Şanlı tarixin yüzüncü ili ekranda

 

Bu günlər 1920-ci ildə Sovet işğalına qarşı yönəlmiş Gəncə və Qarabağ üsyanlarının 100 illiyi tamam olur.

Məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq olan bu üsyanlar XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi.

Bu günlərdə “Pressklub.az” və “Pressklub TV”də bu üsyanların 100-cü ili şərəfinə “Şərəf və namusumuzun paytaxtı: Gəncə üsyanı - 100” və “Qarabağ üsyanı-100: Otuzikilərin dastanı” adlı sənədli filmlər nümayiş olundu. Filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Nazim Məmmədov (Gəncə üsyanı), Rövşən Nicat (Qarabağ üsyanı), prodüsseri Tahir Tahiroviç, redaktoru Qulu Məhərrəmlidir. Filmdə Gəncə və Qarabağ üsyanları ilə bağlı arxiv sənədləri, tarixi faktlar ən xırda detalına qədər öz əksini tapıb.

Yaradıcı heyətlə filmin yaranma ideyası, arxiv sənədləri və gələcək taleyilə bağlı söhbət etdik.

Tanınmış jurnalist, filmin ssenari müəllifi Arif Əliyev dedi ki, bu, həmin tarixlə bağlı çəkilən trilogiyanın hissələridir: “Bu prosesə əvvəlcə Yalama döyüşü haqda araşdırmalarla başladım. Bunun da başlıca səbəbi o idi ki, tarix məni bir tarixçi kimi yox, jurnalist kimi, ilk növbədə bu günə tətbiqi baxımından maraqlandırır. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bu günə kimi də cəmiyyətdə belə bir fikir var ki, o dövrdə nə ölkə rəhbərləri, nə ordusu Azərbaycanı müdafiə etməyib, müstəqillik belə asanlıqla əldən verilib. Bax, cəmiyyətdə formalaşmış, dərsliklərdə də özünü göstərən bu təsəvvür mənə elə gəlir ki, bizə bir xalq olaraq başıaşağılıq gətirən bir şeydir. Ona görə də Yalama döyüşü haqda məlumatlar əldə etdikcə mən bunu geniş araşdırmaq qərarına gəldim. Həqiqətən də dərinə getdikcə bir çox üsyanlar haqqında məlumatlar topladım ki, bunların hər biri unikal hadisələrdir. Yəni Azərbaycanın ordusu, əsgəri, zabiti bu millətin adına ləkə gətirə biləcək heç bir iş görməyib. Əksinə, onu qorumaq üçün minlərlə insan, döyüşçü canından keçib. Bizim onlar haqqındakı bu cür yanlış təsəvvürümüz heç bir ölkəyə xas bir şey deyil. Odur ki, bundan sonra biz Yalama haqqındakı filmin təqdimatı üçün Gəncədə olanda Gəncə ziyalıları nümayişdən sonra mənə müraciət etdilər ki, Gəncə haqqında da bu cür material hazırlasanız çox yaxşı olardı. Mən də ondan sonra başladım Azərbaycanın, Rusiyanın, Gürcüstanın həm arxiv materiallarını, həm xatirələri, həm də ordakı araşdırmaları öyrənməyə. Beləcə xeyli material topladım. Mən üç sənədli filmdən ibarət “Könlümün sevgili məhbubu mənim” adlı sənədli dram hazırlamaq istəyirdim. Bunun ssenarisi də hazır idi. Ancaq mövcud koronavirus pandemiyasına görə biz nə Gəncəyə, nə Tərtərə, nə Araza çəkilişlərə gedə bildik. Ona görə də onu məqaləyə çevirib dərc eləmək və eyni zamanda “Pressklub TV”də verilişlər hazırlamaq qərarına gəldik.

100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad ...

Mayın 28-də Qarabağ üsyanının 100-cü ili tamam oldu. Gəncə üsyanı xeyli araşdırılıb, onunla bağlı materiallar çoxdur. Qarabağ üsyanı barədə isə məlumatlar olduqca məhduddur. Ona görə də mənə elə gəlir ki, bu materiallar da çox maraqlıdır. Araşdırmalarımız onu göstərir ki, həmin dövrdə Azərbaycan ordusunun 90 faizi Gəncə və Qarabağda cəmlənmişdi. Çünki Ermənistanla müharibə yenicə bitmişdi, hücumlar hələ də avam edirdi, Qarabağdakı ermənilər də qisas almaq üçün məqam gözləyirdi, ona görə də ruslar Şimaldan çox asanca ölkəyə daxil olub, Bakıya çata bildilər. Qarşılarını kəsə biləcək hərbi qüvvə yox idi. Ancaq sonradan həmin ordu hissələri görəndə ki, Azərbaycanın başına bu oyunlar açılır, onlar həm Qarabağda, həm də Gəncədə üsyana qalxdılar, müqavimət göstərdilər. Ağır döyüşlərdən sonra bütün ordudan qalmış təxminən min beş yüz insan Arazı keçib İrana, İrandan da sağ qalanlar Türkiyəyə keçib Mustafa Kamal Atatürkün ordusuna qoşulub orda döyüşdülər. Yəni bu insanlar öz vətəndaşlıq borclarını sonadək yerinə yetiriblər və gedən də “qapını çırpıb” getməyiblər, nə vaxtsa vətənə qayıtmaq üçün gediblər. Mən düşünürəm ki, bizim onları vətənə qaytarmağımızın vaxtıdır. Heç olmasa, yüz illikdə onların şərəfli adlarını bərpa etməliyik. Azərbaycan rəhbərlərinin əksəriyyəti, o cümlədən, Məhəmməd Əmin Rəsulzadə özü deyirdi ki, əgər bu üsyanlar, bu müqavimətlər olmasaydı, biz şərəf və namusumuzu nəylə bərpa edə bilərdik? Yəni ölkəyə basqın olanda, işğalçı gələndə onun qarşısında dayanan olub”.

