Ozan-aşıq irsimizi zənginləşdirən
sənətkar
DƏYƏRLİ
SƏNƏT NÜMUNƏLƏRİ YARATMIŞ AŞIQ ORUCUN
ƏSƏRLƏRİNİN TƏBLİĞİNƏ
EHTİYAC VAR
El-obanı hörmətə mindirən,
onu başqalarına tanıdan həm də qiymətli, dəyərli
və istedadlı övladlarıdır.Torpaq həm də ona
görə müqəddəsdir ki, onun yetirdiyi əvəzsiz
şəxsiyyətlər var. Alim, şair, rəssam,
bəstəkar, aşıq - bunların hər biri təkcə
mənsub olduqları torpaq üzərində yaşamır, həm
də üzərində gəzdikləri torpağı,
geniş mənada Vətəni yaşadırlar. Bu dünyaya gələnlərin və bu dünyadan
köçənlərin hamısına nəsib olmur Vətəni
yaşatmaq. Bu da Allahın insan
övladına verdiyi bir qismətdir. Allahın
verdiyi qisməti heç kəs əlindən ala bilməz.
Belə bir qismət sahiblərindən biri də
Aşıq Orucdur. O, Göyçə aşıq
mühitinin yetirmələrindən biri olub. Göyçə
aşıq mühiti yalnız XVIII əsrdən bu günə
qədər yüzlərlə aşıq yetişdirib.
Bu gün aşıq sənətinin tanınan simaları
içərisində Miskin Abdalı, Ağ
Aşığı, Aşıq Alını, Aşıq
Durxanı, Aşıq Ələsgəri, Aşq Vəlini,
Aşıq Musanı, Aşıq Nəcəfi, Aşıq
Qurbanı, Aşıq Talıbı, Zodlu Abdullanı,
Aşıq Əsədi, Növrəs İmanı,
Aşıq Müseyibi, Aşıq Qasımı və digərlərini
tanımayanlar yoxdur. Bunlar Göyçə aşıq
mühitində yetişsələr də, bütövlükdə
Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndələrinə çevrilmişlər. Onların hər biri ustad sənətkarlar kimi Azərbaycan
aşıq sənətinin qızıl fondudur.
Aşıq Oruc Basarkeçərin Yarpızlı kəndində Aşıq Vəlinin ailəsində (1920-ci il martın 20-də) dünyaya gəlmişdi. Yarpızlı kəndi Göyçə
aşıq mühitinin içərisində görkəmli
aşıqları ilə sayılıb-seçilən bir
aşıq mühiti olub. Belə ki, Aşıq Vəli,
Aşıq Oruc, Aşıq Əhməd, Aşıq İslam,
Aşıq Əlyar, Aşıq Qasım, Aşıq Eyyub,
Aşıq Şahsuvar, Aşıq İsrayıl, Aşıq
Ağa, Aşıq Mügüm, Aşıq İman, Aşıq
Bəhlul, Aşıq Nadir və digərləri bu mühitin
övladlarıdır.
Aşıq Orucun atası Aşıq Vəli öz
dövrünün yaxşı tanınan sənətkarlarından
biri olub. Aşıq Vəli XIX əsrin ikinci yarısından
XX əsrin birinci qərinəsinə qədər
Göyçədə, Azərbaycanın əksər bölgələrində
yaxşı tanınıb. El-obanın toy
məclislərini, şənliklərini o
aparmışdır. Təbii ki,
Aşıq Vəlinin ailəsində böyüyən Oruc da
sazın, sözün sehrinə düşməyə bilməzdi.
Atası vəfat edəndə Orucun 8-9
yaşı olarmış. Saza, sözə
olan məhəbbəti heç vaxt tükənmədiyi
üçün o, Çaxırlı kəndindən
Aşıq İbrahimə şəyirdlik etmişdi. Ayrı-ayrı aşıqların apardıqları
məclislərdə onları dinləməsi, bir də ki bu sənətə
həvəsi onu püxtələşdirmiş və
yetişdirmişdi.
Aşıq Orucun özünəməxsus ifa tərzi və
üslubu olub.
