Bədii nəsrimizdə seçilən
imza
ORXAN
FİKRƏTOĞLU YARADICILIĞINA BİR NƏZƏR
Nasir, ssenarist, rejissor və jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb və "Mənə bir məsləhət verin" adlı ilk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında işıq üzü görüb.
O.Fikrətoğlu "Dünya haqqında upuzun nağıl" (1988), "Səhər" (1991), "Şirvan şəşəngisi" (1993), "Ağ-qara hekayələr" (1993), "Şəhidlər" (1994),
"Üçüncü
günün adamı" (1998),
"Köçərgi" (1999), "100 ilin kitabı" (2001),
"Vaxt"
(2008), "Suçlu Mələk" (2010), "Ölü mətn" (2011), "Tək" (2014), "Kinopovestlər" (2016), "Tülu" (2019) kitablarının müəllifidir. O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında öz dəsti-xətti,
imzası ilə seçilən, oxucunun sevərək mütaliə etdiyi yazıçılardandır. Bədii yaradıcılığa hekayə ilə başlayan Orxan Fikrətoğlu "Milad gecəsi", "Borc", "Ögey", "Mixək böcək", "Adsız hekayə", "Təxti-şəcərə və Muradəlinin itmiş eşşəyi", "Çiçəklənən adamın tarixçəsi", "Cangüdən", "Alməmməd kişi", "Axrestomatik əhvalat", "Xrestomatik əhvalat", "İtki", "Xilaskar", "İthaf", "Avara", "Şeytan çərxi", "Səhər", "Albalı ağacı", "Saat birdən reportaj", "Fədai", "Sinqapur şamı" və sair hekayələri ilə oxucuların rəğbətini qazanıb. Orxan Fikrətoğlunun "Səhər" hekayəsində bir binanin səhərinin timsalında insanoğlunun həyatı simvollaşdırılır. Hekayədə
diqqət çəkən əsas məqam rəqəmlərdən intensiv istifadə edilməsidir: iki sərçə, iki kişi, üçüncü mənzil, iyirminci mənzil, yüz birinci mənzil, iki qadın, on üçüncü mənzil, yeddinci mənzil, iki qaraşın qız, iki yuxulu qadın, dördgöz maşın. Maraqlıdır ki, hekayədə iki rəqəmi üstünlük təşkil edir, xüsusi vurğulanır: "Yuxulu gözlər həyətə baxır. Siqnal səsi.
Bir dəstə ağ çöl goyərçini özlərini göyə vurur. İkisi lap dərin uçur".
Hekayədə ikinin üç olma variantı da var. Lakin iki
yenidən özünə, öz çevrəsinə
qayıdır, qapanır. Üçüncü
artıqdır: "İki qaraşın qıza bu xoş gəlir.
Sarışın qaraşınlara qarışır.
Üç uşaq gəzişir. Qaraşının biri bu
sarışınla lap uzun müddət dost olmaq istəyir.
Bunu ona deyir. Sarışın sevinir. Və öz
quşatanını qaraşının birinə
bağışlayır... Sarışın uşaq,
qaraşın qızla dalaşıb küsür.
Qaraşın qız ağlayır".
"Alməmməd
kişi" hekayəsində əsgərlikdə olan
oğlunu görməyə gələn, düşərgədə
oğlunu gözləyib əvəzində ölüm xəbərini
alan atanın obrazı yaradılıb. Ata bu ağır xəbəri
mətanətlə qarşılayır. Döyüşdə
neçə-neçə ölümlərin şahidi olan
komandir də onun dözülməz dərdi və mətanəti
qarşısında sarsılır. Dərd ağırdır,
amma nigarançılıq ondan da ağırdır: "Alməmməd
kişi oğlunun meyitini tapa bilmədi. Komandir minaya
düşmüş əsgərinin qəlpələr diddiyi
kəmərini Alməmməd kişiyə uzadıb:
"Üstündə adı yazılıb - dedi - Əmin ola
bilərsən, oğlunun tokkasıdır". İki ay
içində gəzdirdiyi qorxusuyla kişi əlini kəmərə
tərəf uzatdı. Kəmər barmaqlarına dəyəndə
hiss elədi ki, artıq qorxunun o tərəfinə keçib.
Bir az sakitləşdi..." Qorxusunu adlayan ata dərdini
heç kimə açmır, nə arvadına, nə də
kiçik oğluna ölüm xəbərini demir. Kimsəyə
demədən öz içində oğul dərdini
yaşayır, öz balalarını itirən ata quzuları
sığallayıb dərdini onlara danışır.
