Bu dünya dincəldi
bir az
Bir azca
dincəldi dünya,
Çoxuna
mat görünürdü.
Başına
gələn işlərdən,
Çox
narahat görünürdü.
Meşəsi,
suyu dincəldi,
Bir az səs-küyü
azaldı.
Bir az yas,
toyu dincəldi,
Davası,
hoyu azaldı.
Bir az
tülkü rahat oldu,
Bir az da
ayı dincəldi...
Dərindən
bir köks ötürüb,
Hava da
özünə gəldi.
Çomağını
itirən o
çoban
da özünə gəldi...
Adamlar
yeyin, yüyürək,
Cavanlar
çevik, şivərək.
Qocalar
oddan keçərək
Yenidən
dünyaya gəldi.
Bir azca
düşündü insan,
Bir azca
dincəldi dünya...
Havada quşlar
dincəldi,
Gülləyə
tuşlar dincəldi...
Nalələr,
ahlar dincəldi.
Torpaq
şırım-şırım idi,
Əsəblər
lap tarım idi.
Dünyaya
etdiyi zülmü
Duya
bilmirdi ki, insan.
Yediyi,
içdiyi qandı,
Canı
para-para idi...
Bir az
arındı fikirlər,
Bir az
azaldı küfrlər.
Bir az
çoxaldı mərhəmət,
Bir az
sevindi səfillər.
Uzaqdan
şad görünürdü,
Elə
abad görünürdü.
Gözüylə
gördüklərindən
Bu
dünya mat görünürdü.
Əyni,
başı tökülmüşdü,
Evi,
damı sökülmüşdü,
Suyu, dəni
çəkilmişdi -
Özünə
yad görünürdü.
Adamlar kəmhəvəs
idi,
Qırmanc
çəkib yanbızına
Sabah-axşam
qovurdular
Yamanca təngnəfəs
idi.
...Bir azca
özünə gəldi,
Bu
dünya dincəldi bir az...
Mənim ağrılarım
Ağrıdan
ağrıya fərq var, bilirsən,
Hər
ağrı qarğıştək tutmaz adamı.
Izləyib,
gözləyib timsahsayağı
Çəkib
ayağından udmaz adamı.
Udmaz, uda
bilməz...
ağrı-ağrıdı
Bax bu can,
bax bu qan başdan ayağa!
Yaşımdan
böyükdü, boyumdan uca,
Öyümdə
ocaqdı, damımda baca...
Ağrı
adam deyil, satmaz adamı,
Aldadıb,
oynadıb atmaz adamı,
Ağrı
da dil bilir, söz başa düşür.
Tanrının
ver günü mənim adıma,
Göydən
bir bağlama ağrımaq düşür!..
Bu yaz da
gecikdi, üşüyürəm mən,
Əllərim,
saçlarım, yuxum ağrıyır.
Bilib-bilmədiyim
tərəflərim var,
Solumu
tuturam, sağım ağrıyır.
Amma nə
yaxşı ki, qəlbimdə yazdı,
Ruhumun cənnəttək
havası vardı.
Bir bax,
çəmən kimi çiçəkləyirəm,
Uzun gecələri sabaha kimi
Didib ağrıları ləçəkləyirəm...
Hər ləçək eşqimin təcəlla yeri,
Hər ağrı alnımda möhür yeridi.
Çoxdan
yaralarım qan vermir daha,
Ordan
Günəş doğur, ordan Ay çıxır -
Mənim
ağrılarım şeir kimidi...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 3 iyun.- S.24.