O, oxuduğu istənilən saz havasına öz nəfəsini
qatıb. Ona görə də onun ifasında "Misri",
"Təcnis", "Məmmədhüseyni",
"İrəvan çuxuru", "Qəhrəmanı",
"Güllü qafiyə", "El havası" və
başqaları şirin, təsirli və sehirli
görünüb.
1948-1953-cü illərdə Qərbi Azərbaycandan, o
cümlədən, Göyçədən deportasiyaya məruz
qalan ailələrdən biri də Aşıq Orucun ailəsi
olub. O, Gədəbəy
rayonunun Zəhmət kəndində məskunlaşmışdı.
Burada Gədəbəy aşıq mühitinin
canlanmasına və inkişafına xeyli təkan vermişdi.
Aşıq Oruc 1950-ci ildə Gədəbəydə
aşıqlar dəstəsi yaratmışdı. Bu dəstədə
şair Vəli, Aşıq Məhəmmədəli,
Aşıq İsfəndiyar, Aşıq Yusif, Aşıq Şahsuvar,
Aşıq Nurəddin, Zahid Aslanoğlu, Aşıq Dəmir və
başqaları iştirak etmişdi.
Aşıq Orucun oğlu görkəmli lüğətşünas
alim, filologiya elmlər doktoru, professor İsmayıl Məmmədli
yazır ki, atası 1976-cı ilin mart-iyun aylarında Şəmkir
və Gədəbəy xəstəxanasında yatıb. Bu zaman
övladları ona tez-tez baş çəkərmiş.
İsmayıl müəllim də onun
yatağının yanından əl çəkməzmiş.
Birdən Aşıq Oruc ona deyir ki,
İsmayıl, uşaqların içərisində təkcə
sən saz çalırsan, bir hava çal. Bu zaman İsmayıl müəllim ani bir tərəddüddən
sonra sazı götürür və "İrəvan
çuxuru" havasını çalır. İsmayıl müəllim ömründə ilk dəfə
idi ki, atasının hüzurunda saz çalır və
"Danışaq" qoşmasını ifa edirdi. İsmayıl müəllimin çalğısı
və ifası Aşıq Orucu məmnun edir. O,
İsmayıl müəllimə deyir ki, hayıf, gərək
bu sənəti və onun bütün incəliklərini sənə
öyrədəydim. Bu sənətə həvəs,
maraq çox olduğundan İsmayıl müəllim
atasının yolunu davam etdirir. O, saz havalarını ifa
edir. Aşıq sənətinin bütün incəliklərini
bilir və bu sənəti təbliğ edir. O, filologiya
elmləri doktoru, professor kimi aşıq sənətinin
peşəkar tədqiqatçılarından, bilicilərindən
və təbliğatçılarından biridir.
Yadımdadır, 1992-ci ilin dekabr ayının 25-i idi. O vaxtkı APİ-nin (indiki
ADPU-nun) nəzdində olan müdafiə şurasında namizədlik
dissertasiyamı müdafiə edirdim. Müdafiədən
sonra evimizdə təşkil etdiyimiz qonaqlıqda
şuranın üzvü İsmayıl müəllim də
iştirak edirdi. Məclisə
aşıqlar da dəvət etmişdik. Aşıqlar
çalır və oxuyurdular. Atam da
aşıq sənətinin vurğunu və yaxşı
bilicisi idi. O da tez-tez saz havalarının sədaları
altında şeirlər deyirdi. Professor Həsən
Mirzəyev də məclisi bir ayrı cür gözəlləşdirirdi.
Məclis hamıya ləzzət verən
deyişmə məclisinə çevrilmişdi. Hər kəs öz istedadını göstərirdi.
Birdən İsmayıl müəllim
aşıqlardan birinin sazını götürüb ifa etdi.
Mən bu hadisəyə qədər bilmirdim ki,
İsmayıl müəllim saz çalmağı və ifa
etməyi bacarır. Sonra bildim ki,
İsmayıl müəllim ustad sənətkarımız
Aşıq Orucun oğludur.
Yadımdadır, 2007-ci ilin avqust ayı idi. Mən Şəmkirin
Çənlibel kəndində ailəm ilə birgə istirahət
edirdim. İsmayıl müəllim də Gədəbəyin
Zəhmət kəndinə, evlərinə gəlibmiş.