İçində dərd ulaya-ulaya kiçik oğlunu
böyüdür. Hekayənin sonundan məlum olur ki, Alməmməd
kişi ikinci oğlunu da əsgər göndərir. Orxan Fikrətoğlunun
yaratdığı əsgər atası obrazı oxucunu həm
ağrıdır, həm də mətin olmağa səsləyir.
Alməmməd kişi obrazı dözümünə, sərtliyinə
görə İsmayıl Şıxlının Cahandar ağa
obrazı ilə səsləşir. Canı yansa da, o,
kişidir, başını dik tutur, dərdini də mərd-mərdanə
çəkir.
Orxan Fikrətoğlunun
yaradıcılığında postmodern təhkiyə
üstünlük təşkil edir. Yazıçının
hekayələrində də hiss edilən postmodern elementlər
müəllifin povestlərində və romanlarında daha
qabarıq hiss edilir. "Üçüncü günün
adamı" povestinin qəhrəmanı (2008) qazanc xatirinə
seçdiyi "peşə"nin - muzdlu qatil olmanın
bütün ağırlığını ömründən
keçirərək yaşayır. Qanla qazandığı
pul sayəsində ailəsinin maddi vəziyyəti
yaxşılaşdıqca onun mənəvi ölümü
sürətlənir, vicdan əzabının dəmir məngənəsində
sıxılır. Müəllifin əsərə daxil etdiyi qərib
və dəvəsi haqqında pritça əsərin daxili
qatının açılmasında açar
funksiyasını yerinə yetirir. Orxan Fikrətoğlu əslində,
bir qatilin duyğularını, yaşantılarını qələmə
almaqla yalnız fərdin deyil, toplumun günahından söz
açır. Müəllif bununla Qərb ədəbiyyatında
geniş istifadə edilən "kollektiv günah"
anlayışını əyaniləşdirir. Əsərdəki
zamansızlıq, günahın geneologiyasına eniş cəhdi
də bununla əlaqədardır. Frans Kafkanın da bir
çox əsərlərinin, o cümlədən,
"Proses" əsərinin əsas mahiyyətini
"kollektiv günah" nəzəriyyəsi təşkil
edir. "Proses"in qəhrəmanı Jozef Ka da
günahkardır. Özünün də xəbəri olmayan
günahına görə həbsə alınır, edam
edilir.
Orxan Fikrətoğlunun
qəhrəmanının günahı ilk baxışdan bəllidir.
O, sifarişlə, pul müqabilində insanları
öldürür. Allahın qadağan etdiyi ən
böyük günahlardan birini edir. Amma burada günahın
subyekti şərtidir. Qatil olan, günaha batan ancaq fərd
deyil. Bu, kollektiv günahdır. O, insanları qətlə
yetirməklə yanaşı, dəvənin ölümündə
də günahkar sayılır. Qəribin dünyanı, dəvənin
isə bəşəriyyəti simvolizə etdiyini
düşünsək, ilk atdığı oxla qədim insan
artıq kollektiv günahın binasını qoymuşdu.
Qabilin Habili öldürdüyü, insan canına
qıymanın dadını və cəzasızlığını
(əslində isə bu cəzasızlıq utopiyasına
inandığı) duyduğu gündən bu günahı
bütün bəşəriyyət daşıyır. Bu
baxımdan Orxan Fikrətoğlunun qəhrəmanı
yalnız özünün deyil, bütün bəşərin
bu günə qədərki günahlarını çəkir,
bu cinayətin hesabını verir.
"Yeddi"
povestində dünyanın simvollaşdırılmış təsviri
verilir. Adsız qarının - dünyanın iki övladı
- gündüzü, işığı təmsil edən
qıvrım telli oğlu ilə gecəni, qaranlığı
simvollaşdıran düz telli oğlunun bir-birinə
qovuşması mümkün olmaması ilə başlayan
povestin əsas məğzini insanın mürəkkəb
dünyası, həyatın mənası təşkil edir.
Babanın o dünyanın yolunu tapıb xəritəyə əlavə
etmək istəməsi ilə Adəm və Həvva əhvalatına
işarə olunur. Uşağın bələndiyi əncir
yarpaqları da bu dini pritçaya işarə edir. İnsan
tanrı dərgahından qovulduğu gündən
özünü axtarır. Çünki insan yeganə məxluqdur
ki, şərlə xeyiri eyni anda özündə təcəssüm
etdirir. Tanrının dərgahından qovulduğu gün
simvolik olaraq insanın biliyinin əsiri olduğunu və bu
biliyin onu daim axtarışa, şübhələrə
sövq edərək, cənnətin
qayğısızlığından uzaqlaşdıraraq əzablara
aparan bir yola çəkməsini əks etdirir.
