"Sosial şəbəkələr mənim üçün
21-ci əsrin ən
böyük kəşfidir"
FİRUZ MUSTAFA: “SOSİAL
ŞƏBƏKƏLƏRİ İTİ BIÇAQLA
MÜQAYİSƏ ETMƏK OLAR - BAXIR O BIÇAQ KİMİN
ƏLİNDƏDİR”
Budəfəki həmsöhbətimiz Əməkdar incəsənət
xadimi, filosof, nasir, dramaturq Firuz Mustafadır. Virtual məkanla bağlı
yazdığı hekayələrilə
izləyicilərin xüsusi
marağına səbəb
olan həmsöhbətimizlə
sosial şəbəkələr
haqqında danışdıq.
“İlk vaxtlar hesab edirdim
ki, Feysbuk
gənclər üçün bir
“əyləncə məkanı”dır”
- Firuz bəy, necə oldu ki, Feysbuka
qoşulmaq qərarına
gəldiniz?
- Feysbuka qoşulmaq üçün nəsə
əlahiddə, xüsusi
bir hadisə baş vermədi. Doğrusu, əvvəllər bu barədə təsəvvürüm
bir qədər fərqli idi. İlk vaxtlar, eşitdiklərimə
əsasən belə hesab edirdim ki,
Feysbuk gənclər üçün bir “əyləncə məkanı”dır.
Zaman keçdikcə təsəvvürlərim
dəyişdi. İndi mən
belə hesab edirəm ki, sosial şəbəkə
sosial mühitin təkcə bir hissəsi deyil, elə o mühitin özüdür.
- Neçə vaxtdır, sosial şəbəkələrdən istifadə edirsiniz?
- Elə ilk vaxtlardan bu platformaların istifadəçisiyəm.
"Son vaxtlar əksər məlumatlardan
məhz
sosial şəbəkələr vasitəsilə xəbər
tuturam"
- Vaxtınızın
nə qədərini sosial məkanda keçirirsiniz?
- Konkret vaxt deyə
bilmərəm. Amma onu deyə bilərəm
ki, əvvəllər
hər gün bir neçə qəzet alar, yeni informasiyalarla televiziya kanallarından tanış olardım. Etiraf etməliyəm ki,
son vaxtlar əksər
məlumatlardan məhz
sosial şəbəkələr
vasitəsilə xəbər
tuturam. Əlbəttə, bütün günü
Feysbukda olmuram. Bəzən sadəcə, öz səhifəmə göz gəzdirirəm. Ən çox
da gələn məktublara cavab verirəm. Burada naşirlərlə, rejissorlarla, jurnalistlərlə
və oxucularla yazışıram.
"Texniki vasitələrlə “dil tapmaq”
mənim üçün həmişə
çətin olub"
-Yaşlı nəslin nümayəndələri
yeni kommunikasiya texnologiyalarına bir qədər çətin
uyğunlaşır. İlk vaxtlar
istifadə prosesində
sizin üçün
hansısa çətinlik
yaranırdımı?
- Ümumiyyətlə, texniki
vasitələrlə “dil
tapmaq” mənim üçün həmişə
çətin olub. O cümlədən kompüterdən
istifadə zamanı da... Amma mən
daima yeniliyə can atan adamam. Necə deyərlər,
müasirliklə ayaqlaşmağa
çalışıram. Elə öyrənməyə olan
həvəsim də bu çətinlikləri aradan tez götürdü.
"Virtual aləm
real dünyamız qədər
maraqlıdır"
- Sosial mediadan istifadə zamanı başınıza
gələn ən maraqlı hadisə nə olub?
- Sosial mediada adamlar çoxlu maraqlı hadisələrlə
üzləşir, gözləmədikləri
hadisələrin şahidi
olurlar. Mənim üçün virtual aləm real dünyamız
qədər maraqlıdır.