Biləndə ki, mən Çənlibeldəyəm,
maşınla gəldi və məni ata evinə apardı.
Rəhmətlik anası, qardaşları ilə
görüşdük. Onların
ocağında çörək kəsdik, çay içdik.
Həm də Aşıq Orucun Zəhmət kəndindəki
qəbrini ziyarət etdik. Mən bir daha
İsmayıl müəllimin atasına olan məhəbbətini
gördüm. Atasının qəbrini
ziyarət edəndə də, hər dəfə Aşıq
Orucdan söhbət düşəndə də gözlərinin
yaşardığını, kövrəldiyini gördüm.
İsmayıl müəllimlə bizim hər
görüşümüz, hər söhbətimiz
aramızdakı doğmalığı daha da
artırıbdır. O, atası Aşıq Orucun
dünyasını tez dəyişməsinə (56
yaşında) həmişə heyfislənir və kədərlənir.
2008-ci ilin yay ayı idi. İsmayıl müəllimlə
yenə də Gədəbəydə görüşdük.
Gədəbəyin ucqar kəndi olan
Sarıtalaya getdik. Yaxşı bir
aşıq məclisi quruldu. Həmin
aşıqlardan heç də geridə qalmayan İsmayıl
müəllim çaldı, oxudu. Atası
Aşıq Orucun qoşqularını dilləndirdi.
İsmayıl müəllimlə mənim aramda bir
müddət koordinatorluq edən onun qardaşı oğlu Oruc
olmuşdur. Oruc babası Aşıq Orucun adını
daşıyır. O, APİ-nin (indiki ADPU-nun) tarix
fakültəsində oxuyurdu. Onun vasitəsilə
tez-tez vaxt tapıb İsmayıl müəllimlə
görüşürdük. O da yadımdadır ki,
İsmayıl müəllimlə birgə Gədəbəyin
Zəhmət kəndində Orucun toyunda iştirak etmişik. Oruc babasının adını
daşıdığı üçün İsmayıl
müəllim onun xətrini çox istəyirdi.
2020-ci ildə Aşıq Orucun 100 illiyi tamam olur. Çox istərdim
ki, onun çalğıları, ifaları toplansın və gənc
nəslə çatdırılsın. Bundan
başqa, onun qoşquları toplansın və çap edilsin.
Ona görə ki, Aşıq Orucun
qoşquları da, çalğısı da, ifa tərzi də
heç kəsə bənzəməyən bir üslubdur.
Əslində, bu, klassik bir üslubdur. Belə ki, klassik üslublu aşıqlar
dastanları, nağılları, rəvayətləri, klassik ədəbiyyatı
sinədəftər bilirlər. Məhz
Aşıq Oruc da bu qəbildən olan sənətkarlardandır.
Yadımdadır, 2013-cü ilin qış ayı idi. Rəşid Behbudov adına Mahnı Teatrında aşıqların iştirakıyla bir tədbir keçirilirdi. Xalq şairi Zəlimxan Yaqubla yanaşı oturmuşduq. Söhbət zamanı müasir aşıqların bir çoxunun dastanlarımızı, nağıllarımızı bilmədiklərindən danışdıq. O cümlədən, Aşıq Hüseyn Saraclıdan söhbət düşdü. Aşıq Hüseyn Saraclının dastanlarımızı əzbərdən bilməsi və xoş bir ləhcə ilə danışmasını qeyd etdik. Mən dedim ki, mən uşaq olanda (5-6 yaşımda) Aşıq Hüseyn Saraclı bizim evdə olub. Onun oxu tərzi, dastanlarımızı danışması yuxu kimi indi də yadımdadır. Yadımdadır, Aşıq Hüseyn Saraclı bizim evdə qonaq qalardı. Onun ifasında bir salğarlıq, ağırlıq, ləngərlik vardı. Bu cür ifalar indi çox azdır, bəzən isə heç yoxdur. Onda Zəlimxan Yaqub dedi ki, Aşıq Hüseyn Saraclı müasir aşıqlardan fərqli olaraq klassik aşıqdır. Bəli, Aşıq Oruc da məhz bu tipli klassik aşıqlardandır.
Buludxan XƏLİLOV
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet.- 2020.- 3 iyun.- S.22.