"On
ikinci nəğmə" povestində ucqar, səssiz kənddə
yaşayan qızın həyatı qatardan yıxılan (oxu:
madiyyatın hakim olduğu zamandan ayrılan) kişinin gəlişi
ilə dəyişir. Qızın saf dünyasına
düşən kişi həyatında ilk dəfə
ömrünü saf-çürük edir. Bu sakit dünyada
özünü mənliyindən, eqosundan arınmış
şəkildə, təhtəlşüurun
güzgüsündə görür. Lakin səs-küylü
şəhər həsrəti onu buradan qoparır, yenidən
yalanın, kinin, nifrətin hökmran olduğu dünyaya
qayıdır. Povestin qəhrəmanlarının
adlarının olmaması, sadəcə "kişi",
"qız", "qoca", "uşaq"
adlandırılması oxucunu əsərin daxili qatına diqqət
yetirməyə sövq edir, əsər boyu izlənən
mistik ab-hava postmodern mətnə xüsusi aura gətirir.
"Tək"
romanının qəhrəmanı 11 yaşında ikən ermənilərin
işğal etdiyi kəndindən didərgin düşür.
Atasının tapşırığı ilə erməni əlinə
keçməsin deyə anasını öldürən
uşaq həmin andan ölümün nə olduğunu
dumanlı şəkildə anlamağa başlasa da, öz
analı, atalı, nənəli dünyasından qopa bilmir,
anasını öldürdükdən sonra özünü də
öldürmədiyi üçün danlanacağını
düşünür: "Suallar da məni rahat
buraxmırdı: - Anamı niyə öldürdüm? Niyə
özümü öldürmədim? Nədən qorxdum?
İndi buna görə nənəm məni döyəcəkdimi?
Məktəbdə uşaqlar mənə güləcəkdimi?"
Onun düşüncəsində anasının
ölümünədək həyat sadə, dünya isə
tanış və təhlükəsiz idi. Əsər boyu qəhrəmanı
daim qorxu müşayiət edir. O, yaşamaq üçün
hər şeyə hazırdır. Və bu hər şeyin nə
olması da, o qədər maraqlı deyil. Keçdiyi əzablar
ona ancaq bir şey öyrədib: yaşamaq üçün
mübarizə. Və məhz yaşamaq üçün daim
kiminsə üzərində hakimiyyət qurmasına izin verir,
kiməsə sığınmağa məcbur olur. Onun
dünyasında ölüm qorxulu idi. Anasını
öldürüb özünə əli qalxmayan, adını
belə unudan qəhrəmanın daim özünü
axtarıb tapmasına mane olan bu qorxu intiharla bərabər ona
özünü qaytarır.
"Ölü
mətn" romanında isə postmodern təhkiyə
üstünlük təşkil edir. Qəhrəman ona verilən
əlyazmanı oxumadan öncə qəribə hallar
keçirir, sanki zaman və məkan ölçüləri
olmayan bir dünyaya daxil olur. Əski əlifba ilə
yazılan romanı oxumağa çalışan Ustad fərqli
zamanlara səyahətə çıxır.
"Ustad
qabaq oturacağa əyləşdi. Oturan kimi də
sürücüdən soruşdu:
- Sənin
o Moskvadakı süpürgəçi qadının taleyindən
xəbərin var?
Sürücü
- Var - dedi. - Səni indi də universitetə aparmalıyam....
Aparım, ya "yazıdan" çıxaq?
-
Şeyxin mətninə sür... Yazılana pozu yoxdur. ..."
"Ölü
mətn"in hissələrindən hər birində Azərbaycan
tarixinin müxtəlif həlledici məqamları əks
etdirilir. Bütün mətnlərdə mütləq şəkildə
iştirak edən Ustad obrazı əslində, eyni bir nəslin
müxtəlif tarixi dövrdəki nümayəndələrini
səciyyələndirir. Maraqlıdır ki, istənilən mətndə
Ustadı dərhal tanıyırlar. Sanki Ustad bu mətnləri
birləşdirən əsas halqadır. Ustad mətni oxumaq
üçün bir aləmdən başqa bir aləmə
keçməli olur, oxuya bilmədiyi romanın hadisələrini
yaşamalı olur. Romanda həm postmodern labirint, həm də
əlyazma (kitab) arxetipi öz əksini tapıb.
Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 3 iyun.- S.21.