"Yeddi il yeddi gün”

 

 Fərqanə Mehdiyevanın əziz xatirəsinə

 

 ...Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək "Ulduz”da hamı biləydi ki, Fərqanə başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə "Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək olurdu, səhər yeməyini Əhmədlidə, günorta yeməyini Salyanda, axşamı Gədəbəydə yeyən Fərqanənin həyatı civə kimi qaynayırdı... Xəbəri eşidən kimi mənə zəng vurdu, bacın ölsün, dedi. Öldü, dedim. İki gün sonra yenidən o idi, yas yerini soruşurdu, izah elədim. Məlum oldu ki, Fərqanə ayrı yasa gedib, orda ağlayıb, başsağlığı verib, pul da yazdırıb çıxanda... məni xəbər alıb – orda kimdi Qulu Ağsəs tanıyan?! Arxasınca maşın yolladım, Fərqanə yas yerinə girəndə üzündə günahqarışıq təbəssüm vardı...

 Üstündən bir neçə ay ötməmiş özü o lənətəgəlmiş xəstəliyə yoluxdu, hər gün eyni sualı eşidirdim: "Bacın xərçəngə nə qədər tab gətirdi?” Hər gün onu inandırırdım ki, ondakı başqa şişdi, birtəhər qulağını doldurub İrana yolladıq, Təbrizdə əməliyyatı uğurlu alındı, ora gedib-gəldikcə oxucuları da artmağa başladı, hamı Fərqanəni evinə qonaq çağırırdı, kitabını da çıxardılar İranda, beləcə, Fərqanə yenə əvvəlki Fərqanə oldu: deyən, gülən, tədbirlər bəzəyi, ayaqqabısı ütülü, şeir qazanı dəmdə...

 bu dəmdə... korrektorumuz Rəfiqə xanım o lənətəgəlmiş xəstəliyə düçar oldu, tez də dünyasını dəyişdi... O vaxtdan Fərqanənin həyatı, ümidləri alt-üst oldu, oturub-durub özünə ölüm arzuladı, feysdəki statusları qara geydi, bir əlini bu dünyadan üzüb, o birini o dünyaya uzatdı. Yenə həkimlər, yenə diaqnostika, yenə Bakı-Təbriz yolları...

 Epikrizlərini mənə oxudurdu: 

 "Gör burda nə yazılıb?..”

 "Doxsan il ömür

 "And iç, elə yazılıb?”

 "And içirəm!”

 "Sənə inanıram!”

 "İnan!”

 "Oğlumun toyunu görəcəm?”

 "Əlbəttə!”

 "And iç, elə yazılıb?”

 "And içirəm!”

 "Dəqiq oxudun?”

 "Dəqiq!”

 "Sənə inanıram!”

 "İnan!”

  ...Nə yaxşı ki,  epikrizdə bir şey düz yazılıbmış: oğlunun toyunu görə bildi Fərqanə!.. Amma tək onu yox: nəvə sevgisini, oxucu rəğbətini, daha nələri, nələri! "Payızın yanında gözlərsən məni” kitabını mən redaktə eləmişdim, hər dəfə poçtuma bir şeir yollayırdı, kitabın adı üstündə neçə kərə çək-çevir oldu, axırda razılaşdı, təqdimatda  uşaq kimi sevinirdi – hamı gəlmişdı deyə; Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da! Feysdə hamıya ürək şəkli qoyurdu – dost, düşmən bilmədən, bir yol hətta əleyhinə yazılan statusu da bəyənmişdi, bunu özü danışanda gülməkdən gözləri yaşarırdı.

 Mən işə getməyəndə votsapa mesaj yazırdı: "Töhmət alırsan!” Bu, o deməkdi ki, nigaranıq səndən, ona görə çəkilişə gedəndə mütləq Fərqanəyə xəbər eləyirdim, o da işdəkilərə: "Bu gün baş redaktora özüm icazə vermişəm!”  "Ulduz”da qonaqlıq olanda Fərqanənin yeri başqaydı və başdaydı: şeir desin, oxusun, oynasın, amma yeməklə arası geniydi. Kefinin kök vaxtında qəfil halı pisləşərdi, "Doxsan!” deməyimlə rəngi üstünə gələr, təzədən həmin adam olardı.

 Yeddi il xərçənglə doyüşdü, yeddi günə təslim oldu...

Şeirləri qalacaq, balaları, nəvələri onun xatirəsini yaşadacaq, biz də əlimizdən gələni edəcəyik. "Ulduz”un may sayını Fərqanənin şeirləri ilə açırıq, Fərqanəylə açılası hələ çox sabahlar var. İşdə yerinə adam götürmədik.  O öz yerini özüylə apardı...

 

Qulu Ağsəsin

 

525-ci qəzet.- 2020.- 3 iyun.- S.17.