A.Əliyev yerli televiziya kanallarının bu filmlərə olan münasibətindən də danışdı: “Deyə bilərəm ki, Yalama döyüşü haqqındakı film televiziyada nümayiş olunmaq üçün daha uzun müddətli, daha dərindən işlənilmişdi və daha hazır idi. Ancaq İctimai Televiziyadan film haqqında bir verilişə dəvət olsa da, o filmin geniş auditoriyaya çatdırılması üçün bizim tele-kompaniyalardan heç biri, nədənsə, maraq göstərməyib. Mən belə bir maraq görməmişəm. Amma biz öz vasitlərimiz, kanallarımızla bilavasitə rayonlarda təqdimatlar keçiririk, ayrı-ayrı gənc kollektivlər qapalı nümayişlər edir və bizi də dəvət eliyirlər. Bu şəkildə biz filmlərimizi yaymağa çalşırıq. Mənə elə gəlir, baxmayaraq ki, televiziyalar bu təbliğata qoşulmur, amma biz kifayət qədər yaya bilmişik. Təbii ki, qoşulsalar, daha yaxşı olardı. Nəzərə alsaq ki, bu gün iki möhtəşəm üsyanın 100 illiyi tamam olur, üstündən bir əsr keçib, məncə, maraq olmalı idi”.

GƏNCƏ ÜSYANI - 97!... - Gəncədə Cavad xana heykəl ucaldaq | Facebook

Ssenari müəllifi mövcud vəziyyətlə əlaqədar olaraq yaradıcı heyətin o qədər də böyük olmadığını da dedi: “Yaradıcı heyət demək, çox böyük səslənər, bəlkə də. Ssenarilər əsasında Gəncə filmini Nazim Məmmədov, Qarabağ filmini isə Rövşən Nicat çəkdilər. Pandemiyaya görə biz işlərimizi son ana qədər saxlayırdıq, ümid edirdik ki, hər ikisini Tərtərə, Gəncəyə, Bərdəyə, Araza getməklə çəkə biləcəyik. Və beləcə tam qiymətli bir iş olacaq. Amma görəndə ki, ölkə daxilində hərəkət məhduddur, bunları etməyimiz üçün imkan yoxdur, tələsik şəkildə studiyada hazırladıq. Ona görə də gəlin bunlara hələlik ilk addım kimi yanaşaq. Qismət olsun, geniş çəkəndə ona yaradıcı kollektiv haqqında ciddi fikirləşəcəyik. Mən hər iki rejissora çox minnətdaram ki, onlar dar macalda, məhdud imkanlarla hər iki filmi hazırlaya bildilər. Bu filmlərdə əsas qəhrəmanlıq o iki rejissorundur”.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, filmin redaktoru Qulu Məhərrəmli bu cür sənədli filmlərin önəmindən söz açdı: “Pressklub.Tv” “Könlümün sevgili məhbubu mənim” adı altında üç sənədli film təqdim edir. Birincisi, 1920-ci ildə 70 minlik Sovet ordusunun qabağına çıxan 350 nəfərlik alayın Yalama döyüşü barədədir. Bu, “Ruhların nəğməsi” adlanır. Biz bunu aprelın 28-də efirə vermişik. İkinci film-veriliş “Şərəf və namusumuzun paytaxtı: Gəncə üsyanı- 100”, üçüncü isə Gəncədən sonrakı dalğa Qarabağ üsyanı haqqındadır, “Qarabağ üsyanı- 100: Otuzikilərin dastanı” adlanır. 1920-ci il mayın 25-dən sonra Gəncə üsyanı ilə paralel Qarabağda da üsyan başlayıb. Milli ordunun əsas diviziyaları rus işğalına qarşı bu üsyanları qaldırıblar. Təxminən bir həftə ərzində çox qanlı döyüşlər aparıblar.