Bu məkanda maraqlı
adamlarla da tanış olmuşam. Qısacası burada hər
şey maraqlıdır.
"Bir çox hallarda virtual dostluqdakı
adamlar real dostlardan da sədaqətli olurlar"
-Nə vaxtsa, sosial şəbəkələrdən istifadəni dayandırmaq fikriniz yoxdur ki?
-Hələlik elə bir fikrim yoxdur.
Sosial şəbəkələrin real həyatdan bəzi fərqli, bəlkə də üstün cəhətləri də
var. Məsələn, elə
adamlar var ki, həyatda bu və ya
digər səbəblərdən
ötrü istər-istəməz
onlarla qarşılaşmalı
olursan. Amma virtual aləmdə istəsən həmin adamlardan uzaq dura, üzlərini görməyə, səslərini
eşitməyə bilərsən.
Hətta,
mən deyərdim ki, bir çox
hallarda virtual dostluqdakı
adamlar real dostlardan da sədaqətli olurlar.
Bəzən yaxın dost-tanışlar
sosial şəbəkələrin
zərəri barədə
danışır, hətta
məndən məsləhət
umurlar. Mən onlara adətən klassik və gərəkli bir məsəli çəkir,
sosial şəbəkələri
iti bıçaqla müqayisə edirəm: “Əgər sizdən soruşsam ki, bıçaq necə şeydir, yəqin çiyninizi çəkərsiniz.
Desəm
ki, bıçağı
adamın sinəsinə
sancmaq necə şeydir, onda hamınız xorla “çox pisdir” deyərsiniz. Əlavə edib
desəm ki, əgər bu bıçağı cərrah
sinəyə yeridirsə,
onda necə? Hamınız deyəcəksiniz ki, bıçaq yaxşı şeydir.
Sosial şəbəkələr də
bıçaq kimidir.
Baxır o bıçağı
kim nə
məqsədlə axtarır:
o caninin əlində soyuq silah, həkimin
əlində isə həyatın özüdür.
“Yeniliklə ayaqlaşmağa can
atmayanları cahil adlandırmaq
olar”
- Sosial medianın belə bir xüsusiyyəti də var ki,
şəxsən tanıdığımız
insanlara dostluq göndərməyimiz üçün
qarşımıza çıxarır.
Burada uzun müddətdir görmədiyiniz dostlarınızı
tapdığınız olub?
- Bəli, belə hallar da olur.
Burada adam
həm təzə dostlar tapır, həm də köhnə dostlarla rastlaşır. Düzünü deyim ki, sosial şəbəkələr
mənim üçün
21-ci əsrin ən böyük kəşfidir.
Mən bu virtual aləmə çox ciddi yanaşıram. Bura həm
qəzet, həm jurnal, həm də televiziyadır.
Dünyanın müxtəlif yerlərinə
səpələnmiş adamlarla
burada ünsiyyət və əlaqə saxlamaq olur. Şəxsən mən bir çox bədii və elmi əsərlərimin
xaricdə nəşri,
habelə, müxtəlif
ölkələrdə tamaşaya
qoyulmasında oynadığı
əvəzsiz roluna görə Feysbuka borcluyam.
- Sosial şəbəkələr hər
iki nəslin davamlı istifadə etdikləri vasitədir. Gənclər
istifadə mexanizmində daha
bacarıqlıdır, bəs, yaşlılarda necədir?
- İnsan bütün yaş dövrlərində öyrənməlidir. Yeniliklə ayaqlaşa bilməyən və ya buna can atmayanları yalnız cahil adlandırmaq olar.
- Sosial
məkanla bağlı hekayələr də yazırsınız...
- Virtual aləm və ya sosial şəbəkələrlə bağlı düşüncələrimin bir qismi bədii yazılarımda da əks olunub. Məsələn, “Ölü dildə sevgi məktubları”, “Virtual arvad” və digər hekayələrim məhz bu mövzudadır.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 3 iyun.- S.17.