeri gəlmişkən,
Hidayətin ədəbi fəaliyyətini səciyyələndirən
ən mühüm cəhətlərdən biri də budur ki,
o, yaradıcılığında milli məhdudluq
tanımır. İngilis, rus, island,
şotland, gürcü, türk və başqa xalqların ədəbiyyatlarından
dilimizə tərcümə etdiyi bədii nümunələr
həm də onun ədəbi həyata miqyaslı
yanaşdığını təsdiqləyir. Bu bədii
tərcümələr bir tərəfdən azərbaycanlı
oxucuları dünya ədəbiyyatı, mədəniyyəti
ilə yaxından tanış etmək
üçün nə qədər böyük əhəmiyyət
kəsb edirdisə, digər tərəfdən isə İrəvanda
ədəbi prosesə müsbət təsir göstərirdi.
Hidayətin U.S.Blant, M.Qonaşvili, S.Mixalkov, V.Şekspir, M.A.Ərsoy,
N.F.Qısakürək və başqalarından etdiyi tərcümələr
indi də öz bədii dəyərini və əhəmiyyətini
itirməyib.
Qeyd edək
ki, 1970-80-ci illərdə İrəvan ədəbi-mədəni
mühitinin aparıcı simalarından olan görkəmli ictimai
xadim, şair, dramaturq Hidayət həyatının, ədəbi
fəaliyyətinin, yaradıcılığının, gəncliyinin
ən qaynar çağlarını, ömrünün 18 ilini
İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai
mühitinin inkişafına sərf edib. Yeri gəlmişkən, bir məqamı
da vurğulayım ki, həmin illərdə İrəvanda
Hidayətdən hündürboy adam, demək
olar, yox imiş. Qərbi Azərbaycanın
hansı nöqtəsindən baxılsa, Hidayət öz əzəmətli
cüssəsi və işıqlı əməllərilə
apaydın boy göstərirmiş. Bu isə
həm də onun şəxsində erməni şovinizmi əhatəsində
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
mənəviyyatının, əbədi dəyərlərinin
boy göstərməsi idi.
Hidayət 1984-cü ildə Bakıya köçsə də,
bütün varlığı və səmimiyyəti ilə
bağlandığı İrəvan-Qərbi Azərbaycan-Zəngəzur
mühitini əsla unutmayıb. Sonrakı illərdə
də o, İrəvandakı həmkarları və onların
yaradıcılığı ilə,
soydaşlarımızın mədəni-ictimai mühitilə
yaxından maraqlanıb, İrəvanla sıx ədəbi
yaradıcılıq əlaqələri saxlayıb.
Soydaşlarımız xain düşmən tərəfindən
oradan çıxarılana qədər Hidayət, imkan olduqca,
Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət
xadimləri - Cabir Novruz, Mirəli Seyidov, Cövdət
Hacıyev, Bəkir Nəbiyev və başqaları ilə
İrəvana səfər edib, vaxtilə oradakı Azərbaycan
ədəbi-mədəni mühitində şəxsi
iştirakı ilə yandırılmış sənət
çırağının sönməsinə imkan verməyib.
Cəlal ALLAHVERDİYEV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2020.- 3 iyun.- S.15; 20.