Biz hər filmdə müəyyən şərhlər, izahlar da vermişik. Əsas məqsədimiz odur ki, Azərbaycanda XI Qırmızı ordu, onun gəlişi, Sovet hakimiyyətinin güllə-çiçəklə, xalqın iradəsi ilə qəbul olunması haqqında yayılmış mifləri darmadağın edək. Bu filmlərin üçü də göstərir ki, Azərbaycan xalqı öz azadlığı uğrunda vuruşub, işğala boyun əyməyib, işğalçı orduya qarşı döyüşüb. Bu üsyanlar Azərbaycanın öz müstəqilliyi uğrunda apardığı çoxillik mübarizəsinin kiçik bir məshələsi, bir səhifəsidir. Bunların hər biri bolşevik işğalına qarşı Azərbaycan xalqının azadlıq mübarizəsidir.

Hesab edirəm ki, bizim yerli televiziyalar da buna diqqət göstərməli idilər. Təəssüf ki, bunu etmədilər.

Biz Arif Əliyevin uzun illərdən bəri apardığı araşdırmaları yutub kanalında ekranlaşdırmışıq. Hər halda öz gücümüz daxilində mükəmməl bir ekran əsərini ortaya qoymuşuq. Fikrimcə, bu iş çox lazımlıdır, vacibdir və tarixi öyrənən gənclərimiz üçün bir nümunədir. Bunlar mütləq bizim tarix dərsliklərimizə düşməlidir və səhifə-səhifə, addım-addım, epizod-epizod öyrənilməlidir. Bizim bu işimizə dəstək verən bütün mütəxəssislərə, alimlərə, ziyalılara təşəkkür edirik”.

Sonda filmlərdən maraqlı faktları nəzərinizə çatdırırıq:

 “Gəncə qurbanlarının sayı barədə müxtəlif rəqəmlər söylənir. XI Ordunun arxiv sənədlərində 1000 şəhər müdafiəçisinin öldürüldüyü göstərilir. Amma həmin günlərdə ABŞ-in “New York Times” qəzeti Dövlət Departamentinə istinadən Gəncənin bütün müsəlman əhalisinin “qəddar vəhşiliklə” məhv edildiyini yazırdı. Britaniyanın “Vestern Gazette” və “Çeltenham Kronikl” nəşrləri qırğında 15 min insanın qətlə yetirildiyini xəbər verirdi. Qafqazda fransız hərbi missiyası “şəhərə azı 8 min mərmi atıldığını, öldürülmüş müsəlmanların sayının 10 min nəfər təşkil etdiyini, Gəncədə faktiki olaraq, müsəlman qalmadığını” bildirirdi. Müasir tarixi ədəbiyyatda da əsasən 10-12 min arasında rəqəmlər gətirilir…

Onların arasında dünyadan bixəbər körpələr də, ahıl generallar da, Firudin bəy Köçərli, Məhəmməd Hadi kimi görkəmli şəxsiyyətlər də var idi.

 “Nə oldu ki, biz, Azərbaycan türkləri, belə asanlıqla, müqavimət göstərmədən, etirazlar etmədən, zəngin və çiçəklənən məmləkətimizi barbarlara buraxırıq, özümüz isə onların köləsi oluruq?!”

Bu, üsyandan əvvəl Cahangir bəy Kazımbəyovun verdiyi sualdır.

 “Gəncə üsyanı Şərəf və Namusun yenidən etibar qazandığı bir dastandır! Gəncədə may ayında axan türk qanı 27 aprel hadisəsi zamanı millətimizə atılan ləkəni silib götürdü”. Bu isə “Azərbaycan” qəzetin redaktoru Ceyhun Hacıbəylinin üsyandan sonra verdiyi cavabdır”.

 “Bu, təkcə Yalamada, Gəncədə, Qarabağda belə olmayıb. Arxivlərdə 1920-ci ildə Zaqatalada, Lənkəranda, Astarada, Qubada, Muğanda, Şəmkirdə, Qazaxda, Gədəbəydə və s. bölgələrdə də üsyanlar haqqında məlumatlar tapa bilərsiniz”.

Bu günlər xalqımızın tarixinin şanlı günləridir. Çünki düz yüz il öncə babalarımız müstəmləkəyə boyun əymədən ölkənin müxtəlif yerlərində öz etiraz səslərini ucaldıblar. Yalama döyüşləri, Gəncə üsyanı, Qarabağ üsyanı... Bu tarix bir daha sübut edir ki, Azərbaycan xalqı və onun əzmkar ordusu öz müstəqilliyini kimsəyə peşk-keşk çəkməyib! Onun azadlığı əllərindən minlərlə, on minlərlə insanımızın qanı bahasına zorla alınıb! Şükür ki, indi onların ruhu nisbətən şaddır! Çünki müstəqilik!

Bu üsyanda və bundan başqa Azərbaycanın müstəqilliyi uğrunda ayrı-ayrı dövrlərdə qurban gedən şəhidlərimizin ruhu şad, vətənimizin müstəqilliyi əbədi olsun!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 3 iyun.- S.14.